azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

22 Temmuz 2008 Salı

İRANIN DOSTLUQ NƏĞMƏLƏRİNƏ ARXAYIN OLMAQ OLMAZ_MÜSAHİBƏ

“İRANIN DOSTLUQ NƏĞMƏLƏRİNƏ ARXAYIN OLMAQ OLMAZ”

Vəfa Quluzadə: “Hazırda hər tərəfdə müharibə hazırlıqları gedir”

Xəzər İbrahim: “Biz İrana qarşı hərbi əməliyyatların başlamasının tərəfdarı deyilik”



İran ətrafında cərəyan edən hadisələr özünün pik nöqtəsinə çatıb. Ötən həftə İranla ABŞ arasında Cenevrədə keçirilən ilk birbaşa dialoqdan sonra yenidən Tehrana qarşı sərt münasibətin sərgilənməsi vəziyyətin gərginləşdiyinə sübutdur. Xüsusilə də danışıqların ardınca Avropa Birliyinin xarici siyasət məsələləri üzrə başçısı Havyer Solananın “İranın düşünmək üçün iki həftə vaxtı var” deməsi Cenevrə danışıqlarının uğursuz sonuclanmasının əlaməti kimi dəyərləndirilə bilər.
Əslində əvvəlcədən də Tehran tərəfindən sərt mövqe nümayiş etdirilməsi danışıqlarda nüvə proqramından imtina barədə razılığın əldə olunmayacağını deməyə əsas verirdi. İran rəhbərliyinin son vaxtlar ABŞ-a hətta Tehranda səfirlik açmaq təklifini verməsi münasibətlərdə yumşalmanın olması qənaətini doğursa da, Əhmədinejadın İsraili yer üzündən siləcəyi barədə növbəti hədələri proseslərin hərbi müstəviyə doğru cərəyan etdiyinə işarə idi.
Bəs cənab Solananın dediyi iki həftə başa çatandan sonra İranı nə gözləyir?
Politoloq Vəfa Quluzadə hesab edir ki, bu iki həftə başa çatandan sonra hərbi əməliyyatların başlayacağını söyləmək olmaz: “Vaxtın tamamında İran yeni bir təşəbbüslə çıxış edəcək. Düzdür, bu təşəbbüs məsələnin məğzini dəyişməyəcək. Çünki İran öz fikrindən geri çəkilməyəcəyini və Qərbin diqtəsi qarşısında təslim olmayacağını bəyan edib. Sadəcə, vaxtın uzadılması Tehrana xeyir gətirir. İndi bu təşəbbüsün nə olacağını demək çətindir. Bəlkə İran ABŞ-la başlayan birbaşa danışıqların başa çatmasını gözləməyi təklif edəcək”.
Politoloq geri çəkilmək fikrində olmayan İranın cəsarətinin səbəbini də izah etdi: “Tehran əmindir ki, Amerika ona hücum edə bilməz. Düzdür, Amerika İsrailin vasitəsilə öz hərbi basqılarını davam etdirəcək. Hətta İsrail qəfil zərbələr də endirə bilər”.
Ekspertə görə, indiki məqamda bütün qarşı duran tərəflərdə müharibə hazırlıqları gedir: “Bunu İran da bilir, Amerika da, İsrail də. Çünki mövqelərdə heç bir dəyişiklik yoxdur. Ancaq hələ heç kim bilmir ki, müharibə nə vaxt olacaq”.
V.Quluzadənin sözlərinə görə, vəziyyətin dəyişməsindən ötrü tərəflər arasında qarşılıqlı etimad mühitinin yaranması zəruridir: “Ən azı gərək İran Amerika və Avropaya nüvə proqramından daşınacağı barədə təminat versin. Nüvə proqramını inkişaf etdirən ölkə istənilən vaxt nüvə silahını ortalığa qoya bilər”.
Politoloq İranın özünə arxayın olduğunu qeyd etdi: “İran güclü dövlətdir. Amerika hərbi əməliyyatlara başlasa, Tehran dərhal Hörmüz boğazını bağlayacaq və ardınca raketləri çatan məsafələrə zərbələr endirəcək. Sözsüz ki, birinci zərbəsini İsrailə tuşlayacaq. Bütün bu məsələlər Qərbin qərargahlarını ciddi düşündürür və İranın hava zərbələrinin qarşısını almağın yolları aranır”.
V.Quluzadə şübhə etmir ki, İranın hədəfinə məruz qalacaq ölkələr arasında Azərbaycan da olacaq. İranın Bakıdakı səfirliyinin əməkdaşının “Azərbaycan İrana dost ölkədir və başqa fikirləri dilə gətirənlər bu dostluğu pozmaq istəyir” deməsinə gəlincə isə politoloq bu arqumenti ciddi saymadığını vurğuladı: “Azərbaycanda Amerika obyektləri var və təbii ki, hərbi əməliyyatların gedişində Azərbaycan da qapaz alacaq. ABŞ səfiri İran raketlərinin Azərbaycana təhlükə vəd etdiyini deyəndə də bunu nəzərdə tuturdu. Dostluğa gəldikdə isə vaxtilə Hitler də Stalinlə dostluq haqqında nəğmələr oxuyurdu. Hələ bu nəğmələr bir qırağa qalsın, onlar dostluq paktı bağlamışdılar. Üstəlik, müttəfiq ölkə kimi birgə Polşaya hücum edib bu ölkəni bölüşdürmüşdülər. Axırda bir-biri ilə müharibə eləməli oldular. Bu mənada İranın dostluq nəğmələrinə arxayın olmaq olmaz. Əgər Azərbaycanda Amerikanın İranı narahat edən bir obyekti olsa, sözsüz ki, bura da zərbələr endirəcək. Eyni zamanda Bakı-Ceyhan kəməri, neft buruqları, terminallar hədəfə məruz qala və nəticədə Azərbaycan oda bürünə bilər”.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bildirdi ki, Azərbaycan regionda hansısa bir problemin olmasının əleyhinədir və bu mənada İrana qarşı hərbi əməliyyatların başlamasının tərəfdarı deyil: “Region artıq münaqişələrdən doyub. Biz münaqişələrin sülh və diplomatik yolla həllinə tərəfdarıq”.
Rəsmi Bakının qarşısında beynəlxalq birlik tərəfindən İrana qarşı sanksiyalarda iştirak etmək və ya gələcəkdə hərbi əməliyyatlara dəstək verməklə bağlı tələblər qoyulubmu? X.İbrahim: “Hazırda heç bir sanksiya yoxdur. Digər tərəfdən, nə sanksiya, nə də şirnikləndirmə ilə bağlı hər hansı təklif olmayıb. Gələcəkdə hansı konkret inkişaf olarsa, ona müvafiq reaksiya verə bilərik”.
Cavid TURAN

musavat

Hiç yorum yok: