azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

14 Temmuz 2008 Pazartesi

Regionda təhlükəli oyun: ABŞ-İran müharibəsi başlayırmı? (1)

İyun ayının 28-də həftəlik Nyu Yorker qəzetində tanınmış jurnalist və Poltzer mükafatının qalibi Seymur Herşin ABŞ-ın İrana müdaxiləsinə dair yazdığı bir məqalənin xülasəsi dərc edildi. (Xatırladaq ki, Herş hələ 2006-cı ilin aprel ayında Nyu Yorkerdə bir məqalə yazaraq, Corc Buşun son hədəfinin İran rejimini siyasi və ya hərbi yollarla devirmək olduğunu bildirmişdi). Məqaləyə görə, ABŞ-ın əlaqədar dairələri prezident Buş hakimiyyətinin İran rejimini devirmək və ya onu sarsıtmaq məqsədilə planlarını həyata keçirmək üçün 400 milyon dollar vəsait ayrılmasına razılıq verib.



Məqalənin tam mətninin 2008-ci ilin iyulun 7-sindəki və 14–ndəki sayılarda çapı nəzərdə tutulsa da, xülasədən bir çox məqamlar tam aydın olub. Buna görə, sənəd Buş tərəfindən imzalandıqdan sonra qanuna uyğun olaraq Respublikaçıların və Demokratların başçılarına, Senatorlar məclisinə və bu məclisin təhlükəsizlik komitəsinə göndərilib.

Məqalədə müəllif mövzu haqda məlumatlı olan şəxslərə istinadən bildirilib ki, “bu layihə İran İslam Respublikasının nüvə proqramlarında uğur qazanmasının qarşısının alınmasını, rejimin devrilməsini və yeni hakimiyyətin yaradılmasını nəzərdə tutub.” İran müxaliflərinə yardımın da bu layihənin tərkib hissəsi olduğu iddia edilməkdədir. Ancaq bəzi mütəxəssislərin fikirlərinə görə Amerika İran daxilində heç bir qrupa maddi yardım gostərmir.

Məqalədə bu layihəyə ayrılan büdcənin məbləğinin 400 milyon dollar olduğu qeyd olunmaqda və Amerikanın İrana qarşı uzun müddətdir məxfi əməliyyatlar apardığı bildirilməkldədir. Bu əməliyyatların əsasən İranın İraqla qonşu olan cənubunda aparıldığı iddia edilməkdədir. Seymur Herşin iddialarına görə, ABŞ təhlükəsizlik qüvvələri son ildə İran daxilində casusluq əməliyyatlarını daha da genişləndirib.

Röyter xəbər agentliyi də bu məqalənin bir hissəsini dərc edərək, hələlik ABŞ rəhbərliyinin, Kongres nümayəndələrinin və dövlət departamentinin bu haqda heç bir açıqlama vermədiyini vurqulayıb. Elə ABŞ və İsrailin son dovrlərdə atdığı addımlar da Herşin iddilarına ciddi yanaşmağı tələb edir.

Belə ki, ABŞ prezidenti Buş bir müddət əvvəl Avropaya səfəri zamanı rəsmi Vaşinqtonun İranla bağlı problemlərin həll olunmasında siyasi və diplomatik yollar axtardığını, ancaq problemin həllində müharibə variantının hələ gündəmdən çıxmadığını bildirmişdi. Corc Buşun Pentaqondakı İranla müharibə əleyhdarı hərbi kadrları dəyişdirməsi, Fars korfəzinə yeni ABŞ quru qüvvələrinin və hərbi dəniz donanmasının gətirilməsi, eləcə də hərbçilərin və diplomatların bölgədə getdikcə coxalan yeni görüşləri və görüşlərdə bir sıra məqamların açıqlanmaması bir çoxlarında yaxında müharibə olacaği qənaətini möhkəmləndirir. Elə İsrailin Aralıq dənizində keçirdiyi hərbi təlimlər və bu ölkənin yetkililərinin İrana hərbi hücumların olmasının vacibliyi haqda bəyanatları da bu qənaəti daha da gücləndirən amillərdəndir.

İranın ABŞ-ın hücum planları ilə əlaqədar yazılanlara reaksiyası

ABŞ-ın İrana hücum edəcəyinə dair xəbərlərin geniş yayıldığı bir vaxtda İran rəhbərliyi də davamlı olaraq ABŞ rəhbərlərini və təhlükəsizlik orqanlarını İran İslam Respublikasının daxili işlərinə müdaxilə etməkdə günahlandırır. İİR yetkililərinin ABŞ rəsmilərini belə ittihamlarla günahlandırması artıq digər ölkə rəsmiləri və mütəxəssislər tərəfindən adi hal kimi dəyərləndirilsə də, keçən ay yenə İran İnformasiya Nazirliyi (Təhlükəsizlik Nazirliyi) bəyanat verərək, ABŞ-ı İranda terrorçuları dəstəkləməkdə ittiham etdi. Təhlükəsizlik nazirliyinin bəyanatında ABŞ rəsmiləri İranda terror qrupları yaratmaqda, onları təchizatla təmin etməkdə və belə qruplara rəhbərlik etməklə İran İslam Respublikasının daxili sabitliyini pozmağa çalışmaqda ittiham olunur.

Geniş yayılan İrana hücum ssenariləri fonunda artıq İranda ABŞ-ın hücumları haqda danışmağa qoyulan yasaq aradan qaldırılıb. İndiyə qədər İran rəsmi dairələri (siyasi və dini liderlik) ölkə mətbuatının ABŞ-ın İrana hücumu ehtimalı haqda yazmasını ciddi dərəcədə məhdudlaşdırmışdı. Bu haqda verilən hər hansı bir informasiya və ya məqaləni “psixoloji müharibəyə yardım” və “xalq arasında qorxu yaratmaq” kimi qiymətləndirirdilər. İndi bu haqda qadağanın ləğv edilməsi İran rejiminin hücum ssenarilərini ciddiyə almağa başlamasının işarəsi sayıla bilər. Elə İnqilab Mühafizləri Korpusunun baş komandanı Məhəmməd Əli Cəfəri də, Came-Cəm telekanalına müsahibəsində hadisələrin inkişafının Amerikanın İrana hücum ehtimalını gücləndirdiyini bildiririb.

Cəfəri açıqlamalarında, ABŞ-ın İrana hücum etməsinə mane olan səbəblər üzərində də xüsusi dayanıb. O, ABŞ rəhbərliyinin İrana hücum etmə mövzusunda qərarsız oluğunu iddia edib, bunun da səbəblərindən biri kimi İranın nüvə mərkəzlərinin pərakəndə şəkildə olmasını və hücum zamanı onların tam məhvinin mümkün olmasının mümkünsüzlüyünü göstərib. O həmçinin ABŞ-ın mümkün hücumu nəticəsində İranın nüvə fəaliyyətində müvəqqəti təxirəsalınmaların yaranacağını, ancaq onun davamının qarşısının alınmasının mümkün olmayacağını bildirib. Onun sözlərinə görə Amerikalıları İrana hücum etməkdən çəkindirən digər məsələ də müharibənin sonunu planlaşdıra bilməmələridir. Cəfəri ”ABŞ-ın bu müharibənin nə zaman sona çatacağını təxmin edə bilməyəcəyini, bunu müəyyyən etmənin onların əlində olmadığını” vurqulayaraq, ABŞ-ı müharibəyə başlamaqdan çəkinməyə çağırıb.

General Cəfəri ABŞ-ın bütün problemlərə baxmayaraq İrana hücum etməsi halında bu hücumların qarşısını almağa tam hazır olduqlarını bildirib və İranın Amerika və İsrail hücumlarına necə cavab verəcəklərini açıqlayıb. İİMK-nin baş komandanı müsahibəsində İran hərbi qüvvələrinin körfəzdə Hürmüz boğazını bağlayaraq, İsrailə zərbə endirərərk və xarici imkanlardan istifadə etməklə ABŞ-ın hücumlarına cavab verəcəklərini elan edib.

Cəfəri ABŞ-ın İsrailin yardımı olmadan İrana hücum edə bilməyəcəyini və bu səbəbdən İran hərbi qüvvələrinin hər hansı bir hücum olduğu zaman İsrailin də mənafeyini hədəfə alacaqlarını xüsusi vurqulayıb. O, İsrailin strateji dərinliyə malik olmadığınını və bu baxımdan İran raketlərinin hücumu qarşısında müqavimət göstərə bilməyəcəyini qeyd edib. Bundan əlavə Cəfəri bildirib ki, İran öz ərazilərindən kənarda da zərbələr endirməyə qadirdir. Qeyd edək ki, bu zərbələrin terror aktları olub olmayacağı haqda və harda olacağı barədə heç bir məlumat verilməyib. Amma Cəfəri qeyd edib ki, İran tez bir zamanda regiondakı İslami təşkilatlardan ibarət vahid cəbhə yaradaraq bu qüvvələri bütünlüklə İsrail əleyhinə səfərbər edə biləcək.

İran belə bir müharibə olacağı təqdirdə neft amilindən də nəhayət istifadə etməyə cəhd göstərməyə çalışacaq. General Cəfəri neft amilinə işarə edərək bildirib ki, müharibənin başlanması neftin qiymətinə böyük təsir göstərəcək. Üstəlik İran hərbi qüvvələri Amerikanın hücumlarına cavab kimi körfəzə və dünya enerji şəbəkəsinin şah damarı olan Hürmüz boğazına nəzarəti gücləndirəcəklər.

Cəfərinin ABŞ-a müqavimət planına İranın “İtkin düşmüşlər və şəhidlər meyitlərini axtarışı komitəsini” sədri Feysəl Bağirzadə öz açıqlamaları ilə dəstək verib. Bağırzadə İranın sərhəd bölgələrdə ölkəyə təcavüz etmək istəyən əsgərlərin meyidlərinin basdırılması üçün 320 min qəbir qazılmağa başlanıldığını elan edib.

Göründüyü kimi, əsasən Qərb mətbuatınada gündəmə gələn ABŞ-ın İranı vurma planının ciddiyəti İran tərəfindən çox ciddiyə alınmaya başlanmışdır. Əslində Məhəmməd Əli Cəfərinin aşıqlamaları da bu mövzunun İran cəmiyyətində ümumi müzakirəyə çıxarılması üçün zəmin yaratmış oldu. Bu müzakirələr bir yandan İran xalqını mümkün bir savaşa qarşı psixoloji cəhətdən hazırlamaq məqsədi daşırkən, digər tərəfdən də prezident Mahmud Əhmədinejada, böhran yaşayan iqtisadiyyatın mövcud durumunu bir az daha ört-basdır etməsi və “müharibə olacağı” tezisi ilə bir sıra iqtisadi məhdudiyyətləri həyata keçirməsi üçün əlverişli imkan yaratmaqdadır.



Regionda təhlükəli oyun: ABŞ-İran müharibəsi başlayırmı? (2)

Belə bir müharibənin başlayacağı təqdirdə digər ölkələrin münasibətinin tam olaraq necə olacağı bəlli deyil, amma hər iki tərəfin (ABŞ və İran) ciddi müttəfiqlərə sahib olduğu gerçəkdir. Aydındır ki, hər iki tərəf öz müttəfiqlərindən maksimum istifadə etməyə və hətta müttəfiqlərini aşıq vəya gizli formada müharibəyə cəlb etməyə çalışacaq. Digər səbəblərlə yanaşı həm də bu səbəbdən Avropa ölkələrinin əksəriyyəti İran və Amerika arasında hər hansı bir müharibənin əleyhinədirlər. Bu müharibə əgər ABŞ-ın qələbəsi ilə sonuclansa, bu Fars körfəzinin bütün karbonhidrogen ehtiyatlarının ABŞ-ın nəzarətində olmasına səbəb olaraq.



Digər tərəfdən İran Avropa iqtisadiyyatına ciddi dərəcədə təsir imkanına malikdir. Avropa banklarındakı pulları (çəkilməsi ilə bağlı mübahisələr davam etsə də) və bəzi Avropa ölkələrinə borclarının olması, müharibə olacaği təqdirdə bu borcların ödənilməməsi, enerji böhranı təhlükəsi ilə bərabər iqtisadi baxımdan Avropa üçün ciddi təhlükə mənbəyi sayılır Eyni zamanda, İranı dəstəkləyən fundamentalistlərin Avropaya yayılması, Qərbə və onun müxtəlif ölkələrdəki maraqlarına qarşı terror aksiyalarının törədilməsi Avropanın təhlükəsizliyi üçün ciddi problemlər yarada bilər. Bütün bu səbəblər həm ABŞ-ı, həm də onun müttəfiqlərini ciddi götür-qoy etməyə vadar edir.

Bu arada İİR ordusu iyul ayının 7-sindən etibarən yeni hərbi təlimlərə başlamış və Şahab-3 raketini bir daha sınaqdan keçirmişdir. Bununla da İsrail və ABŞ-a bir daha öz gücünü və İsrail ərazilərini vura biləcəyini xatırladıb. İranın Şahab-3 raketləri 2000 kilometrdə olan hədəfləri vurmaq iqtidarındadır. Bir çox mütəxəssislərin fikrincə bu növ raketlər nüvə başlıqları daşımağa qadirdir. Tehran yaxınlığında davam etdirilən yeni təlimlərdə müxtəlif ordu növlərindən ümumilikdə təxminən 20 min hərbçi iştirak edir.

“İİR”in beynəlxalq aləmə meydan oxuyan addımları birmənalı qarşılanmır. Böyük Britaniyanın Baş Naziri Qordon Braun SNN (CNN) telekanalına verdiyi müsahibədə bildirib ki, “İran” onun nüvə proqramının, nüvə silahı əldə etmək məqsədi daşımadığını sübut etməlidir. Braun bu çıxışıyla bir daha həm bu məsələdə Qərbin İranın nüvə silahı əldə etmə çalışmalarına artıq şübhə səviyyəsində yox yəqinlik səviyyəsində baxdığını bildirmiş olub, həm də bunun əksini sübut etmə məsuliyyətinin İranın üzərinə olduğunu vurğulayıb.

Qeyd edək ki ABŞ İtaliyanın da danışıqlara cəlb olunmasının tərəfdardır. Belə olan halda prosesdə ABŞ-ın mövqeyini dəstəkləyən ölkələrin sayının da artması da mümkündür. Qordon Braun bildirib ki, “biz istəyirik ki, İran nüvə və kütləvi qırğın silahlarının yayılmaması haqda beynəlxalq konvansionun bəndlərini pozmayacağı haqda tam və qəti öhdəlik götürsün və sübut etsin ki, bu məsələdəki müsbət mövqeyi qətidir”.

“İran”la Qərb arasında gərginlik davam etdiyi bir zamanda Avropada İİR əleyhinə mübarizə aparan və İran-İraq müharibəsinin sonlarında İrana böyük bir qoşun dəstəsiylə hücum edən Xalqın Mücahidləri təşkilatının üzvləri fəallaşma nümayiş etdirirlər. Bu təşkilatın hərbi qolu olan Milli Müqavimət Şurası on minlərlə tərəfdarını Parisə toplayaraq beynəlxalq aləmdən bu təşkilatın hərbi mübarizəsinə olan qadağaları ləğv etməyi tələb etdilər. ABŞ-ın və Avropa Birliyinin bu təşkilatı terrorçu təşkilat kimi tanımasına baxmayaraq, bir neçə ay əvvəl İngiltərə məhkəməsi Xalqın Mücahidlərinin siyası qolunun İngiltərədə fəaliyyətyinə icazə verdi və onları terrorçu təşkilat siyahısından çıxartdı. Parisdəki mitinqin təşkilatçılarının iddialarına görə bu aksiyada 70 min insan iştirak etmişdir. Amma bu xəbər rəsmi mənbələr tərəfindən təsdiq olunmayıb. Xatırladaq ki, Avropa ölkələrinin parlamentlərinin də bir neçə üzvü bu mitinqə qatılmışdı. Xalqın Mücahidləri Təşkilatı Avropa və ABŞ-dan tələb edir ki, onların adları terrorçu təşkilatlar siyahısından çıxarılsın və onların açıq şəkildə fəaliyyətlərinə imkan yaradılsın.

Müharibə başlayacağı təqdirdə onun ABŞ ilə bərabər əsas iştirakçısı şübhəsiz ki, İsrail olacaq. Belə bir müharibənin olmasını ABŞ-dan daha çox İsrail yetkililəri tələb edir. İranın nüvə silahlarına sahib olub-olmamasından asılı olmayaraq güclənməsi birinci nöbədə İsrailin mənafeyini təhlükə altına salır. İsrailin kəşfiyyat xidmətinin (Mossad) keçmiş rəisi Şabtay Şavyet bildirib ki, İsrailin, İranin nüvə təsisatlarını məhv etmək üçün yalnız bir il vaxtı var. Əks halda nüvə silahına malik olan bir ölkənin hədələrinə məruz qalacaq. Onun sözlərinə görə sanksiyalar İranın nüvə proqramını dayandırmağa mane ola bilməz. Yalnız hərbi müdaxilə ilə bu məsələ həll oluna bilər. Çünkü İran bu bir il həm də yeni hava hücum və müdafiə sistemlərinə malik olmağı nəzərdə tutur (İran Rusiyadan S-300 adlı havadan qorunma silahları almaq istəyir).

ABŞ və ya İsrailin İrana mümkün hücumları qonşu ölkələrdə də birmənalı dəyərləndirilmir. Bütün qonşu ölkələr regionda müharibənin əleyhinə olsalar da, “İİR”in regionda lider dövlət olma cəhədlərinə əksər qonşuları narahatçılıq hissi ilə yanaşır. Yaxın Şərqdə Ərəb ölkələrinin aparıcıları olan Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ və İraq İranın güclü və nüvə silahına malik dövlət olma cəhdlərindən narahatçılıq keçirəcəklər. Bu ölkələrin bəzisi Fars körfəzi adalarının bir sırasına ərazi iddialari irəli sürür. Bəzi hallarda sərhəd xəttlərinin müəyyənləşdirilməsi məsələsində sazişlər bağlanmasına baxmayaraq problemlər davam edir. Elə İran-İraq müharibəsinə səbəb olan bəhanə də sərhədlərlə bağlı mübahisəli məqamlar idi.

Türkiyə bu məsələdə İranin tam işğal olması və mərkəzi hakimiyyətin zəifləməsinin tərəfdarı deyil. İran mərkəzi hakimiyyətin zəifləməsi ölkədə etnik problemlərin qabarmasına, bu da öz növbəsində ya İranın parçalanması nəticəsində “Kürd dövləti”nin yaranmasına, ya da federal üsul idarəsinə keçilməsi nəticəsində ikinci Kürd muxtar vilayətinin yaranmasına səbəb ola bilər. Bu isə Türkiyə üçün çox arzuolunmaz haldır.

Orta Asiya və Qafqaz ölkələri də belə bir hücumun baş verməsi ehtimalından narahatlıq keçirirlər. Azərbaycan və Türkəmənistan İranla quru sərhəddə malikdirlər. ABŞ və İsrail Azərbaycan və Türkəmənistanla yaxın münasibətlərə sahibdirlər. İranın bu iki ölkəylə, xüsusən də Azərbaycanla ənənəvi “strateji maraq uyuşmazlığı” davam edir. İranda yaşayan on milyonlarla Azərbaycanlının (Azərbaycan Türkünün) hüquqlarının “İran” mərkəzi hakimiyyəti tərəfindən pozulması və Azərbaycan Respublikasının sadə vətəndaşlarının və hətta çox açıq çəkildə ifadə olunmasa belə dövlət məmurlarının da bu məsələdən narahatlıq keçirmələri İrana qarşı mənfi hisslər yaradıb. Bu isə istər istəməz “İran” rejiminə qarşı beynəlxalq səviyyəli fəaliyyətlərin Azərbaycanlılar və qismən Türkmənlər tərəfindən xoş qarşılanmasına səbəb olan amildir. Amma eyni zamanda ölkələrinin təhlükəsizliyi noqteyi nəzərindən müharibənin baş verməsinə razı ola bilmirlər.

Rusiya Amerikanın regionda nüfuzunun artmasından nigarançılıq keçirir. Digər vacib faktorlarla yanaşı Avropaya nəql olunan qaz və xam neftin bir hissəsi Orta Asiya və Azərbaycandan tədarük olduğundan bu bölgədə Rusiya öz nüfuzunu saxlamaq məcburiyyətindədir. Rusiya ABŞ-ın İranda və İranın qonşularında nüfua malik olmasının tərəfdarı deyil.

Yaxın Şərq regionu yeni hadisələrə hamilədir. Bölgə ölkələrin mənafeyləri tez-tez toqquşur. Bundan istifadə etməyi bacaran ABŞ və Qərb region ölkələrinin əksəriyyətini nəzarət altında saxlaya bilir. Qalan ölkələr isə ya Qərbə belə olduğu kimi lazımdırlar ya da onların nəzarətə alınması prosesi davam edir. “İran” bir zamanlar İraq və Fars körfəzi ölkələrinə göz dağı kimi ABŞ-ın region siyasətinin bir hissəsini təşkil etsə də bu gün bölgədə tam əks vəziyyət mövcuddur. ABŞ və İsrail vəziyyətin nəzarətdən çıxmasının və maraqlarının daha da böyük təhlükə altına girməsinin qarşısını almaqda qərarlı görünür, eləcə də İran onlara qarşı dirənməkdə. Amma prosesin gedişatında beynəlxalq vəziyyət və qüvvələr nisbəti bu qərarlılıqdan daha həlledici olacaq. Vəziyyət belə qala bilməz! Bəs necə dəyişəcək? Diplomatıyanın fayda vermədiyini iddialı tərəflər dəfələrlə qeyd ediblər. Deməli bir yol qalır.

Hiç yorum yok: