"Erməni məsələsi"
Xaqani İsmayılın "Erməni məsələsi" və türk-müsəlman soyqırımı" adlı araşdırmasında I Dünya Savaşı fonunda Qafqaz, Güney Azərbaycan və Anadolu türklərinin soyqırıma uğramasına arxiv bəlgələri və sənədli qaynaqlar əsasında işıq tutulur. Tədqiqat əsərində müəllif həmçinin "erməni məsələsi", qədim və çağdaş erməni tarixinin bəzi saxtalaşdırılmış məqamlarına, o sıradan erməni-Bizans, erməni-gürcü, erməni-rus, erməni-türk, erməni-kürd mövzularına da geniş yer verir.
Yaxın gələcəkdə kitab şəklində nəşri gözlənilən bu araşdırmanın bəzi bölümləri ilə oxucularmız "Ekspress"in çərşənbə və şənbə saylarında tanış ola biləcəklər.
Xaqani İSMAYIL
Bəslədiyimiz bəla
və ya erməni etirafı
Xristian dünyası tərəfindən süni sürətdə ortaya atılmış "erməni məsələsi" beynəlxalq konfransların gündəliyinə və barış sazişlərinin maddələrinə daxil edilməzdən öncə bu qalmaqallı toplumun - erməni xalqının yaşamı, öz milli - dini dəyərlərini mühafizə edib-etməmə durumu, iqtisadi vəziyyəti və s. istər-istəməz hər bir oxucuda maraq doğurur.
Doğrudandamı ermənilər tarixən "vəhşi" türklərdən saysız-hesabsız zülmlər, işgəncələr görmüş, dini inancları və milli gələnəkləri (adət-ənənələri) və mədəniyyətləri assimlyasiya təhlükəsi ilə üzləşmişdi. Bugünki erməni təbliğatına, o cümlədən 1000-dən artıq erməni saytlarındakı iftira və hədyanlara cavab vermək üçün nəinki alimlərimiz, hətta hər bir azərbaycanlı ziyalısı, Azərbaycan vətənpərvəri və sadə həyat tərzi yaşayan orta təhsilli yurddaşımız da bu sualların cavablarında aciz qalmamalıdır.
Bu məqsədlə də hər şeydən öncə oxucularımıza ermənilərin türklərlə münaqişədən əvvəlki durumunu əks etdirən bir neçə vacib məqamı dünyanın ən müxtəlif dinlərinə və millətlərinə mənsub olan müəlliflərin (onların sırasında erməni müəllifləri də var) dilindən çatdırmaq istərdik:
" Erməni etnosu Qafqazın hüdudlarından kənarda formalaşıb"
(İ.M. Dyakonov).
" Ermənilər işğalçılar kimi gəlmiş və yerli əhalini əsarət altına almışlar" (R. Hovannisyan).
"... Ermənilər İsveçrədən gəliblər" (R. Kiriyan).
"Ermənilər səkkiz əsr ərzində əvvəlcə Səlcuq, sonra isə Osmanlı hökmranlığını məmnuniyyətlə qəbul etmiş, idarə sistemindən qətiyyən şikayət etmədən, öz dininə asudə itaətlə məşğul olmuş, dövlətdə mühüm vəzifələr tutmuş və ticarətdə hakim mövqeyə nail olmuşlar. Faktlar belədir"
(Fransız alimi, jurnalist və hüquqşünası Corc de Malevil).
"Biz həyatımız boyu türk millətinə borcluyuq, türklər olmasaydı, bu gün nə erməni milləti olardı, nə də erməni mədəniyyəti" (Erməni yazıçısı Torkum Stepanyan).
"Türkləri hər hansı bir vəhşilikdə necə ittiham edirlər- etsinlər, yalnız bunu deyə bilərəm: Türkiyənin müxtəlif şəhərlərində erməni-müsəlman toqquşmaları haqqında şəxsən bütün mənə məlum olanlardan belə qənaətə gəlirəm ki, qanlı işlər hər yerdə məhz ermənilərin öz təşəbbüsü ilə başlanmışdır. Türklər Asiyanın nəinki müsəlman, həm də başqa xalqlarının ən yaxşı hissəsidir" (Çar Rusiyasının Van və Ərzurumdakı baş konsulu Mayevski) .
"Türkiyə tarixi keçən yüzillikdə ermənilərin kütləvi təqibi haqqında heç bir fakt bilmir. Əksinə, onlardan çoxu 1915-ci il faciəsinə qədər yüksək dövləti vəzifələr tutmuşdu...
Toqquşma nəticəsində... tələfat isə hər iki tərəfdən döyüş əməliyyatının qanunauyğun nəticəsidir ki, genosid hesab edilə bilməz" (Strasburqda Şərq Tədqiqatları İnstitutunun direktoru Pyer Dyümon).
"Ermənilər indiki dövrdə milli varlıqlarına görə həqiqətən Səlcuq və Osmanlı türklərinə borcludurlar. Bizanslıların və ya digər avropalıların əlində qalsaydı, erməni adı bu gün sadəcə olaraq tarix kitablarında saxlanılan bir ad ola bilərdi" (Levon Dabağyan) .
"Erməni milləti (Bizans imperiyasının tərkibində ikən) zülm-əsarət altında qalmışdı. Bütün məmləkətimiz qan içindəydi. Bu qanlar vətənimizin bir ucundan o biri ucunadək dərya kimi aşıb-daşırdı... (Bizans hökmranlığı altında ikən) məzhəbini dəyişmək istəməyən ermənilərin boğazına əridilmiş qurğuşun tökərək, ən faciəli ölümlərə mübtəla edirdilər..." (Qədim erməni tarixçisi Urfalı Matevos)
"Erməni kralı Qaqiqin əl - qolunu bağlatdırıb (bizanslılar) köpəklərə parçalatdırmışdılar..."(Qədim erməni müəllifi)
"Uraratu dili və xalqı ilə erməni dili və xalqının heç bir qohumluğu yoxdur. Ermənilər Urartuya e.ə VI əsrdə gəlmişlər. Urartululardan bəhs edən mixi yazılar isə e.ə IX əsrə aiddir" (Fransız alimi Fransua Lenorman) .
"Ermənilər Frikyadan gəlmədirlər. Onlar tədricən Frikyadan şərqdə yerləşən yüksəkliklərə yiyələnib, oradan qədim urartuluları sıxışdırıb, onların adına, dilinə və rəvayətlərinə yiyələnib, özlərininki ilə əvəz etdilər" (Lenorman) .
"Ermənilər... friqlərlə birlikdə Qərbdən e.ə. 7- 6-cı əsrlərdə Şərqə gəlmişlər"(N. Pastermacyan).
"Ulu şahım... Beynənnəhreyndən (Mesopotomiyadan) Van gölü sahillərinə, oradan da Qafa (Qafqaza) oğuz-türk torpaqlarına beş-beş, on-on gələn ermənilər saziş şərtlərinə görə sənətkarlıqla məşğul olmaq əvəzinə, məskunlaşmağa can atır, ufacıq kilsələr tikdirir, beləliklə, bu tayfanın Qafda qədim mövcudiyyəti təsəvvürünü yaradırlar ki, bu da istiqbalda nəsillərimizə baş ağrısı verəcək...
Bu işləri indi Ağkilsə (Əçmiədzin) kəndində əyləşən dünya ermənilərinin katalikosu II Qriqori maliyyələşdirir... Qarışıq nigahlar məni qorxudur, Şahım! Mənə səlahiyyət ver, cəmi 15 min gəlməni mövsümi işçilər kimi qisim-qisim qaytarım Vətənin dışarına. Sənin qulun Rəvan Xan" (İrəvan əyalətinin icmal dəftəri, 1519. İrəvan qalabəyisi və Qərbi Azərbaycan bəylərbəyi Rəvan xanın Şah İsmayıl Xətaiyə məktubundan)...
Səlcuq sultanlarının səhvi
Ermənilərin tarixində dönüş nöqtələrindən ən vacibi heç şübhəsiz ki, onların xristian dinini qəbul etmələri idi.
Bu, 301-ci ildə knyaz Trdatın fərmanı ilə baş verdi. Ermənilərin iddiasına görə, guya baş patriarx Eçmiədzində (əsil adı müxtəlif dövrlərdə Ağkilsə və Yçkilsə olduğu bildirilir; elə "Eçmiədzin"- "Yç müəzzin" də türkcədən alınma sözdür) otururmuş. VI əsrdə Roma kilsəsindən ayrılan ermənilər Qüds şəhərində yeni bir patriarxlıq yaratdılar. Məzhəblərin zidd gəlməsi və dava ilə nəticələnməsindən sonra 993-994-cü illərdə Roma ordusu böyük qüvvə ilə ermənilərin üzərinə hücuma keçərək onları qılıncdan keçirdi, qalanlarını isə əsarət altına aldı.
Erməni kilsəsi və onların dini lideri olan erməni katalikosu öz xalqını ölümcül təhlükədən xilas etmək üçün Səlcuq hökmdarı Sultan Alp Arslana (1063-1072) müraciət etdi. 26 avqust 1071-ci ildə Malazgirt vuruşunda Bizans İmperatoru Roman Diogeni məğlub etmiş Sultan Alp Arslan erməniləri də himayə edərək, onları Bizans zülmündən qurtarmışdı.
1091-ci il fevralın 26-da erməni katalikosu Barsesin müraciətindən sonra isə Sultan Məlikşah erməni kilsəsi və monastrlarının, erməni din xadimlərinin vəziyyətini yaxşılaşdırmağa dair sərəncam imzaladı. Bir qədər əvvəl ermənilərin dəfələrlə bizanslılarla birləşərək döyüş meydanında türklərə qarşı vuruşduqlarına baxmayaraq, Səlcuq və Osmanlı İmperatorluqlarında onların dini inanclarına, gələnəklərinə, milli dəyərlərinə nəinki zərər gəlmir, hətta aciz, kiçik bir xalq kimi onlar hərtərəfli himayə edilirdi. Belə ki, o tarixi dövr və Sultan Məlikşahın rəftarı haqqındakı qeydlərində erməni katalikosu Vasil yazırdı: "O ( Məlikşah- X.İ.) hər tərəfdən barış və hakimanə bir idarə qurmuşdu. ...Bildiklərimizin hamısından adil olduğuna görə heç bir insana kədər vermədi...Hərb və zorakılıqla deyil, könüllərə yol tapmaqla indiyədək heç bir hökmdarın əldə edə bilmədiyi məmləkətlərə sahib oldu".
Erməni tarixçisi Urfalı Matevos da Sultan Məlikşahın xalqlara ədalətli bir hami olması haqda yazırdı: "Məlikşahın səltənəti Allahın lütfünə nəsib oldu. Hakimiyyəti uzaq ölkələrə qədər yayıldı və ermənilərə sakitlik verdi... Qəlbi xristianlara qarşı şəfqətlə dolu idi. Keçdiyi ölkələrin xalqları ilə ata kimi rəftar edirdi".
Erməni tarixinin həmin dövrünə münasibətdə çağdaş erməni müəllifi Ter-Çersisyanın 1972-ci ildə qələmə aldığı mülahizələr də qədim türk dünyasının ədalətindən xəbər verir: "Ermənilər Bizansın öldürücü ilhaq siyasətinin xeyli davam etdiyi və ermənilərə qarşı düşmənçiliyin artdığı bir vaxtda Şərqdə Səlcuq türklərinin zühur etdiyi göründü... Bizansın Malaskert (Malazgirt) fəlakətinə uğramağı üzündən bütün ermənilər 1071-ci ildə Səlcuqların idarəsinə keçdilər... Səlcuqların köməyi ilə hürriyyət qazanan ermənilər Qriqoryan idarəsində tərəqqi etdilər"...
(ardı var)
express
22 Ekim 2008 Çarşamba
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder