azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

3 Ekim 2008 Cuma

"Amalım Bütöv Azərbaycan qurmaqdır"

"Amalım Bütöv Azərbaycan qurmaqdır"

Qüdrət Həsənquliyev: "Konstitusiyaya əlavə və dəyişikliklər etməklə cəmiyyətimizdə mövcud olan bir çox problemlərin fundamental şəkildə həllinə nail olmaq mümkündür"
Dünən payız sessiyasının açılışında gündəliyin müzakirəsi zamanı BAXCP sədri, millət vəkili, prezidentliyə namizəd Qüdrət Həsənquliyev çıxış etdi. Ramazan bayramı münasibətilə xalqımıza ünvanlanan təbrikini dilə gətirən prezidentliyə namizəd spiker Oqtay Əsədovun 31 millət vəkilinin prezident İlham Əliyevi müdafiə etmələri, spikerin də hazırkı dövlət başçısının qələbəsinə əminliyi barədə fikrinə münasibətini açıqladı: "Əgər bu, həqiqətən belədirsə, niyə iqtidar partiyası bütün namizədlər üçün bərabər təbliğat imkanları yaratmır? Maksimum dərəcədə çalışılır ki, daha az insan İlham Əliyevin rəqiblərinin seçki platformalarıyla tanış ola bilsin".

"Sanki Azərbaycanda seçki keçirilmir"

BAXCP sədri nəzərə çatdırdı ki, Seçki Məcəlləsinin 80.5-ci maddəsində qeyd olunur ki, efir vaxtı tamaşaçıların daha çox televiziyaya baxdığı vaxtda ayrılmalıdır. Amma namizədlərin çıxışı saat 18:00-a salınıb. Bu vaxt da insanların çoxu işdən çıxıb evə gedir, yollarda olurlar və televiziyanı izləmək imkanına malik deyillər. Namizədlərin radioda çıxışı isə 21:00-a salınıb: "Biz efirdən də deyirik ki, siz Seçki Məcəlləsinə əməl etməlisiniz, buna əhəmiyyət verən yoxdur. Dövlət televiziyası yalnız bir nəfərin təbliğatıyla məşğuldur. Hətta biabırçılıq o həddə gəlib çatıb ki, biz prezidentliyə namizəd kimi qeydə alınanda AzTV-nin "Xəbərlər" proqramında adımızı belə elan etmədilər. Dedilər ki, bu gün də prezidentliyə bir nəfərin namizədliyi qeydə alınıb. Sonrakı gün dedilər ki, Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib, daha iki nəfərin prezidentliyə namizədliyi qeydə alınıb".
Onun sözlərinə görə, hər gün AzTV-nin "Xəbərlər" proqramında məlumat verirlər ki, ABŞ-da seçki kampaniyası zamanı Makkeyn və Obama nələr söyləyib. Azərbaycanda isə sanki seçki keçirilmir, televiziyada bu barədə kiçik bir informasiya da verilmir: "Mən çox istəyərdim ki, Milli Məclisin rəhbərliyi və üzvləri çalışsınlar ki, Azərbaycanda doğurdan da bərabər və ədalətli seçki kampaniyası keçirilsin. Bu seçkilərin ədalətli keçirilməsi, xalqın iradəsinə uyğun yeni prezidentin seçilməsi ölkəmizin nüfuzu üçün son dərəcədə önəmlidir". BAXCP sədri xatırlatdı ki, vaxtilə Seçki Məcəlləsi qəbul olunarkən MSK-nın formalaşdırılması prinsipi müəyyənləşib. Həmin prisipə əsasən, MSK üzvlərinin 6-ı hakim partiyadan, 6-ı bitərəflərdən, 6-ı da parlamentdə azlıqda qalanlardan ibarət formalaşdırılmalıdır. Bitərəflərin namizədlərinin biri hakim partiyayla, biri də müxalifətlə razılaşdırılmalı idi. Ancaq müxalifət üçün nəzərdə tutulmuş yerlərdən ikisi hələ də boşdur".

"MSK tam tərkibdə formalaşdırılsın"

Qüdrət Həsənquliyevin çıxışına YAP icraçı katiblərinin müavinləri - Mübariz Qurbanlı və Siyavuş Novruzov reaksiya verdilər. BAXCP sədri isə növbəti çıxışında dedi ki, çox istəyərdi ki, MSK-nın formalaşdırılması parlamentin iş planına daxil edilsin. ATƏT-in Azərbaycanda prezident seçkiləriylə bağlı daimi Müşahidə Missiyasının hesabatında da yazılıb ki, ümumən ölkədə seçkilər normal keçirilsə də, nöqsanlardan biri MSK-nın hələ də tam formalaşdırılmamasıdır. Seçki Məcəlləsində qeyd olunmur ki, əgər MSK-nın formalaşdırılmasında hansısa partiya iştirak etmirsə, o siyasi təşkilat üçün yer saxlanılmalıdır. Bu, anoloqu olmayan bir şeydir. 6 yer azlıqda qalan partiyalara verilir. Çox təəssüf ki, qanun düzgün şərh olunmayıb. Azlıq deyəndə iqtidarı müdafiə edən partiyalar da nəzərdə tutulub. Halbuki qanunun fəlsəfəsi o olub ki, seçki komissiyaları nə iqtidarın, nə müxalifətin, nə də bitərəflərin nəzarətində olsun: "Ona görə də həmin 6 yer müxalifətdən olan namizədlərə verilməliydi. Amma indi bizdə faktiki üç partiya - BAXCP, Fazil Qəzənfəroğlu və İqbal Ağazadə hökumətin əleyhinə səs verib. Hökumətin əleyhinə səs verən bu üç partiyadan da İqbal Ağazadəyə bir yer verilib. Mən hörmətli həmkarımıza MSK-da yer verildiyinə etiraz etmirəm. Amma o zaman da etirazımı bildirdim ki, hansı prinsip əsasında Milli Məclisin rəhbərliyi, yaxud çoxluq müəyyənləşdirdi ki, parlamentdə bir deputatla təmsil olunan üç partiya (BAXCP, BQP və DİP) bir namizəd irəli sürməli, amma İqbal Ağazadə təklikdə bir namizədlə çıxış etməlidir? Olan olub. Qoy Milli Məclis seçkilərin keçirilməsinə öz töhvəsini versin və ATƏT-in hesabatından da həmin müddəa çıxarılsın. MSK-da iki yer boşdur. Bir nəfər bizimlə razılaşdırılmalıdır. Bir yerə də azlıqda qalan partiyalar nümayəndə verməlidirlər. Biz MSK-nı tam formalaşdırmalıyıq. Əgər iqtidar buna getmirsə, deməli neqativ məqamlar haqda düşünməyə əsas verir. İqtidar çalışır ki, azlıqda qalan partiyaların MSK-da nümayəndələri az olsun və bu formada seçkilərə getsin. Ona görə də mən təklif edirəm ki, MSK ilə bağlı məsələ mütləq gündəliyə salınsın".

"AzTV seçkilərə müdaxilə edir"

Qüdrət Həsənquliyev çıxışının "top-tüfənglə qarşılanması"na da etirazını bildirdi: "Məni burada bir həmkarım ittiham edirdi. O, AzTV-yə baxsa görər ki, dediklərim doğrudur. "Xəbərlər"i izləsəydi, görərdi ki, AzTV seçkilərə müdaxilə edir. Mən də istəyirəm ki, müdaxilə etməsin. Bu ölkənin vətəndaşı, prezidentliyə namizəd kimi istəyirəm ki, Azərbaycanda azad və ədalətli seçkilər keçirilsin. Hər halda seçkilərin birinci mərhələsi çox normal keçib. Ümid edirəm ki, bu ölkədə normal və ədalətli seçkilər keçirmək mümkündür. Hər kəs, o cümlədən Milli Məclis də bu istiqamətdə öz töhvəsini verməlidir".
O, Müsavat deputat qrupunun üzvü Pənah Hüseynin öz çıxışında "seçkidən daha əhəmiyyətli məsələ barədə danışacağam" ifadəsini dilə gətirməsindən narazı qaldığını da söylədi: "Pənah bəyi başa düşürəm, onun müdafiə etdiyi qüvvələr seçkiyə qatılmayıb. Niyə qatılmayıb, özləri bilər, bu barədə danışmaq istəmirəm. Pənah bəyin xüsusən də baş nazir işləmiş, müxalifətdən olub demokratiyanı istəyən bir şəxs kimi belə bəyanatları məni çox narahat edir. O, belə bəyanatlarıyla həmişə seçilib. Vaxtilə yüksək dövlət postu tutanda da deyirdi ki, əhalinin 95 faizi istəməsə də, biz hakimiyyətdə qalacağıq. Amma Sürət Hüseynovun 75 nəfərlik dəstəsi Bakıya üz tutanda birinci Pənah bəy istefa verdi və cinayətkarların qabağından qaçdı. İndi də fəxrlə deyir ki, 1993-cü ildən bu yana Azərbaycanda demokratik və azad seçkilər keçirilməyib".

"Seçkilərdə kifayət qədər səs alacam"

BAXCP sədri Siyavuş Novruzovun müxalif namizədləri 3 faizdən çox səs almağa çağırmasına da münasibətini açıqladı: "Bu cür bəsit düşünən insanlar, onların müdafiə etdikləri bəzi büdcə oğurluğu ilə məşğul olan rüşvətxor məmurlar seçkiyə müdaxilə etməsələr, kifayət qədər səs ala bilərəm və alacağam: "Mənim Azərbaycan siyasətində əsas məqsədim səs almaq deyil. Amalım ölkəmizdə azad cəmiyyətin qurulmasına xidmət, rüşvətin və korrupsiyanın kökünün kəsilməsinə öz töhvəmi verməkdir. Mənim missiyam Bütöv Azərbaycan qurmaqdır. Ola bilsin ki, kimlərinsə bunu başa düşməsi üçün onlara bir ömür bəs etməsin".
O, iclası aparan Ziyafət Əsgərova xatırlatdı ki, hələ keçən ilin sentyabrında Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Milli Məclisə təkliflər verib. Bu günə qədər həmin təkliflər nə komissiyalarda, nə də Milli Məclisdə müzakirəyə çıxarılıb. Prezidentliyə namizəd bu məsələnin müzakirəyə çıxarılmasını istəyir. Konstitusiyaya əlavə və dəyişikliklər etməklə cəmiyyətimizdə mövcud olan bir çox problemlərin fundamental şəkildə həllinə nail olmaq mümkündür. Qüdrət Həsənquliyev bildirdi ki, əlavə və dəyişikliklər nəticəsində Andlı İclaslar institutunu təsdiqləməklə Azərbaycanda məhkəmələrin tam müstəqilliyinə nail ola bilərik. Qanunverici orqanın səlahiyyətləri artar ki, beləliklə də hökumətin fəaliyyətinə real nəzarəti həyata keçirər.

İnsanların pulunu qaytarmayan, ipoteka kreditləri verməyən hökumət

O, bir məsələyə də toxundu: "Dünyanın heç bir ölkəsində görünməyib ki, parlament qanun qəbul edə, prezident onu imzalaya, ancaq o, həyata keçməyə. Söhbət 2007-ci ilin büdcəsindən gedir. Biz 40 milyon manat vəsait ayrıdıq ki, heç olmasa yaşa dolmuş insanların, Qarabağ əlillərinin banklarda yatmış əmanətləri geri qaytarılsın. Amma həmin əmanətlər geri qaytarılmadı. Hökumətin də çox maraqlı mövqeyi var. Deyirlər ki, biz bunun mexanizmini tapa bilmirik. İnsanların pulunu özünə qaytarmağın mexanizmini tapa bilməyən hökumət dünyada baş verən çətin iqtisadi proseslərdən necə baş çıxara bilər!? Onların nə haqqı var ki, bu gün Azərbaycanda bir hökumət kimi fəaliyyət göstərsinlər? Belə olduğu halda Milli Məclis həmin hökumətə etimadsızlıq göstərməlidir".
Qüdrət Həsənquliyev ipoteka kreditləşməsi ilə bağlı 2008-ci ilin dövlət büdcəsində 34 milyon manat ayrıldığını da yada saldı. Bu günə qədər bir nəfərə də ipoteka krediti verilməyib. Cəmiyyətdəki bir çox neqativ hallar da ondan qaynaqlanır ki, həkim də, müəllim də, dövlət məmuru da aldığı maaşla özünə ev ala bilmir. Ona görə də çalışırlar ki, əyri yollarla vəsait toplasınlar və mənzil şəraitlərini yaxşılaşdırsınlar: "Ona görə də mən təklif edirəm ki, biz ipoteka kreditləşməsinin nə üçün həyata keçirilmədiyini aydınlaşdırmaq üçün mütləq gündəliyə xüsusi məsələ salaq. Hökumətin üzvlərini parlamentə dəvət etməliyik. Artıq il qurtarır, onlar yenə də qanunu kobud surətdə pozaraq ayrılmış vəsaiti insanlara verməyiblər".
BAXCP sədri "Siyasi partiyalar haqqında" qanunun qəbulu, partiyaların dövlət tərəfindən maliyələşdirilməsiylə bağlı addımın atılmasını da zəruriliyini vurğuladı: "Uzun müddət məsələ qaldırırdıq ki, QHT-lərə imkan verilsin ki, büdcədən ayrılan vəsaitlə müəyyən vəzifələri yerinə yetirsinlər. Büdcədən 1,5 milyon manat vəsait ayrıldı. Bunun nə qədər müsbət təsirinin olduğunu bütün cəmiyyət hiss etdi. Büdcə müzakirələrində bu vəsaitin artırılmasının zəruriliyini söyləyəcəm. Amma partiyaların da büdcədən maliyələşməsi öz həllini tapsa, Azərbaycanda bir çox neqativ proseslərin qarşısı alınacaq".

"Partiyalar büdcədən maliyələşsin"

BAXCP sədri xaricdən QHT-lər vasitəsiylə maliyələşən partiyaların bir çox hallarda öz mövqelərini yox, onlara sifariş verilən mövqeni ortaya qoymalarına diqqət çəkdi: "Bu gün həmkarlarım inciməsinlər. Mən tam məsuliyyətlə deyirəm ki, İsa Qəmbər seçkiyə getmək istəyirdi. Düzdür, onu "Azadlıq" bloku şantaj etdi. Lakin tam məsuliyyətlə deyirəm ki, ona seçkiyə qatılmağa xaricdən icazə vermədilər. Bu, mənim daxili qənaətimdir, istənilən şəxslə bu məsələni müzakirə edə bilərəm. İsa Qəmbər son günə qədər seçkilərə qatılmaq istəyirdi. Sadəcə, onlara deyildi ki, qıraqda durun və bu seçkinin üzərinə kölgə salın. Məndən sonra Arzu Səmədbəyli çıxış edəcək, soruşuram, cavab versin. 2001-ci ildə Ki-Uestdə danışıqlar gedirdi. Bütün müxalifət düşərgəsi qərar qəbul etmişdi ki, etiraz mitinqi keçirilməlidir ki, dövlət başçısına təzyiqlər olmasın. ABŞ səfiri çağırdı, göstəriş verdi ki, mitinqi təxirə salın. Təxirə də saldılar. Millətin namus məsələsi olan Qarabağ məsələsində mitinqi təxirə salan qüvvəyə seçkiyə qatılma deyilsəydi, sözsüz ki, qatılmayacaqdılar".
Vitse-spiker Ziyafət Əcgərov Qüdrət Həsənquliyevin qaldırdığı məsələlərlə bağlı dedi ki, Heydər Əliyev hələ keçən əsrin 60-cı illərindən korrupsiyaya qarşı mübarizəyə başlayıb, sabah da davam edəcək: "Konstitusiyaya əlavə və düzəlişlərlə bağlı qanun layihəsinin isə parlamentin müzakirəsinə çıxması üçün müəyyən prosedurdan keçməsi lazımdır. Yəni kifayət qədər imza toplanmalıdır. Milli Məclisin qərarından sonra bu məsələni referenduma çıxarıb həll etmək olar. İmza toplayın, sonra məsələni müzakirə etmək olar".
Ramiz Mikayıloğlu
xalqcebhesi

Hiç yorum yok: