İRANDA HAQQI TAPDANMAYAN YOXDUR
Bunu BMT baş katibinin sonuncu bəyanatından görmək olar
S.SƏDRƏDDİN
Bu həftənin əvvəlində BMT-nin baş katibi Pan Ki Mun İranda insan haqlarının vəziyyətindən narahat olduğu barədə bəyanat verib. Həmin sənəddə dini azlıqların, o cümlədən bəhai təmsilçilərinin haqlarının pozulması vurğulanıb. "Bəhailər məhkəmələrin ədalətsiz qərarları ilə üzləşir, onların mülkiyyəti əllərindən alınır, ali təhsil almalarına imkan verilmir" fikri vurğulanan bəyanatda daha sonra qadın haqlarının pozulması qeyd olunub.
BMT-nin bu sənədində Azərbaycan türklərinin ana dilində təhsil almaması, tarixi - mədəni günlərə həsr edilmiş tədbirlərin keçirilməsinin əngəllənməsi xüsusi göstərilib. Milli haqları tələb edənlərin həbs olunması, həbsxanada azərbaycanlıların işgəncəyə məruz qalması da bəyan edilib.
Baş katib İslam Respublikası rəhbərliyinin insan haqlarının qorunması sahəsində islahatlar aparmasını vacib sayıb. BMT və insan hüquqlarını qoruyan bir sıra beynəlxalq təşkilatlar, milli-mədəni, qanuni haqlarını tələb etdiyi üçün azərbaycanlıların həbsini pisləyir, həbs olunanları isə vicdan məhbusu adlandırır.
Bu baxımdan son bir neçə ayda Tehran hakimiyyətinin milli haqlar və insan hüquqlarını pozması barədə müşahidələr aparmışıq. Onların bəziləri ilə sizi də tanış etmək istərdik.
Güney Azərbaycanın Urmiya şəhərindəki mərkəzi həbsxanadakı azərbaycanlı vicdan məhbusları qatı cinayətkarlarla eyni kamerada saxlanılırlar. Xəbərlərə görə, Azərbaycan türkünün milli varlığı uğrunda mübarizə aparanlardan biri, 23 yaşlı Vahid Bahaduri ağır mənəvi və fiziki işgəncəyə məruz qalıb. Ona ailə üzvləri ilə görüşə icazə verməyiblər.
Siyasi məhbuslar - Huşəng Nağızadə və Arif Ulufi də Urmiya mərkəzi həbsxanasında narkomanlar və qatı cinayətkarların saxlandığı 2-ci korpusa köçürülüblər. Bu məhbuslar təzyiq, təhqir və işgəncəyə məruz qaldıqlarını ailə üzvləri ilə görüşdə söyləyiblər.
Bir neçə il öncə fevralın 21-də beynəlxalq Ana dili günü münasibətilə İranda keçirilən etiraz aksiyasında iştirak etmiş İbrahim Rəşidi də İran Milli Təhlükəsizlik Nazirliyinin (ETTELAAT-ın) təcridxanasında ağır mənəvi və fiziki işgəncəyə məruz qalıb. ETTELAAT əməkdaşları ona bildiriblər ki, həbsxanada başqa məhbuslara Azərbaycan türklərinin milli haqlarından danışarsa, təkadamlıq kameraya köçürüləcək.
Bu ayın əvvəllərində təhsil almaq hüququndan məhrum edilmiş bir qrup tələbə parlamentin binası qarşısında etiraz aksiyası keçirməyə çalışıb, onların bu tədbirini polis güc tətbiqi ilə dağıdıb. Onlar gənclərə qarşı dəyənəklərdən istifadə edib, tələbələrin bəziləri həbs edilib.
"Mediaforum"un məlumatına görə, Tehranın "Baharistan" adlı meydanına toplaşan keçmiş tələbələr təhsil haqlarının bərpasını tələb ediblər. Onlar əllərində "Bizim günahımız dissident olmağımızdır!", "Biz universitetə qayıdacağıq!" kimi şüarlar, habelə İslam Respublikası Anayasasının 23-cü maddəsi yazılan plakat tutaraq təhsilə qoyulmuş bütün məhdudiyyətlərin ləğvini istəyiblər. Həmin müddəada deyilir ki, vətəndaş əqidəsinə görə ibtidai haqqından məhrum edilə bilməz.
Oktyabrın ortalarında Güney Azərbaycanın Həmədan şəhərindəki Əbu Əli ibn-Sina Universitetinin azərbaycanlı tələbələri etiraz aksiyası keçirərək həbsdə saxlanılan Milli Hərəkat təəssübkeşlərinin həbsini pisləyiblər. Onlar belə məhbusların dərhal azadlığa buraxılmasını, habelə hakimiyyətin bu düşüncənin daşıyıcılarına qarşı təzyiq və təqibləri dayandırmasını tələb ediblər. Tələbələr İslam Respublikası rəhbərliyindən ölkə Anayasasına əməl edərək Azərbaycan türklərinin ana dilində təhsil alma haqqının tanınmasını istəyiblər.
Bir saata yaxın davam etmiş bu etiraz aksiyası zamanı azərbaycanlıların milli-mədəni, siyasi və sosial haqlarının təmininə əməl olunması da tələb edilib. Onlar "Ana dilində təhsil!", "Məhbus tələbələrə azadlıq!", "Ölkədə insan haqları nə vaxtadək pozulacaq?" və başqa şüarlar yazılmış plakatlar qaldırıblar.
Xəbərdə o da bildirilib ki, ETTELAAT-ın mülki geyimli məmurları aksiya iştirakçıları sırasına soxularaq tədbirin mahiyyətini dəyişməyə çalışıblar.
DAK İnformasiya Mərkəzinin məlumatına görə, Təbriz həbsxanasında saxlanılan hərəkat təəssübkeşləri Məqsud Əhdi, Mənsur Əminian, Fəraz Zehtabi, Aydın Xacei, Əmir Mərdani, Daryuş Əminian və Məcid Makui üç ay ağır mənəvi və fiziki işgəncəyə məruz qaldıqdan sonra ötən gün təkadamlıq kameradan ümumiyə köçürülüblər.
Məlumatda o da xatırlanıb ki, tələbə Səccad Radmehrin ailə üzvləri ETTELAAT-ın Təbrizdəki bölməsinə müraciət edərək məhbus barəsində məlumat almaq istəyiblər. Onlara S.Radmehrin həbsxanada olmadığını söyləyiblər, ailəyə bildiriblər ki, o hələ də ETTELAAT təcridxanasındadır. Bu isə S.Radmehrin yaxınlarının, təbii, narahatlığına səbəb olub.
Həbsdə saxlanılan Ehsan Nəcəfi-Nəsəbin də İran Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında işgəncəyə məruz qaldığı bildirilir, bundan başqa, tutulduğu gündən indiyədək o, yaxınlarından heç kimlə görüşməyib.
İslam Respublikasının rəhbərliyi ermənilərin timsalında dini azlıqların haqlarını qoruduğunu beynəlxalq ictimaiyyətə nümayiş etdirməyə çalışır. Ancaq bəhailər, zərdüştilər, hətta "Əhli-Həqq" (Əliallahılar) təriqətinin nümayəndələri Urmiya həbsxanasında saxlanılmaqdadır. Bu təriqətin beş azərbaycanlı üzvü barələrində çıxarılan hökmə etiraz əlaməti olaraq 20 gündən artıq aclıq aksiyası keçirib.
Onlardan 3-ü - Səhəndəli Məhəmmədi, Baxşəli Məhəmmədi və İbadulla Qasımzadəni İslam məhkəməsinin Urmiyadakı şöbəsi 13 il müddətinə İranın mərkəzində yerləşən Yəzd zindanına sürgün edib. O biri iki şəxs - Mehdi Qasımzadə və Yunis Ağaiana qarşı əvvəl çıxarılmış edam hökmü qüvvədə saxlanılıb.
Xatırladaq ki, bu məhbusların hamısı Güney Azərbaycanın Qərbi Azərbaycan əyaləti Qoşaçay (dəyişdirilərək Miyandab adlandırılıb) rayonunun Üçtəpə kəndindəndir. Bu məhbuslar 4 il öncə Qoşaçayda hökumət tərəfdarları ilə "əhli-həqq"çilər arasında baş vermiş silahlı qarşıdurma zamanı tutulublar. Məhkəmə həmin il onların hamısına edam hökmü çıxarmışdı.
Bir müddət əvvəl İranın Şiraz şəhərində xristianlığı qəbul etmiş 10 nəfər həbs edilib. Məlumata görə, Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilən xristian yığıncağına qatılmaq istəyən Hümayun Şükuhi Qulamzadə həyat yoldaşı Fəriba Nazemianla birlikdə tutulub. Həbs Şirazın hava limanında gerçəkləşdirilib. Onların ardınca Hüseyn Bab-Ənarəb və Fatimə Şinas həbs edilib. Xəbərlərdə bildirilib ki, keçirilmiş həbslərdən sonra ETTELAAT əməkdaşları Həmid Əlaəddinin evinə hücum edərək onu və üç övladını tutublar.
Xristianlığı yenicə qəbul etmiş Arəş Mirbaşəd və Mahmud Mətin isə Şiraz parklarından birində Təhlükəsizlik Nazirliyi əməkdaşları tərəfindən həbs olunublar. Yeri gəlmişkən, islam Respublikasının qanunlarına əsasən, İslamdan çıxan vətəndaşlar "mürtəd" adlanır və onlar haqda edam hökmü də çıxarıla bilər.
Qadın haqlarının tapdanmasına dair bir neçə məlumatı da xatırlatmaq istərdik. Hələ bir neçə ay öncə İran İslam İnqilab Məhkəməsinin Tehrandakı şöbəsi jurnalist və qadın hüquq müdafiəçisi Nəsrin Əfzəlini 6 ay azadlıqdan məhrum olmağa və 10 şallaq zərbəsinə məhkum edib. O, "qanunsuz yığıncaqların keçirilməsini təşkil etmək"də, "asayişi pozmaq"da, "mövcud rejimə qarşı təbliğat aparmaq"da, habelə "polisə müqavimət göstərmək"də ittiham olunub.
Qadın hüquq müdafiəçisi, fotoqraf, Kaliforniyadakı universitetlərin birində incəsənət və kommunikasiya ixtisası üzrə təhsil alan Əşa Mömini də tutulub. Ailə üzvlərinə 10 gündən sonra məlumat veriblər.
"Mediaforum"un bildirdiyinə görə, Ə.Mömini iki ay əvvəl ailəsini görmək üçün İrana gəlib, oktyabrın 15-də avtomobil sürərkən sürət həddini aşmaqda suçlandırılaraq saxlanılıb. Onu Tehrandakı "Evin" adlı zindanın 209-cu korpusuna aparıblar. Qaldığı mənzildə axtarış aparılarkən Möminiyə məxsus kompüter və əlyazmaları müsadirə olunub.
Xəbərin gec yayılmasına səbəb isə ailə üzvlərini ETTELAAT-ın hədələməsi göstərilir. Təhlükəsizlik qurumu Əşa Mömininin tutulması barədə xəbəri yaymamağı tələb edib.
Əşanın həbsindən 10 gün qabaq isə qadın haqlarının qorunması ilə məşğul olan hüquq müdafiəçisi Negin Şeyxülislami həbs olunmuşdu. Hazırda onun da "Evin" zindanında saxlanıldığı bildirilir.
Cari ayın əvvəlində Vyanada "İran qadınları bu gün" mövzusunda simpozium keçirilib. Avstriyanın xarici işlər naziri Ursula Plassnik tədbirin keçirilməsində əsas məqsəd kimi iranlı qadınların ölkəsində tanınması olduğunu söyləyib.
Nobel mükafatı laureatı Şirin İbadi isə bunları söyləyib: "Haqlarının tapdanmasına baxmayaraq qadınlar sübut etmək istəyirlər ki, dialoq və müzakirə aparmaq mümkündür. Qadınların cəmiyyətin ictimai-siyasi həyatına fəal qatıldığı halda cəmiyyətin hərtərəfli inkişafından danışmaq olar".ayna
25 Ekim 2008 Cumartesi
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder