azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

6 Ekim 2008 Pazartesi

Zəngin mədəniyyət daşıyıcısı olan xəzərlər

Zəngin mədəniyyət daşıyıcısı olan xəzərlər

Zəngin mədəniyyət daşıyıcısı olan xəzərlər Xəzər türklərinin tarixi haqqında əski qaynaqlarda olan məlumatlar heç də sistemli və yetkin deyil Elçin Qaliboğlu (Əvvəli ötən sayımızda) Türk xalqlarının birliyinin yeni səviyyədə gündəmə gəldiyi bir zamanda qədimliyimizin, bənzərsiz tariximizin daha diqqətlə öyrənilməsinə gərək var. Bu mənada Professor Nizami Tağısoyun türk xalqlarından olan xəzərlərlə bağlı araşdırmaları diqqəti cəlb edir. Xəzərlərin etnogenizindən danışan araşdırmaçı deyir ki, "Xəzərlərin böyük xaqanı Yusufun məktubunda xəzər camisini təşkil edən 10 uruğ içində Nazir sülaləsinin mənsub olduğu uyur (yəni uyğur) qəbiləsindən başqa, türk, yaxud türgiş olan bir qəbilə, 7 xəzər, 9 bulqarla 10 sabir uruqları göstərilir ki, bu 10 qəbilədən başqa burtas, vondır, bəznə (Peçeneq) və çeremislərlə birlikdə bir də ayrıca cuvar qövmi qeyd olunur. Xəzər dövlətində hakim qüvvə uyğur və türk zümrələri içində həm də savir və suvarlardan da təmsil olunmuşdu. Araşdırmaçı bildirir ki, "Xəzər" adına gəlincə, bu məsələ heç də sona qədər müəyyənləşdirilməyib: "Bu adın da - "ar" ilə bitən bulqar, qacar, əfşar, türk və avar kimi digər qövmlərin adına bənzədiyi nəzərdə tutulur. Xəzərin həm də "Kazar" şəklində olmasının da mümkünlüyü vurğulanır. Çin qaynaqlarında xəzərlərə "ko-sa" və "kass-at" da deyilib. Dolayısı ilə bu adın türkcə "kaz" kökündən gəldiyi irəli sürülüb. Burada hakim olan türklərdən 10 uruğun adı çəkilib. Bunlar əvvəl qeyd edilmiş uyur, turgiş (türk), kazar, savir və bizaldan, birsaldan (barçoludan) başqa yenə də tarixi qaynaqlarda əks olunan əvəz (avar), uğuz, tarna, yanur və bulqar uruqlarıdır. Yusuf xaqan 10 uruğdan başqa qalan qövmlərdən məmləkətinin sərhədlərindən kənarda yaşadıqları haqda bəhs edir. "Xəzər" adı mənşə və kök baxımından izah edilməsə də -ar, -ər şəkilçisiylə əmələ gəlmiş türkcə bir ad olduğu nəzərdə tutulur. Bizans tarixşünaslığında Bersiliya ölkəsinin Xəzərətrafı düzənlikdə və Şimali Dağıstan ərazisində olduğu göstərilir. Periyeqet, Feofan və Nikifor Bersiliyanı xəzərlərin vətəni adlandırırlar. Feofan yazırdı ki, Xəzərlər Berziliyanın daxilində yaşamış böyük xalqdır". Araşdırmaçı bildirir: "Sübut olunub ki, xəzər və bulqar dillərini türk dillərinin qərbi-hun qoluna aid etmək daha məqsədəuyğundur. Barsillərlə qədim bulqar dili arasındakı yaxınlığa gəldikdə isə bu haqda suriyalı müəllif Mixailin və ondan bəhrələnmiş İoann Efesin əsərlərində söylənilmiş əfsanə maraqlıdır. Əfsanədə deyilir ki, Bizans imperatoru Mavrikinin dövründə (582-602-ci illər) Skiflər ölkəsindən çıxmış üç qardaş özlərilə 30 min skifi götürüb uzaq yola çıxırlar. Səfər qış vaxtına təsadüf edir. Onlar donmuş Tanais çayını (indiki Don), Meotid gölünü (Azov) və Ponti dənizini (Qara dəniz) keçib romeylərin (bizanslıların) sərhəddinə yaxınlaşırlar. Bulqar adlı qardaş özü ilə 10 min nəfər götürür, qardaşlarından ayrılıb Tanais (Don) çayını keçib Dunaya istiqamətlənir. (Zənnimizcə, burada sonrakı dövrlərdə onların qarapapaq, qaraqalpaq, "çernıye klobuki", yaxud qaqauz və qaraimlər kimi təşəkkül tapıb inkişaf etdiklərini görmək mümkün olacaq). Burada Mavrikidən Bulqar romeylərə kömək, arxa olması və oralarda yaşaması şərtilə torpaq istəyir. Mavriki Bulqarın xahişini yerinə yetirir və ona Yuxarı və Aşağı Meziyanı və Dakiyanı verir. Bulqar öz adamları ilə birlikdə romeylərə kömək edib avarlara qalib gəlir. Bu skifləri romeylər o vaxtdan "bulqar" adlandırmağa başlamışlar". Digər iki qardaş isə romeylər tərəfindən salınmış Barsiliya (Xəzər) adlanan alanların (osetinlərin) şəhərlərinə gəlirlər. Bulqarlar xristianlar idilər. Lakin ölkəyə özgələri hökmranlıq edən dövrdə onlar Xəzərin adını daşıyan böyük qardaşın şərəfinə "xəzərlər" adlandırıldılar. Bu çox güclü və geniş yayılmış xalq idi". N.Tağısoy qeyd edir ki, Xəzərlərin antropologiyası ilə bağlı da xeyli fikirlər mövcuddur: "V.V.Qunzburq qeyd edir ki, xəzərlərin Sarkil şəhərinin xarabalıqlarında qəbirlərdəki qazıntılar bu şəhərdə yaşayan əhalinin heç də hamısının xəzərlərdən ibarət olmadığını göstərir. Əgər xəzərlərin bir hissəsi hindliləri andırırsa, tip etibarilə onlar digər türklərdən heç nə ilə fərqlənmir, gözlərinin dərinliyinə görə digər türklərə nisbətən onlar daha aydın ifadəli təsir bağışlayırlar. Xəlil ibn Əhməd xəzərlərin gözlərinin çox qıpıq olduğu üçün onlara "xəzər" deyildiyini qeyd edir, lakin eyni zamanda xarakter etibarilə xəzərlərin türklərdən fərqli olduğu da qeyd edilir. İbn Havkala görə ağ xəzərlər gözəl insanlarmış. Bununla bərabər həm də xəzərlərin yüksək əsgəri keyfiyyətə malik olduqları qeyd olunur. Sasani, İran, Bizans və Abbasi hökmdarları hunlardan müdafiə məqsədilə güclü mühafizə təşkil edirlərmiş. Bizans saraylarında xəzər əsgərlərinin nüfuzu daim yüksək tutularmış, imperatorlar dəbdəbəli mərasimlərdə onlara daha böyük üstünlük verirlərmiş. Ümumiyyətlə, xəzərlərin müsbət keyfiyyətli insanlar olduğu Murad Rəmzi, Yəqubi əl-Buldan, İbn Rusta və Məsudi tərəfindən dəfələrlə vurğulanıb. İbn Fakih isə xəzərləri digər xalqlarla müqayisəli xarakterizə edən gözəl bir deyim işlədib. O, türklərin vəfalı, rumların saxalı, xəzərlərin həyalı, islavların (slavyanların) şücaətsiz olduğunu qeyd edib". Xəzərlərin dili məsələsinə gəlincə, N.Tağısoy deyir: "Xəzər imperatorluğunda müxtəlif xalqlar öz dillərində ünsiyyətdə olur, öz dinlərini qoruyurdular. Burada göytürk, ərəb, yəhudi və kiril əlifbaları işlənirdi. Yəhudi, xristian, islam dinləri bu ölkədə geniş yayılmışdı. Xəzər şəhərlərində sinaqoqlar, kilsələr, məscidlər eyni dərəcədə fəaliyyyət göstərirdi. Xəzərlər X əsrin sonlarına qədər mövcud olmuş bir etnos idi. Bəzi mənbələrin verdiyi məlumatlarda qeyri-müəyyənlik və ziddiyyətlər mövcuddur. Özünə yer tutmuş bu dövlətin xəzər dilində anıla biləcək günümüzə qədər çatmış bir nümunə yoxdur, mənşələrinə gəldikdə isə təəccüb doğuran fikirlərə rast gəlinir. Bununla belə bir sıra tədqiqatçılar (ərəb, yəhudi və Bizans qaynaqlarına istinad edərək) xəzərlərin birmənalı şəkildə türk olmasını və bu gün türk dilinin Çuvaş ləhcəsində xəzər dilinin özünü təcəssüm etdirməsini müəyyənləşdirmişlər. Onların çuvaş dilində ünsiyyətdə olmaları fikrini E.Kunik, V.Bartold, A.Zayonçkovski və digərləri irəli sürmüşlər. Bu fikrə Əl-Biruni də tərəfdar çıxır. Mənbələrdə qeyd olunur ki, Bulqar və Suvar şivələri (daşlar üzərindəki yazıya əsaslanaraq) türkcə xəzərcənin arasında olan bir dildir. Xəzər dilinə aid nümunələr arasında ünvanlar, adlar mühüm yer tutur. Bu ünvanların böyük bir qismi əski türk kitabələrində qalmaqdadır. Xəzərlərdən qalan şəxs adlarından və digər ad, söz və ifadələrin oxunuşları təsbit olunmuşları bunlardır: barsbek, baştuva, kundaçık, xaqan, xatun, tarxan, bəy, şad, tudun, ilteber, bolışçı, tanrı, xan, ağ, sarı (sarıq), belenger (barangar), səməndər, bığındı, qaya kənd; Bizans qaynaqlarında çiçək (tzitzekion), ilbars (gilebaros), buseri (busiros); Mahmud Kaşğaridə: ben, bun, bal, azak, tuzdı, yalınık, kıpçak və oğuzlarla bir zümrədən olan şivələrlə bardacı, tuğradacı və uğralacı və s. İslam və erməni müəllifləri Xəzər xaqanlığının paytaxtı Səməndər şəhərinin olduğunu qeyd edirlər. Bu adın özünün də mənası açılmalıdır. Xəzər xaqanlığı ilə bağlılığı olan Şimali Qafqaz hunlarının şəhəri Varaçan da bu yer adlarına əlavə olunmalıdır. Xəzər xaqanlığı etnik baxımdan bir-birindən fərqli olduğundan bir sıra qövmləri bir yerə toplamış bu xaqanlıqda dövlət dili kimi müxtəlif dillərdən istifadə də təbii qəbul edilməlidir. Xəzəristanda türkcənin daha çox istifadəsinin geniş yayılması mənbələrdə öz əksini tapıb. Bundan başqa bu yerlərdə bulqar türkcəsindən də istifadə olunurmuş. Sarkel qalasının adı bu baxımdan əhəmiyyətlidir. Məşhur ərəb səyyahı və coğrafiyaşünası İstahri də bulqar türkləri ilə xəzərlərin eyni dildən istifadə etdiklərini bildirir. Buna baxmayaraq bu müəllifin əsərinin digər bir yerində yuxarıda söylədiyi fikrin özü də onun tərəfindən təkzib olunur. Xəzərlərin mədəni həyatı, şəhərlərilə bağlı danışdıqda Əbu İshak İbn əl-Nadim xəzərlərin ibrani hərflərindən, Mübarəkşah Guri isə rus yazısından istifadə etdiklərini qeyd etsələr də, dövrümüzə bu dildə heç bir əsər gəlib çatmayıb. Dövrünə görə zəngin mədəniyyət daşıyıcısı olan xəzərlərdən bizə ibrani dilində yazılmış iki məktubdan başqa hər hansı yazılı abidə və əsərlər çatmayıb. Bunlardan biri 960-cı ildə əndəlüslü yəhudi elm və dövlət xadimi Haşday bəydən İshaç bəy Şapruta yazılan məktub, o biri isə naməlum xəzəristanlı müsəvi tərəfindən elə Yusuf xaqanın zamanında yazılmış bir məktubun Misirdə Fustatda Kanisat əl-Şamidə saxlanılan parçalarıdır. Müxtəlif yönümlərdən tədqiq olunmuş bu məktublar yaxın zamanlara qədər saxta kimi qəbul olunurdu. Y.Marquarta görə Yusufun adına aid edilən bu məktub Əbu Hamid əl-Əndəlüsinin səyahətnaməsini oxumuş bir nəfər tərəfindən 1140-cı illər dövründə uydurulduğu irəli sürülmüşdü. 1938-ci ildə M.Landau məktubların saxta olmadığını isbat edərkən qüvvətli dəlillər gətirdiyi zaman Topqapı sarayında mühafizə edilən İbn Haldunun yazdığına görə Haşdayın xəritəsi üzərində olan bir dəlilə görə Yusuf Xaqanla əlaqələrinin olduğundan danışır və məktubun saxta yox, orijinal olduğunu bildirir. Xəritənin üzərində bir dağ var ki, onun əzəmətli olduğu qeyd olunur. Haşday bunun Rum hüdudlarından Hazarana qədər gedib çatdığını bildirir. Xəzərlərin dilinə ad verilərkən onlar artıq miladdan sonra 650-965-ci illər arasında böyük imperatorluq qurmuşdular. Orta əsrlərin ən böyük dövlətləri arasında özünə yer tutan bu imperatorluğun sərhədləri qərbdə, qeyd etdiyimiz kimi, Kiyevdən başlayaraq, şimaldan Bulqar (Qazan) şəhərinə, cənubda Krım və Dağıstana, şərqdə isə Xarəzmə qədər uzanırdı. Xəzər türklərinin tarixi haqqında əski qaynaqlarda olan məlumatlar heç də sistemli və yetkin deyil. Böyük bir dövlət qurmuş xəzərlərin mənşəyi və dili ilə bağlı məsələlər də tam araşdırılmayıb. Bu gün xəzər türkcəsinə aid Göytürk yazısına bənzər yazı ilə yazılmış üç hərfdən ibarət bir yazı var. Bu yazının əsas dili ibranicə olub Kembric Universitetinin kitabxanasında saxlanılan və Kiyevdə yaşayan müsəvi xəzərlər tərəfindən yazılmış bir məktubun sonunda tapılıb. Bu yazının çözümü xəzər türkcəsinin xüsusiyyətləri haqqında heç də tam məlumat almağa imkan vermir. Buna görə də xəzər türkcəsinin türk dilinin hansı qoluna aid edildiyi də müəyyən olunmamış qalır. Bu baxımdan yalnız əski qaynaqlarda əksini tapmış olan kişi və yer adları müəyyən mənada çözüm üçün şərait yaradır. İndiyə qədər orta əsrlərdən qalma ərəb, fars, ibrani, erməni, gürcü, macar, rus, latın və bizans qaynaqlarında 50-dən çox xəzərcə ifadə təsbit edilib.

Hiç yorum yok: