azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

26 Temmuz 2008 Cumartesi

ANKARA İRƏVANLA TƏMASLARA BAKININ GÖZÜ İLƏ BAXIR

ANKARA İRƏVANLA TƏMASLARA BAKININ GÖZÜ İLƏ BAXIR
Türkiyə ilə sərhədlər yalnız Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacağı təqdirdə açıla bilər



Türkiyə son vaxtlar bir-birinin ardınca Ermənistana yönələn barışıq mesajları versə də, Azərbaycanın maraqlarını arxa plana keçirməyib. Ən azı rəsmi mövqelərdə belədir. Türkiyə prezidenti Abdullah Gül bəyan edib ki, onun ölkəsi Ermənistanla normal münasibətlər yaratmağa hazırdır, lakin bunun üçün Ermənistan Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanımalıdır.
A.Gül bu bəyanatla iyulun 23-də Qars bölgəsinə səfəri zamanı Ermənistanla sərhəddəki qədim erməni şəhəri Aniyə baş çəkərkən çıxış edib. Onun sözlərinə görə, Türkiyə bütün qonşuları ilə sülh və sabitlik şəraitində yaşamaq istəyir. Ermənistan isə regional layihələrdən kənarda qalmaq istəmirsə, o zaman öz qonşularının ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır.
Qeyd edək ki, Qars bölgəsinə səfər zamanı A.Gülü erməni jurnalisti də müşayiət edib. Erməni jurnalisti ondan prezident Serj Sərkisyandan aldığı dəvəti qəbul edib-etməyəcəyi haqda soruşub. A.Gül isə bu dəvəti dəyərləndirdiklərini deyib və əlavə edib ki, onun ölkəsinin siyasəti açıqdır və bu siyasət bütün qonşularla normal münasibətlər yaratmaq üzərində qurulub.
“Todays Zaman” qəzetinin yazdığına görə, A.Gülün Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa çağırması bir daha təsdiq edir ki, rəsmi Ankara Dağlıq Qarabağın işğalına son verilmədən İrəvanla münasibətlərə dair siyasətində yaxın gələcəkdə heç bir dəyişiklik etməyəcək. Baxmayaraq ki, Ankara son vaxtlar İrəvana bir-birinin ardınca isti mesajlar göndərir, iki ölkənin diplomatları isə qarşılıqlı münasibətləri normallaşdırmağın yollarını axtarmaq üçün İsveçrədə danışıqlar aparıblar. Qəzet qeyd edir ki, Ankaranın rəsmi mövqeyinə görə, münasibətlərin normallaşması Ermənistanın Türkiyənin sərhədlərini rəsmən tanımasından və “erməni soyqırımı” iddialarının beynəlxalq miqyasda tanınması siyasətini dəyişdirməsindən, həmçinin Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsindən asılıdır.
Bildirilir ki, A.Gülün Ermənistanla sərhəddəki qədim erməni şəhərinin xarabalıqlarına baş çəkməsi Ermənistanla barışıq üçün verilmiş növbəti mesajdır. Ermənistan bu şəhərdəki qədim erməni kilsəsinin bərpa olunmasını xahiş edir. Türkiyə hökuməti artıq kilsənin bərpası ilə bağlı işlərə başlayıb.
Belə görünür ki, Ankara İrəvanla münasibətləri düzəltmək üçün bütün mümkün vasitələrdən istifadə etməyə çalışır, lakin bu siyasətin Azərbaycanla nə dərəcədə uzlaşdırıldığı qaranlıqdır. Xəbər verildiyi kimi, Türkiyə və Ermənistan diplomatları arasında Cenevrədə iki raundda aparılan gizli danışıqlara dair bəzi təfərrüatlar üzə çıxıb. Məlum olub ki, Türkiyə tərəfdən xarici işlər nazirinin Orta Asiya və Qafqaz işləri üzrə müşavir yardımçısı, bu ölkənin Bakıdakı keçmiş səfiri Ünal Çeviközün də qatıldığı danışıqlar zamanı qarşılıqlı münasibətlərdəki problemləri nizamlamağın yollarına və mexanizminə dair ümumi razılaşma əldə olunub. Qərara alınıb ki, ikitərəfli münasibətlərdəki problemlərin hər birini ayrıca müzakirə etmək üçün xüsusi komissiyalar formalaşdırılsın. Belə komissiyalardan biri də Azərbaycanla münasibətləri və Qarabağ münaqişəsini araşdırmalıdır.
Göründüyü kimi, Türkiyə Ermənistanla təmaslarda Azərbaycan məsələsini bir kənara atmayıb. Bunun özü müsbət hadisə hesab edilə bilər. Ermənistan Qarabağ məsələsini Türkiyə ilə müzakirə etməyə indiyədək heç vaxt razılaşmırdı. Lakin indi Türkiyə ilə münasibətləri düzəltməyə çalışan Ermənistan hakimiyyəti anlayır ki, bu məsələni Ankara ilə müzakirə etmək qaçılmazdır.
Türkiyənin xarici işlər naziri Əli Babacan isə “Anadolu” agentliyinə açıqlamasında bildirib ki, Ermənistanla qurulan təmaslar bu ölkə ilə normal münasibətlər yaratmaq məqsədi daşıyır. Ə.Babacan Türkiyə rəhbərliyinin Serj Sərkisyan prezident seçiləndən sonra ona məktub göndərərək iki ölkə arasında dialoqa hazır olduğunu bəyan etdiyini xatırladıb. Onun sözlərinə görə, münasibətləri dialoq yolu ilə normallaşdırmaq mümkündür. Ə.Babacan Ermənistan-Azərbaycan münaqişəsinə toxunmasa da bildirib ki, 1915-ci il hadisələrinə dair ortaq komissiyanın qurulması çox mühümdür.
Xəbər verildiyi kimi, bir gün əvvəl Qarsda Azərbaycan və Türkiyə prezidentləri Bakı-Axalkalaki-Qars dəmir yolu xəttinin Türkiyə hissəsinin təməlqoyma mərasimi zamanı görüşüblər. Bu görüşdə çox böyük ehtimalla Ermənistanla Türkiyə arasında son təmaslar və qarşılıqlı barışıq mesajları, habelə Azərbaycanın bu məsələyə münasibəti də müzakirə edilib. Şübhə yoxdur ki, Türkiyə tərəfi Ermənistanla təmaslar haqda Azərbaycan rəhbərliyini məlumatlandırıb.
Xəbər xidməti

musavat

Hiç yorum yok: