ERMƏNİSTAN ORDUSU BÖHRAN VƏZİYYƏTİNDƏ
Çağırışçı problemi yaranıb, hərbi büdcə isə Azərbaycandakından 3 dəfə azdır
C.MƏMMƏDOV
Ermənistan Silahlı Qüvvələrində çağırışçı problemi özünün pik nöqtəsinə çatıb. Erməni mətbuatı orduda əsgər çatışmazlığının aşkar hiss edildiyini bəyan edir.
Məsələyə artıq rəsmi strukturlar tərəfindən reaksiya verilməsinə başlanılıb. Ermənistanın Müdafiə Nazirliyi orduda çağırışçı çatışmazlığının problem halını görərək yeni qanun layihəsi hazırlayaraq parlamentə göndərib. Ermənistan parlamentinin müdafiə, milli təhlükəsizlik və daxili işlər komissiyasının müzakirə etməyə hazırlaşdığı qanun layihəsi 18 yaşlı gənclərin orduya möhlət hüququ verilmədən çağırılmasını nəzərdə tutur. Qanun layihəsi qəbul edilsə, 18 yaşlılara bundan sonra heç zaman möhlət hüququ verilməyəcək.
Parlament komissiyasının sədri, keçmiş müdafiə naziri Artur Ağabekyan jurnalistlərlə söhbətində qanun layihəsinə münasibətini açıqlayarkən bildirib ki, orduya çağırışla bağlı bütün variantlar Müdafiə Nazirliyində təhqiq olunmalıdır. Ağabekyan ordu sıralarının doldurulması üçün kardinal tədbirlərə qarşı olduğunu bildirib. Amma onun fikrincə, ordunu təhsilə qurban vermək də nəticədə orduda pis vəziyyətin yaranmasına gətirib çıxara bilər.
Eyni zamanda o hesab edir ki, qanun layihəsinin bütün maddələri diqqətlə öyrənilməli və onun əsasında sosial ədalətlilik və ya təhsil problemi deyil, ordunun döyüş qabiliyyəti qoyulmalıdır.
"Həm də biz bilməliyik ki, ordu təhsilli insanlara ehtiyac duyur. Əgər bizim əsgərlər 18 yaşlı gənc insanlar olsalar, onda biz təhsilli vətəndaşlardan məhrum olacağıq", - deyə o qeyd edib. Ağabekyan bildirib ki, ordudan möhlətin ləğv olunması məsələsi hələlik ictimai müzakirənin mövzusu olmayıb.
Bu arada Ermənistan gələn il dövlət büdcəsindən müdafiə xərclərinə 495,3 mln. ABŞ dolları (149,6 mlrd. dram) vəsait ayırmağı planlaşdırır. APA-nın Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, bu, rəsmi İrəvanın 2008-ci ildə müdafiə sektoruna yönəltdiyi vəsaitdən 34% çoxdur. Hərbi xərclər Ermənistanın 2009-cu il üçün dövlət büdcəsində xərclərin 15,7%-ni, ümumi daxili məhsulun isə 3,6%-ni təşkil edəcək.
Qeyd edək ki, rəsmi İrəvan 2008-ci ildə müdafiə xərclərinə 370 mln. dollar, 2007-ci ildə isə 273 mln. dollar vəsait yönəldib. Ermənistanın 2009-cu il dövlət büdcəsinin gəlirləri 2,9 mlrd. dollar, xərcləri isə 3,1 mlrd. dollar proqnozlaşdırılır.
Müqayisə üçün bildirək ki, 2009-cu ildə Azərbaycanın müdafiə xərcləri 1 mlrd. 205 mln. 520 min manat (təxminən 1 mlrd. 500 mln. dollar) proqnozlaşdırılır. AYNA
25 Ekim 2008 Cumartesi
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder