İranda iqtisadi böhran dərinləşməkdədir
S.SOLTAN
Dünyada baş verən iqtisadi böhran İran iqtisadiyyatına da təsir etməkdədir. Düzdür, bütün mürtəce hakimiyyətlər kimi Tehran rejimi də ölkədəki mövcud ağır durumu müzakirə edib çıxış yolu aramaqdansa, suçu başqalarında axtarmağa, ən yaxşı halda isə, ört-basdır etməyə cəhd göstərir.
Bu günlərdə İslam Respublikası yeni vergi qanunu qəbul edib. Hakimiyyətin bu iqtisadi addımına etiraz olaraq Təbriz, İsfahan, Tehran, Məşhəd şəhərlərinin zərgərləri tətil etmişdilər. İran prezidenti M.Əhmədinijat imzaladığı yeni sərəncamla bu qanunun icrasını müvəqqəti dayandırıb. Həmin sənəddə deyilir: "Əlavə dəyərə qoyulmuş yeni vergi qanununun düzgün icrası ilə bağlı problemlərin aradan qaldırılması və onun həyata keçirilməsi üçün yeni yollar tapılana, əhalinin narazılığı aradan qaldırılana qədər qanunun gerçəkləşdirilməsi dayandırılsın".
Buna əhəmiyyət verməyən Tehran bazarı tətili davam etdirib. Paytaxtdakı bir sıra banklar da ötən gün işləməyib. "Azadlıq" radiosunun fars redaksiyasının məlumatına görə, həftənin sonunda Tehran bazarındakı bir neçə dükanın pəncərələri sındırılıb. "Mediaforum" adıçəkilən mənbəyə istinad edərək bildirib: "Bazarın bağlanması tacirlərlə hökumət arasında qarşıdurmaya səbəb olub. Naməlum şəxslər dükan yiyələrini qorxutmaq, dükanları açdırmaqdan ötrü mağazaların şüşələrini sındıraraq onları hədələyiblər. Bu isə əks nəticə verib. Başqa dükan yiyələri də etiraz olaraq mağazalarını bağlayıblar".
İranda dərc olunan mətbuatın əksəriyyəti baş verən etiraz aksiyasının siyasi motivli olduğunu, bunun xarici qüvvələrə bağlı müxalifət tərəfindən təşkil edildiyini yazıb. Bu günlərdə yayılan məlumata əsasən, hazırda İslam Respublikasında inflyasiya dərəcəsi 30 faizə çatıb. Halbuki, Əhmədinijat yenicə prezident olanda inflyasiya 12 faiz idi. İran Mərkəzi Bankının bildirişinə görə, ölkədə gündəlik tələbat malları ötən illə müqayisədə 30 faiz bahalaşıb.
"Azadlıq" radiosunun xəbərində bildirilib ki, bu yay həmin maliyyə qurumu 65 milyonluq ölkə əhalisinin hər dörd nəfərindən birinin yoxsulluq həddindən aşağı vəziyyətdə yaşadığını açıqlayıb. İranın şimal şəhərlərindən birində sürücülük edən Mehdi ayda təxminən 200 dollar qazandığını və bunun yarısını ev kirayəsinə verdiyini söyləyib. Qalan pulu isə yeməyə güclə çatdırdığını deyib: "Ətin kilosu 8, toyuq əti 4 dollardır. Almanın kilosu isə 2 dolları keçib. Bizim qazancımız sağ qalmaq üçün ərzaq almağa zorla çatır".
Şəhər əhalisi daim artan qiymətlərlə ayaqlaşmaqdan ötrü iki-üç yerdə işləməyə məcbur olur.
Mustafa Əvəzpur adlı Təbriz sakini radioya müsahibəsində bildirib ki, İranda iqtisadi vəziyyətin ağırlığından azərbaycanlılar əziyyət çəkirlər. Onun dediyinə görə, iqtisadi imkanların yaradılması sarıdan Güney Azərbaycan türkləri ayrı-seçkiliyə məruz qalırlar. Ölkə əhalisi kasıblıq həddindən aşağı yaşayanların sayının çoxalmasının səbəbini prezident Əhmədinijatın uğursuz maliyyə-iqtisadi siyasətində görürlər.
Bir müddət əvvəl neftin qiymətinin gün-gündən bahalaşması Tehran kimi iqtisadiyyatı yalnız neftdən asılı olan rejimlər üçün sərfli idi. Çünki "hasil et, sat. Gəliri də sərf edən şəkildə xərclə" prinsipi ilə yaşamaq, dövlət idarə etmək asan idi. Belə hakimiyyətlər dövlət iqtisadiyyatının elmi tənzimlənməsinə o dərəcədə də önəm vermir. Bunun ağır nəticəsini isə yürüdülən gerici siyasət ucbatından gün-gündən yoxsullaşan əhali görür...
Son zamanlar İran hakimiyyəti neftlə deyil, daha çox qızıl ehtiyatları ilə xarici sərmayədarları özünə cəlb etməyə çalışır. Geoloji-kəşfiyyat təşkilatının inkişafı və dağ-mədən sənayesinin müasirləşdirilməsi idarəsinin direktoru Seyid Cavad Mirmüəyyəni Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində sərmayə üzrə keçirilən 3-cü beynəlxalq konfransında bildirib ki, əyalətin potensial imkanlarından bütünlükdə istifadə etmək lazımdır. Onun sözlərinə görə, bütün ölkə üzrə dağ-mədən sənayesinin inkişaf etməməsinin başlıca səbəbi maliyyə mənbəsinin çatışmazlığıdır .Yeni sərmayələrin qoyulması bu sahənin potensialının istifadəsinə yardım edər. Bu baxımdan o, Qərbi Azərbaycan əyalətində aparılmış geoloji-kəşfiyyat işlərini müsbət dəyərləndirib.
Direktorun sözlərinə görə, bu bölgə zəngin qızıl ehtiyatları yataqlarına malikdir. "Zərşoran-Tikab" yatağında bu əlvan metal ehtiyatı 800 tondan artıqdır. "Bu isə öz növbəsində Qərbi Azərbaycanın ölkə üzrə qızıl emalı mərkəzlərindən biri olmasına imkan yaradır", - deyə direktor söyləyib.
Yeri gəlmişkən, "Ayna"nın ötən saylarından birində bu məsələyə toxunaraq bildirmişdik ki, bu günlərdə İranın Sənaye və Mədən Nazirliyinin qiymətli daş-qaşlar üzrə aparıcı mütəxəssisi Məhəmməd Şahsevəri İRNA-ya müsahibəsində hökumətin İsfahan və Xorasan-Rəzəvi əyalətlərində iki zərgərlik sənayesi zonası yaradılması haqda qərar qəbul etdiyini söyləyib. Onun sözlərinə görə, bu müəssisələrin tikintisinə artıq başlanılıb.
Güney Azərbaycan mənbələrinin yaydığı məlumata əsasən, Qaradağ mahalının Vərziqan rayonunda 250 tonluq qızıl ehtiyatına malik yataq aşkarlanıb.
İranın Sənaye və Mədən Nazirliyinin təmsilçisi Məhəmmədəli Banan keçirdiyi mətbuat konfransında bunu bəyan edərək əlavə edib ki, həmin ərazidə qızıl emalı üçün 5 milyon dollar məbləğində sərmayəyə ehtiyac var. Aparılmış hesablamalara əsasən, həmin rayonda müasir avadanlıqla təchiz olunmuş zavodlar tikildiyi halda, mədəndən 400 kiloqram qızıl emal etmək mümkündür. Nazirlik təmsilçisinin sözlərinə görə, Əhərin Xarvana bölgəsində bu gün də qızıl emal olunmaqdadır.
Araşdırmalarda göstərilib ki, Azərbaycanın Qaradağ mahalı və Ərdəbil əyalətində 175 qızıl mədəni mövcuddur. Bunların arasında Sarxanlı, Muil, Meşgin mədənləri də var. Hazırda Dostbəyi qızıl mədəni farslar və ingilislərə məxsus "Persian Gold" və "PLS" şirkəti tərəfindən birgə işlənilir. Onlar işə 2004-cü ildən başlayıb. Bu şirkətlər adı çəkilən və çəkilməyən mədənlərdə gördükləri işin hesabına beynəlxalq aləmdə də tanınıb. Beləliklə, Tehran hakimiyyəti İranın neft və təbii qazına etinasızları qızılla şirnikləndirməyə çalışır.ayna
18 Ekim 2008 Cumartesi
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder