Oktyabrın 15-də xalq növbəti 5 il üçün prezidentini seçəcək
4,7 milyon seçicinin iştirak edəcəyi səsvermənin gedişini 47 min yerli, 1200-dən çox isə beynəlxalq müşahidəçi izləyəcək. Seçkidə 7 namizəd prezidentlik kürsüsü uğrunda mübarizə aparacaq.
2008-ci il oktyabrın 15-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Pezidentliyə 7 nəfərin namizədliyi qeydə alınıb. Bunlar YAP sədri İlham Əliyev, BQP sədri Fazil Qəzənfəroğlu, BAXCP sədri Qüdrət Həsənquliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, bitərəf Qulamhüseyn Əlibəyli, ALDP sədri Fuad Əliyev və MMP sədri Hafiz Hacıyevdir.
Bu seçkidə Azərbaycanın müstəqillik dönəmində 6-cı dəfə prezidenti seçiləcək. Məlumat üçün bildirək ki, bu, ölkəmizdə prezident idarə üsulu yaradılandan 7-ci seçkidir. Belə ki, 1990-cı ildə prezidentlik institutu təsis olunanda ilk prezident - Azərbaycanın kommunist rəhbəri Ayaz Mütəllibov - parlamentdə seçilib. Azərbaycanda ümumxalq səsverməsiylə ilk prezident seçkisi isə 1991-ci il sentyabrın 8-də keçirilib. Onu da əlavə edək ki, builki seçkidə də prezidentliyə namizədliyini irəli sürmüş İlham Əliyev Azərbaycanın 4-cü prezidentidir. Birinci prezident Ayaz Mütəllibov 1992-ci ildən Rusiyada mühacirətdə yaşayır. İkinci prezident Əbülfəz Elçibəy 2000-ci ildə, üçüncü prezident Heydər Əliyev isə 2003-cü ildə vəfat edib. Ölkəmizdə budəfəki seçkiöncəsi vəziyyət əvvəlkilərlə müqaisədə sabit qiymətləndirilir. Bəzi siyasi müşahidəçilər bunu əksər müxalifət partiyalarının seçkilərə qatılmamaq qərarı verməsi və seçkilərə ictimaiyyətin marağının az olması ilə əsaslandırırlar.
Seçicilərin 52,65 faizi kişi, 47,35 faizi isə qadındır
Əhalinin 4 milyon 731 min 879 nəfərinin budəfəki prezident seçkilərində iştirak etmək hüququ var. Onlardan 52,65 faizi kişi, 47,35 faizi isə qadındır. Səsvermə hüququ olan vətəndaşlardan 1,87 faizi bu seçkilərdə ilk dəfə iştirak edəcək.
ATƏT-in uzunmüddətli Müşahidə Missiyası ölkə üzrə 14 seçki qrupu yaradıb
Qeyd edək ki, prezident seçkilərinin keçirilməsi üçün dövlət büdcəsindən 23 milyon 500 min manat vəsait ayrılıb. Budəfəki prezident seçkilərini Avropa Şurası, ATƏT, MDB, Avropa Parlamenti, GUAM nümayəndələri izləyəcək və hazırda onların müşahidə missiyaları Azərbaycandadır. Adıçəkilən beynəlxalq təşkilatların Azərbaycanda ümumilikdə 1200-dən çox müşahidəçisi səsvermənin gedişini izləyəcək. ATƏT-in uzunmüddətli Müşahidə Missiyası ölkə üzrə 14 seçki qrupu yaradıb. Qruplar müəyyən olunmuş bölgələr üzrə seçki prosesini izləyəcəklər. Seçkini izləmək üçün 47 min yerli müşahidəçi qeydiyyatdan keçib. Onlardan 2672-si MSK-da, qalanları isə Dairə Seçki komissiyalarında qeydlə alınıb. MSK-da qeydiyyatdan keçən müşahidəçilər istənilən seçki dairəsində müşahidə aparmaq hüququna malikdirlər.
Ötən parlament seçkilərindən fərqli olaraq, bu dəfə Azərbaycanda “exit-poll”u xarici yox, yerli təşkilatlar keçirəcəklər. Seçki günü 118 dairədə “exit-poll” və paralel hesablama keçiriləcək.
Prezident seçkilərinin keçiriləcəyi gün - oktyabrın 15-i qeyri-iş günüdür. Səsvermə iş gününə - çərşənbəyə təsadüf etdiyindən, Seçki Məcəlləsinin 8.2-ci maddəsinə uyğun olaraq, səsvermə günü seçki keçirilən ərazidə iş günü hesab edilmir.
Seçkini 30 xarici KİV-in 92 nümayəndəsi izləyəcək
Prezident seçkilərini izləmək üçün 30 xarici Kütləvi İnformasiya Vasitəsinin (KİV) 92 nümayəndəsi Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib. Müraciət edənlər arasında “Associated Press”, “Frans-Press” (Fransa), “Bloomberg-News” (Almaniya) informasiya agentliklərinin təmsilçiləri də var.
Türkiyə nümayəndə heyəti 24 nəfərdən ibarətdir
Seçkiləri izləyəcək Türkiyə nümayəndə heyətinin tərkibi açıqlanıb. Millət vəkilləri, qeyri-hökumət təşkilatı təmsilçiləri və media mənsublarından təşkil edilən heyət 24 nəfərdən ibarətdir. Nümayəndə heyətinə “Marmara” Qrupu Strateji Araşdırmalar Vəqfinin sədri Akkan Süvərin başçılıq edəcək.zaman
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder