azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

25 Temmuz 2008 Cuma

Tamahkarlıq və cəhalətin zəiflətdiyi Türkiyə

Tamahkarlıq və cəhalətin zəiflətdiyi Türkiyə
O. ARAS

Abbasi xəlifələrindən Harun Ər-Rəşid Misiri fəth edəndən sonra orada özünü Tanrı adlandıran fironları aşağılamaq üçün ən axmaq kölələrindən olan Hüseybi Misirə vali təyin edir. Hüseyb vali seçildikdən sonra Misirə yağan hədsiz yağışlar Nil sahilindəki pambıq tarlalarını viran qoyur. Düşdükləri vəziyyəti valiyə danışan əkinçiləri dinləyən Hüseyb belə deyir: "Kaş ki, pambıq yerinə yun əkəydiniz!"

Aradan yüz illər keçsə də, təəssüflər olsun ki, Hüseyblər hələ də var. Müsəlman ölkələrinin vəziyyətini seyr etdikcə hər dəfə ağlıma Misir valisi Hüseyb gəlir. Türkiyəyə nəzər salın! Orada baş verən hadisələr, müzakirələr, mübahisələr Hüseyb kimilərin hələ də yaşamasının bariz nümunəsi deyilmi? Dünyanın ən böyük imperatorluqlarından biri olan Osmanlı dövlətini də hüseybkimilər dağıtmadılarmı?

Üçüncü Napoleon Osmanlı dövlətinin Parisdəki səfiri Fuad Paşaya, nəzərində Osmanlı dövlətini tutaraq, "Bu xəstə dövlət hələ də dağılmayıb?" deyə soruşur. Fuad Paşa isə gülərək sualı belə cavablandırır: "Bu dövlət o qədər böyükdür ki, daxildən biz, kənardan isə siz bu dövləti məğlub etməyə cəhd göstərsək də, yenə bacarmırıq!"

Fuad Paşanın dediklərinə baxmayaraq, o böyük dövlət dövrün Hüseyb kimi səfehlərinin üzündən dağılıb getdi.

Türkiyə qurulandan bəri rejim müzakirələri davam edir. Siyasətçilər, bürokratlar, Türkiyədə söz sahibi olan insanlar bu müzakirələrdən bezmək bilmirlər. Sanki bütün hədəfləri, məqsəd və məramları, vəzifələri milləti bir-birinə düşmən etmək və problem yaratmaqdır. Gah dindar olurlar, gah da dinlərini unudurlar! Adam olmağı, ortaq məxrəcə gəlməyi heç ağıllarına gətirmirlər! Geniş Anadolu torpaqlarını inkişaf etdirib insanları necə zənginləşdirmək və firavanlığa çıxarmaq barədə düşünmürlər! Yeganə məqsədləri var, o da mübahisə və döyüşdür! Bir zamanlar insanları sağçı və solçulara böldülər. Minlərcə gənc insan həlak oldu. Bu bitdikdən sonra sünni davası meydana çıxdı. Daha sonra kürd-türk, indi də layiq-antilayiq... Hamı bir-birinə düşməndir. Təhsil, iqtisadiyyat və ətrafdakı düşmən dövlətlərin Türkiyə haqqındakı təhlükəli planları heç kimi maraqlandırmır. Hər il milyonlarca uşaq məktəbə yollanır, universitetləri bitirib yeni iş həyatına qədəm qoyur. Onların gələcəyi isə heç kimin vecinə deyil! Türkiyə getdikcə quruyur, torpaqları məhv olur, amma bunları düşünən yoxdur! Öndə olan yalnız iqtidar və düşmənçilikdir...

Bu hirs, bu axmaqlıq, bu inad, bu cəhalət qocaman bir ölkəni məhvə doğru sürükləyir.

Rəhbərliyin hirs və inadkarlığı ağlını üstələyib. Müxalifətinsə dar düşüncəsi və iqtidar olmaq həvəsi gözlərini bağlayıb.

Yusif Has Hacibin yazdığı "Kutadqu bilik" kitabında bu vəziyyəti isbat edən çox gözəl bir misal var. Hökmdar bir gün Öydülmüşü hüzuruna çağırıb ondan ölkənin vəziyyətini xəbər alır. Öydülmüş belə cavab verir: "Ey hökmdar, üç şey zülmə səbəb olur. Birincisi, bəyin ehtiyatsızlığıdır. İkincisi, xalqın başında duran idarəçilərin zəifliyi və cəhalətidir ki, bu da zülmkarların və zalımların ortaya çıxmasına səbəb olur. Üçüncüsü isə bəyin tamahkarlığıdır.

Təəssüflər olsun ki, yüz illər öncə Balasaqunlu Yusif Has Hacibin dediklərinin üçü də indi Türkiyədə özünü göstərməkdədir.
Orxan ARAS Almaniyadan yazır oraras@aol.com www.orhanaras.com
525

Hiç yorum yok: