azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

25 Ağustos 2008 Pazartesi

Bakı-Ceyhana yenə təxribat ola bilər

Bakı-Ceyhana yenə təxribat ola bilər

«Terrorla mübarizədə böyük təcrübəyə malik ABŞ, Israil, Böyük Britaniya, qardaş Türkiyə kimi dövlətlərlə əməkdaşlığa ciddi ehtiyac var» “Terror dünyanın hər bir inkişaf etmiş dövlətini istənilən an vura bilər” «Hakimiyyətin gözləmədiyi anda ölkə iqtisadiyyatı, büdcəsi üçün böyük problemlər yarana bilər» Son bir həftə ərzində iki terror hadisəsinin baş verməsi cəmiyyətdə ciddi narahatlıq doğurub. Bəzi ekspertlər Əbu Bəkr məscidinə qumbara atılmasını iki qrup arasında yaşanan gərginliyin nəticəsi hesab etsə də, son terror aktı şübhələri başqa istiqamətlərə yönəldir. Milli təhlükəsizlik nazirinin sabiq müavini Sülhəddin Əkbərlə söhbətimiz də bu mövzudadır. - Milli Təhlükəsizlik Nazirinin sabiq müavini kimi necə düşünürsünüz, bir həftə ərzində iki terror hadisəsinin baş verməsinin arxasında nə dayanır? - Bizim istintaq materialları ilə tanış olmaq imkanımız yoxdur. Sadəcə olaraq yaranmış vəziyyətlə bağlı müəyyən versiyalar səsləndirə bilərik. Ilk növbədə onu qeyd edim ki, zaman baxımından baş verən hadisələr əndişələnmək üçün əsas yaradır. Birincisi hadisənin Cənubi Qafqazda vəziyyətin mürəkkəbləşdiyi, Rusiyanın Gürcüstana təcavüzünün baş verdiyi, Azərbaycanın maraqlarına ciddi zərbə vurulduğu bir dövrdə baş verməsi narahatlıq yaradır. Ikincisi Azərbaycanda görünməmiş bir olay yaşanıb. Məscidə qumbara atılıb. Hesab edirəm ki, bu hadisə ilə bağlı versiyalar səsləndirmək üçün tələsməməliyik. Bilirsiniz ki, dini heysiyat məsələsi təkcə islam aləmində deyil, dünyanın hər yerində həssas məsələdir. Buna görə də mətbuatın da bu məsələyə həssaslıqla yanaşmasını istərdim. Təbii ki, mətbuat öz vəzifəsini yerinə yetirir və müxtəlif versiyaları araşdırır. Amma həssaslığa da xüsusi diqqət yetirilməlidir. Ikinci hadisənin baş verməsi isə əndişələri bir az da artırır. Buna da aydınlıq gətirmək lazımdır ki, hadisələrin üst-üstə düşməsi təsadüfidir, yoxsa doğurdan da Azərbaycanda daxili sabitliyi pozmaq cəhdidir? Nəticələrin bir az öncə ortaya çıxması təbii ki, çox maraqlı olardı. Çünki Azərbaycan cəmiyyətində baş verən hadisələr narahatlığı artırır. Əgər istintaq obyektiv aparılacaqsa, səbəbkarlar ortaya çıxacaqsa onda bu məsələlərlə bağlı qəti fikir söyləmək olar. Istintaqın nəticəsi, baş verən hadisələrin səbəbkarları və icraçıları ortaya çıxarılmadan hər hansı fikir söyləmək çətindir. - Iki gün öncə Nazirlər Kabinetinin xüsusi obyektlərin mühafizəsinin gücləndirilməsi ilə bağlı verdiyi qərar onu deməyə əsas verirmi deyək ki, Azərbaycan hakimiyyəti terror aktlarının eyni qüvvə və yaxud hansısa dövlət tərəfindən törədilməsini ehtimal edir, bu səbəbdən də belə bir qərar qəbul edib? - Heç kimə sirr deyil ki, Rusiyanın Gürcüstanın böyük bir hissəsini işğal etməsi və bu gün də atəşkəs sazişinə əməl etməməsi Azərbaycan maraqlarına ciddi zərbə vurmaqdadır. Bakı-Ceyhan, Bakı-Ərzurum, Bakı-Supsa boru kəmərlərinin fəaliyyətini dayandırması, Gürcüstan-Azərbaycan dəmiryol körpüsünün partladılması, eyni zamanda Azərbaycan sərhədlərinə yaxın yerlərin bombalanması və Rusiya-Azərbaycan sərhədinin bağlanması təbii ki, narahatlıq doğurur. Azərbaycan hakimiyyəti də müvafiq profilaktik tədbirlər görməlidir. Azərbaycan ətrafında regional vəziyyətin bu səviyyədə gərginləşməsi daxildə də sizin qeyd elədiyiniz hadisələrin baş verməsi ilə müşaiyyət olunur. Bu baxımdan hökumətin aldığı tədbirləri başa düşmək olar. Amma bütün işlər peşəkar səviyyədə görülməlidir. Eyni zamanda Azərbaycan öz tərəfdaşları ilə beynəlxalq əməkdaşlığa ciddi diqqət yetirməlidir. Çünki ölkəmizin hüquq-mühafizə orqanlarının “peşəkarlığı” hər birimizə bəllidir. O baxımdan Azərbaycanda ictimai-siyasi sabitliyi qorumaq, təhlükəsizliyi təmin etmək üçün indiki şəraitdə beynəlxalq əməkdaşlıq amilinin önəmi artır və buna da xüsusi diqqət yetirmək gərəkir. - Müsavat Partiyası Əbu Bəkrdə baş verən terror aktından sonra yaydığı bəyanatda hadisəni Rusiyanın törədə biləcəyini qeyd etmişdi. Sizin fikirləriniz bir qədər fərqli olsa da, hər halda partiya rəhbərliyində təmsil olunan şəxs kimi fikirinizi öyrənmək istərdik. Partiya nədən bu qənaətə gəlib? - Divanın həmin iclasında iştirak etməmişəm. Ola bilsin ki, Divan üzvlərindən kimdəsə məlumatlar var və Divan bu qənaətə gələrkən həmin məlumatlar nəzərə alınıb. Amma iclasda iştirak etmədiyimə görə bu suala cavab verə bilməyəcəyəm. - Necə düşünürsünüz - ölkənin hüquq-mühafizə orqanları terror təhlükələrini önləmək üçün lazım olan formada təşkilatlanıbmı? - 11 sentyabr hadisələri göstərdi ki, dünyanın heç bir ölkəsi, hətta supergüclüsü belə, terrordan sığortalanmayıb. Terror dünyanın hər bir inkişaf etmiş dövlətini istənilən an vura bilər. Bu baxımdan Azərbaycan hüquq-mühafizə orqanlarının peşəkarlığı artırılmalıdır. Digər tərəfdən bayaq dediyim kimi bu sahədə təcrübəsi olan dövlətlərlə ciddi əməkdaşlıq etmək lazımdır. terrorla mübarizədə böyük təcrübəyə malik ABŞ, Israil, Böyük Britaniya, qardaş Türkiyə kimi dövlətlərlə əməkdaşlığa ciddi ehtiyac var. - Bir neçə gün öncə “Rustavi-2" telekanalı Rusiyanın Bakı-Ceyhan boru kəmərini minalaması haqqında məlumat yaydı. Doğrudur bu xəbər sonradan təkzib edildi. Amma hər halda, boru kəmərləri ilə bağlı bu tipli təhlükələrin sovuşduğunu söyləmək olmaz. Siz necə düşünürsünüz? - Kommunikasiyaların, boru kəmərlərinin partladılması ilə bağlı çox müxtəlif üsullar var. Düşünürəm ki, doğrudan da Bakı-Ceyhana qarşı hər hansı bir təxribat nəzərdə tutulursa, daha incə üsullara baş vurula bilər. Minalanma demonstrativ, nümayişkəranə bir hərəkətdir və bunun siyasi mesaj əhəmiyyəti daha böyükdür, nəinki birbaşa təxribat məqsədilə edilməsi. Bu gün Bakı-Ceyhana qarşı çox incə metodlardan istifadə edilməklə təxribatların baş verməsi tamamilə mümkündür. Onu da deyim ki, Bakı-Ceyhana qarşı əvvəllər müəyyən təxribatlar olub, sadəcə olaraq informasiyalar gizlədilib, ictimaiyyətdən gizli saxlanılıb. - Regionda gərginlik səngiməyəcəyi təqdirdə bu Azərbaycan iqtisadiyyatına öldürücü zərbə vura bilərmi? - Bu konflikt geopolitik, geostrateji, ekonomik bir konfliktdir. Təbii ki, bunun alt nəticələri də olacaq. Həm siyasi, həm də iqtisadi baxımdan. Konfliktin Azərbaycan büdcəsinə də böyük təsiri olacaq. Təəssüf ki, Azərbaycan hakimiyyəti istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə səslənən narahatlıq doğuran fikirləri qulaqardına vurur. Azərbaycan iqtisadiyyatının neftdən, enerji daşıyıcılarından böyük asılılığına, qeyri-neft sektorunun inkişafına diqqət yetirmir. Regionda baş verənlər onu göstərdi ki, hakimiyyətin gözləmədiyi anda elə hadisələr baş verə bilər ki, büdcəyə gələn gəlirlər birdən-birə dayana, bu isə öz növbəsində iqtisadiyyat, büdcə üçün böyük problemlər yarada bilər. Belə olduğu halda isə əsas ağırlığı cəmiyyət, əhali çəkəcək. Bu baxımdan konfliktin qısa zamanda başa çatması arzuolunandır. Amma mən istəyərdim ki, Azərbaycan hökuməti bu konfliktdən həm siyasi, həm iqtisadi, həm də hərbi nəticələr çıxarsın. Ağa Cəfərli
azadliq

Hiç yorum yok: