azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

28 Ekim 2008 Salı

Qərb Rusiyanın Qarabağ münaqişəsinin həllində üstünlük qazanmasına yol vermək istəmir

Qərb Rusiyanın Qarabağ münaqişəsinin həllində üstünlük qazanmasına yol vermək istəmir

"ABŞ və Avropa Birliyi regionda beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsində təkid göstərəcək"
Ermənilərin işğal olunmuş ərazilərdə hərbi təlimlər keçirdikləri və bunun hücum xarakterli olduğunu bəyanladıqları bir zamanda Kremlə yaxınlığı ilə seçilən "Reqnum" agentliyi diqqət çəkən məlumat yayıb. Agentlik xəbər verir ki, erməni etnoqraf alim Qranuş Haratyan oktyabrın 25-də İrəvanda keçirdiyi mətbuat konfransında Rusiyanın Qarabağda "süni müharibəyə" başlaya biləcəyini deyib. Onun iddiasına görə, bu müharibə nəticəsində Qarabağ Azərbaycana veriləcək: "Mən istisna etmirəm ki, Rusiya yaxın vaxtlarda Dağlıq Qarabağda və ya onun ətrafında, məsələn, 10 günlük müharibə təşkil edəcək, bu müharibənin nəticəsində Qarabağ tam və ya qismən Azərbaycanın nəzarətinə keçəcək. Yəni Rusiya açıq və ya gizli şəkildə Azərbaycanın tərəfində yer alaraq bu ssenarinin reallaşmasına yardım edəcək".

Ramiz Mikayıloğlu

O hesab edir ki, Rusiya kasıb Ermənistanı enerji ehtiyatları ilə zəngin Azərbaycanla əvəz edə bilər. Rusiya Qarabağın Azərbaycana qaytarılmasına kömək etməklə Türkiyə ilə regional ittifaqa girəcək və geosiyasi məqsədlərini reallaşdıracaq.
"Reqnum" agentliyinin yaydığı məlumat barədə bir qədər sonra. Öncə işğal olunmuş ərazilərdə keçirilən və Ermənistan prezidenti Serj Sərkisyanın da müşahidə etdiyi hərbi təlimə toxunaq. Bu hərbi təlimlərin "hücuma hazırlıq, lazım gələrsə, Azərbaycanın içərilərinə doğru irəliləyərək yeni mövqelər tutmaq" məqsədiylə keçirildiyi barədə səslənən bəyanatlar yəqin ki, Bakıya boş "hədə-qorxu"dan başqa bir şey deyil. Çünki hər kəsə bəllidir ki, istəsələr belə, Qarabağda nə separatçılar, nə Ermənistan, nə də Rusiya Gürcüstan hadisələrini təkrarlaya bilməz. Bunun bir neçə səbəbi var. Ən əsası odur ki, Rusiyanın Ermənistanla birbaşa əlaqəsi yoxdur və aviasiyayla nələrsə daşımaqla davamlı Ermənistana hərbi yardım göstərə bilməz. İşğalçı ölkədəki rus hərbi bazasının silah, texnika və sursatı bu işə cəlb olunarsa, Azərbaycan Gürcüstan üzərindən Türkiyə, Ukrayna və İsraildən hərbi-texniki yardım almaq, silah-sursat almaq variantına üstünlük verəcəyi şəksizdir. ABŞ başda olmaqla Qərb də regionda Rusiyanın həlledici söz sahibinə çevrilməməsi üçün qapalı və açıq şəkildə müəyyən yardımları zəruri sayacaq. Yəni Azərbaycana qarşı Gürcüstandakı kimi qısa müddətli, beş günlük hərbi əməliyyatla qalib gəlmək absurddur. Hərbiyə ayrılan xərclər, Azərbaycan ordusunun say tərkibi, silah və texniki imkanlar bunu mümkünsüz edir. Zaman keçdikcəsə Azərbaycanın üstünlüyü ona kənar dəstəklər nəticəsində daha da artacaq. Belə durumda Rusiyanın özünün şimaldan birbaşa müharibəyə qatılması isə çox risklidir və dünya müharibəsinə belə yol açar. Çünki Azərbaycan Qərb üçün ölüm-qalım məsələsinə çevriləcək. Gürcüstandan sonra bizim ölkədə də Moskvanın özbaşnalığı qarşısında susmağın nə demək olduğunu ABŞ və Avropa ölkələri yaxşı anlayır.
Böyük ehtimalla, ermənilərin "hay-küy"ünün, psixoloji təzyiq niyyətlərinin arxasında rəsmi Bakının torpaqlarını hansı yolla olursa- olsun, azad edəcəyi yönündə bəyanatlarıdır və prezident İlham Əliyev də bunu andiçmə mərasimində xüsusi vurğulayıb. Prezident deyib ki, rəsmi Bakı Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına heç vaxt razılıq verməyəcək, dövlət müstəqilliyimizi möhkəmləndirərək, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Beynəlxalq hüquq normaları və iqtisadi potensial bizim tərəfimizdədir. Bölgədə gedən siyasi proseslər Azərbaycanın mövqeyini gücləndirir. Azərbaycanın iştirakı olmadan bölgədə iqtisadi və regional əməkdaşlıq mümkün deyil. Torpaqlarımızın işğal altında olduğu müddətdə isə Ermənistanla heç bir əməkdaşlıqdan söhbət gedə bilməz: "Hesab edirəm ki, qarşı tərəf bütün bu amilləri təhlil edərək reallıqla barışmalıdır. Reallıq da ondan ibarətdir ki, bu gün Azərbaycanla rəqabət aparmaq çox çətindir, qeyri-mümkündür. Siyasi potensialımız, iqtisadi gücümüz, ordu potensialımız və beynəlxalq haqq-ədalət prinsipləri bizim mövqelərimizi gücləndirir və mən əminəm ki, bütün bu amillər, bizim fəal və hücum siyasətimiz nəticədə torpaqlarımızın işğalçılardan azad olunmasına gətirib çıxaracaqdır. Çox böyük qürur hissi ilə deyə bilərəm ki, son beş il ərzində Azərbaycanın ordu potensialı çox böyük dərəcədə gücləndirilib. Ordumuzun hazırlıq, peşəkarlıq səviyyəsi böyük dərəcədə artıb. Eyni zamanda, ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün çox böyük işlər görülüb. 2003-cü ildə Azərbaycanın hərbi xərcləri 163 milyon dollar idisə, 2008-ci ildə bu rəqəm 1 milyard 850 milyon dollara çatıb. Növbəti illərdə bu məbləğ daha da artırılacaq. 2009-cu il dövlət büdcəsinin layihəsində orduya ayrılan vəsait daha da böyük olacaq. Beləliklə, biz çox güclü ordu potensialı yaratmaqla Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdırırıq".
Belə görünür ki, hərbi təlimlər keçirməklə erməni şovinistləri mövcud reallıqla hələ barışmadıqlarını sərgilməyə çalışırlar.
"Reqnum" agentliyinin yaydlığı son məlumata gəlincə, yəqin ki, bununla Moskva Azərbaycana mesaj verməyə çalışır. Xatırladaq ki, az əvvəl ölkə mətbuatında Rusiyanın Laçın, Kəlbəcər və Şuşa istisnayla, digər rayonların qaytarılması müqabilində 58-ci ordusunu "sülhməramlı" qismində təmas xəttində yerləşdirmək, növbəti mərhələdə bu üç rayonu da azad etmək, status məsələsinisə sonraya saxlamaq planının olduğu barədə yazılmışdı. Məqsəd həm də Azərbaycanın ABŞ, Qərbə münasibətlərini arxa plana atmasına, tədricən Bakı-Tiflis-Ceyhan neft kəmərindən imtinasına nail olmaqdır.
Məsələylə bağlı fikirlərini öyrəniyimiz politoloq Zərdüşt Əlizadə fərqli fikirdədir. Onun qənaətincə, bölgədəki mövcud status-kvo Rusiyanı qane edir və yeni müharibə ona lazım deyil. Zərdüşt Əlizadəyə görə, "Reqnum" agentliyi vasitəsiylə bu cür məlumatları yaymaqla şimal qonşumuz tərəflərin psixoloji durumunu öyrənməyə çalışır.
Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadənin də yanaşması maraqlıdır. Onun sözlərinə görə, Rusiyayla Gürcüstan arasındakı hərbi konflikt regionda situasiyanın dəyişməsinə gətirib çıxarıb. Moskvanın ən yaxın müttəfiqi olan Ermənistanın xarici aləmlə əlaqəsi faktiki kəsilib. Digər tərəfdən, ABŞ başda olmaqla Qərbin Şərqdəki həmlələri və bu mərkəzin Gürcüstandakı iştirakı Rusiyanı regionda öz təsirini saxlamaq üçün aktiv səylər göstərmək məcburiyyətində qoyur.
Hikmət Hacızadə bildirdi ki, Moskva indiki situasiyada Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunmasını və orada rus sulhməramlılarının yerləşdirilməsini, Dağlıq Qarabağın statusunun isə saxlanılmasını təklif edə bilər. Bu halda Qarabağ konflikti Kipr modelində dondurulacaq: "Ancaq Qərb də öz növbəsində Rusiyanın Qarabağ münaqişəsinin həllində üstünlük qazanmasına yol vermək istəmir və ABŞ və Avropa Birliyi regionda beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsində təkid göstərəcək". xalqcebhesi

Hiç yorum yok: