Azərbaycan Türklüyünün məğlubiyyət səbəbləri və Güney Azərbaycan milli hərəkatı
Yüzillər boyu böyük dövlət quruculuğuna malik Azərbaycan Türk millətinin parçalanaraq etnik qrup ("minority group") durumuna gətirilməsinin və Güney Azərbaycanın milli hüquqlarından məhrum bir vəziyyətə salınmasının əsas səbəbləri tarixi reallıqlarla izah edilməlidir. Tarixçi tarixi hadisələrə obyektiv yanaşmalı, mənsub olduğu millətin başına gələnləri şəffaf şəkildə araşdırmalı və nəticəsini cəmiyyətə ötürməlidir. Tarixçiləri siyasiləşmiş cəmiyyətlərdə normal inkişafın baş verməsi və ədalət anlayışının formalaşması qeyri-mümkündür. Biz Güney Azərbaycanlılar bunun başqa bir formasını indi İran adlanan ölkədə yaşayırıq. Törədilən cinayət və kütləvi qırğınları, qəsd və təcavüzləri ört-basdır edərək olmayan İranın əski böyüklüyündən yazan, 200 illik tarixini açıb göstərməkdə aciz olan, amma 2600 il bundan öncə olub-olmayan Kuruşun (Kirin) "İnsan Hüquqları xartiyasını" şərh eləyən "tarixçi"lərin səyi nəticəsində bu gün İranda hakim etnos olan fars toplumunun zehniyyətində-şüuraltında hakim-məhkum (əxlaqi və insani dəyərlərə uymayan, eybəcər, ədalətsiz) anlayışı hakim kəsilib. Farslarda formalaşmış yanlış və qərəzli anti- türk, anti- Azərbaycan təsəvvürü təkcə öz cəmiyyətlərini deyil, həm də bölgədəki qeyri- fars millətlərini də fəlakətə sürükləyir. Görəsən, bu bəşəri təhlükə qaynağı olan anlayış sistemi kimə lazımdır? ...İndi "İran" adlandırılan ərazidə yüzillər boyu Azərbaycanlıların hakimiyyəti dövründə heç bir millətə rənginə, dilinə, inancına görə xor baxılmayıb, hətta daha səmimi münasibət göstərilib. Azərbaycan türklərinin hakimiyyətdə olduqları müddətdə heç bir xarici güc ölkəyə ağalıq etmək iqtidarında olmayıb. Heç kim iddia edə bilməz ki, mövcud teokratik quruluş əsarətdə yaşayan millətlərin öz iradələrinin məhsuludur. Bu sistem bölgəyə sırınmış, beynəlxalq qanunlara uymayan qeyri-leqal forpost quruluşudur. Reallıq fars cəmiyyətinin bir hissəsinin mənafeyinə uyğun olsa da, böyük əksəriyyətini digər qeyri-fars millətlərilə bərabər fəlakətə aparır. İran adlandırılan ərazidəki problemlərin mahiyyətinə diqqət yetirdikcə bu günki düzənin zəruriliyini inkar edən çoxlu sayda suallarla qarşılaşırsan. Əcəba, yüzillər boyu paytaxtı Təbriz şəhəri olmaqla dövlət qurub yaradan azərbaycanlıların bir anda məğlub və məhkum duruma düşməsi təsadüfdür? Görəsən fars toplumu bu böyüklükdə çevrilişə qadir idi? Qətiyyən yox! Tarixi hadisələrə ötəri baxış Azərbaycan dövləti 12-ci yüzilliyin sonlarından Avropa ilə diplomatik əlaqələrə girərək müstəqil dövlət kimi münasibətlərini inkişaf etdirirdi. İki qardaş - Osmanlı ilə Səfəvilər arasında 16-17-ci yüzilliklərdə qanlı müharibələr baş versə də, qısa bir zamanda hər iki dövlət ağıllı tədbirlərlə bu qarşıdurmaya son qoydular. Bununla da Səfəvi dövləti Hindistanda möhkəmlənməkdə olan İngiltərədən özünü qorudu. Amma 18-ci yüzilin əvvəllərindən İngiltərə "Məmalike-məhrusədə" türklərin hakimiyyətdə olmasını potansial təhlükə saydığına görə fars azlığının içində yetişdirdikləri fiqurlarla fars əyan-əşrəflarından ibarət dövlətin qurulmasına təşəbbüs göstərdilər. Səfəvilərdən sonra güclü hərbi dövlət qurmuş Böyük Nadirin Osmanlılarla qardaşlıq münasibəti İngiltərəni qıcıqlandırırdı. İngiltərə Azərbaycan Türk dövlətinin yerində satqın fars əyan-əşrəflarından ibarət qondarma fars dövlətinin yaradılması niyyətini həyata keçirmək üçün hərəkətə başladı. İngilislər bu planlarını bütövlükdə ölkədə olmasa da Cənubda və Hindistan sərhədi yaxınlığındakı Fars və Bəluç ərazilərində reallaşdırmağa çalışırdı. Bu gün bizə milli "dövlət qurucusu" kimi təqdim olunan, "rəiyyətin vəkili" (vəkilülrüəya) ləqəbi verilmiş Şirazlı Kərim xan Zənd bu fiqurlardan yalnız biri idi. İngiltərənin bu planı da tezliklə Böyük Ağa Məhəmməd Xanın yenilməz iradəsi qarşısında iflasa uğradı. Kərim xan Zənd yolkəsməkdə ittiham edilərək layiqli cəzasını aldı. Rusiyanın 19-cü yüzilin əvvəllərindən böyüməsi, müstəmləkəçi İngiltərəni dəhşətə salan Napeleon yürüşləri "Məmalike-məhrusəni" bu üç, əsasən hərbi cəhətdən yüksək inkişaf etmiş imperatorluqların hərbi və diplomatik çənbərinə saldı. İngiltərə Hindistanı qoruyub saxlamaq məqsədilə "Məmalike-məhrusəni" Hindistanın ön cəbhəsinə döndürməyə çalışırdı. Bu isə ağır dövrün başlandığına işarəydi. Güc nisbətinin müqayisəedilməz dərəcədə ingilis-fars birliyinin xeyrinə olması Azərbaycan türklüyünün tənəzzülünə gətirib çıxardı. Azərbaycan-Rusiya savaşları zamanı İngiltərə "Məmalike-məhrusə" ilə 1814-cü ildə imzaladığı "Qarşılıqlı yardım haqqında" anlaşmanın 3 və 4-cü maddələrini pozaraq baş verənləri kənardan seyr etməsi nəticəsində Azərbaycanın parçalandı. Nəticədə "Gülüstan" (1813) və "Türkmənçay" (1828) sülh müqavilələri imzalandı. Bununla da Azərbaycanın ən fəlakətli günləri başladı. Azərbaycanın parçalanması "Məmalike-məhrusə"də Türklərin sayca azalmasına və gücünün bölünməsinə gətirib çıxardı. Bu da İngiltərəni farsları hakimiyyətə gətirməklə bölgəni ələ keçirmək niyətini gerçəkləşdirməyə sövq etdi. Azərbaycanlılar istər Quzeydə, istərsə də Güneydə bu məğlubiyyətlə razılaşa bilmirdilər, ona görə də savaş zamanı canla-başla döyüşürdülər. Savaşdan sonra Quzeydə partizan döyüşlərinin onminlərlə iştirakçısı müxtəlif yollarla mərkəzə döndülər. Böyük Abbas Mirzə onları dövlət idarələrində, xüsusilə orduda işə cəlb etdi. Quzeydən gələnlərin arasında 14 il ölkəyə Sədrəzəmlik eləyən nümayəndələr də az deyildi. Buna İrəvanda doğulmuş Hacı Mirzə Ağası adıyla anılan Müslüm oğlu Mirzə Abbas bariz nümunədir. Böyük sərkərdə Abbas Mirzə ölkə içindəki fars xainlərinin əməllərinə son qoymaq məqsədilə dövlət orqanlarını Azərbaycan türklərinə tapşırdı. Nə yazıq ki, islahatları həyata keçirə bilmədən 1833-cü ildə qəfildən həyatını dəyişdi. Bu Azərbaycan türkünün böyük liderini itirməsi demək idi. Mirzə Abbasdan sonra cəsur hərbçi oğlu Mirzə Məhəmməd 1834-cü ildə həyatını dəyişən Fətəli şahın yerində oturdu. Atasının islahatlarını həyata keçirmək məqsədilə atasının seçdiyi dövlət adamlarıyla birgə Tehrana yürüdü. Bununla da cənubda (Gəngər körfəzi ətrafında) və Tehranda İngiltərənin yetirmələri olan fars ziyalılarıyla Mirzə Məhəmməd şahın ətrafında cəmləşən və ölkəni idarə eləyən müstəqil Azərbaycan dövlət adamları arasında ixtilaflar başladı. Elə buradan da fars-türk davasının növbəti mərhələsi başlandı. Azərbaycanın aşağıdan yuxarıya deyil, yuxarıdan aşağıya, yəni paşalar və əyan-əşrəflərin başladığı Milli Hərəkatın əsası qoyuldu. Yeri gəlmişkən, ötən 100 ildə şərqdə qurulan dövlətlərin taleyi əsasən yuxarıdan başlayan hərəkatlarla müəyyənləşib. Azərbaycanlıların yuxarıdan başlatdıqları Böyük Milli Hərəkat "Məmalike-məhrusə"ni əhatə etdiyindən İngiltərənin maraqlarına zidd olmuş və türklər ingilis imperializmi ilə döyüşməli olmuşdur. Qeyd etmək yerinə düşər ki, paniranist, "pəhləvi" sözünü soyadı olaraq mənimsəmiş, amma buna görə Rza xanın tənbeh etdiyi Mahmud Mahmudun Məşhur səkkiz cilddən ibarət "İranla İngiltərənin siyasi əlaqələri tarixi" əsərində bu haqda geniş məlumat vardır. Həmin kitabın 629-cu səhifəsində yazılır: "Fətəli şahın hakimiyyətinin axırlarında Mirzə Abbasın ətrafında birləşən Azərbaycanın dövlət adamları bütün ölkə ərazisində geniş fəaliyyətə başladılar. Tehrandakı bəzi fars dövlət adamları isə onlara müxalifətdə dayandılar. Bu ixtilaf böyüdü və Tehran dövlət adamlarıyla Azərbaycan dövlət adamlarının davaları axırda fars-türk davasına çevrildi". Həmin kitabın son bölməsində isə qeyd olunur: "İngiltərə məmurları Azərbaycan dövlət adamlarına şiddətlə müxaliflik edir, farsları isə birmənalı şəkildə dastəkləyirdilər. İngilislər Tehran dövlət adamlarına tehranlı deyil, "fars dövlət adamları" deyə xitab edirlər və bildirirdilər ki, əsl iranlılar farslardır və gərək onların özlərinin cənubda müstəqil dövlətləri olsun". Farsları birmənalı şəkildə İngiltərə, türkləri isə əsasən hökumət dəstəkləyirdi. Burada ruslarla əməkdaşlıq eləyənlər də az deyildi, amma onlar həlledici rol oynamırdılar. Bu proses 1848-ci ilədək, yəni Mirzə Məhəmməd şahın vəfatına qədər sürdü. Hakimiyyətə gələn Nəsrəddin şah özüylə Təbrizdən yeni Türk və Türk tərbiyəsilə yetişmiş kadrlar gətirdi ki, bunlardan biri sonralar Əmir Kəbir adıyla tarixə düşən aşçı oğlu Mirzə Tağıxan Fərahani idi. Yuxarıda adı çəkilən kitabda Əmir Kəbirin Azərbaycandan gələn dövlət adamları içində ən seçilən və ən bacarıqlılarından biri olduğu göstərilir: "Nəsrəddin şah onu Sədarətə (hökumət başçısı, Sədrəzəm) təyin etmək üçün gətirmişdi". İngiltərə fars bölgələrində hər cür nifaq və qarışıq salmaq üçün əlindən gələni əsirgəmədi. Fars din adamlarından bir neçəsi müxtəlif zamanlarda "İmami Zaman" iddiasında oldular. Amma bunlar hakimiyyəti sarsıda bilmirdi. Əmir Kəbirin qətlindən sonra farslarda canlanma müşahidə olunmağa başladı. Hakimiyyətə təzyiqlər artdı. İngiltərə 1871-ci ildə Azərbaycan türk dövlətinə qarşı təzyiq vasitəsi kimi ölkədə, özəlliklə də Azərbaycanda ərzaq böhranı yaratdı. Möhtəkirlərin vasitəsilə ərzağı Şərqə doğru yönəltdi, sonra da iki ölkə arasında bağlanmış anlaşmaya əsaslanaraq hökumətin başqa ölkədən ərzaq məhsulları idxal etməsinə qarşı çıxdı. Özü isə bilərəkdən ərzağın gətirilməsini gecikdirməyə başladı. Bu ümumi aclıq dövrünün dəhşət və fəlakəti Zəncanlı Qızılbaş Şeyx İbrahimin xatirələrində öz əksini tapıb. Ərzaq böhranı zamanı ölkə əhalisinin üçdə biri həlak oldu. İngiltərənin bundan əsəs məqsədini isə aşağıdakı kimi sıralamaq olar: 1. Bəlucistanın böyük hissəsinin İngiltərəyə həvalə edilməsi; 2. Himayəsində olan fars siyasətçisi Mirzə Ağaxan Nurinin Sədarətə (Sədrəzəmliyə) təyin edilməsi; 3. Yeni anlaşmaların imzalanması üçün şahın İngiltərəyə yola düşməsi. Bu aclıq fəlakəti və əyan-əşrəfın iradə zəifliyi üzündən tələblər dolayısıyla yerinə yetirildi. Beləki Şah Nurini sədrəzəm məqamına gəlməsinə razılıq verdi. O isə Bəluçistanın böyük hissəsinin İngiltərəyə verilməsini əks etdirən sənədi imzalayaraq öhdəliyini yerinə yetirdi. Amma az sonra Nəsrəddin şah Nurinin xəyanətinə dözməyib onu Sədarətdən uzaqlaşdırdı. Nə yazıq ki, o zaman azərbaycanlıların öz içinə də çaxnaşmalar düşmüşdü. Nəhayət, İngiltərə çoxdan düşündüyünə-islahatların, yeniləşmənin, müasir həytın qurulması, cəmiyyətə azadlığın verilməsi və digər bu kimi boş şüarlarla məhz Azərbaycanın öz içinə, yəni ölkənin ürəyinə nüfuz etməyə nail oldu. Bununla da Azərbaycan cəmiyyətini olaraq ikiyə böldü. Türk paşa və əyan-əşrəflərı bir tərəfdə, sadə xalqla Avropada təlim almış gəncləri isə digər tərəfdə qarşı- qarşıya qoyuldular. Ticarət azadlığının və islahatların aparılması məqsədilə İngiltərə səfirliyinin həyətindən başlayan Məşrutə Hərəkatı İngiltərənin Rusiya ilə birlikdə ölkənin iki nəzarət bölgəsinə bölünməsilə bağlı 1907-ci il anlaşmasının imzalanmasından az sonra sistemin tamamilə çökdürülməsinə yönəldildi. O dönəmdə Azərbaycanın Məşrutə hərəkatının qan içində boğulmasında Qacar tərəfdarları olan Azərbaycan dövlət adamlarının rolu az olmamışdı. Məsələn Əmir Ərşədin Azərbaycanda əmniyyət yaratmaq təşəbbüsü buna nümunədir. Xiyabaninin "Təcəddüd" (yeniləşmə, çağdaşlaşma və renesans) hərəkatı burada istisnalıq təşkil edir. Xiyabani bir mübariz mütəfəkkir kimi həm İngiltərənin, həm də Rusiyanın himayəsini qəbul etmədi. Hətta "nə rus, nədə ingilis, millət olaraq yalnız özümüz" devizinə dayanaraq son damla qanınadək döyüşdü. Qacar tərəfdarları hakimiyyəti İngiltərənin əmirqulu olan fars məmurlarından qorumağı üstün tuturdu. Avropada təhsil almış ziyalıların və bəzi əmirqulu olanların idarə etdikləri hərəkatın iştirakçıları olan sadə türk cəmiyyəti isə aclığı, səfaləti, yoxsulluğu, işsizliyi, qəddarlığı, ziyalısı isə özünü izhar etməyi, fərdi hüquqlarından yararlanmağı və ortaçağ despotizminə son qoyulmasını və çağdaş demokratik cəmiyyətin qurulmasını əsas tuturdu. Bu isə həm millət olaraq ikiyə parçalanmış, həm də Güney Azərbaycan olaraq ağasıyla rəiyyəti ikiyə bölünmüş Azərbaycan üçün böyük fəlakətə çevrildi. Bu paradoks bütün şərq cəmiyyətlərinə xas problemdir. İngiltərə Qacar türk dövlətinə son zərbəni Azərbaycanda kütləvi qıtlığın yaradılmasıyla vurdu. Maraqlıdır ki, bu kütləvi qıtlıqla bağlı ancaq o dövrü yaşamış qocalardan başqa, 2003-cü ilədək heç bir mənbədə bir hər hansı məlumat tapmaq mümkün deyildi. ABŞ vətəndaşı, doktor Məhəmmədqulu Məcid ilk dəfə olaraq Birləşmiş Ştatların Milli Sənədlər Mərkəzinin (NARA) qaynaqlarına dayanaraq yazdığı "1917-1919-cu illərdə İranda aclıq və soyqırım" adlı kitabında bu aclığın dəhşətli üzünü açır. Qıtlıq dövründə 8-10 milyon civarında insan aclıqdan və xəstəliklərdən həlak olub. Məhəmmədqulu Məcid əsas günahkar kimi İngiltərəni göstərir, İngiltərənin bu cinayəti ölkəyə tam sahiblənmək üçün həyata keçirdiyini yazır. Həmin qıtlıqda İngiltərə 1871-ci ildə olduğu kimi Qacar dövlətinin başqa bir ölkədən ərzaq idxal etməsinə mane olmuşdur. Qıtlığın ardından, 21 fevral 1921-ci il çevrilişi həyata keçirildi, Azərbaycan Qacar Türk dövlətinin ömrünə faktiki şəkildə son qoyuldu. Tövlə qoruqçusu, Rza Mirpənci və ya "aslan cildinə girmiş eşşək" Rzaxanı modernləşmə tərəfdarı kimi aclıqdan çıxmamış bədbəxt camaata sırıdılar. İngiltərə ilə Rusiya arasında bağlanmış gizli 1907-ci il müqaviləsini Qacarların son şahı - formal olaraq taxtda oturan Əhməd şahdan rəsmi şəkildə imzalanması tələb olundu. Əhməd şah isə "bu anlaşmanı imzalayıb şah olmaqdansa, "Fransa küçələrində ləbləbi-çuğundur satmaq daha şərəflidir" ifadəsini işlədərək sənədi imzalamaqdan imtina etdi. Xatırladaq ki, həmin ərəfədə ABŞ-ın Tehrandakı səfiri və digər əməkdaşları ictimaiyyətin gözü qarşısında gülləndilər və ABŞ diplomatlarını rəsmən ölkədən çıxardılar. Yəni, həmin dövrdə ABŞ-ın bizim millətə heç bir ziyanı dəymədi, hətta Məşrutə Hərəkatının qızğın vaxtlarında Təbrizdə amerikalı müəllim Baskrovill kimi insansevər şəxslər şəhid oldular. Rusiya və İngiltərə arasında 31 avqust 1907-ci il anlaşması ölkəni Quzey-Güney adlandırılan hissələrə böldü. Bu nüfuz bölgüsü Qəsre Şirin şəhərindən başlayaraq İsfahan, Yəzd, Sərəxsdən keçərək Əfqanistanın Xaf şəhərinə qədər uzanırdı. 21 Fevral 1921-ci ildən ölkə birbaşa faşist farsların idarəçiliyinə buraxıldı. Burada bir məqamı da vurğulamaq istərdim: Güney Azərbaycan türklərinin başına gələn bu fəlakətlərin əsarətdə olan digər xalqlarla müqayisədə özünü qabarıq şəkildə göstərən fərqi var. Azərbaycan türk milləti böyük dövlət ənənəsinə malik olan və dünyanın ən nəhəng müstəmləkəçi dövləti olan İngiltərə ilə 400 il və Rusiya ilə 100 il müddətində həm özünün, həm də hakimiyyəti altında olan digər qeyri-türk topluluqlarının o, cümlədən farsların müstəqilliyini, mənliyini, kimliyini, namus və heysiyyətini qorumaq üçün daim savaşda olublar. Həmin bu savaşlarda ən ağır itkiləri də yenə Azərbaycan, özəlliklə də Güney Azərbaycan türkləri verib. Buna baxmayaraq, hakimiyyətə gələn Rza Mirpəncin dövründən türklər inanılmaz vəhşiliyə məruz qaldılar ki, həmin siyasət hələ də davam edir. Yəni, Azərbaycan türkləri olmasaydı, 19-cu əsrdə Orta Asiya türkləri farsları kölə kimi alıb-satmaqla sonlarına çıxacaqdılar. Ikinci Dünya Müharibəsi dövründə əsarətdəki xalqların xilası üçün müəyyən şərait yarandı. Amma əsarətdəki xalqların nümayəndələri yenə aldandılar. Bu bölgədə İngiltərə ilə ittifaqda ABŞ-a qarşı çıxan Rusiyanın kommunist hakimiyyətinin, "sosializm"in qurbanına çevrildilər. 1945-1946-ci illərdə Sovet Rusiyasının düşünülmüş siyasəti və xəyanəti nəticəsində məğlub olan millətimiz Tehranın faşist rejiminin törətdiyi soyqırıma məruz qaldı. Onminlərlə fədaimiz isə sürgünlərdə həlak oldu. Maraqlıdır ki, araşdırmaçıların əksəriyyəti bu dəhşətli qırğında Sovet Rusiyasının adını hallandırmadan Birləşmiş Ştatları qınadılar. İkinci dünya müharibəsindən sonra ABŞ üçün ölkədəki mövcud quruluş daxilində məhdud fəaliyyət imkanı yarandı (Həmin ərəfədə ABŞ-ın "Marşal planı"ndan İngiltərə ən çox maliyyə yardımı alan ölkə idi). İran adlanan ölkədə sol qruplaşmalar sovet Rusiyasının, konservativ-dini kəsim isə İngiltərənin ictimai dayaqlarını təşkil edirdi. Amma ABŞ burada yenidən öz dolları hesabına özəl sektorda ictimai dayağını yaratmağa başladı. Burada əsasən milli məzhəbilər və liberallar əsas rol oynayırdı. 1950-ci illərdən sonra qurulan sənaye fabrikləri əsasən ABŞ maliyyələşdirmişdir. İranın sənaye inkişafına nə Rusiyanın, nə də İngiltərənin hansısa ciddi bir xidməti dəyməmişdir. Onlar nüfuz dairələrinə böldükləri ərazini daha müti etməyə çalışırdılar. ABŞ 1960-ci illərdə şahın "Ağ inqilabı"nı himayə etdi. Amma ölkədə insan hüquq və azadlıqlarının pozulmasını əsas gətirərək faşist fars rejiminə təzyiqlərini artırdı. İran adlanan ərazidə ümumi narazılıqlar ölkənin kommunizm blokuna yuvarlanması ehtimalının güclü olmasından qaynaqlanırdı. Məncə, burada ABŞ yenə tələsmişdi. Molla faktorundan ictimai dayaq kimi istifadə edən İngiltərə, fəhlə partiyalarından yararlanan Rusiya bir addım irəlidə idi. Bu çəkişmələrin nəticəsində İngiltərənin yetişdirdiyi Xomeyni əsas rolu oynayaraq, 1979-cu il çevrilişindən zəfərlə çıxdı. İngiltərənin molla kadrları hakimiyyəti ələ keçirdikdən dərhal sonra ABŞ-ın ictimai dayağını təşkil edən özəl sektor milliləşdirildi. Rusiya-İngiltərə birliyi ABŞ-ın nəinki İran adlanan ölkədə, hətta bölgədəki fəaliyyətini əngəlləmək vəzifəsini Xomeyni hakimiyyətinə həvalə etdilər. ABŞ-ın birmənalı müttəfiqi olan İsraili İran İslam dünyasının birinci və bağışlanmaz düşməni elan etdi. Bir fakta da diqqət yetirək. İranın cənubdakı neft-qaz yataqlarının istismarı və ixracatı üzrə 1953-cü il anlaşması əsasında ABŞ-ın beş şirkətinin payı 40%, İngiltərənin payı ( "bp"yə 40%, "Royaldaçşel" 14%) 54%, Fransanın komisiyon haqqı isə 6% olu,. ABŞ şirkətlərinin payı 1979-cu il çevrilişi sonrası "bp" və başqa tərəfdaşlarının, o, cümlədən Fransanın neft şirkətləri arasında paylandı. Beləliklə, ABŞ şirkətlərinin fəaliyyətinə son qoyuldu. Milli hərəkatımızın yeni mərhələsi Rza şahın hakimiyyətindən başlayaraq olmazın bəla və müsibətlərinə tuş gəlmiş Güney Azərbaycan xalqı Pəhləvi rejimindən intiqam almağa çalışırdı. Amma inqilabda əsas rol oynayan Güney Azərbaycan türkləri Xomeyni hakimiyyətə gəldikdən dərhal sonra top atəşinə tutuldular və ardı-arası kəsilməyən edamlara məruz qaldılar. İnqilabdan sonra, "Xalq Müsəlman Fədailəri" və bağışlanmış solçu azərbaycanlılar, hörmətli ictimai fəalların Güney Azərbaycanın milli məsələsi üzrə mədəni sahədə fəaliyyəti yeni bir dalğanın yaranmasına təkan verdi. Amma yeni nəslin nümayəndələrinin solçulara inamı az olduğuna görə bu sahədə işlər çox ləng irəliləyirdi. Amma quzeydə Milli Azadlıq Hərəkatı, SSRİ-nin dağılması və Quzey Azərbaycanda müstəqil, hüquqi və dünyəvi dövlətin yaranması və Elçibəy faktoru Güney Azərbaycan milli hərəkatının romantik mərhələsində stimulverici amil kimi çıxış etdi. Güney Azərbaycanda paniranizmə sinə gərən həm solçuların, həm də radikal sağçıların vurduğu, ancaq ömrünü Azərbaycana həsr eləyən şəhid professor, doktor Kirişçi Zehtabi faktoru bu prosesdə önəmli rol oynadı. Bu insan Güney Azərbaycanda məfkurə baxımından yeni Milli hərəkatın əsasını qoydu. 1997-ci il az sayda millətçi dostlarla birlikdə (bu sətirlərin müəllifi də onlarla bərabər idi) professor Kirişçinin məsləhəti və iştirakıyla Babək qalasına ilk milli-siyasi yürüş başladı, 2-3 ildən sonra yürüşə qatılanların sayı milyonu aşdı. Bu, Kirişçinin dahiyanə uzaq görənliyinin nəticəsi idi. Unudulmamalıdır ki, "Ettelaat"ın hələ fəth edə bilmədiyi yeganə milli səngərimiz Babək qalasına yürüşdür. ...Milli hərəkatın əhəmiyyətini aydınlatmaq üçün İranın qlobal və regional çəkisinə, siyasi mövqeyinə aydınlıq gətirmək lazımdır. SSRİ-nin dağılması ilə qlobal siyasi münasibətlərdəki müəyyən dəyişikliklər nəticəsində ABŞ-ın gücünün bölgədə yenidən yüksək templə artması qaçılmaz idi və biz bunun şahidləriyik. ABŞ-ın xarici siyasətində əsas önəm daşıyan faktor milli mənafeyini dünyada insan hüquq və azadlıqları, demokratiya müstəvisində yönəltməkdən ibarətdir. Doğrudur, milli mənafe ilə demokratiya bəzi zamanlarda üst-üstə düşməyəndə ABŞ özünün milli maraqlarını əsas tutur. Buna baxmayaraq ABŞ yeganə ölkədir ki, demokratiyanı, insan hüquq və azadlıqlarını xarici siyasət kursunun məhvəri kimi sayır. ABŞ dünyada əsas aparıcı ölkə olmaq üçün digər super dövlətlərdən fərqli olaraq yeni və humanist metodlarla məsələyə yanaşmalıdır. Elə buna görədə 90 illik bir müddət ərzində vətəndaşların iradəsindən kənar anlaşmaların qüvvədə olduğu İran kimi çoxmillətli bir ölkənin əhalisi üçün öz müqəddəratını təyin etmək prinsipi, demokratiya və insan hüquq və azadlıqları həyati əhəmiyyət daşıyır. Məhz bu səbəbdən, ABŞ-ın bu regionda güclənməsi İranın faşist və teokratik fars rejimini, eləcə də onun himayədarlarını təşvişə salır. İranın mövcud rejiminə qarşı gerçək müxalifət yoxdur. Ona görə ki, bu dəfə Güney Azərbaycan və ölkədəki etnik qruplar öz milli mənafeləri uğrunda mübarizəni haqlı olaraq "ümumİran naminə" mübarizədən üstün tuturlar. Belə olduqda isə, rejimə qarşı müxalifəti yalnız və yalnız xalqları uğrunda mübarizə aparan millətlərin vahid cəbhəsi təşkil etməlidir. İrandakı millətlər içərisində böyük çoxluğa malik millət və daim dəyişikliklərin önündə gedən isə Güney Azərbaycan türkləridir. Milli məsələlərə söykənən müxalifətin yaranmasını daxili amil kimi məhz Güney Azərbaycan şərtləndirir. İndi bu faktor üzərində iki qüvvə çalışmaqdadır, həm paniranistlər, həm də Azərbaycançılar. Paniranistlər iki qrupa (iqtidar və müxalifət) bölünüblər, Buna baxmayaraq hər ikisi Azərbaycan məsələsində (bəzi hallar istisna olmaqla) eyni mövqedən çıxış edirlər. Bunlar Azərbaycanı olduğu kimi deyil, görmək istədikləri kimi gördürmək istəyirlər. Güney Azərbaycan türkləri isə bir millət olaraq öz müqəddəratını təyin etmək prinsipinə, insan hüquq və azadlıqlarına və eləcədə BMT-nin digər konvensiyalarına dayanaraq demokratik düzən uğrunda mübarizə aparırlar. İranın iqtidar və müxalifətinin Azərbaycanlılara yanaşmasında bəzi istisnalar onların ölkəyə baxış tərzlərindən və İranı hansı güclərin yanında görməklə bağlı mövqelərindən irəli gəlir. İndi İran hakimiyyətini idarə edən əsas teokratik qüvvə bu ərazini İngiltərə krallığından ayrı təsəvvür edə bilmir. Onların fikrincə, İranı İngiltərəsiz barış və sabitlik içində inkişaf etmiş təsəvvür etmək qeyri-mümkündür. ABŞ tərəfdarı müxalifət isə müəyyən qədər yumşaq demokratik federativ dövlət quruluşlu İranı təklif edir. Səmimi danışmaq lazımdır, belə mürəkkəb prosesdə Güney Azərbaycanı xaricdə təmsil edən soydaşlarımızın fərdi fəaliyyəti və yüzdən artıq formal təşkilatla nəyəsə nail olmaq mümkün deyil. Yaxşı olar ki, bu fəaliyyətlə məşğul olan soydaşlarımız ya QHT (NGO) tərkibində, yada müstəqil siyasi ekspert, politoloq və ya araşdırmaçı qrupları yaradıb fəaliyyət göstərsinlər. Güney Azərbaycan millət olaraq öz müqəddəratını öz iradəsilə həll etmək üçün evlərdən küçələrə, xiyabanlara, dağlara yürüməklə öz ierarxik və sistemli təşkilatını yaratmaqla bu mürəkkəb proseslərdə masa arxasına öz arxalı nümayəndəsini oturda bilər. Son söz olaraq deməliyəm ki, ABŞ-ın bu bölgədə gerçək müttəfiqlərinin artması həm əsarətdəki millətlərin, həm də yenicə müstəqilliyə nail olmuş Quzey Azərbaycan Cümhuriyyəti kimi dövlətlərin tam xeyrinədir. Quzey Azərbaycan dövləti Gürcüstan kimi açıq şəkildə NATO üzvlüyünə can atmalı və ABŞ ilə yaxın müttəfiqliyi əsas siyasi kurs kimi qarşısına məqsəd qoymalıdır. xalqcebhesi
2 Haziran 2009 Salı
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder