azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

31 Ekim 2008 Cuma

“AZƏRBAYCAN NEFTDƏN GƏLƏN GƏLİRLƏRİ AMANSIZ ENERJİYLƏ XƏRCLƏYİR”

“AZƏRBAYCAN NEFTDƏN GƏLƏN GƏLİRLƏRİ AMANSIZ ENERJİYLƏ XƏRCLƏYİR”
Bakıdan reportaj hazırlayan “əl-Cəzirə” “ZQAN”ın Ziya Məmmədova məxsus olduğunu deyib



“Xəzər dənizində əsl pul yalnız neftdədir”. “Azadlıq” radiosunun məlumatına görə, Qətərin “əl-Cəzirə” telekanalının müxbiri Həmpiş Makdonaldın seçki dövründə Azərbaycana səfəri ilə bağlı reportajı belə başlayır. Reportajda bildirilir: “Səhər saat 7-dir. Balıq tutmaq vaxtıdır. Amma burda, Xəzər dənizində əsl pul yalnız neftdədir”.
H.Makdonald deyir ki, Azərbaycan üçün gələn beş il ən gəlirli il olacaq. Çünki ölkə neft hasilatının pik dövrünə qədəm qoyur. Mühafizəkar qiymətlərlə hesablasaq, hökumət 100 milyard dollar əldə etməlidir.
“əl-Cəzirə”nin müxbiri deyib ki, Bakıda o qədər qazma işi aparılıb ki, ətrafdan neft iyi gəlir: “Amma gəlirin hara getməsi məsələsinə gələndə, bunu öyrənmək çətin məsələdir” .
Həmpiş Makdonald tikilməkdə olan Bakı Beynəlxalq Avtobus Vağzalına da baş çəkib. 80 milyon dollar dəyəri olan, beş mərtəbəli kompleks gələn aya hazır olmalıdır. Layihənin meneceri Emil Ələsgərov müxbirə belə deyib:
“Bu layihə Azərbaycan üçün çox vacibdir. Ölkədə hər kəs bu vağzalın açılışını gözləyir. Çox böyük layihədir. Bu, Avropada ikinci ən böyük avtovağzal olacaq. Çox qəşəngdir, bu, xalq, yerli camaat üçündür” .
Müxbir vağzalın dəyəri ilə maraqlanıb. Ona “çox bahadır” ,- deyiblər.
Həmpiş Makdonald deyir ki, hökumət vağzalın inşası üçün “Bakı-XXI əsr” adlanan şirkətlə müqavilə bağlayıb. Layihənin meneceri Emil Ələsgərov həmin şirkətin direktorudur. Şirkətin sahibinin kim olduğunu soruşanda, menecer sualı Nəqliyyat Nazirliyinə ünvanlamağı məsləhət görüb. Müxbir Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənova müraciət edib. Həsənovun cavabı belə olub:
“Hamı bu şirkətləri nazirlə bağlayır. Hətta vağzalı da nazirin adına çıxırlar. Amma belə deyil” .
“əl-Cəzirə”nin müxbiri bildirib ki, avtovağzalın layihəsi “ZQAN” adlı şirkətin internet səhifəsində çıxır: “ZQAN”ın nəqliyyat nazirinə məxsus olduğunu çox deyirlər. Şirkət barədə ictimaiyyətə məlumat verilmir. Odur ki, onun dəqiq kimə məxsus olduğunu öyrənmək çətin məsələdir. Amma üst-üstə düşən maraqlı faktlar var. “ZQAN” sözündəki hərflərə diqqət edək: Z - nəqliyyat naziri Ziya Məmmədovun adının baş hərfidir, Q - Qətibə, nazirin həyat yoldaşıdır. A - Anar, nazirin oğlunun adıdır, N - Nigar, Ziya Məmmədovun qızıdır" .
İqtisadçı Qubad İbadoğlu müxbirə deyib ki, bu məsələlərlə bağlı məlumat almaq olmur:
“Biz informasiya almaqda çətinlik çəkirik” .
Həmpiş Makdonald Azərbaycanda şübhəli biznes fəaliyyətiylə bağlı başqa misalların da olduğunu bildirir. O, paytaxtı aeroportla birləşdirən köhnə yola baş çəkib:
“Hökumət aeroporta yeni yolun tikintisini başa çatdırıb. Amma bu köhnə yolu da təmir etmək qərarına gəliblər. Bu layihə üçün 315 milyon dollar xərc çəkilir. Yol isə cəmi 14 kilometrdir. Belə çıxır ki, hər kilometrin bərpası üçün 23 milyon dollar xərclənir” .
İqtisadçı Rövşən Ağayev müxbirə deyib ki, beynəlxalq standartlarla götürəndə belə, xərclənən vəsait həddən artıqdır.
“əl-Cəzirə”nin əməkdaşı deyib ki, Dünya Bankı (DB) Bakının cənubunda 22 kilometrlik yolu maliyyələşdirir. Amma DB-nin 31 milyon dollar xərci çıxır:
“Yəni hər kilometrə milyon yarım. Azərbaycan hökuməti isə artıq mövcud olan yolun hər kilometrinin bərpasına 23 milyon xərclədiyini deyir. Rəsmilər bildirirlər ki, pulun bir hissəsi layihə nəticəsində yerindən olan əhaliyə kompensasiyaya xərclənir. Amma layihənin büdcə sənədləri rəsmilərin dediklərini təsdiqləmir” .
Aeroport yolunun bərpasıyla “Azvirt” şirkəti məşğul olur. Həmpiş Makdonald bildirib ki, bu şirkətin də nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu deyilir. Nazir də, hökumət də deyiləni təkzib edir.
Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov isə jurnalistə belə deyib:
“Siz elə bil məhkəmədən gəlmisiniz. Təkrar-təkrar soruşursunuz. Siz jurnalistsiniz, sual verdiniz, mən də fikrimi dedim, mövqeyimi aydın bildirdim. Siz məhkəmə protokolu tərtib etmək istəyirsinizsə, bunu edə bilərik” .
“əl-Cəzirə” telekanalının müxbiri Həmpiş Makdonald repotajın sonunda bildirib ki, Azərbaycan neftdən gələn gəlirləri amansız enerjiylə xərcləyir:
“Amma bu ölkədə, yoxsulluq içində yaşayan milyonlarla adam üçün vacib olan şəffaflıqdır”.
Xəbər xidməti
787 dəfə baxılıb

Hiç yorum yok: