azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

27 Ekim 2008 Pazartesi

Qarabağ danışıqlarında şübhəli mərhələ

Qarabağ danışıqlarında şübhəli mərhələ


"ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcək saziş tapmağa səy göstərir".

Bu fikirləri "Trend"ə açıqlamasında ABŞ dövlət katibi müavininin köməkçisi, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədri Metyu Brayza bildirib.

Onun sözlərinə görə, ABŞ hər iki tərəfi razı salacaq, Azərbaycanın ərazi bütövlüyünü nəzərdə tutacaq və özündə əlavə beynəlxalq prinsipləri əks etdirəcək saziş tapmağa səy göstərir. Xatırladaq ki, bu, amerikalı həmsədrin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ilk bəyanatı deyil. Bir müddət öncə BBC radiosunun Rus xidmətinə müsahibə verən Brayza münaqişənin həll edilməsində əsas prinsipin Azərbaycanın ərazi bütövlüyü olduğunu bildirmişdi:

"Biz hesab edirik ki, Azərbaycanın ərazi bütövlüyü prinsipindən başlamalıyıq, sonra isə danışıqları kompromis və çərçivə sazişinə çatdırmaq üçün digər prinsiplər əlavə olunmalıdır. Bu o deməkdir ki, bizim hamımız hüquqi cəhətdən və beynəlxalq qanunlara görə Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etməliyik".

Mraqlıdır ki, bu günlərdə İrəvanda səfərdə olan ABŞ dövlət katibinin müavini Daniel Frid Brayzanı təkzib edərək bildirmişdi ki, həmkarının sözlərini media təhrif edib və münaqişənin həllində ərazi bütövlüyü prinsipi vacib məsələlərdən biri olsa da, yeganə deyil, xalqların öz müqəddəratını təyinetmə hüququ da belə normalardandır: "Bu iki prinsipin qarşılaşdırılması kifayət qədər çətin prsesdir. Dağlıq Qarabağ münaqişəsinin Minsk qrupu çərçivəsində nizamlanması prosesində bunun üçün iş aparılır və real təkamül müşahidə olunur".

İndi Brayza, bir qədər yumşaq formada olsa da, yenə də ərazi bütövlüyü prinsipi vurğulayıb.

"Gürcüstan hadisələrindən sonra ABŞ-ın mövqeyində dəyişiklik baş verib. Onlar indi yuxudan oyanmış kimidirlər", - deyə "Ekspress"in əməkdaşı ilə söhbətində politoloq Hikmət Hacızadə söyləyib. Onun sözlərinəə görə, Qərb Cənubi Osetiya hadisələrindən əvvəl Rusiyanı düzgün qiymətləndirmirdi: "Moskvanın təhlükəli olduğunu Gürcüstana təcavüzdən sonra anladılar".

Hacızadə deyir ki, Amerikanın fəallağı Azərbaycanın xeyrinə dəyişib. "Brayza əvvələr referendum bağlı bəyanatları çox səsləndirirdi. Müxtəlif mücərrəd fikirlər söyləyirdi. İndi isə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı konkret danışır".

Münaqişənin həlli ilə bağlı hazırda müzakirə olunan plana toxunan Hacızadə əsas diqqəti sülhməramlı qüvvələrin tərkibinə yetirməyin vacib olduğunu bildirdi:"Əvvəlcə yeddi rayon azad olunmalıdır. Ermənistanla komminikasiya xətləri açılmalıdır. Bundan sonra Azərbaycanla Ermənistanın arasında sülhməramlı qüvvələr yerləşdiriləcək. Burda söhbət həmin qüvvələrin kimlərdən ibarət olacağıdır. Rusiya istəyir ki, onun əsgərləri olsun, Amerika isə beynəlxalq qüvvələrin təşkil olunmasını istəyir". Rusları Qarabağa buraxmaq olmaz, bu, "BMT, ATƏT və digər təşkilatların qüvvələri ola bilər".

Politoloq Cümşüd Nuriyevin fikrincə, Rusiyanın da, Amerikanın da mövqeyində dəyişiklik baş verib: "Qafqaz, xüsusilə də Azərbaycan nüfuz dairəsi savaşındadır. Hər iki dövlət regionda öz təsirini artırmağa çalışır".

Nuriyevin sözlərinə görə, Gürcüstan hadisələrindən sonra ABŞ Qafqazda gücünün həlledici rol oynamadığını gördü: "Amerika indiyə qədər Dağlıq Qarabağı öz büdcəsindən xüsusi maddə ilə maliyyələşdirən yeganə dövlətdir. Rusiya isə Qarabağ problemini yaradan dövlətdir. Hazırda Moskva öz zədələnmiş imicini düzəltmək istəyir. Amerika isə öz nüfüz dairəsini genişləndimək istəyir. Daha doğrusu, Azərbaycanı nüfuz dairəsinə salmaq istəyir. Çünki Azərbaycan siyasi və iqtisadi cəhətdən müstəqil dövlətdir".

Politoloq istənilən vəziyyətdə Rusiyasız Qarabağı həll etməyin mümkün olmadığını deyir: "Amerikanın gücü çatsa idi, indiyədək həll edərdi".

Rusiya prezidenti Dmitri Medvedyevin təşəbbüsü ilə noyabrın əvvəllərində keçiriləcək üç prezidentin Moskva görüşünə toxunan ekspert, beş rayonun qaytarılması barədə razılıq əldə olunacağını ehtimal edir.

Politoloq Qabil Hüseynli isə Rusiyanın Qarabağla bağlı məlum mövqeyinə görə, bu ölkənin səylərinin prosesə müsbət təsir edəcəyinə o qədər də ümid etmir:"Çünki Rusiya hər zaman Ermənistanı özünün strateji müttəfiqi hesab edir, onun ərazilərində hərbi bazalar saxlayır və eyni zamanda, Qarabağ ətrafındakı rayonların işğalı prosesində iştirak edib. Xocalı soyqırımında 366-cı motoatıcı diviziyanın iştirakı da yadımızdan çıxmayıb. Bu tarixi keçmişi yada salaraq Medvedevin indiki təşəbbüslərində Azərbaycanın marağını güdən hansısa bir uğurlu addımın olduğunu təxmin etmirəm. Belə hesab edirəm ki, Rusiya tərəfi Qarabağı Azərbaycandan ayırmaq üçün müxtəlif variantlara əl atır".

Politoloqun fikrincə, Rusiyanın Gürcüstana təcavüzündən sonra mövqeləri kifayət qədər zəifləyib. Xüsusilə, Avropa və Amerika dövlətləri qarşısında tam aşağı düşüb." Sözsüz ki, Rusiya bu imici bərpa etmək bərpa etmək üçün yollar axtarır. Lakin son zamanlar bu problemin həllində fərqli çalarlar ortaya çıxır. Rusiyanı da tələsdirən bu məqamlardır. Bu məqamlardan biri Amerikanın problemin həllində müəyyən uğurlar qazanması və nüfuz əldə etməsidir. Eləcə də, Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəli sürdüyü müsbət təşəbbüslərin olmasıdır".

Q.Hüseynli hesab edir ki, ruslar məsələnin həlində irəli düşməklə Dağlıq Qarabağ münaqişəsini birdəfəlik Ermənistanın xeyrinə həll etməyə çalışır:" Güman edirəm ki, Ermənistan da Dağlıq Qarabağ probleminin onların istəyinə uyğun həll edilməsi müqabilində Ermənistana daha irihəcmli Rusiya qoşunlarının yerləşdirilməsinə icazə verəcək.

Bu isə, faktiki olaraq, Rusiyanın Cənubi Qafqazda hegemonluğunu təmin etmiş olacaq. Rusiya bu addımı atmaqla Amerikanın bir çox planlarını- ümumiyyətlə indiyədək həyata keçirilmiş irimiqyaslı layihələrin çətinə düşməsinə şərait yaradacaq. Bir sözlə, məsələnin bu şəkildə həlli Rusiyaya strateji üstünlük qazandıracaq və Qərbin, ilk növbədə, Amerikanın bu bölgədə təsirini xeyli zəiflədəcək. Bu da NATO-nun genişlənməsi, eyni zamanda, bu bölgədə olan ölkələrin Avropa Birliyinə inteqrasiyasına əngəllər yaradacaq. Lakin bunun çox asanlıqla baş verəcəyini təxmin etmirəm.

Rusiya qoşunlarını Dağlıq Qarabağda yerləşdirmək istəyir. Lakin bunu sülhməramlı qüvvələrin bayrağı altında həyata keçirmək arzusundadır. Əgər bu baş verərsə, bu prosesi Azərbaycanın suverenliyinə xələl gətirmək kimi qiymətləndirmək olar.

Təbii ki, Azərbaycan hökuməti heç bir güzəştə getməyəcək və ciddi irəliləyişlər əldə etmək üçün daha mühüm addımlar atacaq".

Politoloq Rüstəm Məmmədov Moskvada Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşünün baş tutacağına və müsbət effekti olacağına inanır. "Artıq Ermənistanla Azərbaycanı barışdırmağın, Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi məsələsinin reallaşmasının zamanı çatıb.

İkinci bir tərəfdən isə Ermənistan Gürcüstan- Rusiya qarşıdurmasından sonra çox çıxılmaz vəziyyətdə qalıb. Yəni blokadadadır. Bu isə Ermənistanın sonu deməkdir. Rusiyaya gəlincə isə, bu münaqişədən sonra regionda, həqiqətən də, öz nüfuzunu qoruyub-saxlamaq imkanları məhdudlaşıb",-deyə politoloq bildirir.

Onun fikrincə, münaqişəni həll etməkdə Rusiya gücsüzlüyünü nümayiş etdirərsə, o zaman Rusiyanın nüfuzu tamam azalacaq, hətta blokada Ermənistanın özünü də Qərbə sürükləyəcək:"

Ona görə də, bu gün Rusiya münaqişəni həll etməyə çalışır. Lakin Rusiyanın özü də bu münaqişəni həll etmək iqtidarında deyil. Çünki bu gün əvvəlki dövr də deyil ki, Rusiya əmr etsin və Ermənistan da bu münaqişədən geri çəkilsin".

R.Məmmədov bildirir ki, Ermənistandakı millətçi şovinist qüvvələr Dağlıq Qarabağı belə asanlıqla boşaltmaq istəməyəcəklər:" 2000-ci ildə keçirilən beynəlxalq təhlükəsizliklə bağlı keçirilən bir konfransda çıxış etdim. Həmin çıxışdan sonra erməni nümayəndəsi Davud Şahnazaryan mənə yaxınlaşaraq bildirdi ki, əgər bu gün Rusiya geri çəkilsə və Dağlıq Qarabağın Azərbaycana qaytarılmasına razılıq verərsə, ermənilər bunu qəbul etməyəcəklər.

Ona görə də, bu gün Rusiyanın özü də müəyyən dərəcə çətin vəziyyətdədir. Moskva başa düşür ki, Dağlıq Qarabağ statusuna gəlincə, burada çox ciddi məsələlər ortaya çıxacaq. Azərbaycana gəlincə isə, Rusiya burada mövqeyini itirəcək. Bu baxımdan da Kreml maksimum dərəcə erməniləri abıra salmağa çalışır. Ermənilərin isə geri çəkilməsinin bir modeli var. Onlar çıxılmaz vəziyyətdə qalaraq özləri yol axtarıb-tapmağa məcburdular".

Politoloq hesab edir ki, bu gün Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması, Dağlıq Qarabağ probleminin ədalətli həlli istiqamətində müəyyən dönüşlər baş verə bilər:"Birmənalı olaraq, Rusiya artıq başa düşüb ki, Azərbaycanla münasibətlər çox ciddi qalmalıdır. Çünki Azərbaycan regionda lider dövlətdir.

Bütün bunlarla bərabər, Azərbaycan öz siyasətini ədalət üzərində kökləyib. Ona görə də, Ermənistanın və yaxud da digər bir dövlətin Azərbaycan haqqında hər hansı bir yalan fikrini heç bir dövlət qəbul etmir".

Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsinə gəlincə isə, R.Məmmədova görə, sülhməramlıların statusu müəyyənləşməlidir və o statusun mövcudluğundan sonra bu addımın hansısa dövlətə xələl gətirib-gətirməyəcəyi barədə fikir söyləmək olar:

"Əgər o qüvvələr həqiqətən sülhməramlı olacaqsa bu işin xeyrinədir. İnanıram ki, 2008-ci ildə bu məsələnin həlli istiqamətində çox böyük irəliləyişlər əldə olunacaq. ABŞ-da keçirilən seçkilər başa çatdıqdan sonra bunu daha əminliklə demək olar. Çünki bu seçkilərin də münaqişənin həllinə təsir edəcəyi gözlənilir".

Elçin Bayramlı
Bəkir Nərimanoğlu
/express/

Hiç yorum yok: