azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

21 Temmuz 2008 Pazartesi

ABŞ İRANI HƏR YANDAN MÜHASİRƏYƏ ALIB_Rasim Musabəyov: “İndiki halda Tehranda Amerika səfirliyinin açılmasından söhbət gedə bilməz”

“ABŞ İRANI HƏR YANDAN MÜHASİRƏYƏ ALIB”
Rasim Musabəyov: “İndiki halda Tehranda Amerika səfirliyinin açılmasından söhbət gedə bilməz”



Dünya mətbuatında yazılanlar İran-ABŞ münasibətlərində yeni mərhələnin başlandığı barədə rəy formalaşdırır. Xüsusilə də Londonda çıxan “Guardian” qəzetinin son bir ayda Vaşinqtonun Tehranda ABŞ diplomatik nümayəndəliyini açmaq planlarını elan edəcəyini yazması iki ölkə arasındakı münasibətlərin sülh yolu ilə çözüləcəyinə inamı artırır.
Əgər bu gözləntilər özünü doğrultsa, ABŞ 30 ildən sonra İranla diplomatik əlaqələrini bərpa etmiş olacaq. Güman olunur ki, səfirlik indiyədək İranda ABŞ-ın diplomatik maraqlarını təmsil edən İsveçrə səfirliyinin nəzdində açılacaq. Ancaq növbəti mərhələdə Tehranda ABŞ səfirliyinin açılması baş tuta bilər. Məlumatlara görə, Tehranda diplomatik missiyanın açılması Buş administrasiyasının İrana dair siyasətində baş verən kardinal dəyişikliyi göstərir. Hətta ABŞ-ın müharibə planlarından birdəfəlik əl çəkdiyi və Tehranla yalnız diplomatiya dilində danışmağı qərara aldığı haqda uzağagedən nəticələr də çıxarılır.
Bugünlərdə ABŞ ilk dəfə Tehranla nüvə məsələsinə dair birbaşa danışıqlara qoşulub. ABŞ dövlət katibinin müavini Uilyam Bernsin Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Havyer Solana ilə birlikdə Cenevrədə İranın nüvə danışıqlarına rəhbərlik edən Əli Cəlili ilə görüşməsi də münasibətlərdəki gərginliyin səngidiyinə işarə sayılır. Tehranın bir həftə öncə uzaqmənzilli raketlərin sınağını keçirməsindən sonra ABŞ-ın danışıqlara meyl göstərməsi də maraqlı məsələdir. Qeyd edək ki, İran Amerikanı ürəyindən vuracağını bəyan edəndən sonra İsrailin İranı üç istiqamətdən vurmasına hətta Corc Buş səviyyəsində razılıq verilməsi dünya mətbuatında özünə yer almışdı. Lakin məhz bunun ardınca İran prezidenti Mahmud Əhmədinejad öz ölkəsində ABŞ-ın diplomatik korpusunun fəaliyyətinin bərpasına hazır olduğunu bəyan etdi. Bundan sonra isə ABŞ-la İran arasında danışıqların başlaması yeni mərhələnin başlandığını deməyə imkan verir.
Lakin politoloq Rasim Musabəyov hərb variantının kənara qoyulduğu barədə tələsik qənaətə gəlməyi düzgün saymır. O deyir ki, Amerika ilk dəfə rəsmi səviyyədə İranla aparılan danışıqlara qoşulsa da, qeyri-rəsmi kontaktlar bundan əvvəl davam edib: “ABŞ və İran səfirləri İraqda vaxtaşırı görüşüb məsələləri müzakirə edirdilər. Əgər indi problemləri konstruktiv yolla həll etmək istəyi olarsa, danışıqlarda hansısa nəticə əldə oluna bilər. Ancaq hələlik hiss olunur ki, nə İran öz mövqeyindən ciddi şəkildə geri çəkilmək niyyətində deyil, nə də ABŞ bu məsələləri boş vermək istəyir”.
Politoloqun qənaətincə, İranın ali dini rəhbərinin son çıxışlarından İran üçün yaxşı bir şey vəd etməyən kifayət qədər radikal vəziyyətin mövcudluğundan Tehran rəsmilərinin də narahat olduqları aydın göründü: “Konstruktivlik olarsa, məsələ hərbi toqquşma səviyyəsinə qalxmaya bilər. Hər halda, ABŞ hər zaman deyir ki, bütün variantlar masa üzərindədir. Fakt budur ki, ABŞ İranı hər yandan - Küveyt, Bəhreyn, İraq, Əfqanıstan tərəfdən mühasirəyə alıb. Körfəzdə donanma da saxlayır, Türkiyədə isə ABŞ qüvvələri var. Bu sırada yalnız Azərbaycan istisnadır”.
Ekspert proseslərin artıq psixoloji müharibə çərçivəsindən kənara çıxdığını söylədi: “İrana qarşı artıq davamlı şəkildə konkret sanksiyalar tətbiq olunur və bu sanksiyalar getdikcə sərtləşdirilir. Bir neçə ildir ki, informasiya müharibəsi və müəyyən mənada əsəb müharibəsi də gedir. Ancaq bu müharibənin yaxın zamanlarda hərbi zərbələr müstəvisinə keçməsi ehtimalı azdır. Üstəlik, Avropa, Çin və Rusiya məsələnin hərbi müstəviyə keçməsinin əleyhinədir. Bir çox hallarda onlar sanksiyalara qoşulmaqla İrana qarşı təzyiqləri artırıb hərb variantının arxa plana keçməsinə nail olmaq istəyirlər. Başa düşürlər ki, hərbi yol məsələnin həlli deyil. Ola bilsin İranın hansısa nüvə obyektinə zərbələr endirilsin. Amma bunun qarşısında əks addımların hara gətirib çıxaracağını demək mümkün deyil. Hərbi yol nə dünya iqtisadiyyatına, nə də regiondakı vəziyyətə müsbət perspektiv vəd etmir. Ona görə də sanksiyalarla yanaşı İranla danışıqlar da aparılır. Avropa Birliyi xarici işlər nazirinin İranla danışıqlar aparması da bununla əlaqədardır”.
Politoloq sanksiya qərarlarının İrana ciddi problemlər yaratdığı qənaətindədir: “İran tərəfinin lovğalığına baxmayaraq, əslində tətbiq olunan sanksiyalar bu dövlətə ciddi problemlər yaradıb. İranın neftdən əldə etdiyi gəlirlər dəfələrlə artıb. Ancaq əhalinin vəziyyəti getdikcə pisləşir. İran bu boyda gəlirlərə baxmayaraq, neftayırma zavodlarını modernləşdirmək və ya yeni neft layihələrini həyata keçirmək iqtidarında deyil. Bu mənada düşünmürəm ki, tətbiq olunan sanksiyalar adi məsələdir”.
R.Musabəyovun M.Əhmədnejadın İranda ABŞ səfirliyinin açılmasına razılığını bildirməsi və xarici mətbuatda ABŞ-ın buna razılıq verməsi barədə məlumatlara münasibəti də maraqlı oldu: “Bir çox hallarda deyirlər ki, Əhmədinejad vaxtilə ABŞ səfirliyi əməkdaşlarının girov götürülməsi əməliyyatında iştirak edib. Bu mənada hesab etmək olar ki, onun təklifində ikibaşlı elementlər var. Yəni səfirliyinizi bir daha açın və ikinci dəfə diplomatlarınızı girov götürək. Ona görə də indiki halda İranda ABŞ səfirliyinin açılmasından söhbət gedə bilməz”.
Elşad PAŞASOY

musavat

Hiç yorum yok: