azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

15 Temmuz 2008 Salı

GÜNEY AZƏRBAYCANIN AYRICA BAYRAĞI OLMALIDIRMI?

2008-07-15 - 15:30:00


Son günlər tez-tez ortaya atılan və gündəmimizi süni şəkildə məşgul edən problemlərdən biri də ”Güney Azərbaycan milli bayrağı” mövzusudur. Əslində bu mövzunu gündəmə gətirənlərin hamısını eyni kateqoriyada göstərmək doğru deyil. Yaxşı niyyətlərinə heç şübhə etmədiyimiz, Azərbaycan milli hərəkatına tamamilə bağlı fəallar olduğuna inandığımız bir qrup Azərbaycanın güneyində cərəyan edən hərəkatın bir simvola ehtiyacı olduğunu, bu simvolun Azərbaycanın bütün potensialını bir araya gətirəcəyinə inandıqlarını ifadə edir və məlum şərhi Azərbaycan fəallarının müzakirəsinə verir.

Bu qrupun öz təkliflərini ”milli bayraq” olaraq deyil, ”milli simvol” olaraq təqdim etməsi, eləcə də daha öncəki ”milli bayraq” təşəbbüskarlarından fərqli olaraq diktə yolu ilə yox, tam konsensus yolu ilə təsdiq elətdirməyə çalışmaları təqdirəlayiq haldır. Ancaq bu dəyərli fəallarımızın diqqətini bir necə məsələyə cəlb etməyi özümə borc bilirəm:

1. Bir hərəkatı - özəlliklə də uluslararası arenada - sadəcə simvollar təmsil edə bilməz. Hər hansı bir hərəkət ideoloji özəyinin möhkəmliyi, ideallarının, hədəflərinin aliliyi, potensialının genişliyi, proseslərə təsir imkanlarının böyüklüyü, rəhbərliyin gücü, siyasi kadrlarının yüksək səviyyəsi, eləcə də simvolları ilə birlikdə təmsil olunduqda daha güclü görünər.

2. Simvollar milli idealları, amalları əks etdirəndə, milli varlığımızla bütövləşəndə milli olar. Milli ideologiyani təmsil edən bayrağın çizgilərini əyib-büzməklə, onu qaralamaqla milli simvol yaradılmaz.

3. Simvolların illah da bayraq olmasına ehtiyac yoxdur, ancaq milli hərəkata bayraq formasında bir simvol gərəklidirsə, bu simvol-bayrağın təsvirini hansısa bir fantaziyadan deyil, qəhrəmanlıqlarla dolu tariximizdən götürmək daha məntiqli olmazmı? Məsələn, Ulu Babəkin bayrağı. Ərəbin qara rəngindən Babəkin qırmızı rəngli bayrağı daha yaxşı deyilmi?

4. Dialoq üçün belə sağlam bir mühitin formalaşmadığı, gərginliklər və ziddiyyətlərlə dolu bir dönəmdə önərilən bu və ya başqa hər hansı bir simvolun Azərbaycan milli hərəkatı sıralarında yeni ziddiyyətlər və gərginliklərin qaynağı olmayacağına əminsinizmi?

5. Azərbaycan milli hərəkatının davamı və irəliləməsi üçün onu ideologiyası, strateji hədəfləri, ümumi taktikası, daxildəki və xaricdəki potensialı, ictimai və siyasi təşkilatları ilə və s. bütöv bir sistem halına gətirmək, tərkib hissələrinin bir-biri ilə ahəngdar vəhdətini sağlamaq günümüzün önəmli zərurətidir. Daban-dabana zidd və bir arada olmaları mümkün olmayan ünsürləri isə eyni sistemin içərisinə yerləşdirmək sistemin öz içindən çöküşünü sağlamaqdan başqa bir işə yaramaz. Örnəyin, bir-birini inkar edən ”Bütöv Azərbaycan milləti” anlayışı ilə ”Quzey Azərbaycan milləti”, yaxud ”Güney Azərbaycan milləti” anlayıslarının eyni düşüncə sisteminin içində yer almasi mümkün deyil.

6. Mən Sizlərin, daha öncəki ”milli bayraq təşəbbüskarları”nın yaratdığı olumsuz ortamla bağlı qayğılarınızı tamamilə başa düşür və saygı ilə qarşılayıram. Ancaq atalar demişkən, «qanı qanla yumaq olmaz». Yanlışı eyni metodla düzəltməyə çalışmaq, nəinki yanlışı ortadan qaldırmaz, hətta Azərbaycan milli hərəkatında yanlışlar zəncirinin oluşmasına zəmin yaradar.

7. Son olaraq: yaxşı niyyətlə müzakirəyə çıxardığınız ”milli simvol” önərisinin Azərbaycan milli hərəkatının hədəflərinə və mənfəətlərinə qarşı çıxmaqdan çəkinməyən kəsimlər tərəfindən dərhal ”Güney Azərbaycan milli bayrağı” kimi təqdim olunması Sizlərə bir şeylər ifadə edirmi?

Məsələni ”milli simvol” olaraq deyil, ”Güney Azərbaycan milli bayrağı” şəklində tanımlayan bir qrup isə, əslində müxtəlif niyyətlərlə mövzuya yanaşsalar da, biz şərti olaraq hamısını eyni kateqoriyada ələ alır, hamısının yaxşı niyyətinə inanmaq istədiyimizi bəri başdan ifadə edirik. Ancaq niyyətin yaxşı olmasına inancımızın mahiyyətin doğru olduğu anlamına da gəlmədiyi hər kəsə məlumdur.

1. Bildiyimiz kimi, ”milli” sözü ”millət” kök sözündən yaranan, ”millətə məxsus”, ”millətə aid” anlamını ifadə edir. ”Güney Azərbaycan milli bayrağı” ifadəsi isə, Azərbaycan türkcəsi qrammatikasına görə, ikinci növ təyini söz birləşməsi olub Güney Azərbaycan millətinə (?) aid bayraq anlamına gəlməkdədir. Zənnimizcə, işin buraya qədərini düzgün bir biçimdə çözə bildik. Çözə bilmədiyimiz məqam isə bu yeni ortaya çıxan ”Güney Azərbaycan milləti” ifadəsidir. Bu yeni millətin tanımı nədir? Özəllikləri nədən ibarətdir? Onu güneyli-quzeyli Azərbaycan türk millətindən fərqləndirən məqamlar hansılardır?

2. İrəli sürdüyünüz bu ”Güney Azərbaycan milləti” anlayışını fars şovinizmi və rus imperiyasının sadəcə siyasi-inzibati mənada parçalaya bildiyi, ancaq dili, mədəniyyəti, mənəviyyatı, amalları və idealları ilə bütöv olan bir milləti mənəvi və ideoloji baxımdan parçalamağa, dolayısı ilə farsın və rusun başlatdığı, ancaq tamamlaya bilmədiyi bir işi tamamlamağa xidmət edən bir anlayış olaraq görmürsünüzmü? Sizcə, bu anlayış, rus imperiyası və fars şovinizminin ortaq iradəsi qarşısında qeydsiz-şərtsiz təslimçilik, çarəsizcə beyət psixologiyasının tam ifadəsi deyildirmi? Azərbaycanın quzeyinin və güneyinin ayrı-ayrı siyasi avtoritarların əhatəsində olması Quzeydə yaşayanlarla Güneydə yaşayanların ayrı-ayrı millətlər olması anlamına gələ bilərmi? Bizcə, gəlməz. Vyetnamlılar və almanların gəlmədiyi kimi. Sizcə?

3. Qeyd etdiyimiz kimi, milli bayraq millətin milli təfəkkür sistemini əks etdirər. Azərbaycan milli ideologiyasının simvolu olan üçrəngli, parlayan ay-ulduzlu milli bayrağımızdan fərqli bir ”Güney Azərbaycan milli bayrağı” ortaya çıxarılırsa, ayrı bir fikir sistemini, ayrı bir milli ideologiyanı təsil edir deməkdir. ”Güney Azərbaycan milli bayrağı”nın arxasında duran ideologiyanın əsasları nədən ibarətdir?

4. Milli bayrağımızın, həm də Azərbaycan Respublikasının dövlət bayrağı olması uluslararası platformada hər hansı bir mübahisə qaynağı deyil. Hüququn aliliyini hər zaman ön planda tutan dövlətlərin sınırları içərisində Güneydən olan soydaşlarımızın üçrəngli, parlayan ay-ulduzlu milli bayrağımız eşliyində keçirdiyi saysız aksiyaların heç birində heç kimsə onlara ”bu bir hüquq pozuntusudur” deyə müraciət etməmişdir.

Finlandiya kimi bir hüquq dövlətinin sərhədləri içərisində yaşayan İsveç kökənlilər (toplam əhalinin 10 faizini təşkil edir) məxsus günlərdə İsveç dövlət bayrağını qaldırarlar. Hələ bu günə qədər kimsə onları uluslararası hüququ pozmaqda ittiham edərək bu haqlarından imtina etməyə dəvət etməyib. Görəsən, «Güney Azərbaycan milli bayrağı” dartışmaları var olan milli bayrağımızı və onun təmsil etdiyi ideyaları Azərbaycanın güneyində cərəyan edən hərəkatımızın yaddaşından silməyə yönəlik cəhdlərin tərkib hissəsi ola bilərmi? ”Güney Azərbaycan milli bayrağı canfəşanlığının son günlərdə M.Ə.Rəsulzadə və onun ideyalarına qarşı daha intensiv bir şəkildə aparılan məqsədli fəaliyyətlərlə eyni zamanda ortaya çıxması sadəcə bir təsadüfdən ibarət ola bilərmi?

5. Makedoniya öz müstəqilliyini əldə etdikdən sonra milli bayrağını dövlət bayrağı olaraq qəbul etdi. Ölkə sınırları içərisində yaşayan makedon vətəndaşlarının bu bayraqdan təsirlənəcəyini düşünən Yunanıstan bu mövzudan duyduğu rahatsızlığı uluslararası arenaya daşıdı. Bunun nəticəsində bayrağını dəyişdirməzsə, müstəqilliyinin tanınmayacağı təhdidlərinə qədər varan basqılara baxmayaraq, müstəqilliyinin tanınmaması bahasına olsa belə, Makedoniya öz bayrağını dəyişdirmədi. Çünki bayraq asan yaradılmır (”Bayraqları bayraq yapan üstündəki qandır”). Çünki bayraq bizdə sanıldığı qədər ucuz deyil. Hər kəs əlinə bir neçə rəngli qələm alıb bu millətə milli bayraq yaratmağa çalışırsa, bayraq düşüncəmiz sudan belə ucuza düşməzmi?

6. Kürdlər ayrı-ayrı coğrafiyalarda, ayrı-ayrı siyasi hakimiyyətlər altında yaşamalarına, dillərinin bir-birini anlamayacaq dərəcədə fərqli olmalarına və s. baxmayaraq, hər vasitədən istifadə edərək (o cümlədən bayraqdan) özlərini vahid bir millət kimi dünyaya təqdim ediblər. 1920-ci ildə bugünkü Türkiyə kürdləri içərisindən çıxdığı iddia edilən bayrağı 1945-46-cı illərdə İran kürdlərinin qurduğu ”Mahabad dövləti” rəsmi dövlət bayrağı olaraq qəbul etdi. Həmin bayraq bu gün İraqın quzeyində yaradılan muxtar kürd dövlətinin bayrağı olmaqla birlikdə həm də bütün kürdlərin milli bayrağı olaraq təqdim edilməkdədir. Kürdlərdə vəziyyət belə ikən bizim sıralarımızda bəzilərinin bütün vasitələrdən istifadə edərək Azərbaycanın güneyi ilə quzeyi arasında süni fərqliliklər yaratma cəhdləri nə anlama gəlir? Bu zehniyyət kimə xidmət edir?


Çingiz GÖYTÜRK

Hiç yorum yok: