azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

30 Ekim 2008 Perşembe

AMERİKADA PREZİDENTİ KİM və NECƏ SEÇİR? (Seçki sistemi və seçki tarixi)

AMERİKADA PREZİDENTİ KİM və NECƏ SEÇİR? (Seçki sistemi və seçki tarixi)
2008-10-23 - 15:36:00



ABŞ-ın seçki xəritəsi


Noyabrın 4-də ABŞ-da prezident seçkisi keçiriləcək. Prezidentliyə iki əsas namizəd var: hazırda hakimiyyətdə olan Respublikaçılar Partiyasından Con Makkeyn və Demokratlar Partiyasından Barak Obama. «Media forum» saytı «Atlas» Araşdırmalar Mərkəzinin təqdimatında ABŞ-da prezident seçkisinin bəzi özəlliklərini və seçki tarixindən maraqlı faktları diqqətinizə çatdırır.

Nə qədər qəribə görünsə də, demokratiyanın beşiyi sayılan Amerika Birləşmiş Ştatlarında prezidenti birbaşa xalq seçmir. Prezident və vitse-prezidentin kimliyinə ştatların seçki günü müəyyənləşdirdiyi xüsusi nümayəndələr aydınlıq gətirir. Hər ştatın ABŞ Konqresində təmsilçilərinin sayı qədər nümayəndə seçmək hüququ var.

Bu mexanizm ştatların böyük səlahiyyətləri ilə bağlıdır. Vətəndaş bir növ birləşmiş ştatların prezidentini deyil, onun yerdəki təmsliçisini seçir. Dövlətin adından da göründüyü kimi, söhbət kollektiv xalqdan deyil, birləşmiş ştatların xalqlarından gedir. Onlarsa birbaşa prezident seçə bilməzlər.

Noyabrın 4-də səsvermə günü seçki məntəqəsinə gələn vətəndaş Con Makkeyn və ya Barak Obamaya deyil, onun ştatdakı nümayəndələrinə səs verəcək. Başqa sözlə, seçki bülletenində Makkeyn və Obamanın ismi olmayacaq.

Qanun seçilən nümayəndələrə istədiyi namizədə səs vermək hüququ versə də, həmin şəxslər ştatlardakı səsvermənin nəticəsinə əsaslanırlar. Yəni vətəndaş Barak Obamanın ştatdakı nümayəndəsinə səs veribsə, həmin nümayəndənin Con Makkeynə səs verməsi real deyil.

Ştatların neçə nümayəndə seçməsi onların əhalisinin sayına bağlıdır. Bu baxımdan ən çox seçici Kaliforniya ştatının payına düşür – 55 seçici. Texası 34, Floridanı 27 seçici təmsil edir. Paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsinin, Yuta, Montana, Alyaska kimi ştatların isə hərəyə cəmi 3 səsi var.

Prezident seçilmək üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq lazımdır. Əgər prezidentliyə iddialı olanlardan heç biri gərəkən nümayəndə səsi qazanmazsa, dövlət başçısını Konqresin Nümayəndələr Palatası seçir. ABŞ tarixində belə hal yalnız bir dəfə 1824-cü il seçkisində qeydə alınıb.

Nümayəndələrin prezidenti seçməsinin mənfi cəhətləri də yox deyil. Tutaq ki, hər hansı ştatda vətəndaşların 51 faizi respublikaçı namizədə, 49 faizi isə demokratların namizədinə səs verib. Səslər arasında belə cüzi fərqə baxmayaraq bu halda, qanuna görə, respublikaçı namizəd həmin ştatdan 100 faizlik nümayəndə yeri əldə edir. Bu isə bəzən qarmaqarışıqlıq yaradır. 2000-ci il prezident seçkisində Corc Buşla Albert Qor arasında məhz bu zəmində mübahisə düşmüşdü. Qor ayrı-ayrı ştatlarda vətəndaşların daha çox səsini qazansa da, nümayəndələrin nisbəti Buşun xeyrinə olmuşdu. Qora 267, Buşa isə 271 nümayəndə səs vermişdi.

Maraqlı faktlar:

- ABŞ tarixində 3 alternativsiz seçki qeydə alınıb. 1789 və 1792-ci illərdə heç kim Corc Vaşinqtonla yarışmağa risk etməyib. 1820-ci ildə Ceyms Monro da rəqabətsiz qələbə qazanıb;

- Ən çox prezident Ohayo ştatından seçilib (7). İkinci yerdə Nyu-York qərar tutub (6). Sonrakı yerlərdə Virciniya (5), Massaçusets (4), Texas, Tennessi və Kaliforniya ştatları (3) gəlir. Barak Obama prezident seçilərsə, Avraam Linkolndan sonra İllinoys ştatını təmsil edəcək ikinci prezident statusunu qazanacaq. Con Makkeyn prezident kürsüsünə yiyələnərsə, bu, ABŞ tarixində Arizona ştatını təmsil edəcək ilk prezident olacaq;

- Respublikaçılardan 18 nəfər, demokratlardan isə 15 nəfər prezident kürsüsündə oturub. ABŞ tarixində yalnız bir dəfə - 1864-1865-ci illərdə prezident kürsüsünü respublikaçı Avraam Linkoln, vitse-prezident postunu isə demokrat Endrü Conson tutub. Bu qarışıq idarəetmə o illər ABŞ-da vətəndaş müharibəsiylə bağlı olub.

- Pezidentlər işərisində daha hansı peşə sahibinə rast gəlinmir ki?Biznesmen, artist, vəkil, fəhlə, məşqçi, inşaatçı, kuryer, aşpaz, polis, prokuror, jurnalist, fermer, matros, geoloq, hakim, cangüdən, diktor, satıcı, ovçu, ayaqqabı təmizləyən...

ABŞ öz tarixində daha bir yenilik yaşamaq ərəfəsindədir. İlk qaradərili prezident Ağ evə sahib ola bilər.

Demokrat Barak Obamanın prezident seçilməsi şansı yüksək qiymətləndirilir. Obama, sorğulara görə, liderliyini qoruyur, bütün debatlarda Con Makkeyni üstələyib, aydın iqtisadi proqramla çıxış edir, Amerikanın ən nüfuzlu televiziya kanallarının və nəşrlərinin dəstəyini qazanıb. Dünyanı bürüyən hazırki iqtisadi xaos da Obamanın işinə yarayır. Çünki xaosda ABŞ prezidenti Buşun günahından danışılır, amerikalıların əksər hissəsi isə onunla Makkeyn arasında bərabərlik işarəsi qoyur.




«Media forum

Hiç yorum yok: