QARABAĞ MÜNAQİŞƏSİNİ KİM HƏLL EDƏCƏK: MİNSK QRUPU, yoxsa TÜRKİYƏ-RUSİYA TANDEMİ?
Elxan
ŞAHİNOĞLU
«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri
www.elxan.azeriblog.com
Qarabağ münaqişəsinin həlliylə məşğul olan vasitəçilər və bu problemə maraq göstərən dövlətlər Azərbaycanda prezident seçkisinin sona çatmasını gözləyirdilər.
Seçki başa çatdı. Prezident seçildi.
Demək, yenidən Qarabağla məşğul olmaq vaxtıdır.
Gündəmdə iki model var:
- ATƏT-in Minsk qrupunun daim dəyişən və yeniləşən həll variantları;
- Türkiyə-Rusiya tandeminin fəallığı nəticəsində ortaya çıxan situasiya.
Minsk qrupunun müzakirə etmədiyi həll variantı qalmayıb. Hamısına da yararsız damğası vurulub. “Ziddiyətlərin 90 faizi aradan qaldırılıb” deyən vasitəçilər qalan 10 faizdə ilişib qalır, tərəfləri razı sala bilmirlər. Ya Laçın və Kəlbəcər rayonlarının taleyini həll edə bilmirlər, ya da həllin sonrakı mərhələsindəki referendumda ilişirlər. Hətta Laçın və Kəlbəcərlə bağlı müəyyən razılaşmaya yaxınlaşsalar da, işlər referenduma çatdıqda pozulur. Referendum müzakirələrin son düyün nöqtəsi kimi dəyərləndirilir.
Rəsmi Bakının referenduma razılaşacağı mümkün görünmür. Qəliz məsələdir. Hətta neçə il sonraya, işğal altındakı bütün torpaqların azad olunmasından da sonraya nəzərdə tutulsa belə. Kosovo problemi həll olunanda da referendumu sonraya saxlamışdılar. Belqrad hakimiyyəti Kosovo əhalisinin müstəqilliklə bağlı referendumunu qanundankənar elan etsə də, Qərb buna məhəl qoymadı. Yəni indi “referendumlu” anlaşmaya “hə” desək, sonra isə buna etiraz etməyə çalışsaq, zamanı gələndə Qərb bizi eşitməyəcək.
Bugünlərdə Rusiyada yaşayan erməni biznesmenlərdən biri Dağlıq Qarabağda hər doğulan uşaq üçün pul mükafatı təyin etdi. Ermənilər referendumdakı say çoxluğu barədə indidən düşünürlər. Bir yerdə ki, Dağlıq Qarabağda nisbət ermənilərin xeyrinədir və gələcək referendumun nəticəsi bəllidir, bu prinsipə necə yaşıl işıq yandırmaq olar?
Bu arada Minsk qrupundan kənar vasitəçilik missiyasından da danışlır. Söhbət Türkiyənin Cənubi Qafqaz istiqamətində fəallaşmasından gedir. Aydındır ki, ermənilər Ankaranın təkbaşına vasitəçiliyini qəbul etməyəcəklər. Yəqin elə buna görə də Ankara Moskva ilə ortaq hərəkət etməyə çalışır. Türkiyə Azərbaycanla, Kreml isə Ermənistanla fəal təmas yolunu seçib.
Türkiyə-Rusiya tandeminin ATƏT-in Minsk qrupundan daha çevik olacağı haqda fərziyyələr var. Hazırkı Rusiya-ABŞ münasibətləri bəzi müşahidəçilərə soyuq savaş illərini xatırlatdığından Kremllə Vaşinqtonun Minsk qrupu çərçivəsində irəliləyiş əldə edəcəyi şübhə doğurur.
Kremlin Ankara ilə münasibətləri isə son illər artan xətt üzrə gedir. Azərbaycan və Ermənistana qonşu olan Rusiya və Türkiyə Cənubi Qafqazda əməkdaşlığı genişləndirməkdədir. Türkiyənin BMT Təhülkəsizlik Şurasının daimi olmayan üzvü seçilməsinin də Dağlıq Qarabağ münaqişəsinin həllinə yarayacağı vurğulanır.
Hazırda Rusiya prezidenti Dmitri Medvedev İrəvandadır, Serj Sərkisyanla Dağlıq Qarabağdan danışır. Bir az sonra Türkiyə prezidenti Abdulla Gül Bakıya gələcək və o da İlham Əliyevlə Qarabağdan danışacaq. Çarpaz təmaslar da sürətlənib. Ankaranın İrəvanla, Moskvanın isə Bakı ilə dialoqu davam edir. Nəticəni gözləmək lazım gələcək.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder