azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

2 Ekim 2008 Perşembe

Borçalı ermənilər və gürcülər arasında bölüşdürülüb

Borçalı ermənilər və gürcülər arasında bölüşdürülüb



Tarixi Türk məskəni olan Borçalıda ictimai-siyasi vəziyyət 1918-1920-ci illərdə daha da gərginləşdi. Bu illərdə Borçalının parçalanması gerçəkləşdi. Türkü sevməyənlər yaratdıqları qarışıqlıqdan məharətlə istifadə edə bildilər.

Araşdırmaçı Şahbaz Şamıoğlu bu dövrdə Borçalı regionunda ictimai-siyasi vəziyyət və millətlərarası vəziyyət barəsində danışır: "Borçalı bölgəsində azərbaycanlı əhali sıxışdırılmaqda davam edirdi: azərbaycanlılar yaşayan kəndlərə tez-tez hücumlar edilir, adamlar işgəncələrə məruz qalırdılar. Bölgədəki alman əsgərləri əmin-amanlığı qorumalı olduğu halda bütün cinayətlərin başında dururdu. Milli münasibətlərdə kəskin şəkildə gərginləşmə yaranmışdı. Gürcülərlə azərbacanlılar, ermənilərlə azəbaycanlılar arasında vaxtaşırı toqquşmalar baş verir, qan tökülür, adam öldürülürdü. Gürcüstanın hökumət orqanları qəzada baş alıb gedən qanunsuzluqlara, artıq adi hal almış cinayətkarlığa, azərbaycanlı əhaliyə qarşı törədilən təxribatlara göz yumur və bununla da əslində azərbaycanlıların deportasiya edilmələrinə açıq şəkildə şərait yaradırdı. Qəzada bir-birinə düşmənçilik münasibəti bəsləyən tərəflər əmələ gəlmişdi. Gürcülər və ermənilər hökumət orqanları tərəfindən hər cür dəstək alır, Azərbaycan Türklərinə qarşı isə qanunsuzluq hökm sürürdü. Borçalıda azərbaycanlı əhalinin Azərbaycan Nazirlər Soveti Sədrinə yazdığı məktubda deyilirdi: "Ölkədə qanunsuzluğun hökm sürməsi və əslində hakimiyyətin olmaması, eləcə də ayrı-ayrı xalqların və bölgədə yerləşdirilmiş alman hərbi hissələrinin özbaşınalıqları və vəhşilikləri ucbatından Gürcüstan hökumətində yaşayan biz müsəlmanların vəziyyəti olduqca acınacaqlı və dözülməzdir. Vəhşiliklərin sonu görünmür. Vəziyyətin yaxşılaşacağına ümid qalmayıb. Bizə qarşı olduqca çətin və əslində yerinə yetirilməsi mümkün olmayan tələblər irəli sürülür, ağlasığmaz böhtanlar və bəhanələrlə cərimələr tələb edirlər. Dəhşətli cəzalar verib milyonlarla manat pul qoparırlar. Adamları öldürür, asır, bütöv kəndləri yandırıb-çatırlar".

Şahbaz Şamıoğlu bildirir ki, Borçalı azərbaycanlılarına Azərbaycan tərəfdən yardım göstərmək işi xeyli çətin idi. Borçalı Azərbaycan və Gürcüstan arasında diplomatik yazışmalar obyektinə çevrilmişi: "Vaxt uzandıqca bölgənin idarə edilməsi işi daha çox başlı-başına buraxılır, özbaşınalıq üçün əlverişli şərait yaradılırdı. Digər tərəfdən də bölgədə ermənilərin fəallaşması müşahidə olunurdu. Mənbələrdə ermənilərin Borçalı kəndlərinə hücum etmələri, azərbaycanlı əhaliyə məxsus mal-qaranın oğurlanması, qəsdən ziyan törədilməsi barədə faktlar var. Başkeçiddən tutmuş Borçalının aşağı-aran hissələrinə qədər hər yerdə artıq türk-erməni qarşıdurması yaranmışdı. Gürcüstan hökuməti yaranmış vəziyyətlə bağlı biganəlik göstərir, Azərbaycan hökumətinin səyləri bir nəticə vermir, bölgədəki alman qoşunları isə əksinə, konfliktin qızışmasına gətirib çıxaran əməllərlə məşğul olurdular". Ş.Şamıoğlu 1918-ci ilin noyabrından təşəkkül tapmış Axıska Müvəqqəti Hökuməti, Borçalı-Qarapapaq Cümhuriyyəti, Araz Respublikası, Cənub-Qərbi Qafqaz hökuməti barədə bilgi verir: "Təbii ki, ömrü az olan bu türk cümhuriyyətlərinin meydana çıxması çox zəruri tarixi şərtlərlə bağlı idi. Bir tərəfdən bu, həmin ərazilərdə yaşayan türk əhalisinin müqəddəratını sərbəst şəkildə təyin etmək istəyi ilə bağlı idi. Digər tərəfdən Azərbaycan, yaxud Türkiyə tərəfdən ciddi dəstək almayan və əslində kənar qüvvələrin, o cümlədən ermənilərin daimi hücumlarına məruz qalan əhalinin özünü müdafiə etmək üçün hər hansı bir qurum yaratmaq məcburiyyəti qarşısında qalması ilə əlaqədar idi. Məsələ burasındadır ki, Azərbaycan həmin dövrdə adı çəkilən türk cümhuriyyətlərinin əhatə etdiyi əraziləri özününkü sayırdı. Müstəqilliyin birinci ilində özünün suverenliyini bəyan edən dövlətlərin qarşılıqlı razılaşdırılmış sərhədləri yox idi. Bu da bir sıra obyektiv səbəblərlə bağlı idi: ölkədaxili iqtisadi və siyasi vəziyyətin gərginliyi, lazımi səviyyədə ordu quruculuğunun olmaması və s. Borçalı əhalisi Azərbaycan tərəfdən heç bir dəstək almadığından özünün müqəddəratını həll etmək, gələcək siyasi taleyini sərbəst müəyyənləşdirmək yolunu tutmağa məcbur olmuşdu. Tarixi şəraitin hərtərəfli təhlili onu göstərir ki, Borçalı məsələsinin birdəfəlik həlli üçün həmin dövrdə əlverişli durum mövcud idi".

Borçalıdan türk və alman qoşunlarının çıxarılmasından sonra vəziyyətin xeyli dəyişdiyinə diqqəti çəkən Ş.Şamıoğlu bildirir ki, artıq payızın əvvəllərində Azərbaycan-Gürcüstan diplomatik yazışmaları və danışıqları davam etdiyi bir zamanda erməni hərbi birləşmələri Borçalıda təxribatlar törədirdi. Ermənistanla Gürcüstan arasında münasibətlərdə xeyli soyuqluq yaranmışdı. Ermənistan açıq şəkildə Axalsıx, Axalkələk və Borçalı qəzalarını iddia edirdi. Ermənilər öz iddialarına tarixi don geyindirir, göstərilən əraziləri, hətta üstəlik Tiflis və Qorini də "Böyük Ermənistan" xəritəsinə daxil edirdilər".

Beləliklə, iki dövlət arasında müharibə başlayır: "Ermənistanın əsassız ərazi iddiaları Gürcüstanla müharibəyə səbəb oldu. Dekabrın 17-də müharibə rəsmən bəyan edildi, 2 gün sonra isə Ermənistanla Gürcüstan arasında diplomatik münasibətlər tamam kəsildi. Artıq 1918-ci il dekabrın 31-də döyüşən tərəflər atəşi dayandırdılar. Ermənilər ilk həmlələr zamanı ələ keçirdikləri əraziləri sonrakı döyüşlərdə azad etməli oldular. Hərbi əməliyyatlarda qələbə qazana bilməsələr də, hər halda törətdiyi təcavüz aktı Ermənistana sonrakı sülh danışıqları zamanı bir sıra üstünlüklər qazanmağa imkan yaratdı. Əvvəla, Ermənistan iddiaçı tərəf kimi barışdırıcı dövlətlərin razılığı və aşkar dəstəyi ilə müəyyən ərazilərə sahib ola bildi. İkincisi, Ermənistan öz ətrafında mübahisəli məsələləri iddia etməkdə haqqı olan dövlət imici formalaşdırdı. Bu da regional və beynəlxalq məsələlərdə prinsipial bir məsələdir. Üçüncüsü, mübahisələrin silahlı yolla həll edilməyə başlanması siyasi danışıqlara ümid bəsləyən və əslində buna məcbur olan Azərbaycanı çıxılmaz vəziyyətdə qoydu və diplomatik sahədə aktiv vəziyyətini xeyli çətinləşdirdi. Təsadüfi deyil ki, 1919-cu ilin yanvarında Tiflisdə keçirilən sülh konfransına Azərbaycan dəvət edilmədi. Halbuki regional və problemlə bağlı marağı olan dövlət kimi Azərbaycan nümayəndələri konfransa dəvət edilməli idi. Azərbaycan hökuməti Borçalının taleyini həll edən danışıqlarda Azərbaycanın iştirakının təmin olunmamasına öz qəti etirazını bildirdi. Konfransın qərarına görə, Ermənistanla Gürcüstan arasında neytral zona yaradıldı. (Loru nahiyəsi). Borçalının cənubu Ermənistana, şimalı isə Gürcüstana aid edildi. Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinə aid sənədlərin birində qeyd edilirdi: "Borçalının müsəlman əhalisinin Azərbaycana birləşmək arzuları baş tutmadı. Bu nə Ermənistan, nə də ki, Gürcüstan tərəfindən qəbul edilmədi. Antanta isə bu işə həvəs göstərmədi".

Lakin müharibədən sonra da Qafqazda sərhəd məsələsi tam həll edilib başa çatdırılmadı: "Sülhün şərtləri müharibə iştirakçısı kimi Gürcüstanı, maraqlı dövlət kimi Azərbaycanı qane etmirdi. 1919-cu il aprelində Tiflisdə 3 dövlət arasında sərhəd məsələlərini müzakirə emək və münasibətləri nizamlamaq məqsədilə konfrans keçirildi. Lakin bu konfrans da əməli nəticə vermədi". 1920-ci ildə cərəyan edən hadisələrə diqqəti çəkən araşdırmaçı Borçalının parçalanmasının son mərhələsini belə xarakterizə edir: "Tarixi şərait elə gətirdi ki, ermənilər yenidən Rusiyanın əlində alətə çevrildilər. Bütövlükdə bölgədə, o cümlədən də Borçalıda gərgin vəziyyət hökm sürürdü. Milli ədavət, özbaşınalıq əhalini ağır vəziyyətə salmışdı. Üstəlik də siyasi şərait get-gedə dəyişirdi. Apreldə Azərbaycan Xalq Cümhuriyyəti bolşeviklər tərəfindən yıxıldı. Borçalı ilə yanaşı Qarayazı, Sığnaq mahallarını da Azərbaycan sərhədlərinə daxil etmək imkanı birdəfəik itirildi. Adı çəkilən 8,7 min kvadrat kilometrlik türk əraziləri (Azərbaycan) tarixi ədalətsizliyin qurbanı oldu. 1921-ci il fevralın 16-da yaradılan Gürcüstan İnqilab Komitəsinin fevralın 20-də "Gürcüstan fəhlə, kəndli və əsgərlərinə, bütün zəhmətkeşlərinə" etdiyi müraciətdə deyilirdi: "... Üsyana qalxmış Borçalının zəhmətkeş xalqına ... imkan veriləcək ki, o, sərbəst olaraq könüllü surətdə Ermənistan, Azərbaycan, yaxud Gürcüstan sovet respublikalarından birinə ilhaq edilsin". Lakin siyasi hakimiyyəti ələ keçirmiş qüvvələri əhalinin istək və arzuları qətiyyən maraqlandırmırdı.

RK(b) P MK-nın Qafqaz bürosu iyulun 7-də Loru nahiyəsinin bütövlükdə Ermənistana verilməsi barədə qərar qəbul etdi. Beləliklə, uzunillik mübarizələrdən və qanlı müharibələrdən sonra ermənilər Borçalı ərazisində iddia etdiklər torpaqları qoparıb aldılar. Borçalı ermənilər və gürcülər arasında bölüşdürüldü. Bölgənin böyük əksəriyyətini təşkil edən türk əhalisi Ermənistanın və Gürcüstanın idarəçiliyi altına düşdü".

Elçin Qaliboğlu

Hiç yorum yok: