azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

21 Temmuz 2008 Pazartesi

Mühacirətdə Güney davası


Zahir Əzəmət
zahirazamat@gmail.com

Mühacirətdə Güney davası


Və ya Didişmələr Teatrı

Bu yaxınlarda rəhbəri olduğum "Kultaz.com" - Mədəniyyət Portalında "Güney Azərbaycan Ədəbiyyatı" həftəsi keçirdik. Virtual festival xarakteri daşıyan layihə çərçivəsində bir çox güneyli yazarları oxuculara təqdim elədik. O taylı-bu taylı oxucu və yazarların iştirakı ilə maraqlı müzakirələr getdi. Amma az keçmədi ki, bu müzakirələr ədəbiyyat, mədəniyyət sərhədlərini aşdı, böyük mənada Güney Azərbaycan müzakirələrinə çevrildi. Bu da təbiidir və belə də olmalıydı. Müzakirələrin bir yerində güneyli soydaşlarımızdan biri maraqlı bir irad bildirdi: "Son vaxtlar Ankara və Bakıda bizə Güney məsələsində dərs vermək istəyənlərin sayı nədənsə, çoxalıb".

Mövzuya bu nöqtədən başlamağım boşuna deyil. Birincisi, Güney Azərbaycan məsələsi yalnız o tayın yox, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının problemidir. İkincisi, bütün türk dünyasına toxunan məsələdir. Ən nəhayət, Güney Azərbaycanda 30 milyonluq bir toplumun adi insani haqqlarından belə, məhrum olması bütün demokratik dünyanın, bütün insanlığın çiynində ağır bir yükdür.
Bu günkü qlobal dünyada insan haqqları, demokratiya və azadlıq mübarizəsi kimi anlayışların çoxdan bir şəxsin, bir qrupun, bir millətin daxili işi olmaqdan çıxdığını da xatırlatmağım, məncə yerinə düşər.
Amma bu konuda bir çox böyük dövlətlərin, beynəlxalq güclərin də kəsişən və kəsişməyən maraqları var. Bu maraqlar isə çox zaman bizim Güney Azərbaycanla bağlı istəklərimizlə üst-üstə düşmür. Bu mənada əlbəttə, güneyli soydaşımızın yuxarıda verdiyimiz iradını, narahatçılığını anlamaq çətin deyil. Lakin bu kimi narahatçılıqlar bizi müzakirələrdən, tənqidlərdən hürkütməməli, fərli fikirləri dinləməkdən uzaq tutmamalıdır. Bu mənada Güntay Gəncalpın "Alma"nın ötən sayında dərc olunan məqaləsində səslənən fikirlərə qatılıram. Dostumuz yazırdı: ""Güney Azərbaycan" söz birləşməsi artıq qəbul edilmiş bir anlayışdır. Bu anlayışın tarixi, coğrafi, siyasi boyutları var. Bu anlayış ətrafında bir xeyli müzakirələr aparılıb. Bu müzakirələr dialektik baxımdan istər-istəməz əqli imkanları da genişlədib. Əslində isə hədəfə çatana qədər bu doğrultuda tarixi, coğrafi, ədəbi, sosioloji, fəlsəfi və siyasi qavramlar o qədər zənginləşməlidir ki, onun təsirindən kənarda qalmaq mümkün olmasın."

* * *
Bu gün Güney Azərbaycan məsələsi ilə bağlı çoxsaylı qurumlar var. DAK-1, DAK-2... DAK-7, DAK-9,... DDAK, GAMOH, GunAzTv, BAB, Milli Partiya, Güney Azərbaycan Milli İstiqlal Partiyası, Güney Azərbaycan Öyrənci Hərəkatı, çoxsaylı dərnəklər, sayt və bloqlar... Hər birisinin hədəfləri demək olar ki, eynidir: Güney Azərbaycanın azadlığı. Bəs elə isə bütün bu təşkilatlar niyə bir dam altında birləşə bilmir kimi çeynənmiş bir sual yenidən ortaya çıxa bilər. Bu suala qısa cavab verim. Çünki azərbaycanlı olaraq, biz hələ də komanda oyunu oynamağa hazır deyilik. İstər Quzey, istər Güney olsun- hər iki tayda mənzərə eynidir. Getdikcə Güney Azərbaycanın azadlığı uğrunda xidmət etdiklərini deyən bu qurumlar da Quzeydə sayı 100-ü keçmiş partiyalara oxşamağa başlayır.
Burada partiyalar, qurumlar bir-birlərini hakimiyyətə, orada isə ETTELAAT-a işləməkdə ittiham edirlər. Quzeydə artıq hamıda bir yəqinlik var: bütün partiyalar hakimiyyətə işləyir- qurduqları bu Didişmələr Teatrı isə yalnız narazı insanların başını qatmağa, onların aqressiyasını boşaltmağa hesablanıb.
Umarım Güneylə bağlı eyni mənzərənin şahidi olmayacağıq.
Çöhrəqanlı, Əhməd Obalı, Sabir Rüstəmxanlı, Qulamrza Təbrizi, Cavad Derəxti və s. Bu insanlar həm Güneylə bağlı işləriylə, həm də bir-birlərinə olmazın ittihamlarıyla məşhurdurlar. Bizlərə bütün bunları məyusluqla izləmək qalır. İndi də aylardır bir bayraq dartışması atılıb ortaya: Mili Hərəkatın bayrağı hansı olsun- ADR-dən miras qalan və Azərbaycan Respublikasının hazırkı bayrağı, yoxsa GAMOH-un təklif etdiyi, eyni üç rəngin və ay-ulduzun kombinasiyasından ibarət, amma görünüşcə azacıq fərqli bayraq?
Bayraq məsələsi ətrafında dartışmalar artıq çoxdan təşkilat, liderlər arasında qarşıdurmaya yüksəlib. Yenə olmazın ittihamlar.
Məsələnin bu yerində, bir məqamı mütləq qeyd eləmək lazımdır. "Alma"nın ötən saylarının birində elə bu didişmələrin davamı olaraq səslənən bir ittiham jurnalistin və hamımızın məsuliyyətsizliyi üzündən səhifəyə getmiş və qanqaraçılığa səbəb olmuşdu. Söhbət GünAzTV-nin rəhbəri Əhməd Obalının ETTELAAT-a işləməsiylə bağlı səslənən ittihamdan gedir. Əlbəttə, bu hədsiz qeyri-ciddi bir ittihamdır. Hər şey bir tərəfə, adama deyərlər, qardaş, sən ETTELAAT-ın sədrisən, məmurusan, nəyisən ki, onun siyahısında olanlardan xəbərin var? Belə qeyri-ciddi ittihamın bir yanlışlıq və diqqətsizlik üzündən "Alma"nın səhifəsində səslənməsinə görə telefon söhbətimizdə şəxsən Əhməd bəydən üzr istədim, indi də bunu qəzet səhifəsindən təkrarlayıram. Çünki qəzetin rəhbərlərindən biri kimi, buna görə məsuliyyət daşıdığımı bilir və təəssüf hissi keçirirəm. Amma ən maraqlı hadisələr də bundan sonra baş verdi: özlərini təcrübəli liderlər adlandıran və böyük sayğı bəslədiyimiz bəzi şəxslər ortalığı elə qarışdırdılar ki, bizə yalnız təəssüf hissi keçirmək qaldı. Bir az da onların bu qədər zəif olmalarına üzüldüm.
Bununla belə, özümü bir neçə sualı verməkdən saxlaya bilmirəm:
1. Güney Azərbaycan Milli Hərəkatına daha çox nə zərbə vura bilər- bir jurnalistin kiçik yanlışlığı, yoxsa liderlərin bir-birinə söylədikləri küçə söyüşləri?
2. Sırasında olduğu bütün təşkilatların ikiyə bölünməsi ssenarilərində həmişə adı başda gələn şəxslərmi təhlükəlidir, yoxsa biz?
3. Avropada, ABŞ-da isti mənzillərdə oturub "milli hərəkatın lideriyəm" deyərkən, heç olmasa, illərdir zindanlarda çürüyən Abbas Lisanidən utanırlarmı?
Tamam, üzr istəyirəm, elə hesab edin ki, bu sualları vermədim, üstündən sükutla adlayaq və mövzumuza davam edək.
* * *
Güntay Gəncalp son yazısında çox doğru şəkildə bizi rusa, farsa əsrlər boyu qul olmağa məhkum edən bəzi dəyərlərimizdən də imtina etməyin vaxtı gəldiyini yazır.
Bu fikrin davamı kimi, mən də bəzi fikirlərimi bölüşmək istəyirəm:
- Gəlin azərbaycanlı yox, AZƏRBAYCANLI olaq;
- şəxslərə yox, ideyalara sadiq qalaq;
- Quzey Azərbaycanın tayfa-klan xəstəliyini Güneyin azadlığı uğrunda mübarizəyə daşımayaq;
- televiziya ekranlarına çıxıb, Güneydə mübarizə aparan şəxslərin ünvanlarını dəqiqliklə səsləndirib, ETTELAAT-a nişan verməyək;
- bir-birimizlə deyil, fars şovinizmiylə mübarizə aparaq;
- arvad kimi saçyolduya çıxmayaq, bir-birimizə qurşaqdan aşağı zərbələr vurmayaq, qeybətlərə uymayaq, bir-birimizə badalaq vurmaq əvəzinə dəstək olaq;
- Avropada, Amerikada oturub, amma bütün şərqlilərin xəstəliyi- şəxsiyyətə pərəstişə yoluxmayaq;
- ən nəhayət, adam olaq, kişi olaq.

* * *
"Alma" qəzetinin nə Çöhrəqanlı, nə Əhməd Obalı, nə də o biriləriylə bölmək istədiyi və ya bölə bilmədiyi heç nə yoxdur. "Güney Azərbaycan" adına iş görən hər kəsə böyük sayğılarımız var. Amma hər ikisinin unutmamaları gərəkən bir həqiqət də var: əgər onlar və bu cərgədə olan başqaları bir-birilərinə sayğı bəsləmirlərsə, bizdən də sayğı ummasınlar!
Sonda bayraq konusunda da 1-2 kəlmə deyib, yazını və mövzunu qapayım: hansı bayrağı qaldırırsınızsa, qaldırın, təki bu, ağ bayraq olmasın! Bir də məsələ bayrağın görünüşündə yox, ona yüklədiyin anlamdadır. Yetər ki, uğrunda meydana, mübarizəyə atılasan, qurban gedəsən! Mühacirətə yox...

http://almaqezeti.com/?mod=view&id=3241

Hiç yorum yok: