azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

29 Ocak 2009 Perşembe

ABŞ İran azərbaycanlılarına İraq kürdlərini verdiyi statusu vəd edir


29 -01 -2009 . Vaşinqton Güneylə bağlı siyasəti dəyişir


ABŞ İran azərbaycanlılarına İraq kürdlərini verdiyi statusu vəd edir

«Stratfor»un rəhbəri: «Biz azərbaycanlıları tapşırıqlarımızı yerinə yetirə biləcək qüvvə yox, müttəfiq və dost görməliyik»

ABŞ prezidenti Barak Obama İranın nüvə proqramı və uranın zənginləşdirilməsi istiqamətində apardığı işləri dayandırmaq niyyətindədir. Rəsmi Vaşinqton Tehrandakı mövcud rejimlə bağlı problemi hələlik dinc danışıqlar yolu ilə yoluna qoya biləcəyinə ümid edir.
«İran bizə əlini uzadarsa, o əli sıxmağa hazırıq» deyən Obama eyni zamanda Tehrana qarşı hərbi əməliyyatı da istisna etmir.
Birləşmiş Ştatların nüfuzlu «New Yorker» həftəliyi bildirir ki, Tehran rejiminin nüvə silahı əldə etməsinə yol verməmək üçün Pentaqon İrandakı bəzi obyektlərə taktiki nüvə bombaları ata bilər.
Müstəqil jurnalist təhqiqatlarıyla məşhurlaşmış Seymur Herş Müdafiə Nazirliyi ilə Ağ Ev administrasiyasındakı mənbələrə istinadən bildirib ki, ABŞ Hərbi-Hava Qüvvələrinin planlaşdırma qrupu İrandakı obyektlərin siyahısını hazırlayır. Pentaqon isə xüsusi təyinatlı «kommandos» dəstələrini kiçik qruplar halında İrana sızdıraraq buradakı etnik azlıqlarla əlaqələr qurulması əmri alıb.
Maraqlıdır ki, Birləşmiş Ştatların sabiq prezidenti Corc Buş administrasiyası da təxminən eyni planlara malikdi. Lakin İraqla bağlı situasiyadan kəskin fərqli məqamlar da var.
«Ağ Ev İrandakı məxfi fəaliyyəti xeyli genişləndirib və bu ölkədəki nüvə obyektlərinə ağır hava zərbələri vurmağa hazırlaşır. Eyni zamanda İrandakı milli azlıqlar, ən başlıcası azərbaycanlılar və kürdlərin Tehrandakı mövcud hakimiyyəti qəbul etməyən təşkilatlarıyla sıx əlaqələr qurulur, onlara hər cür yardımlar göstərilir. İşlər hələlik məxfi və qapalı şəraitdə aparılır. İraqda kürdlərdən istifadə edən ABŞ bu dəfə İranda əsas dəstəyi sayları 22 milyona çatan azərbaycanlılardan almaq istəyir», - «New Yorker» bildirib.

İranlı mühacirlərlə təmaslar intensivləşir

İrana qarşı nüvə zərbələri variantı Pentaqonda ciddi fikir ayrılığı və mübahisələrə səbəb olsa da, Ağ Ev mövqeyini dəyişməyib.
Bütün bunlarla yanaşı, Vaşinqton İrandakı azərbaycanlılar, kürdlər, bəluclar və ərəblərin mövcud hakimiyyətə qarşı çıxan müxalifət təşkilatları ilə əlaqələri daha da sıxlaşdırmaq, təmasları intensivləşdirməyə qərar verib.
Xatırladaq ki, Kanadadakı iranlı mühacirlərin «Peykan» saytı ötən ilin sonlarında bildirmişdi ki, Vaşinqton rəsmiləri İran azərbaycanlılarının Tehrana müxalif təşkilatlarının ABŞ, Kanada, Fransa, Britaniya, İspaniya, Hollandiya, Norveç, İtaliya, İsveç, Hollandiya, Türkiyə və Danimarkadakı rəhbərləriylə qapalı məsləhətləşmələr keçirməyə başlayıb. Görüşlərə İrandakı azərbaycanlıların ən tanınmış siyasətçisi, Güney Azərbaycanı Milli Oyanış Hərəkatının (GAMOH) lideri doktor Mahmudəli Çöhrəqanlının qatılıb-qatılmadığı barədə heç bir məlumat verilmirdi. Həmin müzakirələrdə Vaşinqtondakı Yaxın Şərq Siyasəti İnstitutunun direktor müavini Patrik Klauson, Milli Savaş Kollecinin hərbi analitiki polkovnik Sem Qardiner, Müdafiə Elmləri Şurasının prezidenti, Reyqan dönəmində dövlət katibinin müavini olmuş Uilyam Şnayder, milli təhlükəsizlik məsələləri üzrə müşavir Stefen Hedli, dövlət katibinin təhlükəsizlik məsələləri üzrə müavini Stefen Kambon və dövlət katibinin milli təhlükəsizlik məsələləri üzrə müavini Robert Cozef də iştirak etmişdilər.
Görüş əsnasında amerikalılar Güney Azərbaycanının təmsilçilərinə hər cür təşkilati-siyasi dəstək və maliyyə yardımları vəd ediblər. Görüşlərdə İrana qarşı aparılacaq hərbi əməliyyatlardan sonra ölkənin taleyi də müzakirə olunub. Azərbaycanlılar İranın şimalında müstəqil Azərbaycanın qurulmasını istəsələr də, Ağ Ev və Pentaqon buna razılıq verməyib. ABŞ İranın parçalanmasında maraqlı deyil və azərbaycanlılara ən uzağı İraqda kürdlərə verilən kimi muxtariyyət verilə biləcəyini bildirib.
«Mucahiddine Azadi» isə bildirib ki, ABŞ İrandakı azərbaycanlılar və kürdlərə «stavka» etsə də, Xuzistan vilayətindəki ərəbləri yaddan çıxarmır: «İranın əsas neft yataqlarının tam əksəriyyəti burada, əhalisinin çoxu sünni ərəblər olan ostanda yerləşir. Ostanın baş şəhəri Əhvaz isə isə eynən Azərbaycanın Təbriz şəhəri kimi Tehran rejiminə daimi müqavimət məkanıdır. Birləşmiş Ştatlar ərəblərə də müxtəlif vədlər verərək, onları hakimiyyətin devrilməsi üçün intensiv fəaliyyətə başlamağa səsləyir».

Corc Fridman: «İranın şimalındakı azərbaycanlıların özlərinə yeni dövlət qurması ideyasının reallaşma şansı az deyil»

ABŞ-ın ən məşhur analitiklərindən biri, Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) çox yaxın olduğu üçün «kölgə MKİ adlandırılan «Stratfor» agentliyinin rəhbəri Corc Fridman isə hesab edir ki, Vaşinqtonun İrandakı azərbaycanlılarla əlaqələri onların milli mənafe və maraqlarının nəzərə alınması şərtilə inkişaf etdirilməlidir: «İrandakı azərbaycanlılar özlərini «türk» adlandırırlar və Tehrandakı klerikal rejim tərəfindən bir çox hüquqlarının, ələlxüsus da doğma dillərində təhsil haqlarının pozulduğunu deyirlər. Onlarla təmaslarda məhz bu ünsür nəzərə alınmalı, heç bir halda «böyük qardaş» tipli davranışlara yol verilməməlidir. Eyni zamanda unudulmamalıdır ki, İrandakı azərbaycanlılar öz milli-azadlıq hərəkatlarını ABŞ-dan alınan dəstəklə həyata keçirilən prosesə çevirmək istəmirlər. Biz planları həyata keçirərkən ehtiyatlı və incə siyasət yeritməli, azərbaycanlıları tapşırıqlarımızı yerinə yetirə biləcək qüvvə yox, müttəfiq və dost görməliyik».
C.Fridman «Önümüzdəki 100 il: 21-ci əsr üçün proqnozlar» adlı yeni kitabında bildirir ki, İranın şimalındakı azərbaycanlıların özlərinə yeni dövlət qurması ideyasının reallaşma şansı az deyil. İran azərbaycanlılarının minimal proqramları isə ölkə daxilində çox geniş miqyas və səlahiyyətlərə malik muxtariyyəti əldə etməkdir.

Çöhrəqanlı Dövlət Departamentinə dəvət edilə bilər

Güney Azərbaycanın Milli Mübarizə Hərəkatının sədri Aslan Türkoğlu hesab edir ki, Vaşinqtonun İrandakı soydaşlarımızla bağlı mövqelərindəki son dəyişikliklər diqqətəlayiqdir: «Biz bunları nəzərə almaya bilmərik və Vaşinqtonla münasibətlərimizi daha yaxşı qurmalıyıq. Lakin bu münasibətlər Güney Azərbaycanın milli-azadlıq mübarizəsinin kimlər tərəfindənsə idarə olunması demək deyil. Belə olmayıb və gələcəkdə də hadisələrin bu sayaq inkişaf məcrasına razılaşmayacağıq. Söhbət bir xalqın milli varlıq və mənliyinin müdafiəsindən gedir. ABŞ da bunu anlamalıdır və ümid edirəm ki, Barak Obamanın administrasiyası bəhs etdiyim məqamları bilir».
Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlı ilə ABŞ-ın yeni prezident administrasiyasının mənsubları arasında hələlik danışıqlar və müzakirələr başlanmayıb. Birləşmiş Ştatların dövlət katibi Hillari Klintonun yeni postunda işlərlə tanışlığı başa çatandan sonra cənab Çöhrəqanlının Dövlət Departamentinə dəvəti gözlənilir.

Hüseyn BAKUVİ

Hiç yorum yok: