İRAN HÖKUMƏTİ KEÇMİŞ DAXİLİ İŞLƏR NAZİRİNİ MƏHKƏMƏYƏ VERİB
Mustafa Purməhəmmədi
İran hökuməti ölkənin keçmiş daxili işləri Mustafa Purməhəmmədidən məhkəməyə şikayət edib. Hökumət M.Purməhəmmədini yanlış statistik göstəricilər yaymaqda günahlandırır.
Bu ilin mayın 14-də İran prezidenti Mahmud Əhmədinejad daxili işlər naziri Mustafa Purməhəmmədini istefaya göndərib. Elə həmin gün İran prezidenti daxili işlər nazirinin abadlıq işləri üzrə müavini Seyid Mehdi Haşimini nazir vəzifəsinə təyin edib.
İyul ayında isə İran Məhkəmə Sisteminin sədri, ayətullah Haşimi Şahrudi M.Purməhəmmədini qurumda Nəzarət-Təftiş Təşkilatının sədri vəzifəsinə gətirib.
«Media forum» saytının məlumatına görə, Məhkəmə Sistemi Təftiş Təşkilatının sədri M.Purməhəmmədi bir neçə gün əvvəl İran Dövlət Televiziyasının 1-ci kanalında Əhmədinejad hökumətinin iqtisadi siyasət və proqramlarını sual altına alaraq onun son iki ildə ölkənin Valyuta Ehtiyat Fondundan nəzərdə tutulduğundan əlavə vəsait götürdüyünü bildirib. M.Purməhəmmədi deyib: «Ölkənin Valyuta Ehtiyat Fondundan vəsaitin götürülməsi ilə bağlı hesabat bu gün mənim masamın üstündədi. Rəqəmlər göstərir ki, son iki ildə fonddan nəzərdə tutulduğundan çox vəsait çıxarılıb. Bizim araşdırmalarımız göstərir ki, Əmək və Sosial İşlər Nazirliyinin Valyuta Ehtiyat Fondundan 4 faiz əlavə vəsait götürməsi haqda yaydığı hesabat həqiqətə uyğun deyil. Bu rəqəm 4 yox, 30 faizdir. Bu isə heç də normal hal deyil. Biz hər cür qanun pozuntusunun qarşısını almalıyıq».
Bundan əvvəl İran hökuməti oxşar ittihamlara belə cavab vermişdi: «Bu kimi məsələləri tənqid edənlərin özləri yaxşı bilirlər ki, ölkənin Valyuta Ehtiyat Fondundan vəsait götürmək elə-belə iş deyil. Bu işin qanuni və mürəkkəb bir proseduru var və hesabsız-kitabsız bu işi etmək mümkünsüzdür».
«Media forum»
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder