azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

11 Ekim 2008 Cumartesi

"Güney Azərbaycan Milli Hərəkatı ABŞ-la əlaqə yaratmalıdır"

"Güney Azərbaycan Milli Hərəkatı ABŞ-la əlaqə yaratmalıdır"
Böyük Rəsuloğlu: "Ancaq əlimizi əlimizin üstünə qoyub, Amerika gəlib haqqımızı alıb bizə verəcək düşüncəsi səhvdir"

Bir həftə əvvəl ABŞ prezidenti Corc Buş Nyu-Yorkda bir çox ölkənin Belarus, Tibet, Venesuela, Kuba, Çin, Misir, Myanma, Şimali Koreya, Suriya və s. müxalif liderlərilə görüşüb. Maraqlıdır ki, Buşla görüşə İrandakı müxalif qüvvələrin - konkret Güney Azərbaycan Milli Hərəkatının təmsilçiləri dəvət edilməyib.

Turqut

Hazırda Norveçdə yaşayan Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri Böyük Rəsuloğlu məsələyə aydınlıq gətirib. O bildirib ki, İran müxalifətinin, xüsusilə Güney Azərbaycan Milli Hərəkatı fəallarının Buşla görüşə çağırılmamasının müxtəlif səbəbləri ola bilər: " Güney Azərbaycan problemi dünyada analoqu olmayan bir problemdir. Güney Azərbaycan Milli Hərəkatı başqa ölkələrdəki milli azadlıq hərəkatlarıyla müqayisə edilə bilməz. Bu baxımdan dünya ictimai rəyində, xüsusilə ABŞ-da bu hərəkata baxış tərzi fərqlidir. Özümüzü yetərincə tanıtdıra bilmədiyimizə görə barəmizdəki fikirlər də yanlışlıqlarla dolur. Buş adminstrasiyası xaricdəki güneyli fəallardan kimi seçib o toplantıya dəvət edə bilərdi ki, söz-söhbət olmasın. Yəni hamı tərəfindən qəbul edilmiş şəxslər olsun. Hər halda işlərin düzgün yoluna qoyulması üçün bir az zaman lazım olacaq. Xüsusilə heç bir ideolojiyə bulaşmamış, saf - milli gənclərimiz çağdaş milli hərəkatımızı nəticəyə çatdıracaq. Hər halda istər Buş administrasiyası olsun, istər ABŞ, istərsə dünya ictimaiyyəti heç biri Güney hərəkatına biganə qala bilməz. Onlar bizim potensialı bilir, ancaq bu potensialı güc mərkəzinə dönüşdürmədiyimizi də bilir. Təbii ki, mən bütün məsuliyyəti öz üzərimizə qoymaq niyyətində deyiləm. İrandakı keçmiş şovinist rejimin böyük başlarının çoxu hazırda ABŞ-da yaşayır və həmin ölkəni idarə edənlərlə yaxın əlaqələri var. Əlbəttə, gələcəklə bağlı proqramları da mövcuddur. Təəssüf ki, Güney Azərbaycanda kök salmış rusçu-kommunistlərin ABŞ-a qarşı "antiimperalist" təbliğatı hələ də qalır. Milli mənafeyimizi düşünmədən Amerika əleyhdarı olanlar da az deyil. Təbiidir ki, bütün bunlar analitik mərkəzlərdə analiz olunur və insanların zehnində öz təsirini buraxır. Çox qəribədir ki, bu gün Güney Azərbaycanda bizim bütün milli varlığımızın yanında iqtisadi varlığımızın da dağılmasını görə-görə hələ də bəziləri ya qəsdən, ya da xəbərsizlik ucbatından kommunizmdən danışırlar. Güney Azərbaycanda sərmayə sahiblərinin istismarından danışırlar, ancaq açıq gözlə baxsalar görəcəklər ki, orada artıq sərmayə, sərmayədar yox, sadəcə fəlakət var. Bizimkilərin düşüncəsində, istifadə etdikləri şüarlarda kommunizm, sosializm üstünlük təşkil edir. Ancaq biz Amerika və ya başqa ölkələrin bizim hərəkatımıza nə qədər önəm verməsini ölçü dəyəri etməməliyik. Öz gücümüzə güvənərək xüsusilə Güneydəki böyük potensialı işə salmağı bacarmalıyıq. Eyni zamanda Güney Azərbaycan Milli Hərəkatı bütün dövlətlərlə, o cümlədən ABŞ-la əlaqə yaratmalıdır. Ancaq əlimizi əlimizin üstünə qoyub, Amerika gəlib haqqımızı alıb bizə verəcək düşüncəsi çox səhvdir". Böyük Rəsuloğlu qeyd edib ki, hazırda Qərb, xüsusilə Amerika ilə dostluq münasibətində olan bir Türk Dünyasının əhəmiyyəti aydınlaşmaqdadır. Türk Dünyasının ürəyinin Azərbaycan olması elmi olaraq sübut edilən bir təfəkkürdür. Güney Azərbaycanda yaşayan 30 milyonun türk millətinin birlik körpüsü olmasını dəyərləndirənlər də az deyil. Bu belədirsə, dünyada güc dəngəsinin uzunmüddətli tarazlaşmasında Güney Azərbaycanın oynaya biləcəyi rol aydınlaşır. Ona görə də hər şey bizim özümüzdən asılıdır. Bu gün yaranmış münasib şəraitdən istifadə etməyi bacarmaq lazımdır. O vurğulayıb ki, İran adı altında farsçılıq siyasəti o qədər geniş təbliğ olunub ki, bu ölkələrdə yaxın zamana qədər nəinki Güney Azərbaycan, heç Azərbaycan adı ilə tanış olan yox idi: "Bizim bütün milli-mədəni varlığımız fars adına qələmə alınıb, millətimizin əl qabarı ilə işlədiyi sənət və incəsənət əsərləri başqalarının hesabına yazılıb. Azərbaycan yavaş-yavaş tanınır. Bu arada istər Azərbaycan dövlətinin fəaliyyətləri, istər xaricdə yaşayan azərbaycanlıların rolu düzgün dəyərləndirilməlidir. Son zamanlar güneylilərin də bu haqda fəaliyyətləri genişlənib və hər kəs əlindən gəldiyi qədər buna çalışır. Yaşadığım Norveçdə də bu təbliğat aparılır və nisbətən müsbət nəticələr də verir. Ümumiyyətlə, atılan hər bir addım, beynalxalq təşkilatların yaydığı hər bir bəyanat bizim üçün və Milli Hərəkatımızın tanınması üçün böyük dəyər daşıyır. Keçən 4-5 ildə "Amnesty İnternational" milli fəalların hüquqlarını qorumaqla bağlı 40-a yaxın bəyanat yayıb. Ancaq əhəmiyyətli olsa da, bu da yetərli deyil və biz bu barədə daha çox çalışmalıyıq. Quzey Azərbaycanda fəaliyyət göstərən insan haqları təşkilatları bu barədə bizə çox yardımçı ola bilərlər. Onlar müstəqil bir ölkədə yaşayırlar və geniş imkanlara sahibdirlər. Ümid edirəm ki, bu xahişimi qəbul edərək onlar da qollarını çırmalayacaqlar". xalqcebhesi

Hiç yorum yok: