azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

15 Mayıs 2009 Cuma

BƏS YOL XƏRİTƏSİ NECƏ OLACAQ?

Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan Bakıda könlümüzü aldı, eşitmək istədiyimiz açıqlamaları dilə gətirdi. Ancaq “Türkiyə ilə Ermənistan arasındakı münasibətləri nizamlamağı hədəfləyən yol xəritəsi nə olacaq sualı da aktuallığını itirməyib.

Əlbəttə, Ərdoğanın Bakıda dəfələrlə səsləndirdiyi “Dağlıq Qarabağda işğal ortadan qalxmayınca Ermənistanla sərhədi açmayacağıq” açıqlaması çoxlarımızı məmnun edib. Ancaq Ərdoğan nə qədər böyük səlahiyyət sahibi olsa da, Ankara tək baş nazirdən ibarət deyil. İrəvanda futbol matçını seyr etməklə Ankaranın Ermənistan siyasətinə önəmli rəng qatan prezident Abdulla Gül və “bütün qonşularla sıfır problem” siyasətinin baş memarı sayılan xarici işlər naziri Əhməd Davudoğlu da, görəsən, Ərdoğanın fikirlərini bölüşürlərmi?

Ərdoğan Azərbaycan torpaqlarının işğalı faktını arxa plana keçirmədiyini israrla vurğuladı. Məsələ bundadır ki, keçmiş xarici işlər naziri Əli Babacan Ermənistanla təmaslarda Azərbaycan torpaqlarının işğaldan azad olunmasını ilkin şərt kimi gündəlikdə qalıb-qalmadığına dair açıq fikir söyləmirdi. Yol xəritəsinin iki maddəsindən danışılırdı. Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanımalı və sözdə soyqırımın araşdıracaq ortaq tarix komissiyasının yaradılmasına yaşıl işıq yandırmalıydı. Azərbaycan torpaqlarının işğaldan azad olunmasıyla bağlı üçüncü önəmli şərt isə Türkiyə Xarici İşlər Nazirliyinin internet saytından çıxarılmışdı. Babacan həm özünün, həm də o zaman müşavir postunda çalışan Davudoğlunun sxemi üzrə hərəkət edirdi.

Ərdoğanın Bakıdakı açıqlamalarını əlimizdə rəhbər tutaraq “bunlar keçmişdə qaldı” desək də, ortada Ankaranın hələ imtina etmədiyi yol xəritəsi və Türkiyə-Ermənistan münasibətlərini irəli aparmaq istəyən Davudoğlu var. Buna baxmayaraq Ərdoğanın Bakıdakı aydın açıqlamalarından sonra Davudoğlunun Ermənistan siyasətiylə bağlı elə böyük seçimi də qalmayıb.

İki mümkün yol görünür.

Birinci yol: Ankara İrəvanla müzakirə etdiyi yol xəritəsinə Dağlıq Qarabağ ətrafındakı 5 rayonun azad olunması şərtini əlavə edir. Ancaq İrəvanın bu şərtlər altında Ankara ilə təmaslara davam edəcəyini düşünmürəm. Başda Ermənistan prezidenti Serj Sərkisyan olmaqla İrəvan rəsmiləri “Dağlıq Qarabağ problemini gündəmə gətirərlərsə, türk diplomatlarla görüş başlamamış bitər” xəbərdarlığını daim dilə gətirirlər. Demək, bu halda Ankara-İrəvan təmasları və yol xəritəsinin müzakirələri qeyri-müəyyən müddətədək təxirə salınacaq.

İkinci yol: Ankara İrəvanla təmaslara ara verməmək üçün bütün diplomatik bacarığını işə salacaq. Ərdoğan işğal amilini arxa plana keçirməyəcəyi vədi versə də, türk diplomatlar bir yolla İrəvanla dialoqu davam etdirməyə çalışacaqlar. Ancaq bu yolun da sonu birinci də olduğu kimidir. İrəvan nəticəsiz danışıqların uzanmasına şərait yaratmaz. Çünki İrəvan dialoq görüntüsünün Ankaranın işinə yaradığını anlayır. Əksinə, Ermənistan təmaslara ara verməklə Vaşinqton və Avropa Birliyinin Türkiyəyə təzyiqlərinin artacağına ümid edir. İrəvanın daha bir arzusu ondan ibarətdir ki, Qərbdən Ankaraya təzyiqlər artsa, bu duruma görə Azərbaycanın məsuliyyəti artacaq, Bakı-Ankara münasibətləri hardasa yenidən gərginləşməyə başlayacaq.

Ərdoğan və Əliyevin də etiraf etdiyi kimi, erməni dezinformasiyaları bir dəfə Türkiyə-Azərbaycan münasibətlərinin gərginləşməsində “rol” oynadı, ikinci dəfə İrəvanın ssenarilərinə qurban getmək olmaz.

Türkiyə baş nazirinin Bakıdakı açıqlamalarından sonra iki ölkə arasında daha sıx koordinasiyaya ehtiyac var. Hər iki dövlət mümkün təzyiqlərdən birgə qorunmalı və qarşılıqlı maraqlarını diqqətə almalıdır. Ankara Ermənistan siyasətində Azərbaycanın mövqeyini yenidən ön plana çıxartdısa, Bakı da Rusiya siyasətində Türkiyənin maraqlarını nəzərə almalı, neft və qaz ixracatında strateji müttəfiqinin rəyi ilə hesablaşmalıdır.




«Media forum»

Hiç yorum yok: