“MOSSAD” BAKINI NƏZARƏTƏ GÖTÜRDÜ
İsrail prezidentinin səfəri ilə bağlı sensasion məlumatlar
İran generalı İsrailin Azərbaycandakı səfirliyini bağlamağa çağırdı
İsrail prezidenti Şimon Peresin Bakıya bu ay baş tutacaq səfəri ilə bağlı fövqəladə təhlükəsizlik tədbirləri həyata keçirilir. Redaksiyamıza mötəbər mənbələrdən daxil olan informasiyaya görə, İsrailin kəşfiyyat orqanı “Mossad” bir qrup yüksək rütbəli və xüsusi peşəkarlığa malik əməkdaşını Peresin səfəri ilə bağlı təhlükəsizlik tədbirlərini həyata keçirmək üçün Bakıya ezam edib. “Mossad” əməkdaşlarından ibarət qrup Bakıya ötən həftə gəlib və İsrail prezidentinin səfəri zamanı həyata keçiriləcək təhlükəsizlik tədbirlərində iştirak edir.
Bəlli olduğu kimi, İsrail prezidentinin, baş nazirinin və digər yüksək rütbəli dövlət rəsmilərinin xarici səfərləri zamanı onların təhlükəsizliklərinə “Mossad” cavabdehlik daşıyır. Bu baxımdan Peresin səfəri ilə bağlı “Mossad”ın öz əməkdaşlarını Bakıya ezam edəcəyi gözlənilən idi. Lakin mənbə bildirir ki, Bakıya gələn qrup kifayət qədər böyükdür və müxtəlif müasir texniki vasitələrlə təchiz olunublar. Bu da Azərbaycanın İranla qonşu olmasından, Tehranın Bakıdakı İsrail səfirliyinə qarşı dəhşətli terror planının üstünün açılmasından və həmin planı həyata keçirməli olan terrorçuların Peresin səfəri ərəfəsində məhkəmə qarşısında dayanacaqlarından, habelə bu ölkənin səfərlə baglı kəskin reaksiyasından qaynaqlanır.
Mənbə bildirir ki, “Mossad” qrupu olduqca məxfi işləyir və hətta ölkənin Daxili İşlər Nazirliyinin rəhbərliyi belə onların nə iş gördükləri haqda məlumat almaq səlahiyyətində deyil. Qrupun məqsədi Azərbaycan xüsusi xidmət orqanlarından İsrail prezidentinin təhlükəsizliyini təmin etmək üçün ayrılan xüsusi səlahiyyətli əməkdaşlarla birlikdə Peresin səfəri ərəfəsində Bakıda əməliyyat şəraitini öyrənmək, yarana biləcək hər hansı təhlükə barədə əvvəlcədən məlumatlar əldə etmək və preventiv tədbirlər həyata keçirməkdir. Həmçinin qrupun bir hissəsi Peresin səfəri zamanı onun mühafizəsinin bilavasitə təmin edilməsində yer alacaq. Məlumata görə, İsrail prezidentinin səfəri ilə bağlı bütün informasiyalar məxfi saxlanılır və Peresin Bakıya nə vaxt gələcəyi səfərdən cəmi bir gün əvvəl açıqlanacaq. Mətbuatda gedən məlumatlara görə, Peres Bakıya iyunun ortalarında gəlməyi planlaşdırır, ancaq dəqiq vaxt məlum deyil. Onu mayın əvvəllərində Praqada İsrail xarici işlər naziri Avidqor Libermanla görüşü zamanı prezident İlham Əliyev dəvət edib. Ancaq İsrail Azərbaycanla münasibətləri gücləndirməkdə maraqlı olduğuna görə Peres özü də bu səfərlə bağlı təşəbbüs irəli sürə bilərdi.
Xəbər verildiyi kimi, İran İsrail prezidentinin Bakıya dəvət olunmasına sərt reaksiya verib. Özü də Tehran bu etirazını diplomatik və ya siyasi kanallarla deyil, ordu komandanı səviyyəsində ifadə edib. İran ordusunun Baş Qərargah rəisi general Həsən Firuzabadi bildirib ki, Peresin Bakıya dəvət olunması müsəlmanlara qarşı xeyirxahlıq deyil və Tehranla münasibətlərə zərbə vurur. Dünən İran mənbələri Firuzabadinin İsrail-Azərbaycan əlaqələrinə dair yeni açıqlamasını yayıb. Bildirilir ki, general Azərbaycan və Türkmənistanı öz ərazilərindəki İsrail səfirliklərini bağlamağa çağırıb. Firuzabadi ölkənin Əfqanıstanla sərhəd Zahidan şəhərində ötən həftə şiə məscidinin partladılmasına görə İsrail və Britaniyanı ittiham edib. O deyib ki, terror hücumunu həyata keçirənlər Britaniya tərəfindən dəstəklənən sünni qruplaşmasının üzvləridir. Generala görə, İsrailin Bakıdakı səfirliyi bu ölkənin insanlarına qarşı qəsdlər hazırlayan casusların məskənidir. Göründüyü kimi, İran Azərbaycanın İsraillə güclənməkdə olan münasibətlərindən xeyli narahatdır və bu ölkədən Peresin səfəri ilə bağlı istənilən təxribat gözlənilə bilər.
Mötəbər mənbələrdən bildirildiyinə görə, İran Azərbaycan tərəfini Peresin səfərinin münasibətlərdə problem yaradacağı haqda diplomatik kanallarla xəbərdar edib. Lakin bu dəfə Azərbaycan rəhbərliyi İranın hədələrinə və reaksiyasına görə geri çəkilmək fikrində deyil və belə görünür ki, İsraillə ortaq maraqlara əsaslanan münasibətləri genişləndirməkdə qərarlıdır.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder