azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

11 Ekim 2008 Cumartesi

İslam Respublikasının rəhbərliyi nə Güney, nə də Quzey azərbaycanlılara sayğı göstərir



İslam Respublikasının rəhbərliyi nə Güney, nə də Quzey azərbaycanlılara sayğı göstərir


S.SƏDRƏDDİN


Rusiyanın Gürcüstana təcavüzündən sonra İslam Respublikası da özünə ortada yer etməyə cəhd göstərdi. Baş verənləri İran elə başa düşdü ki, sanki rus ordusu Güney Qafqazı yenidən işğal etdi. Bu baxımdan Tehran müttəfiqi saydığı Moskva ilə "qənimət"i bölüşdürmək arzusuna düşdü. Elə bu səbəbdən də İranın xarici işlər naziri Mənuçehr Müttəki ölkəmizə səfər edib Yerevanla Bakı arasında vasitəçiliyə cəhd göstərdi. Əlbəttə, o bunu Türkiyə hökumətinin "Qafqaz platforması" təşəbbüsündən sonra cani-dildən həyata keçirdi.
Ankaranın sərhədi açmaq niyyətində olmadığını biləndən sonra İran hakimiyyəti məsələyə daha iştahla girişdi. Beynəlxalq ictimaiyyətə, özəlliklə Qərbə bildirmək istədi ki, Azərbaycan Respublikası və Ermənistanla çox "yaxşı münasibəti var", hətta Ermənistanla sərhədi belə açıqdır. Bununla da Tehran ATƏT Minsk Qrupuna düşməyə də can atdı. Əslində, belə davranışı ilə Tehran başda ABŞ olmaqla dünyanın aparıcı dövlətlərinə, Yaxın və Orta Şərqdə olduğu kimi, Qafqazda da sözünün keçdiyini nümayiş etdirməyə çalışır. Bununla yanaşı, İslam Respublikası beynəlxalq ictimaiyyətə xoşməramlı və barışsevər olduğunu göstərməyə can atır. Ancaq yaxın keçmişdə və hazırda baş verənlər Ermənistan tərəfindən işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi məsələsində İslam Respublikasının oyundan kənarda qalacağını bir daha təsdiqləyir. Çünki vasitəçilikdən ötrü münaqişə tərəflərinin etibarını qazanmaq lazımdır.
İranla Ermənistan arasında sıx və səmimi münasibətin olduğu kimsəyə sirr deyil. Ancaq Tehran hakimiyyəti bu əlaqələri çeşidli bəyanatlarla gizlətməyə çalışır, bir sıra hallarda isə sözdə də olsa, Ermənistan dövlətini təcavüzkar adlandırmaqdan belə çəkinmir. Bununla İslam Respublikasının rəhbərliyi hər iki tərəfə xoş görünməyə çalışsa da, ölkə daxilində "əməl etdiyi" ədalət prinsipini beynəlxalq aləmdə də gerçəkləşdirməyə çalışır. Özünü siyasətçi və mütəxəssis sayan bəzi dardüşüncəlilər isə doğrudan da inanır və inandırmağa çalışırlar ki, Tehran Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi istiqamətində "göstərdiyi səylər"də səmimidir.
Bir çox məsələlərə erməni ekspertləri də İslam Respublikasının təmsilçiləri kimi baxmaqdadır. Bu məsələdə erməni ekspertlərin söylədikləri az maraq kəsb etmir. ABŞ və İsrailin İrana qarşı birgə əməliyyata başlayacaqlarının inandırıcı görünmədiyini bildirən iranşünas-alim Tadevos Çarçyanın fikrincə, bu ölkəyə qarşı Vaşinqtonun tezliklə hücuma keçəcəyi ciddi görünmür. "İran ətrafında NATO dövlətlərinin hərbi dəniz texnikasının 40 dəfə artması barədə yayılmış xəbərlər isə daha çox dezinformasiya mahiyyəti daşıyır. Bu sayaq məlumatlarla İranı yoxlayır və onu İsrailə qarşı daha sərt bəyanatlarla çıxışa təhrik edirlər. İran rəhbərliyi baş verənləri sakitcə qəbul edərsə, ABŞ və İsrail Əhmədinijatı seytnota sala bilməyəcək. Hazırda ehtimalların, belə demək mümkünsə, dəqiqləşdirilməsi prosesi gedir. ABŞ İrana hücum etməyəcək, çünki onların vəziyyəti, onsuz da, İraqda xoşagələn deyil. Axı İran daha güclü dövlətdir", - deyə erməni ekspert bildirib.
İranda çıxan ermənidilli "Alik" ("Dalğa") qəzetinin baş redaktoru Derenik Məlikyan Türkiyənin irəli sürdüyü "Qafqaz platforması" təşəbbüsünə münasibət bildirərkən deyib ki, bu, "Ankaradan çox ABŞ-a gərəkdir". "İranın mövqeyinə gəldikdə isə, onu belə xarakterizə etmək olar - Türkiyənin mövqeyi həddindən artıq tez bir zamanda ortaya çıxarıldı. Bu təşəbbüs səmimi deyil. Bu məsələnin gerçəkləşdirilməsi isə İranın iştirakı olmadan mümkünsüzdür. Odur ki, bölgədə tarazlığın təmini üçün İslam Respublikasının iştirakı da nəzərə alınmalıdır" deyən D.Məlikyan rəsmi Tehranın mövqeyini müdafiə edərək bu məsələdə 3+3 (Azərbaycan, Gürcüstan, Ermənistan - Türkiyə, Rusiya və İran) variantına üstünlük verdiyini söyləyib.
Türkiyə haqqında danışan baş redaktor deyib: "İranda "Hay dat"ın ("Erməni məhkəməsi" - ermənilərin saxta soyqırım iddiasının tanınması uğrunda çalışan beynəlxalq qurum) iki ofisi fəaliyyət göstərir. Onlardan biri Tehranda, o biri isə İsfahan ətrafındakı Norcuqa rayonundadır. Bu işlə məşğul olanlar arasında soyqırımı araşdıran iranlı türkoloq, ərəbşünaslar da var. Biz aprelə dair tədbirlər təşkil edir, soyqırım, o cümlədən ermənilərin bu məsələsi ilə bağlı seminarlar keçiririk".
Onun sözlərinə görə, həmin mərkəzlərdə keçirilən seminarların materialları əsasında kitablar çap etdirilir. Burada Ermənistan - İran, İran - Türkiyə və Ermənistan - Türkiyə münasibətləri də öz əksini tapır.
"İranın Türkiyə, habelə Azərbaycanla münasibətləri çox gərgindir. Bakının türk dünyasına can atması Tehranın ürəyincə deyil. Panturanizm İrandan ötrü qəbuledilməzdir. Bu səbəbdən də İran Dağlıq Qarabağ münaqişəsində və erməni soyqırımına münasibətdə ermənilərin mövqeyini müdafiə edir", - deyə Məlikyan söyləyib.
"Alik" qəzeti baş redaktorunun dediklərindən o da aydın oldu ki, "pantürkizm" və "panturanizm" məsələsinə münasibətdə türk düşmənlərinin mövqeyi bir-birini tamamlayır. Bundan başqa, Azərbaycan türklərinin Xocalı soyqırımı kimi faciəli günlərini güney azərbaycanlıların xatırlamasına İslam Respublikasının rəhbərliyi icazə vermədiyi halda, ermənilərin qondarma "araşdırma"sı üçün hər cür şərait təşkil edir. Bu səbəbdən Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında belə bir rejimin səmimi olduğuna inanmaq cəfəngiyatdır.
Etnik azlıq kimi İranda yaşayan ermənilərin haqlarının hərtərəfli qorunması barədə ölkəmizin mətubatında dəfələrlə yazılar çap olunub. İslam Respublikasının müsəlman əhalisi spirtli içkini belə, bir çox hallarda ermənilərdən alır. Çünki onlara alkoqoldan istifadəyə icazə verilib. Ermənilər onu həm hazırlayır, həm də müsəlmanlara satırlar. Bu baxımdan ermənilər İslam Respublikasının rəhbərliyinə qarşı hər hansı ittiham irəli sürə bilməzlər. Çünki başqa dini azlıqlar, zərdüştilər, bəhailərlə müqayisədə onların vəziyyəti Parisdəki kimidir. Bunu "Alik" jurnalının baş redaktorunun arxayın çıxışından da hiss etmək olar.
D.Məlikyan İrandakı erməni icmasına hörmət edildiyini və hüquqlarının qorunduğunu bildirərək deyib ki, buradakı icma dünyanın ən qədim icmalarından olub, 500 ildən artıqdır bu ölkədə mövcuddur: "Son 20-30 ildə İslam Respublikasında müsəlmanların sayı artıb ermənilərin sayı azalsa da, hakimiyyət bizə əvvəlki tək sayğı və xoş münasibət bəsləyir. Ölkənin Anayasasına əsasən, biz milli və dini azlıq sayılırıq, eləcə də müəyyən edilmiş haqqımız var. İran parlamentində iki deputatla təmsil olunuruq".
Ermənilərə aid edildiyi iddia olunan tarixi abidələrin qorunması, onlar üçün tikilən məktəblərin tikintisi, etnik mədəniyyətin inkişafı, erməni dilində təhsildən ötrü İslam Respublikası maliyyə vəsaiti ayırır.
"Hazırda İranda 40 erməni kilsəsi fəaliyyət göstərir. Bizim dini xidmətimizə heç bir problem yaradılmır" deyən erməni qəzetçi İslam Respublikasını "demokratik" adlandırmaqdan utanmayıb.
Bu günlərdə Ermənistanın Energetika və Təbii Ehtiyatlar Nazirliyi mətbuat xidmətinin katibi Lüsine Arutunyan bildirib ki, İrandan "mavi yanacaq"ın ölkəsinə ötürülməsi tərəflər arasında aparılan danışıqların nəticəsindən asılıdır: "Hazırda danışıqlar aparılır. Çox böyük ehtimalla, bu həftənin sonunda qazın verilməsi vaxtı dəqiqləşdiriləcək".
Qeyd edək ki, İran Milli Qaz Şirkətinin direktoru Rəsul Salmani bu günlərdə bəyan etmişdi ki, oktyabrın 13-dən etibarən yanacağı ixrac etməyə başlayacaqlar. Onun sözlərinə görə, başlanğıcda az həcmdə qaz ötürüləcək, ancaq 2009-cu ildən başlayaraq onun həcmi 2,3 milyard kubmetrə çatdırılacaq. Ermənistan isə İslam Respublikasına 3,3 milyard kvt/saat elektrik enerjisi verəcək.
"Fars" xəbər agentliyi şirkət rəsmilərinə istinadən bildirib ki, qarşıdan gələn qışda İran adıçəkilən ölkəyə 3 milyon kubmetr qaz ötürəcək.
Xatırladaq ki, iki ölkə arasında kəmər ötən ilin martında İran prezidenti Mahmud Əhmədinijat və onun keçmiş həmkarı Robert Köçəryanın iştirakı ilə açılıb. Uzunluğu 100 km-dən artıq olan bu kəmər Təbrizdən başlayır, Mehridə başa çatır. Qurğunun İslam Respublikası ərazisindəki hissəsi 28,2 milyon dollara başa gəlib.
"Ayna"nın ötən saylarından birində yazmışdıq ki, İran prezidenti Mahmud Əhmədinijat Qərbi Azərbaycanın Maku rayonu ətrafında yerləşən Qara kilsənin UNESCO-nun mədəni irs siyahısına daxil edilməsi ilə bağlı dünya ermənilərini təbrik edib. Buna dair uzun-uzadı bəyanat verən Tehran təmisilçisi deyib ki, ermənilər həmişə olduğu kimi, indi də önəmlidir. "İran milləti və onun erməni soydaşlarına məxsus abidənin YUNESCO tərəfindən tanınması bizim üçün son dərəcə qürurverici bir hadisədir", - deyə o söyləyib.
Xatırladaq ki, Tehran hakimiyyəti mərkəzi Urmiya şəhəri olan Qərbi Azərbaycandakı erməni kilsəsi sayılan Qara kilsə kompleksinin UNESCO-nun mədəni irs siyahısına daxil edilməsi üçün müraciət etmişdi. Qurum həmin kilsə haqda məlumatları yetərsiz sayaraq onu siyahıya daxil etməmişdi. "Baybak"ın yaydığı məlumata görə, İran hakimiyyəti Qara kilsə barədə əlavə məlumatlar toplayaraq yenidən UNESCO-ya müraciət edib. Bu, İslam Respublikasının qeydiyyata aldırmaq istədiyi 9-cu tarixi abidədir.
Kanadanın Kvebek bölgəsində 8 gün davam edən 32-ci sessiyada 41 ölkədən daxil edilmiş ərizələrə baxılıb. Qərbi Azərbaycan əyalətinin Maku rayonu yaxınlığında yerləşən üç kilsə də UNESCO-nun mədəni irsi siyahısına daxil edilib. Bu kilsələrdən biri olan Qara kilsənin XIII əsrin sonuna aid olduğu haqda xəbərlər yayılıb. Ermənilər buranın onlara məxsus olduğunu iddia edərək bir sıra milli-mədəni tədbirlərini həmin kilsədə keçirirlər.
İran nümayəndə heyətinin başçısı Əbdülrəsul Vətəndustun sözlərinə görə, Mərakeş, Tunis, Keniya və başqa dövlətlərin təmsilçiləri də bu məsələnin həllində onlara yardım ediblər.
"Baybak"ın başqa bir məlumatına görə, Tehran hakimiyyəti İranda yaşayan erməni musiqiçisi Zaven Yədiqarsiyanı mükafatlandırıb. Onun təltif olunması tədbiri Təbrizdə keçirilib. Güney Azərbaycan türkünün vergisi hesabına İslam Respublikası türkün mənəvi başkəndlərindən, birində, Təbrizdə bu mərasimi keçirməklə Azərbaycan türkünə sayğı göstərmədiyini bir daha nümayiş etdirdi. Ancaq Qarabağ münaqişəsinin həllində vasitəçilik etmək istəyən İran hakimiyyəti Azərbaycan musiqisinin təbliğatçısı, 65 yaşlı Həsən Azərbaycanı çeşidli bəhanələrlə bir il həbsxanada saxlayıb işgəncəyə məruz qoydu.
Xəbərə görə, erməninin təltif olunması mərasiminə hakimiyyət nümayəndələri ilə yanaşı, panfarsist və panirançı "ziyalı"lar da qatılıblar.
Bütün bunları nəzərə alaraq deyək ki, İranın təcavüzkar Ermənistanla hərtərəfli əməkdaşlığı, ermənilərə böyük sayğı ilə qucaq açması, azərbaycanlılara genişmiqyaslı basqıları hər iki taydakı azərbaycanlılara qarşı sayğısızlıqdır. Bu sayğısızlığın müəllifindən isə xoşməramlı vasitəçilik gözləmək sadəlövhlükdür. ayna

Hiç yorum yok: