14 Ekim 2008 Salı
Azərbaycan dövlət sərhədini pozan İranlı dəstə ilə əlaqəli olan iki Cəlilabad sakini saxlanılıb
Bakı. Hafiz Heydərov-APA. Oktyabrın 12-də saat 01.30 radələrində Cəlilabad rayonunun Dərəli kəndi ərazisindən dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərən İran İslam Respublikasının vətəndaşları ilə əlaqəli olan iki Cəlilabad sakini saxlanılıb.
Bu barədə APA-ya Cəlilabad rayon Polis Şöbəsinin rəisi Rəhim Novruzov bildirib. Məlumata görə, dövlət sərhədini qanunsuz yolla keçərək Azərbaycana külli miqdarda narkotik gətirən 4 nəfərdən ibarət dəstəyə Şəhran adlı İran vətəndaşı başçılıq edib. Polis Şöbəsinə daxil olan məlumat əsasında həmin şəxslər şübhəli şəxs qismində saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstəriblər. Xeyli müddət davam edən atışma nəticəsində yaraqlıları məhv etmək mümkün olmayıb və onlar əllərində olan 16 kiloqramdan çox narkotik vasitəni hadisə yerində ataraq geri qaçmağa müvəffəq olublar. Polis rəisi deyib ki, buna baxmayaraq artıq həmin dəstə ilə əlaqəli olan iki rayon sakini saxlanılıb. Baş vermiş hadisə ilə əlaqədar digər dəstə üzvlərinin tapılması istiqamətində də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, İran vətəndaşlarının dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərməsi, onlarla polis əməkdaşları arasında atışma baş verməsi barədə bu gün ilk olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb
APA
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder