azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

28 Ekim 2008 Salı

DAK İH üzvüTofiq MƏLİKLİ: "Fazil Hüsnü Dağlarca - Türk ədəbiyyatının səs bayrağıdır"

DAK İH üzvüTofiq MƏLİKLİ: "Fazil Hüsnü Dağlarca - Türk ədəbiyyatının səs bayrağıdır"


Türkiyədən kədərli bir xəbər gəldi. Böyük Türk şairi Fazil Hüsnü Dağlarca 95 yaşında həyatdan ayrıldı.

Hələ keçən əsrin 40-cı illərinin əvvəllərində şeirlərindən birində "İnsan necə ölə bilər, Yaşamaq bu qədər gözəlkən" - deyə yazmışdı. Bəli, ustad, hər şeyə rəğmən, bütün çətinliklərə, bütün əzab-əziyyətə baxmayaraq, həyat gözəldir. Amma sən də onu tərk etdin. Tərk etdin ki, "Çocuk və Allah" kitabındaki lirik qəhrəman kimi, əbədiyyətə, sonsuzluğa qovuşasan.

Moskvaya ilk dəfə gəldiyin 1969-cu ilin may ayı, Vera Feonova ilə səni hava limanında qarşıladığımız gün yadıma düşür. Haradasa 40 il davam edən dostluğumuz da o tarixdə başlamışdı. Məktublarında hər zaman mənə "Qardaşım Tofiq" deyə səslənirdin. İnan, bir qardaşı, həm də böyük şair olan bir dostu itirmək çox ağırdır.

Şeir sənin həyatının mənası, özəyi, əsası idi. Günün 24 saatında ancaq onu düşünürdün. "Şeir mənim hər şeyim - eşqim, sevincim, kədərimdir" - deyirdin. Hətta şeir uğruna iki barmaq və bir gözdən başqa hər şeyini fəda etməyə hazır olduğunu - "İki barmaq qələm tutmaq və bir göz də nə yazdığımı görmək üçün lazımdır" - deyirdin.

Qələmindən yüz otuzdan çox əsər çıxdı. Ancaq bir dənə də olsun nəsr əsəri yazmadın. Səbəbini soruşanda da belə cavab verirdin: "Şeirə xəyanət etmək istəmirəm". Bəlkə buna görədir ki, sənin yaradıcılığın türk ədəbiyyatıyla yanaşı, dünya ədəbiyyatını da zənginləşdirmişdir.

Yeni Türk ədəbi dilinin formalaşması və gəlişməsi böyük ölçüdə sənin adınla bağlıdır. Sən şeirlərini arı türkçə ilə, yəni yerli-yersiz alınmış sözlərdən arındıraraq təmiz türkçə ilə yazırdın. Və bu dildə yeni obrazlar sistemini yaradaraq, şeirə yeni bir hava gətirdin. Hələ 1959-cu ildə yazdığın manifest xarakterli bir şeirində belə deyirdin:

And içirəm,

Bütün ölülər adına

Bütün gənclər,

bütün anadan olacaq uşaqlar adına,

Çatacağam gözəl deyişinə parlayaraq

Çatacağam tanrıyadək

Nəfəsimdə nəfəsini qoruyaraq...

Türkçəm, mənim səs bayrağım!

Türk dilinin səs bayrağı dalğalandıqca - heç şübhəsiz, o daima dalğalanacaq - sənin də adın sonsuza qədər yaşayacaqdır, Fazil Hüsnü Dağlarca!


Tofiq MƏLİKLİ DAK İdarə Heyətinin üzvü
dak

Hiç yorum yok: