Güney Azərbaycan folklorunun əvəzsiz tədqiqatçısı
Güney Azərbaycan folklorunun əvəzsiz tədqiqatçısı Məhəmmədəli Fərzanə Pişəvəri hökumətində ideoloq kimi həm də müstəqillik üçün çox çalışıb Azərbaycanın ikiyə parçalandığı 200 il ərzində Güney Azərbaycanda milli şüurun oyanması, xalqın savadlanması yönündə soydaşlarımız, tanınmış ziyalılar mücadilə aparmışlar. Güneydə baş verən azadlıq hərəkatları amansızlıqla yatırılmış, nəticədə bir çox insanlar vətəndən mühacirət etməyə məcbur olmuşlar. Belə şəxslərdən biri də Güney Azərbaycanın tanınmış elm və ictimai xadimi Məhəmmədəli Fərzanədir. O, 1923-cü ildə Təbriz şəhərində anadan olub. Güney Azərbaycan folklorunun əvəzsiz tədqiqatçılarından və təbliğatçılarından biriydi. Milli folklorla uşaq yaşlarından tanışlığı onun duyğularında, düşüncələrində əhəmiyyətli rol oynayıb. Tədqiqatçı Afaq Ramazanova onun yurda, vətənə tükənməz sevgisinin elə-belə formalaşmadığını bildirir: "Məhəmmədəli Fərzanənin anası əslən Bütöv Azərbaycanın folklor xəritəsində özünəməxsus yeri olan Qarabağ mahalından olduğundan şifahi xalq ədəbiyyatımızın kamil bilicisi idi. O, oğluna folklorumuzun zəngin, tükənməz incilərini - yüzlərlə layla, bayatı, nağıl, tapmaca, dastanları öyrədib, bu misilsiz sərvətə məhəbbət aşılayıb. Heç şübhəsiz ki, Məhəmmədəli Fərzanənin Azərbaycan folklorunun, ədəbiyyatının tədqiqində ciddi, qarşısıalınmaz, eşqli münasibətinin yaranmasında onun ailə mühitinin - yəni valideynlərinin məsuliyyətli münasibəti əsas rol oynayıb". Fərzanənin atası Güney Azərbaycandakı məşhur Məşrutə hərəkatının iştirakçısı olub. O, oğlunun milli ruhda böyüməsi üçün çox çalışıb. Heç də təsadüfi deyil ki, Məhəmmədəli Fərzanənin milli ruha, xalqın taleyinə ciddi bağlanmasındandır ki, 1945-46-cı illərdə Seyid Cəfər Pişəvərinin yaratdığı Milli Hökumətin ideoloqlarından biri olub. Fərzanənin məktəb illəri əvvəlki dövrlər kimi ana dilində yazıb-oxumağın, hətta danışmağın belə yasaq olduğu dövrə təsadüf edirdi. O, Azərbaycan xalq ədəbiyyatı nümunələrini böyük bir eşqlə öyrənib, yurdunun acı-ağrısının, fəlakətli halının aradan qaldırılması istiqamətində bu mənəvi sərvətdən bəhrələnib. Fərzanə Pişəvərinin hökumətində ideoloq kimi Güney Azərbaycanın müstəqilliyinin davamlı olması üçün çox çalışıb. O, 40-cı illərdə təbliğ etdiyi ideya və fikirlərə görə şah rejimi tərəfindən təqib edilib, dəfələrlə həbsxanaya salınıb. Güney Azərbaycanda dilimizə, milli ədəbiyyatımıza olan münasibət Məhəmmədəli Fərzanənin bütün yaradıcılığı boyu izlədiyi və zaman-zaman problemlərinə toxunduğu əsas məsələlərdəndir. Doktor Fethi Gədikli yazır ki, Azərbaycan türkcəsində təhsilin qadağan olunduğu bir məmləkətdə dilimizə olan münasibətdən ilk yazanlardan biri də məhz doktor Məhəmmədəli Fərzanə olub. Onun "Ana dilimiz və milli varlığımız uğrunda" silsilə məqalələri də məhz bu barədədir. Güney Azərbaycanda Azərbaycan qrammatikasına həsr olunmuş ilk kitabın müəllifi də Məhəmmədəli Fərzanədir. Onun "Azərbaycan türkcəsinin qrammatikasının əsasları" adlı iki cildliyi İranda dəfələrlə nəşr edilib. Avropanın qabaqcıl təhsil ocaqlarında mühün elmi hadisə kimi qiymətləndirilən bu kitaba Azərbaycan Milli Elmlər Akademiyası da müsbət rəy verib. Məhəmmədli Fərzanənin Azərbaycan folkloru ilə elmi tanışlığı 1942-ci ildə pedaqoji texnikumu bitirərək bir il sonra Təbrizdə kitabxanaya işə düzəlməsi zamanı olub. Burada o, uşaq yaşlarında anasından eşitdiyi Azərbaycan xalq ədəbiyyatının misilsiz inciləri ilə əyani surətdə tanış olub. O zamanlar Fərzanə İranda yayımı yasaq edilmiş kitablar, o cümlədən "Dədə Qorqud dastanları" ilə rastlaşır. Həmin vaxtdan etibarən o, folklorumuzun toplanması, tərtibi və nəşrilə ardıcıl məşğul olmağa başlayır. İkinci Dünya Müharibəsində İrana müttəfiq qoşunların daxil olması Məhəmmədəli Fərzanəyə milli folklorun təbliği sahəsində düşündüyü məsələləri həyata keçirməyə real zəmin yaradır. Doktor Fethi Gədikli yazır ki, demokratik hökumətin qurulması Azərbaycan dilində yazıb-yaratmağa imkan verir və beləliklə, Məhəmmədəli Fərzanənin ana dilində əsərləri, məqalələri çap olunmağa başlayır. Onun ana dilində ilk məqalələri Mahmud Kaşğarinin "Divani-lüğət-it-türk" adlı əsərinə həsr olunmuş "Divani lüğət-it-türk" əsərində işlənən deyimlər" və "Füzuliyə bir baxış" adlı yazıları "Vətən yolunda" qəzetində dərc olunur. Onun Azərbaycan xalq ədəbiyyatı və milli dastanlar barədə yazıları isə milli hökumətin mətbu orqanı "Azərbaycan" qəzetində çap edilir. M.Fərzanənin "Kitabi Dədə Qorqud"a həsr etdiyi yazıları da bu qəzetdə yayımlanır. 1946-cı ildə Pişəvərinin rəhbərliyi ilə yaradılmış Milli Demokratik Hərəkat devrildikdən sonra Məhəmmədəli Fərzanə Azərbaycan məsələsinə aid yazılarını fars dilində yazmağa başlayır. Bu mənada onun böyük Azərbaycan şairi Nizami Gəncəvi haqqında yazdığı ardıcıl məqalələrdən əlavə bir çox kitabları da olub. Güney Azərbaycan folklorunun toplanması və tərtibində mühüm hadisələrdən biri bu dövrdə, yəni ötən yüzilin 40-cı illərində İranda Azərbaycan bayatılarının toplu şəkildə çapıdır. Məhəmmədəli Fərzanənin bu illərdə davam edən folklor sahəsindəki araşdırmaları, eləcə də "Azərbaycan türkcəsi qrammatikasının əsasları" adlı iki cildliyi Pəhləvi hakimiyyəti illərində çap edilməyib. Ancaq 1978-ci ildən sonra "Bayatılar" yenidən işlənərək əlavələrlə 8 dəfə işıq üzü görüb, bu baxımdan İranda çap edilən kitablar arasında ilk yeri tutub. Afaq Ramazanova Məhəmmədəli Fərzanənin zəngin folklor yaradıcılığına diqqəti cəlb edir: ""Dədə Qorqud kitabı", "Molla Nəsrəddin lətifələri", "Azərbaycan el mahnıları", "Azərbaycan el sözləri (atalar sözü, məsəllər, deyimlər)", "Azərbaycan xalq ədəbiyyatı və antologiyası", "Bir söz inciləri" (Azərbaycan klassik və müasir ədəbiyyatı antologiyası, 3 cilddə), Cəlil Məmmədquluzadə, Əziz Nesin, Ələviyyə Babayeva və başqa yazıçıların farscaya tərcümə edilmiş əsərləri, İran folkloru, təranələri və onların Azərbaycan türkcəsinə mənzum tərcümələri, bu tipli kitablara yazılan müqəddimə və ön sözlər, habelə "Varlıq" dərgisində yayımlanmış məqalələr, sadalamadığımız yüzlərlə elmi araşdırmalar, AMEA-nın Folklor İnstitutunun elmi arxivində saxlanılan, "Azərbaycan folkloru antologiyası" seriyasının "Güney Azərbaycan folkloru" cildi Məhəmmədəli Fərzanənin Azərbaycan folklorşünaslığı tarixinə salınmağa mənəvi haqqının olmasından xəbər verir. Qeyd edək ki, professor İsrafil Abbaslı Azərbaycan folklorşünaslığının təşəkkülü və inkişaf mərhələlərindən bəhs edərkən ədibin yaradıcılığına hərtərəfli toxunub, bu yaradıcılığı Güney Azərbaycan folklorşünaslığında təqdirəlayiq hadisə kimi dəyərləndirir. Doğma vətəni olan Güney Azərbaycandakı dözülməz vəziyyət Məhəmmədəli Fərzanənin qürbətə köçməsinə səbəb olub. O, ömrünün son illərini İsveçdə yaşayıb, burada da Azərbaycanı təbliğ etməkdən usanmayıb. Məhəmmədəli Fərzanə ardıcıl olaraq Güney Azərbaycanın zəngin şifahi söz sənətini toplayıb". M.Fərzanənin çoxşaxəli fəaliyyətinin səbəbini anlamaq çətin deyil: o, çalışırdı ki, millət öz kimliyini anlasın, halına, aqibətinə sahib olsun. Əslən Güney Azərbaycandan olan araşdırmaçı Ağşin Ağkəmərli deyir: "Güneyli ziyalıların durumu ilə Quzeyli ziyalıların durumu arasında fərq çoxdur. Quzey Azərbaycanda hər kəs konkret öz işi ilə məşğuldur. Məsələn, tarixçi daha çox öz peşəsi ilə məşğuldur, nadir hallarda ədəbiyyatçılıqla məşğul ola bilər. Ancaq Güneydə şair tarixçi, ədəbiyyatçı, tədqiqatçı, folklorçu olmalı, hətta daxili və xarici siyasəti gözəl bilməlidir. O, prinsipcə buna məcburdur. Çünki Güneydə məsələ başqa cür formalaşıb. Burada nə iş görsən, ilk növbədə siyasi anlama, kimlik məsələsinə dayanır. Bizim məqsədimiz odur ki, millətimiz öz kimliyinə, tarixi taleyinə sahib dursun. Millət öz kimliyini tanımadığı dərəcədə başqalarının köləsi olacaq. Millət özünü tanıdığı dərəcədə böyük, yüksək olur. Millətimizin kimliyi bu gün onun dilində, folklorunda, Dədə Qorqudluğunda, Babəkliyində, Koroğluluğundadır. Millətin yetişməsi üçün bu və başqa mənəvi sərvətlərə sahib durmağımız lazımdır. Millətimin azadlığı, haqq savaşı uğrunda döyüşmək vicdan işimizdir, milli borcumuzdur. Millətimizin bizə etibar etdiyi ruh yaddaşını, adət-ənənəni, folklorunu qoruyub-saxlamalı, sabaha çatdırmalıyıq. Güney Azərbaycanda millətimizin milli kimliyinin, mənəvi sərvətlərinin tanıdılmasında Fərzanənin mühüm xidmətləri var". Elçin Qaliboğlu
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder