azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

23 Temmuz 2008 Çarşamba

23 iyul - Ağdamın işğalından 15 il keçdi...

"OPORA KARABAXA"
23 iyul - Ağdamın işğalından 15 il keçdi...

1993-cü ilin əvvəlinədək Dağlıq Qarabağın bütün ərazisi, üstəlik Şuşa, Laçın və Kəlbəcər rayonlarının erməni-rus hərbi birləşmələri tərəfindən işğal olunmasından sonra elan edilmiş atəşkəs müvəqqəti xarakter daşıyırdı. Müvəqqəti də olsa yaranmış atəşkəsdən istifadə edərək təhlükə altında olan bütün rayonlarla yanaşı, Ağdamın da müdafiəsinin gücləndirilməsi üçün bir sıra tədbirlər görü-lürdü.
Lakin həmin ilin əvvəllərində yaranmış ölkədaxili siyasi gərginlik xarici müdaxilələrin hesabına daha da dərinləşirdi. Hakimiyyətdaxili qarşıdurmalar yerlərdə hərbi qüvvələr arasına da sirayət edirdi.
Surət Hüseynovun hərbi hakimiyyətdən uzaqlaşdırılması Gən-cədə mövcud hakimiyyətə qarşı çalışan qüvvələrin bir yerə toplaşmasına və hakimiyyətə qarşı hərbi çevriliş planlarının hazırlanmasına rəvac verirdi. Çox təəssüf ki, o vaxtkı hakimiyyətin səriştəsizliyi ucbatından orduda da müvafiq parçalanmalar və qarşıdurmalar başlamışdı.
Ölkədə baş verən siyasi qarşıdurmaların getdikcə gərginləşməsinə baxmayaraq, Ağdam rayonunun müdafiəsi üçün bütün tədbirlər görülürdü. Bu barədə geniş kəşfiyyat məlumatlarına malik olan düşmənlərimiz də bilirdi. Ağdamın müdafiə qabiliyyətini zəiflətmək üçün maraqlı olan Rusiyanın hərbi kəşfiyyat dairələri də fəallığını artırırdı...
1993-cü il may ayının 26-dan 27-nə keçən gecə Müdafiə Nazirliyinin baş qərargah rəisi Nurəddin Sadıqovun Ağdam rayonu ərazisində yerləşən bütün növ ağır artilleriyanın bu ərazidən çıxarılıb Gəncəyə göndərilməsi barədə verdiyi göstəriş təəccüblü olmaqla yanaşı, erməni-rus kəşfiyyatının maraqlarına uyğun idi. Bu, Ağdam rayonunun müdafiəsinin heçə endirilməsi demək idi. Rayon rəhbərliyinin və hərbi briqada komandiri Talıb Məmmədovun bunun qarşısını almaq üçün o vaxtkı Ali Baş Komandana müraciətləri nəticəsiz qaldı. Baş qərargah rəisi qərarında qətiyyətli idi. Ali Baş Komandan isə...
Baş qərargah rəisinin yazılı əmrindən sonra Ağdam rayonu ərazisində yerləşən ağır artilleriya hissələri guya hansısa hərbi əməliyyat aparılacağı bəhanəsilə Gəncəyə göndərildi və Surət Hüseynovun qiyamçı dəstələri tərəfindən girov götürüldü...
İyun ayının 4-də Gəncədə baş verən qiyam ölkədə onsuz da gərgin olan daxili gərginliyi bir az da alovlandırmağa xidmət edirdi. Tezliklə ölkəmiz üçün daha ağır faciələrin başlanılacağı göz qabağında idi...
Ölkədə isə o vaxtlar demək olar ki, artıq hakimiyyətsizlik hökm sürürdü. Qiyamçı dəstələr rayonlarda zorla hakimiyyət orqanlarını dəyişdirməklə xaos yaradırdılar. Respublikamızın yenicə bərpa etdiyi müstəqilliyi təhlükə altında idi. Özbaşınalıq baş alıb gedirdi. Nə Qarabağda gedən qanlı müharibə, nə də çoxsaylı itkilərimiz heç kimi maraqlandırmırdı. O vaxtkı deputatlarımız, nazirlərimiz və dövlət rəhbərlərimiz kreslolarını qoruyub saxlamaq üçün mövqe axtarışında başlarını itirmişdilər. Başa düşmürdülər ki, Azərbaycan olmasa kresloları olmayacaq...
Ağdam isə döyüşürdü. Və çox təəssüf ki, döyüşən vətənpərvər oğullar həm düşmənlə, həm də daxildə təxribat yaradan qüvvələrlə mübarizə aparırdı. Hətta belə vəziyyətdə də təslim olmaq, torpaqlarımızı düşmən tapdağı altında qoymaq fikrini heç kim ağlına gətirmirdi...
Ölkədəki hakimiyyətdaxili qarşıdurma çox davam edə bilməzdi. Bu, Azərbaycan adında bir dövlətin məhvinə gətirib çıxarardı. Mövcud vəziyyəti qiymətləndirməyi bacaran xalqımızın tələbi ilə Heydər Əliyevin hakimiyyətə gətirilməsi vəziyyətdən çıxış üçün yeganə imkan idi...
Ölkə rəhbəri kimi fəaliyyətə başlayan siyasi xadimin vəzifəsi təcrübəsinə əsaslanaraq ilk növbədə ölkədaxili siyasi vəziyyəti stabilləşdirmək, silahlı qarşıdurmaları aradan qaldırmaq, vəziyyətdən istifadə edərək xarici maraqlara xidmət edən separatçı qüvvələri neytrallaşdırmaq, yüz minlərlə doğma yurd-yuvasını tərk etmiş məcburi köçkünlərin minimum problemlərini həll etmək, süquta uğrayan ölkəni ayaq üstə saxlamaq üçün yıxılmağa qoymamaq idi...
Silahlı qüvvələrin demək olar ki, qiyamçıların tərəfində olması Heydər Əliyevi onların başçısı Surət Hüseynovu baş nazir vəzifəsinə gətirmək, ordunu müvəqqəti də olsa onun tabeçiliyinə vermək məcburiyyəti qarşısında qoyurdu. Çoxları indi də başa düşmürlər ki, o vaxtkı vəziyyətdə ümummilli lider bəlkə də yeganə düzgün addım atmışdı...
Artıq Ağdamda müdafiə sisteminin zəiflədiyini düşünən erməni-rus hərbi birləşmələri 10 iyun 1993-cü ildə cəbhə boyu irimiqyaslı hərbi əməliyyata başladı. Asan qələbə qazanacaqlarına ümid bəsləyən düşmən qüvvələri Şelli kəndi istiqamətində etdikləri ilk cəhddə çoxsaylı itkilər verərək geri oturduldu.
Gəncədə girov götürülən top artilleriyası divizyonunun komandiri Ramiz müəllim Surət Hüseynovun başıpozuq keşikçilərindən qaçıb gizli yolla Ağdama qayıda bilmiş və köhnə mövqelərində durmuşdu. Təbii ki, topların öz mövqelərinə qaytarılması barədə yalnız briqada komandiri məlumatlandırılmış, mövcud vəziyyət nəzərə alınaraq digər qüvvələrdən məxfi saxlanılmışdı. Bundan başqa, "Qrad" qurğularının komandirinin təşəbbüsü ilə iki qurğu da nasaz olması bəhanəsi ilə Gəncəyə göndərilməmişdi. Bundan maraqlı qüvvələrin, o cümlədən düşmənlərin xəbəri yox idi...
İlk cəhddə ağır itkilər verən erməni komandirlərinin radio-telefondakı çığırtıları aləmi götürmüşdü: "Bəs deyirdiniz Ağdam ərazisində bütün növ ağır artilleriyanın hamısı çıxarılıb? 200-dən artıq itki vermişik. Geri çəkilmək məcburiyyətindəyik".
Aldığımız məlumatlara görə, bir neçə gün ərzində Ağdamı işğal etməyi qarşısına məqsəd qoyan erməni-rus hərbçiləri elə kəskin müqavimət göstəriləcəyini gözləmirdilər. Onların hücum əməliyyatları bir aya yaxın idi ki, bizim döyüşçülərimiz tərəfindən dəf olunurdu və heç bir nəticə vermirdi. Ona görə də ermənilər yenidən rus qardaşlarının kəşfiyyat orqanlarının köməyinə ümid bəsləyirdi. Ağdamı işğal etmək üçün buradakı həm siyasi, həm də hərbi qüvvələrin dəyişdirilməsi planı həyata keçirilməli idi.
Respublika prezidentinin səlahiyyətlərini icra edən mərhum Heydər Əliyevin Ağdam rayonunda heç bir dəyişiklik edilməməsi üçün apardığı cəhdlərə baxmayaraq, ətrafına böyük hərbi potensial toplaya bilmiş Surət Hüseynovun adamları nəhayət Ağdama də gələrək 15 iyul tarixində zorla yerli hakimiyyət orqanlarını dəyişdirdilər. Bu isə cəbhədə döyüşən qüvvələr arasında ruh düşkünlüyü yaradırdı. Buna baxmayaraq, ağır itkilər bahasına olsa da qəhrəman döyüşçülərimiz həm düşmən həmlələrinin qarşısını alırdı, həm də Surət Hüseynovun emissarlarının. Bu isə təbii ki, düşmənlərimizi qane etmirdi. Nəyin bahasına olursa-olsun müqavimət göstərən döyüşçülər bu ərazilərdən çıxarılmalı idi.
Nəhayət, orduya nəzarət edən sabiq baş nazirin göstərişi ilə 708 saylı briqadanın döyüşçüləri Surət Hüseynovun tabeçiliyində olan 709 saylı briqadanın batalyonları ilə əvəz olundu. Cəbhə xəttində güclü düşmən ordusu ilə qarşı-qarşıya duran və 40 gün ərzində onlara müqavimət göstərməyi bacaran döyüşçülərimiz 20-21 iyul tarixində guya dincəlmək və yenidən bərpa olunmaq üçün döyüş mövqelərindən 30-40 km. geri çıxarıldı. Onları əvəz edən 709 saylı briqadanın "döyüşçüləri" isə cəmisi 5-6 saat davam gətirə bilməyərək onlara tapşırılmış mövqeləri qoyub qaçdılar. Döyüş mövqelərindən qaçarkən bu "igidlərin" bəziləri yerli sakinləri və boş qalan evləri soymağı da unutmadılar.
Əlisilahsız yerli əhalinin ümidinə qalan kəndlərimiz iki gün içərisində işğal olundu. 708 saylı briqadanın komandiri Talıb Məmmədovun tabeçiliyində olan batalyonları yenidən döyüş mövqelərinə qaytarmaq cəhdi isə artıq gecikmişdi...
23 iyul tarixində rusların "opora Karabaxa" adlandırdıqları Ağdam şəhəri işğal olundu...



RÜSTƏM HACIYEV
adalet

Hiç yorum yok: