azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

28 Ağustos 2008 Perşembe

Kreml Bakını ələ almaq istəyir. V.Mesamed: "Rusiyanın Azərbaycanla bağlı yeni ssenarisi var"

Kreml Bakını ələ almaq istəyir. V.Mesamed: "Rusiyanın Azərbaycanla bağlı yeni ssenarisi var"

Rusiyanın Gürcüstan qoşun yeritməsi, sonra da Cənubi Osetiya və Abxaziyadakı separatçı rejimlərə tam dəstək verdiyini bəyan edərək onların "dövlət müstəqilliyi"ni rəsmən tanıması Qərblə Moskva arasındakı münasibətləri gərginləşdirməkdədir. Bununla yanaşı, Rusiyanın son davranışları Azərbaycan üçün də müəyyən təhlükə kəsb edir. Ən azı ona görə ki, Dağlıq Qarabağdakı separatçılar osetin və abxaz "qardaşları"nın "uğur"larından xeyli ruhlanıblar.
Moskvadakı Yaxın Şərq İnstitutunun Cənubi Qafqaz və Ön Asiya problemləri üzrə baş eksperti, Rusiyanın nüfuzlu siyasi analitiklərindən biri olan Valentin Mesamedin dediyinə görə, Rusiyanın osetinlərlə abxazlara belə ciddi siyasi, hərbi, iqtisadi və mənəvi dəstək verməsi əslində Moskvanın yeni geosiyasi ssenari üzrə hərəkətə başlamasıdır.
"Ekspress" əməkdaşının suallarını cavablayan V.Mesamed bildirdi ki, Cənubi Qafqazda indiyədək müşahidə olunan vəziyyəti artıq unutmaq olar:
- Oyun qaydaları artıq dəyişib. İndi həm Rusiya, həm də Qərb ölkələri Cənubi Qafqazdakı situasiyanı öz nüfuz və təsir dairələrinin nə dərəcə genişliyi, hadisələrə təsir imkanlarının səviyyəsini müəyyənləşdirmək üçün poliqon sayırlar. Rusiya üçün osetin və abxazlar yeni siyasi oyunun adi fiqurları, şahmat taxtasındakı piyadalardır ki, son məqsədə çatmaq üçün onları istənilən an qurban vermək olar.
Qərb də situsiyadan məhz bu formada bəhrələnir. Cənubi Qafqaz indi iki böyük gücün toqquşmasının açıq formada təzahür etdiyi məkandır və bu güclərdən heç biri geri çəkilmək niyyətində deyil. Stavkalar çox böyükdür. Söhbət Rusiyanın postsovet məkanında Kremlə doğru mərkəzəqaçma meylləri ilə inteqrasiya proseslərinə təkan vermək, "tanınmamış"lardan istifadə edərək GUAM birliyi zəiflətmək, MDB-yə alternativ qismində Qərbin yaratdığı strukturları zəiflətmək, Xəzər dənizi, Orta Asiya və Cənubi Qafqazda hadisələrə müdaxilə imkanlarına yenidən yiyələnmək və s. istəkləri kimi amillərdən gedir. Belə şəraitdə ABŞ Gürcüstanla bağlı vəziyyətin ilk günlərində uduzduğu mövqeləri yenidən geri qaytarmaq və Rusiyanı bölgədən tam sıxışdırıb çıxarmaq üçün bütün imkanlarını səfərbər edərək irəliləməyə çalışır. Vaşinqton hələlik avanqardda Avropa Birliyi ölkələrindən istifadə etsə də, hadisələrin kulminasiya nöqtəsinə çatacağı anda özü irəli çıxıb qüvvələr nisbətini bir toxunuşla dağıtmağa çalışacaq. Buna qətiyyən şübhə etmirəm.
- Yəni gürcü-osetin münaqişəsi zonasındakı gərginlik bütün Cənubi Qafqaza yayılacaq? Bir qədər çətin təxmindir, çünki ABŞ dəfələrlə bəyan edib ki, regionda sülh və stabilliyin tərəfdarıdır. Bundan başqa, amerikalı rəsmilər Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin arzuedilməz olduğunu vurğulayaraq mesajlarını çox açıq şəkildə Azərbaycan və Ermənistan rəhbərliyinə çatdırıblar.
- Mən savaş olacağını demədim. Hər şey Azərbaycanın tutacağı mövqedən asılıdır. Bakının indi yürütdüyü siyasət Moskvanı təmin etmir və bunu Azərbaycan rəhbərliyi də gözəl bilir. Kreml də anlayır ki, onun Cənubi Osetiya və Abxaziya ilə bağlı qərarı ilə Bakı heç bir halda həmrəy olmayacaq. Eyni zamanda, Ermənistanda da çox maraqlı vəziyyətdədir.
Ermənistan indiyədək Cənubi Osetiya və Abxaziyadakı separatçı rejimlərlə sıx əlaqələrini daima təbliğ edirdisə, hazırda Gürcüstanı sinirləndirməmək üçün susmaq məcburiyyətindədir. Azərbaycan və Türkiyə tərəfindən nəqliyyat blokadasına alınan, regional layihələrin hamısından kənarda qalan Ermənistan osetinlərlə abxazlara dəstək verib Gürcüstandan keçən "həyat yolu"nu itirmək istəmir. Buna görə də Rusiyanın Dağlıq Qarabağ münaqişəsindən yararlanaraq Bakıya açıq təzyiqlər göstərəcəyini düşünmürəm. Amma Rusiyanın təzyiqləri olacaq, özü də çox güclü şəkildə.
Gürcüstan və Azərbaycanın NATO istiqamətində hərəkətləri, onların Avroatlantika məkanına inteqrasiyaya yönəlmiş xarici siyasətləri illərdir ki, Kremli qıcıqlandırır. Gürcüstandakı hadisələrdən sonra Bakının bu siyasəti gücləndirəcəyini düşünürəm və belədə, Kreml Cənubi Qafqazda "ikinci NATO forpostu"nun yaranmasına yol verməmək üçün əlindən gələni edəcək.
- Gürcüstan Rusiyaya müqavimət göstərə bilmədi. Azərbaycanı da bu tale gözləyə bilərmi?
- Xeyr, çünki Gürcüstandan fərqli olaraq, Azərbaycan Rusiya ilə qarşıdurma və fasiləsiz mübahisələr siyasətini seçməmişdi. Bakı ilə Moskvanın münasibətləri normaldır. Amma bununla belə, Rusiyanın təzyiqlərinin sərtləşəcəyini nəzərə alsaq, Bakının belə böyük dövlətə təkbaşına müqavimət göstərə bilməsi mümkün deyil. Zənn edirəm ki, Azərbaycan Qərblə, ələlxüsus da ABŞ ilə təmasları daha da intensivləşdirərək ciddi dəstək almağa və bu minvalla mümkün itkilərdən yayınmağa çalışacaq.
- Təbii ki, ritorik sualdan yayına bilməyəcəyik: Rusiya Cənubi Osetiya və Abxaziyanın "dövlət müstəqilliyi"ni nə üçün tanıdı?
- Cavab çox sadədir: Moskva öz maraqlarını təmin etmək üçün ən yaxşı anı seçdi və Gürcüstandakı situasiyadan maksimum dərəcədə faydalanmağa can atdı. Rusiya vəziyyətdən mümkün qədər çox mənfəət əldə etmək üçün Gürcüstandan qoşunlarını çıxarmamış "tanınmamış"ları tanıdı ki, dünya birliyinin düşünülmüş reaksiyasının formalaşmasını qabaqlasın.
Dünya birliyinin, ABŞ və NATO-nun Rusiyanın addımları ilə barışması mümkün deyil. Sözsüz ki, təsirlər, təzyiqlər, bəlkə də sanksiyalar oldu. Amma Rusiyanı Gürcüstandan çıxarmaq üçün radikal qərarların verilməsinə inanmıram.
Bununla belə, Rusiya ilə ABŞ arasında münasibətlərin gərginləşdiyir şəraitdə Cənubi Qafqazda maraqlar toqquşması ifrat sərt forma almaqdadır. Belə şəraitdə region dövlətləri hansı düşərgədə olduqlarına qərar verməlidir. "Həm ondan, həm bundan" dövrü artıq başa çatıb. Ya Qərblə, ya da Rusiya ilə olmağın vaxtı çatıb.
- Belə şəraitdə hadisələrin inkişaf məcrası nədən asılı olacaq?
- Vəziyyəti Qərbin Gürcüstana göstərdiyi yardım və verdiyi dəstəyin səviyyəsi ilə Rusiyanın sərtliyinin hansı səviyyəyədək davam etməsi müəyyənləşdirəcək. Amma heç düşünmürəm ki, Rusiyanın Azərbaycana təzyiqləri güclənəcək. Tam əksinə, Azərbaycanın Qərbə doğru daha çox meyllənməsinin qarşısını almaq üçün Rusiya Bakını ələ almağa çalışacaq.
Bundan başqa, Cənubi Osetiya və Abxaziya ilə bağlı məsələdə Qərblə aşkar qarşıdurmaya gedən Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı davranışı başqa cür olacaq. Moskva bu konfliktin bütün münaqişə tərəflərinin maraqlarının tam nəzərə alınması şərti ilə, lakin Azərbaycanın sərhəd toxunulmazlığı və ərazi bütövlüyü çərçivəsində həllinə çalışacaq, bununla da "tanınmamış"larla bağlı kontekstə güzəştlərə gedə biləcəyini nümayiş etdiərərk Qərblə davranışını normallaşdırmaq istəyəcək. Belə şəraitdə Bakının səbatlı, yaxın və orta perspektivlərin düşünülüb hesablandığı siyasət yürütməsi mürəkkəb işdir.
Qərbin reaksiyasını isə indidən proqnozlaşdırmaq çox çətindir.
- Gürcüstandakı hadisələrdən sonra Azərbaycanın NATO-ya üzv olması məsələsinin mümkün qədər tez həll edilməsinin gərəkdiyi, yalnız bu yolla Rusiyanın təzyiqlərindən yaxa qurtara biləcəyimiz deyilir. Ancaq mövcud şəraitdə Azərbaycan və Gürcüstanın NATO-ya qəbul edilməsi, fikrimizcə, bir qədər problematik məsələdir.
- NATO bütün dərdlərin dərmanı, geosiyasi problemlərin həlli və qonşu dövlətlərlə münasibətləri tənzimləyəcək çıxış yolu deyil. Baltikyanı dövlətlər NATO üzvləridir. Bəyəm onlar Rusiyanın təzyiqlərindən azad olublar? Cənubi Qafqazın bəxti onda gətirdi ki, Gürcüstan NATO üzvü deyildi: belə olardısa, gürcü-osetin münaqişəsi zonasında hadisələrin fəlakət ssenarisi üzrə inkişafı qaçılmazdı. Münaqişə zonası olan ölkələri sıralarına qəbul etmək istəməyən NATO müdrik mövqe tutub. Sözsüz ki, Qərb bundan sonra da Rusiyaın Cənubi Qafqazda Rusiyanın jandarmlıq etməyinə imkan verməyəcək. Əslində, Rusiya da artıq "doyub" və sakitləşmək üzrədir. Moskva sinirləri daha da gərmək, Qərblə qarşıdurmanı ifrat həddə çatdırmaqda və Cənubi Qafqazdakı mövqelərini gücləndirmək əvəzinə, uduzmaq istəmir.
Moskva onsuz da qarşısına qoyduğu məqsədlərin hamısına çatıb və bundan sonra da sərtlik yalnız zərərə işləyə bilər.
Rusiya üçün Cənubi Qafqazın ideal modeli sadiq Ermənistan, konfederativ Gürcüstan və federativ Azərbaycandır.

Həsən AĞACAN
express

Hiç yorum yok: