azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

25 Temmuz 2008 Cuma

ERMƏNİSTAN-TÜRKİYƏ DANIŞIQLARININ DETALLARI ÜZƏ ÇIXDI

ERMƏNİSTAN-TÜRKİYƏ DANIŞIQLARININ DETALLARI ÜZƏ ÇIXDI
Ankara Qarabağ məsələsi ilə bağlı İrəvanla ortaq komissiya yaradır
Türkiyə tərəfdən danışıqlara keçmiş səfir Ünal Çeviköz başçılıq edib



Xəbər verildiyi kimi, bugünlərdə Türkiyə ilə Ermənistan arasında İsveçrədə gizli danışıqların aparıldığı üzə çıxmışdı. Əvvəlcə “Hürriyət” qəzetinin yaydığı bu xəbəri Türkiyənin xarici işlər naziri Əli Babacan və prezident Abdullah Gül təsdiqlədi. Lakin Babacan bu danışıqların detalları haqda açıqlama verməyərək yalnız onu bildirmişdi ki, Ermənistanla belə təmaslar əvvəllər də olub. Bu təmaslar zamanı ikitərəfli münasibətlərə dair problemlər müzakirə edilib. Nəhayət dünən Azərbaycanda narahatlıqla qarşılanan gizli danışıqların bəzi detalları məlum olub.
Türkiyənin xarici siyasət idarəsinə yaxınlığı ilə tanınan “Turkish daily news” qəzetinin əldə etdiyi məlumatlara görə, İsveçrənin Bern şəhərində keçirilən danışıqlara Türkiyə tərəfdən xarici işlər nazirinin müşaviri Ertoğrul Apakanla nazirin Orta Asiya və Qafqaz üzrə müşavir yardımçısı, bu ölkənin Bakıdakı keçmiş səfiri Ünal Çeviköz başçılıq edib. Danışıqlar iki mərhələdə olub. Apakan və Çeviközün iştirakı ilə danışıqların birinci raundu bu ilin mayında, ikinci raundu isə iyulun əvvəllərində keçirilib. Hər iki halda danışıqlar bir neçə gün davam edib. Qəzetin yazdığına görə, danışıqların ikinci raundunda tərəflər Ermənistanla Türkiyə arasındakı problemlərin həlli strategiyası və mexanizmlərinə dair razılığa gəliblər.
Məlum olub ki, danışıqların gündəmində əvvəl təklif olunduğu kimi “soyqırım” iddialarını araşdırmaq üçün bir ortaq komissiya yaradılmasının əvəzinə bir neçə komissiya yaratmaq məsələsi dayanır. Belə ki, tərəflər iki ölkə sərhədlərinin açılması ilə bağlı ayrıca komissiya yaratmağı qərara alıblar. Digər komissiya isə “erməni soyqırımı” məsələsini araşdırmalıdır. Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanla münasibətləri isə ayrıca komissiya araşdıracaq. Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin yaradılmasına gəldikdə isə tərəflər bu mövqeyə gəliblər ki, həmin məsələ ayrıca müzakirə olunsun və müzakirələr üçün bir sıra ortaq komissiyalar yaradılsın.
Bildirilir ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Türkiyənin “soyqırım” iddialarını araşdırmaq üçün tarixçilərdən ibarət ortaq komissiya qurulması haqda təklifini rədd etmişdi. Köçəryan hesab edirdi ki, belə komissiya ancaq rəsmi qurumlar arasında qurula bilər. Lakin diplomatik mənbələrdən məlum olub ki, tərəflər bu dəfə hər iki tərəf üçün məqbul məsləhətləşmə mexanizmi formalaşdırmaq üçün səy göstərirlər. Məlumata görə, Apakan və Çeviközün başçılığı ilə aparılan danışıqlarda Ermənistanla Türkiyə arasında sərhədlərin açılmasının ilkin əhəmiyyəti vurğulanıb. Çoxdandır ki, ABŞ və Avropa Birliyi Türkiyəni Ermənistanla sərhədlərini açmağa çağırır və hesab edir ki, sərhədlərin açılması ermənilərin “soyqırım” barədə siyasətlərinin beynəlxalq arenada zəiflədilməsinin ən yaxşı yoludur. Qəzet onu da yazıb ki, Türkiyə Bern danışıqlarının detallarının üzə çıxmasını istəmir, çünki hesab edir ki, bu detallar Azərbaycanı qəzəbləndirə bilər.
Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında son günlər qarşılıqlı isti mesajlar verilməkdədir. Əvvəlcə Ermənistan prezidenti Serj Sərkisyan türkiyəli həmkarı Abdullah Gülü İrəvana dəvət etdi, ardınca ABŞ-ın “The Wall Street Cournal” qəzetində məqalə ilə çıxış edərək Türkiyə ilə normal münasibətlərin qurulmasına tərəfdar olduğunu yazdı. Türkiyə prezidenti və baş naziri Sərkisyanı prezident seçilərkən ilk tərbik edənlərdən olublar. Göründüyü kimi Bern danışıqları da məhz Sərkisyanın prezident səlahiyyətlərinin icrasına başlamasından az sonraya təsadüf edir. Bu qarşılıqlı isti mesaclar və Türkiyənin Ermənistanla münasibətlər qurmaq yönündə səyləri Azərbaycan ictimaiyyətində haqlı olaraq narahatlıqlar yaradıb. Çünki indiyədək Türkiyə Ermənistanla sərhədlərini bağlı saxlamaqla Azərbaycana Qarabağ məsələsində dəstək vermiş olurdu. Lakin Türkiyə-Ermənistan təmaslarının Azərbaycan üçün müsbət təsirləri də ola bilər. İlk dəfə “Yeni Müsavat” yazmışdı ki, Türkiyə Ermənistanla təmaslara başlamaqla həm də Qarabağ məsələsinin həlli üçün ilk dəfə birbaşa vasitəçilik imkanı əldə edir. Çünki Türkiyənin Ermənistanla sərhədlərini açması üçün irəli sürdüyü şərtlərdən biri də məhz Qarabağın işğaldan azad edilməsidir. Bern danışıqlarının detallarından bəlli olur ki, həqiqətən Qarabağ məsələsi Ermənistan-Türkiyə danışıqlarında əsas mövzulardan biri olub, hətta tərəflər bu məsələ ilə bağlı ortaq komissiya formalaşdırmaq haqda razılığa gəliblər.
O da şübhə doğurmur ki, Türkiyənin Ermənistanla təmaslarından Azərbaycan rəhbərliyinin də xəbəri var. Elə bu gün Bakı- Tiflis-Qars dəmir yol xəttinin Türkiyə hissəsinin təməlqoyma mərasimi olacaq və mərasimdə prezident Abdullah Güllə Azərbaycan dövlət başçısı İlham Əliyev bir araya gələcəklər. Şübhəsiz ki, bu təmas zamanı Türkiyə-Ermənistan müzakirələri də diqqət mərkəzində olacaq. Mərasimə qatılmaq üçün Abdullah Gül dünən Qars bölgəsinə yola düşüb. Onun Ermənistanla sərhəddəki qədim erməni şəhəri Aninin xarabalıqlarına baş çəkəcəyi bildirilirdi. Türkiyə mətbuatı Gülün Aniyə baş çəkməsini Ermənistana göndərilən növbəti barışıq mesajı kimi qiymətləndirib.
F.Məmmədov

musavat

Hiç yorum yok: