Tehranda İsrailin Bakıdakı səfirliyinə qarşı hazırlanan terrorda əli olmadıqlarini deyirlər, Livan isə hadisə ilə maraqlanır
İran təhlükəsizlik orqanlarının rəsmisi bu ölkənin xüsusi xidmət orqanlarının “Hizbullah” təşkilatı vasitəsilə Bakıdakı İsrail səfirliyini partlatmaq planı hazırladığı haqda rəsmi ittihamları qəbul etmir. İranın İSNA agentliyinin yaydığı xəbərə görə, təhlükəsizlik orqanlarının adının açıqlanmamasını istəyən rəsmisi deyib ki, bu iddialar əsassızdır və İsraildən qaynaqlanır. Xəbər verildiyi kimi, Bakıda İsrail səfirliyini partlatmağa hazırlaşarkən yaxalanan iki livanlı “Hizbullah” agenti və onlarla əlbir olan 4 Azərbaycan vətəndaşının işi üzrə aparılmış istintaq başa çatıb və ittiham aktı məhkəməyə təqdim olunub.
Məhkəmə prosesi qapalı olacaq və iyunun 10-da başlayacaq. ABŞ-ın “Los Angeles Times” qəzeti yazıb ki, terrorçu qrupun yaxalanması İsrail və Qərb xüsusi xidmət orqanlarının verdikləri informasiyalar sayəsində mümkün olub. Məlum olub ki, qrup İsrail səfirliyinin yerləşdiyi “Hyatt Park” oteli qarşısında eyni anda içərisinə yüzlərlə kiloqram partlayıcı yerləşdirilmiş 3-4 avtomobili partlatmağa hazırlaşıblar. İstintaq müəyyən edib ki, terror planının arxasında İranın İnqilab Keşikçiləri Korpusunun xüsusi təyinatlı bölməsi dayanıb.
“Los Angeles Times” qəzetinin bu məqaləsi Qərb, İsrail və Ərəb mətbuatında geniş rezonansa səbəb olub. Xüsusən İsrail mətbuatı bir neçə gündür bu mövzu haqda məqalələr dərc edir. İddiaları təkzib edən İran rəsmisi isə deyib ki, İsrail müsəlman ölkələrinin, xüsusən də qonşu ölkələrin İranla münasibətlərini korlamaq üçün cəhdlər edir. Rəsmi şəxs deyib ki, İran Azərbaycanla qarşılıqlı hörmətə, xeyirxah qonşuluğa əsaslanan münasibətlərə malikdir və iki ölkə arasında münasibətlərin inkişafına dair bu yaxınlarda İsrailin xoşuna getməyəcək hadisələr baş verib.
Həbs edilən “Hizbullah” terrorçularının İran pasportu daşıyan livanlı olması bu ölkəni də məsələ ilə maraqlanmasına səbəb olub. Livanın “The Daily Star” qəzetinin yazdığına görə, ölkənin xarici işlər naziri Fevzi Saleh deyib ki, onun hadisə ilə bağlı heç bir rəsmi məlumatı yoxdur və iki nəfər livanlının Bakıda həbs olunması haqda mətbuatdan xəbər tutub. Nazir deyib ki, Azərbaycan hakimiyyəti rəsmi kanallarla onları məlumatlandırmayıb. Saleh qeyd edib ki, Livanın Azərbaycanda səfirliyi yoxdur, lakin məsələ ilə bağlı Azərbaycan XİN-lə əlaqə saxlamağı planlaşdırır. Qəzet vurğulayıb ki, Bakıda başa çatan istintaq Livanda parlament seçkiləri kampaniyasına təsadüf edir. Gələn həftə ölkədə parlament seçkiləri keçiriləcək və bu seçkilərdə “Hizbullah”ın qalib gəlmək şansı böyükdür. Əgər “Hizbullah” seçkiləri udsa Livanda hökuməti formalaşdırmaq səlahiyyəti terrorçu təşkilata keçəcək.
Məqaləni bütöv şəkildə “Yeni Müsavat”ın sabahkı sayında oxuya bilərsiniz.
Fərhad Məmmədov
musavat
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder