azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

26 Ocak 2009 Pazartesi

Rusiyanın Ermənistana silah satması

Rusiyanın Ermənistana silah satması

Azərbaycanla dostluq daha önəmli deyilmi?



Ermənistanın silahlanması ilə bağlı məsələnin yenidən gündəmə gəlməsi təsadüfi deyil. Ermənilər son vaxtlar daha aqressiv davranırlar. Onlar dünyada geosiyasi durumun bir qədər ağırlaşmasından istifadə edərək işğal etdikləri Azərbaycan ərazilərində möhkəmlənməyə çalışırlar. Bunun üçün ermənilər yeni silahlar alır, vəziyyəti daha da gərginləşdirirlər. Rusiyanın Ermənistana silah satması Kremli də pis vəziyyətə salıb. Rəsmi olaraq Moskva bu alveri inkar edir, Azərbaycanla dostluğa önəm verdiyini bəyan edir. Ancaq informasiyanın yayılması və rəsmi İrəvanın hərəkətlərində konstruktivliyə doğru bir dəyişikliyin olmaması başqa məqamlardan xəbər verir. Belə ki, Ermənistanın Dağlıq Qarabağ məsələsində sülh yolu ilə həllə nail olmaq istəmədiyinə şübhə yoxdur. Çünki Ermənistan rəhbərliyi anlayır ki, bu yolla Azərbaycanın haqlı olduğu tam sübut olunacaq. Ona görə də o, silahlanır və eyni zamanda, süründürməçi mövqe tutur. Rusiya isə daha pis duruma düşür. Məsələ ondan ibarətdir ki, Moskva Ermənistanla Azərbaycan arasında sülh yolu ilə münaqişənin həll edilməsi ilə bağlı saziş imzaladıb. Bu sazişə əsasən Dağlıq Qarabağ problemi danışıqlar vasitəsi ilə həll edilməlidir. Avtomatik olaraq bu halda tərəflərin heç birinin vəziyyəti gərginləşdirən hərəkət etməməsi lazımdır. Tarazlığı pozmamalıdır. İndi isə belə çıxır ki, Rusiya tacavüzkarı silahlandıraraq onu üstün duruma çıxarırı və bununla da danışıqlar prosesini çıxılmaza salır. Təbii ki, belə olan halda Moskva bəyannaməsi adi kağıza çevrilir. Tərəflərin bundan sonra həmin sənədə inamı qala bilməz. Azərbaycan bu şərtini bildirib. Əgər Rusiyanın Ermənistana silah satması sənədlərlə tam təsdiqlənsə, rəsmi Bakı Moskva bəyannaməsi barədə mövqeyini dəyişə bilər. Bu halda bölgədə yenidən siyasi risq faktoru artmış olur. Moskva bəyannaməsinə əksəriyyət sabitliyin təminatçısı kimi baxırdı. Qəribəsi odur ki, Ermənistana yeni silahların verilməsi Rusiyanın öz maraqlarına ziyandır. Bu halda Rusiyanın situasiyaya təsir dərəcəsi azalır. O baxımdan Rusiyanın bu addımı atmasının mənası qaranlıqdır.



Rusiyanın Ermənistana silah verməsi ilə Moskva bəyannaməsinin nüfuzdan düşməsi Qərbə sərf edir. Hər şeydən öncə, Rusiyanın bölgədə nüfuzu azalır. Onun daha da aşağı düşməsi ilə Qərbin təsir imkanları artır. Bu fonda Qərbin şansları artmış olur. Bunu artıq Kremldə çox yaxşı bilirlər. Ona görə də Rusiya XİN-in Azərbaycan XİN başçısına verdiyi izahatda hər şey hansısa kənar qüvvələrin üstünə atılır. Guya o qüvvələr Azərbaycanla Rusiya arasında münasibətləri korlayır. Rusiya XİN Azərbaycanla strateji səviyyədə münasibət qurmaqda maraqlıdır. O baxımdan Rusiya istərdi ki, Azərbaycan silah alveri məsələsinə inanmasın. Maraqlıdır, Rusiya bu məqamlara diqqət edirsə, nəyə görə Azərbaycanın torpaqlarını işğal edənlərə silah verir? Bir neçə il öncə də Rusiya Ermənistana silah verdiyini inkar edirdi, sonda etiraf etməli oldu. Sən demə, silahları qeyri-qanuni olaraq Ermənistana satırlarmış. Lakin bizim diqqəti daha çox çəkən başqa amillərdir.



Azərbaycan Rusiya ilə münasibətlərin inkişafında maraqlıdır. Çünki Rusiya bizim ən böyük qonşumuzdur. Bir neçə əsr bir dövlət daxilində olmuşuq. Rusiyanın güclü iqtisadiyyatı və kültür mühiti vardır. Bütün hallarda Rusiya kimi qonşu ilə dostluq münasibətində olmaq Azərbaycana sərf edir. Azərbaycan rəhbərliyi də məhz bu istiqamətdə siyasət yeridir. Azərbaycanın siyasəti Rusiya ilə münasibətlərin bərabərhüquqlu və geniş müstəvidə inkişaf etdirilməsi üzərində qurulub. Rusiyaya da Azərbaycanla münasibətlərin yaxşı olması sərf edir. Ona görə ki, bizim ölkə bölgənin lider dövlətidir, ən zənginidir. Siyasi və geosiyasi olaraq da Rusiyaya Azərbaycanla əlaqələri inkişaf etdirmək sərf edir. Bunlara baxmayaraq birinci dəfə deyil ki, Rusiya məntiqsiz davranır. Bunun səbəbini Rusiyada izah edə bilən olsa, maraqlı olar. Hər bir halda Rusiyanın Ermənistana bu dərəcədə yaxınlıq etməsinin müasir şəraitə uyğun olmadığı tam aydındır. Bu həqiqət Rusiyanın Ermənistana silah verməsinin həm də özünün mövqeyinə zərbə olduğunu göstərir. Görünür, Rusiya rəhbərliyi öz içində dövlətin maraqlarına zidd fəaliyyət göstərənləri üzə çıxarmalıdır.




Orxan Güneyli

Hiç yorum yok: