Olmayıb, olmayacaq da! Çalışın, nəyin müqabilində olursa olsun, vətəninizi satmayın...
Dəfələrlə mətbuatda İran televiziyalarının Azərbaycanda yayımlanması barədə müxtəlif səpkili məlumatlar, yazılar dərc edilib. Ümumilikdə götürəndə bu, ictimaiyyətin böyük hissəsini narahat edən məsələdir. Ona görə ki, rəsmi Tehran nə qədər inkar etsə də, İran telekanallarının əsas və başlıca məqsədi Azərbaycan ictimai mühitinə nüfuz etmək və bu yolla istəklərini reallaşdırmaqdır.
Belə ki, İran telekanallarında ölkəmizdə baş verən əksər siyasi hadisələr əks edilir və onlara özlərinə məxsus tərzdə şərh verirlər. Məsələn, götürək "Sahar" telekanalı və "Kompas" verilişini. İlk baxışdan bu, sadə azərbaycanlılar üçün müstəqil telekanal təsiri bağışlaya bilər. Çünki burada Azərbaycan telekanallarının toxunmadığı bəzi məqamlara diqqət ayırırlar. Ki, bu da birbaşa molla rejiminin maraqları çərçivəsində olan məsələdir. Qeyd edək ki, "Kompas"ın efirində dünyanın müxtəlif ölkələrindən - Almaniyadan, Rusiyadan, Norveçdən Azərbaycanı tərk etmiş həmvətənlərimizin zəngləri qəbul edilir. Ən üzücü hal orasındadır ki, Bakıdan, daha dəqiq desək, Nardaran və Maştağa qəsəbələrindən də "Sahar" telekanalına zəng edənlər tapılır. Elə ötən həftə də adıçəkilən qəsəbələrin bir neçə sakini telefon açıb Azərbaycan barəsində həqiqətəuyğun olmayan ifadələr işlədiblər. Onlar İran rejiminə şikayətlənirlər ki, Azərbaycanda məscidlər bağlanır, guya din-iman əldən gedir və bu kimi digər uydurmalar. Daha anlamaq istəmirlər ki, bu dövlətin aiddiyyəti üzrə orqanları var və onlar lazım bilmədən əsla və əsla məscidin bağlanmasına razılıq verməzlər. Bundan başqa, Azərbaycanda din-iman necə əldən gedir ki, hacıların, məşədilərin, kərbalayilərin sayı durmadan artır. Gənclərin nəzərəçarpacaq hissəsi İslama maraq göstərir və əsl müsəlman kimi yaşayır. Din necə əldən gedə bilər ki, bu gün böyük bir qisim kəlmeyi-şəhadəti, fatihə surəsini əzbər bilir. Yox, əziz qardaşlar, əlhəmdürillah Azərbaycanda din də var, İslam da var. Sadəcə, sizlərdən bəziləri müəyyən səbəbdən, bəlkə də bilmədən İranın Azərbaycana qarşı apardığı efir siyasətinin kiçik fiqurlarına çevrilirsiniz.
Qeyd edək ki, "Sahar" telekanalında Azərbaycandakı siyasi, sosial-iqtisadi problemlər birbəbir müzakirə olunur, Bakı və ətraf rayonlarla canlı efir təşkil olunur. Efirə qoşulan şəxslər isə molla rejiminin mahiyyətini unudub ölkədə baş verənləri şişirtməklə səsləndirirlər. Azərbaycanda baş verən hadisələr şərh olunarkən ilk baxışda elə təəssürat yaranır ki, rəsmi Tehran halımıza acıyır və vəziyyətin düzəlməsində maraqlıdır. Amma əslində, İran bu yolla Azərbaycanda aranı qarışdırmaq, ölkədə narazıların sayını artırmaq niyyətindədir. Məsələn, əgər ölkədə korrupsiyanın vəziyyətilə bağlı mövzu müzakirə edilirsə, aparıcı rəsmi Bakının ünvanına müəyyən atmacalı sözlər işlədir. Canlı efirə qoşulan şəxs də bundan ilhama gəlib ağına-bozuna baxmadan ağzına gələni danışır...
İranlının Azərbaycanın ünvanına sərt ittihamlarla çıxış etməsini müəyyən mənada başa düşmək olar. Necə də olsa, tarixi düşmənçilik və mövhumançılıq özünü biruzə verməlidir. Amma "mən azərbaycanlıyam" deyən, həmçinin dövlətin mənafeyini güddüyünü iddia edən birisinin ölkəsi haqda alçaldıcı kəlmələr işlətməsi heç cür başadüşülən deyil. Maraqlıdır, görəsən, "Sahar" telekanalına telefon açan hacı, kərbəlayi, məşədi və digərləri anlamırlarmı ki, İrandan Azərbaycana dost olmaz, olmayıb və olmayacaq. Əgər rəsmi İran bizlərə belə can yandırırsa, onda nə üçün Cənubi Azərbaycandakı soydaşlarımıza göz verib işıq vermir? Nə üçün 35 milyondan artıq azərbaycanlının öz dilində təhsil almasına imkan vermir? Niyə molla rejimi hər vəclə çalışır Azərbaycanda təriqət ayrı-seçkiliyi salmaqla nifaq yaratsın? Əgər Tehran Bakıya dost deyirsə, onda nə üçün Azərbaycanın 20 faiz torpağını işğal etmiş Ermənistana hər növ yardım göstərir və İrəvanın ayaqda qalmasına çalışır? Çox hörmətli hacılar, məşədilər və kərbəlayilər, bu kimi sualların sayını artırmaq olar. Ancaq inanmıram ki, bu suallara məntiqli izah verən tapılar. Çünki hər şey gün kimi aydındır. Yəni, dəyişən heç nə yoxdur, dövlətlər və onların maraqları eynilə qalmaqdadır. İran heç vaxtı razı olmaz ki, 1813 və 1828-ci illərdə böyük bir hissəsini mənimsəmiş Azərbaycan güclü və nəhəng dövlət olsun. Odur ki, hər vəclə çalışır ki, Azərbaycanın üzünə gülüb ayağının altını qazsın. Sizlərsə, çalışın, nəyin müqabilində olursa-olsun, vətəninizi satmayın!
Cavid MEHDİSOY Gündəlik Bakı
3 Haziran 2009 Çarşamba
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder