azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

1 Haziran 2009 Pazartesi

Iranda hələ də bığı uzun kişiləri öldürürlər

Babək Azəri: «Iranda ermənilər dini azlıq kimi bütün haqlara sahibdirlər»

Iran dünyanın, əsasən də inkişaf etmişlərin hər zaman maraqla izlədiyi ölkələrdəndir. Çünki burada tətbiq olunan qanunlar feodal dövrünü xatırladır. Müsahibim, Isveçdə yaşayan hüquqçu Babək Azəri ilə söhbətimiz isə Irandakı dini azlıqlarla bağlıdır.
- Irandakı dini azlıqlar barəsində nə deyə bilərsiniz və hansı dini azlıqlar daha əhəmiyyətlidir?
- Sünnülərdən, ələvilərdən, xristianlardan, musəvilərdən, zərdüştçülərdən, bəhailərdən savayı, digər balaca qrup şəklində olan dini azlıqların da adın çəkmək olar. Iranda sünnülər təqribən 5-6 milyon, ələvilər isə təxminən 2,5 milyon arasıdır. Sünnülər və ələvilər say baxımından çox olduqları üçün Iranda yaşayan digər azlıqlardan daha artıq əhəmiyyət daşıyırlar. Əlbəttə, dini azlıqlar barəsində dəqiq statistik məlumat yoxdur. Iran rejimi də bu barədə konkret məlumat verməkdə maraqlı deyil.
Iranın anayasasında qeyd olunub ki, Iranın rəsmi dini islamın dininə aid olan cəfəri şiə məzhəbidir və ümumi halda Iranın rəsmi dininə inanmayanlar ayrı-seçkiliyə məruz qalırlar. Burda da iki məsələni bir-birindən ayırmalıyıq. Birinci, Iranın anayasası bəzi dini azlıqlardan ad aparıb və onlarla bağlı bəzi haqları rəsmi şəkildə tanıyır. Ikincisi, Iranın anayasası bəzi dini azlıqları rəsmiyyətdə tanımır. Iranda hətta, qanunla, rəsmi şəkildə tanınan azlıqlar da ayrı-seçkiliyə məruz qalırlar. Amma, o dini azlıqlar ki, rəsmi şəkildə tanınmayıblar, onların aqibəti daha dəhşətlidir. Misal üçün, Iranda bəhailər dini inamlarına görə, uzun həbsə, işgəncəyə məruz qalıb, hətta bəzi vaxt onları öldürürlər. Hələ də onların qəbir daşlarını vurub sındırır, qəbri yerlə-yeksan edirlər. Bu qeyri-insani hal hələ də davam edir.
Iranda dini azlıqlara münasibətdə ancaq ermənilər müstəsna rol oynayırlar. Onlar dini azlıq kimi bütün haqlara və hətta mən deyərdim, bundan da artığına sahibdirlər.
Buna da əsas səbəb Iran rejiminin türklərə qarşı irqçi siyasətidir və bu siyasəti həyata keçirmək üçün erməniləri öz yaxın müttəfiqi hesab edir.
- Babək bəy, ümumiyyətlə, siz dini azlıqlar deyəndə nəyi nəzərdə tutursunuz?
- Beynəlxalq qayda-qanun əsasında hər bir azlıq gərək 4 şərtə malik ola:
1. Yaşadıqları dövlətdə hakimiyyətdə olmayalar.
2. Say baxımından əhalinin az faizini təşkil edələr.
3. Yerli olalar, yəni olduğu ölkədə bir neçə nəsil yaşamış olalar. Elə bu səbəbə görə, azlıqlarla mühacirlər arasında fərq qoyulmalıdır. Əlbəttə, bu, o mənada deyil ki, beynəlxalq qayda-qanunda mühacirlər az hüquqa malikdirlər. Misal üçün mən özüm həddi-buluğ yaşıma çatandan sonra Isveçə mühacirət etmişəm və bu ölkənin tərəqqisində və inkişafında heç bir rolum olmayıb. Bütün bunlara baxmayaraq, bir Isveç vətəndaşı kimi tam hüquqa malikəm. Bu mənim insan haqlarım sayılır.
4. Azlıq gərək din, dil, adət-ənənə və ümumiyyətlə mədəni normalarla yaşadığı ölkədə çoxluqla fərqlənə. Bu üsullar hüquq elminin əsasında yaranıb və əsas məqsəd ondan ibarətdir ki, insanlar arasında harmoniya ola.
- Bəs Iranda hansı üsullar əsasında dini azlıqlar və onların hüquqları təyin olunur?
- Iranda hakimiyyətdə olan ruhanilər şiə məzhəbinə aid olan ehkamların əsasında dini azlıqları təyin edirlər. Iranın anayasasının 12-ci maddəsində qeyd edilir ki, Iranın rəsmi dini islam dininin şiə məzhəbidir. Bundan əlavə, hənəfi, şafeyi, maliki, həmbəli və zeydi məzhəblərindən ad çəkilir. Iranın anayasasının 13-cü maddəsində xristianlar, yəhudilər və zərdüştçülər dini azlıqlar kimi qeyd olunurlar. Əgər diqqət etsəniz görərsiniz ki, Iranın anayasasında çox konkret formada həm rəsmi din və rəsmi dini azlıqlar var.
Anayasada adı çəkilməyən dini azlıqlar isə Iranda dini azlıqlar kimi tanınmırlar. Misal üçün, adamları işə götürəndə və ya ali təhsil üçün sənəd verəndə, onlar gərək yazılı formada inandıqları din barəsində məlumat verələr. Əgər onların inandığı din anayasada qeyd olunan dini azlıqlardan deyilsə o zaman onlar ali təhsildən və işləməkdən məhrum olurlar. Vətəndaşları inandıqları dini danmağa məcbur edirlər. Amma bəhailər və ələvilərin dinlərini danmağı böyük günah sayırlar. Elə bu əsasda açıq - aşkar dini inamlar barəsində məlumat verəndə, onlar dəhşətli ayrı-seçkiliyə məruz qalırlar. Əlbəttə, bəzi vaxtlar ürəkağrıdan faciələr də baş verir. Misal üçün, ələvi kişilər dini inamlarına uyğun olaraq uzun bığ saxlayırlar. Gənc ələvilər hərbi xidmətə gedəndə zorakılıqla onların bığların qırxıb, ağır psixoloji işgəncəyə məruz qoyurlar. Beləki, onları bir-birlərinə barmaqla göstərib, lağa qoyub gülürlər. Hətta bəzi yerlərdə yaşlı ələviləri də tutub zorakılıqla bığların qırxırlar və bundan sonra onlar öz evlərinə gedib, bir müddət utandıqlarından eşiyə çıxmırlar. Hətta bəzi gənc ələvilər bu psixoloji basqılara dözə bilməyib, intihar edirlər. Iran inqilabından 30 il keçsə də, Iran hakimiyyətinin nə qayda-qanununda, nə də hakimiyyəti idarə edənlərin dini təfəkküründə zərrə qədər də olsa, insana baxış dəyişməyib. Belə ki, ələvilərin bığlarının bir qədər uzun olmasını onlar özlərinə böyük problem hesab edirlər və hətta ona görə adam da öldürə bilirlər.
Bildiyiniz kimi, Hindistanda bəzi dini qruplar var, onlar dini inamları əsasında uzun bığ və saqqal saxlayırlar. Hətta başlarına əmmamə formasında bir şey də qoyurlar. Qərb ölkələrində onların bığ-saqqalına və geyim tərzinə həssasiyyət yoxdur. Bir müddət bundan əvvəl televiziyada gördüm ki, Avstraliyanın aeroportunda bir dairənin rəisi hindistanlı idi, onun uzun bığ və saqqalı və öz əqidəsindən doğan geyim tərzi vardı. Avropada yaşayan müsəlmanlar dini inamlarına görə, donuz əti yemirlər. Heç onları donuz əti yeməyə məcbur da etmirlər. Mənim yaşadığım Stokholm şəhərində müsəlmanlar xüsusi sallaqxana açıblar. Orda mal-davarı və toyuq-cücəni islam qayda-qanunu ilə kəsirlər. Bu qayda ilə kəsilmiş ətləri mağazada satarkən onun üzərinə “halal” markası vurulur.
- Bir müddət öncə xəbər yayıldı ki, Urmu zindanında gənc ələvi Mehdi Qasımzadə dara çəkilib və digər bir gənc ələvi Yunis edam hökmünə məhkum olub və hökmün icrasın gözləyir. Bu məsələyə bir hüquqşünas kimi açıqlıq gətirin.
- Mənim fikrimcə, Mehdi Qasımzadənin edamını bir dəhşətli cinayət adlandırmaq olar. Hətta mən istərdim qısa şəkildə fikrimi bu cür ifadə edim - VƏHŞILIK! Güney Milli Fəallarının çabası nəticəsində Beynəlxalq Əfv Təşkilatı Mehdi Qasımzadənin edamın pisləyib, Iran rejimindən tələb edib ki Yunisin edam hökmünü ləğv etsin.
Mehdi Qasımzadə zindanda olanda ələvilərin durumu ilə bağlı bir yazı yazmışdı. Yazı “Iranın rejiminin 25 il nəsilkəsmə siyasəti” adlanır. O, öz yazısında qeyd edir ki, ələvilər dini inamlarına xatir, mədəni, siyasi və dini zülmə məruz qalırlar, hətta onların ali təhsil almalarının qarşısı alınır. Çox təəssüf, ümumi halda ələvilərin durumu getdikcə ağırlaşır. Onlar dəfələrlə Iranın dini rəhbərinə və hökümət orqanlarına məktub yazıb və bu basqılara son qoymanı tələb ediblər. Amma Iran rejimi onların etiraz səsini eşitməkdənsə, onlara qarşı basqıları artıraraq ələvilərin Cəmxana adlanan ibadətgahlarını bağlayıb. Təqribən 5 il öncə Qoşaçayın Üçtəpə kəndində əhali mədəni formada kəndin mərkəzinə yığışıb, əllərində yazılı şüar tutaraq, Iran hökumətindən tələb etdilər ki, ələvilərə qarşı basqılara son qoyulsun. Bu dəfə də həmişəki kimi Iranın bir neçə yüz hərbi qüvvəsi kəndi mühasirəyə alıb, dinc, silahsız əhaliyə hücudilər və onlarla vəhşi kimi rəftar etdilər. Yüzlərlə insan yaralandı, 6 nəfər ələvilərdən, 2 nəfərsə hücumda iştirak edən dövlət məmurlarında olay zamanı həlak oldu.
Olayla bağlı bir neçə nəfər həbsə alındı, sonra onlardan üçünə uzun həbs və iki nəfərə, o cümlədən, Mehdi Qasımzadəyə və Yunisə edam hökmü verildi. Onlar “Allaha qarşı savaş aparmaq”da ittiham edilirdi. Üçtəpə kəndində hadisənin necə olduğu barədə bizim dəqiq məlumatımız yoxdur. Çünki Iranın hərbi qüvvəsi uzun müddət kəndi mühasirədə saxlamışdı, tərəfsiz adamlara və jurnalistlərə imkan verilməmişdi ki, hadisə yerində olub, kənara məlumat ötürələr. Ancaq Iran rejimi bəyanat verib, bildirmişdi ki, 2 dövlət məmuru və 2 nəfər ələvilərdən ölüb. Bir neçə aydan sonra ölənlərin sayının 6 nəfər olduğu məlum oldu. Amma Iran rejiminin dediyi 2 nəfər dövlət məmurunun hadisə yerində necə öldüyü barədə bu gün də dəqiq məlumat yoxdur. Milli fəalların verdiyi məlumata görə, bir neçə yüz silahlı qüvvə kəndin bir neçə tərəfindən hücum edəndə öz atəşləri nəticəsində 2 nəfər onlardan ölmüşdü. Bunlardan da əlavə, diqqət etsəniz, görərsiniz ki, Üçtəpədə yaşayan əhalinin əsas məşğuliyyəti əkinçilikdir və onlar sakit insanlardır, belə olan təqdirdə onlar heç vaxt rejimə qarşı silahlı savaş etməyiblər. Iranın kəndlərində əhalinin əlində silah yoxdur, ancaq bəzi kəndlərdə 2 və ya 3 ov tüfəngi olur. Bu tüfəngləri də almaq üçün gərək dövlətdən yazılı şəkildə icazə ola. Mən bir müddət öncə bir qəzetdə oxudum ki, Iranda 200 ailəlik bir kənddə ancaq bir şikar-ov tüfəngi var. Ondan da nə zaman istifadə olunur? O zaman ki, qış aylarında güclü qar yağır və kəndin ətrafla 3-4 ay əlaqəsi kəsilir. Bu zaman ac qurdlar mal-qaraya hücum edirlər. Ancaq bu ərəfədə tüfəng heyvanları qorumaq üçün kara gəlir. Bunu deməkdə məqsədim odur ki, Üçtəpə kəndində əhalinin 2 və ya 3 şikar tüfəngi var. Sizcə, bu az miqdarda olan yüngül silahla ağır qüvvəli çox saylı dövlət ordusunun qarşısında nə etmək olar? Əgər sən və mən Üçtəpədə olsaydıq, 2-3 şikar tüfəngi ilə meydana çıxıb, yüzlərlə sayı olan silahlı qüvvəyə hücum edərdik? Bütün bunlardan əlavə, rejim xəbər blokadası yaratmaqla və yanlış məlumat yaymaqla cinayətini ört-basdır etməyə çalışır. Iranda bir söz var, deyirlər, o adamın ki, hesabı pakdır, onun hesabat verməkdən qorxusu yoxdur.
- Siz qeyd etdiniz ki, Mehdi Qasımzadə və Yunis “Allaha qarşı müharibə” apardıqları üçün edama məhkum olunublar. Bəlkə “Allaha qarşı müharibə” ittihamını açıqlayasınız?
- Iranda cəza qanunları beş yerə bölünürlər:
1.Hüdud, yəni hədlər
2.Təzir
3. Cinayətin qarşısını alan qanunlar
4.Diyə
5.Qisas
Bunların hamısını bir söhbət əsnasında aça bilmərəm. Çünki bunlar hər tərəfli şərh tələb edən məsələlərdir. Ancaq “hüdud” məsələsinin üzərində dayanacam. “Hədlər” dini cəza qanunlarıdır ki, onların əsasında Allaha qarşı cinayət törətmiş insanlar cəzalanırlar. Allaha qarşı cinayət törədiləndə hətta dini rəhbər də o şəxsi əf edə bilməz. Iranda əgər bir fərd soyuq və ya isti silahla hakimiyyətə qarşı savaş apararsa, bu Allaha qarşı müharibə adlanır və onun cəzası ölümdür. Əlbəttə, bu Iran hakimiyyətinin əlində öz müxalifətini istədiyi vaxt vurmaq üçün bir çomaqdır. Urmu şəhərinin Imam Cüməsi Molla Həsəni öz xatirə kitabında yazır: “Inqilabdan sonra mən öz böyük oğlum Rəşidin tutulmasına səbəb oldum. Onu Allaha qarşı müharibə apardığı üçün edam etdilər. O, heç vaxt hakimiyyətə qarşı silahlı savaş aparmamışdı. Oğlum sol təfəkkürlü və rejimə qarşı idi. Mən dəfələrlə onun edamı ilə bağlı konkret məlumat istədim, amma onun dosyasını mənə verməkdən imtina etdilər”.
Bundan da əlavə, xatırladım ki, 1988-ci ildə ancaq iki ayın ərzində bir neçə min siyasi məhbusu bu ittihamla edam etdilər. Onların əksəriyyəti həbsə məhkum olmuşdular, bəziləri həbs müddətini qurtarmışdı.
Amma çox təəssüf ki, elə onlar zindanda ikən Allaha qarşı müharibə aparan damğası vurulub, zindandaca edam edildilər.
Arzu

Hiç yorum yok: