azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

14 Temmuz 2008 Pazartesi

QUBA MƏZARLIĞINDA






Ermənilərin 1992-ci ilin fevralında törətdiyi Xocalı soyqırımına dünyanın diqqətini cəlb etmək istədiyimiz vaxt Qubada, Qudyalçayın ətrafında azərbaycanlılara qarşı vəhşi cinayətlərdən xəbər verən kütləvi məzarlıq aşkarlandı. XX əsrin əvvəllərinə aid bu məzarlığın üzə çıxması tam təsadüfdür.

2007-ci il aprel ayının 1-də burada kafe sahibi olan bir nəfər ərazini genişləndirmək niyyəti ilə qazıntı işləri apararkən yerin altından bir qalaq insan sümüyü çıxır. Əvvəlcə həmin sümükləri yığıb çaya atırlar. Qazıntı davam edəndə isə insan sümüklərinin kütləvi şəkildə üzə çıxdığını görən kafe sahibi Quba Rayon İcra Hakimiyyətinə məlumat verir. Bu xəbər Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutuna çatır. Aprelin 8-dən 11-dək ilkin tədqiqat işləri aparılır, məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdyii soyqırımla bağlı olduğu müəyyənləşdirilir.

Sonradan institutun elmi şurası bu məsələyə daha dəqiq aydınlıq gətirilməsi üçün məzarlıqda geniş arxeoloji tədqiqat aparılmasını məsləhət bilib. Tədqiqat işlərinin indiki durumunu öyrənmək məqsədilə Parlament Jurnalistlər Birliyinin təşəbbüsü ilə iyulun 12-də yerli və xarici kütləvi informaysiya vasitələrinin 30-a qədər nümayəndəsi də məzarlığa baş çəkib.

İyun ayında Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Luis Mariya de Puiq də Milli Məclisin spikeri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə Qubada olarkən azərbaycanlılara qarşı 1918-ci ildə ermənilərin törətdiyi soyqırım barədə məlumat verilib, məzarlıqdan çıxarılan insan qalıqlarından nümunələr göstərilib. O vaxt jurnalistlərə açıqlama verən AŞPA prezidenti demişdi ki, məzarlıqda tapılan insan qalıqları dəhşətli soyqırımın nəticəsidir: «Mən bunu kimin törətdiyini deyə bilmərəm. Amma bu, dəhşətli soyqırımdır. İnsanların vəhşicəsinə öldürüldüyünü öz gözlərimlə gördüm».

Bu səfərdən sonra parlamentin yaz sessiyasınn son iclasında çıxış edən spiker Oqtay Əsədov da Quba məzarlığından söz açaraq ermənilərin ötən əsrin əvvəllərində xalqımıza qarşı törətdiyi soyqırım faktını bütün dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün hər kəsin fəaliyyət göstərməsinin zəruri olduğunu bildirdi. Oqtay Əsədovun bu çağırışıına ilk cavab verən Parlament Jurnalistlər Birliyi oldu. Yeri gəlmişkən, səfərin təşkilində Qubadan deputat seçilən Vahid Əhmədovun xüsusi təşəbbüsü olduğunu da qeyd etmək lazımdır.

Şaumyanın soyqırım tapşırığı

Məzarlıqda tapılan insan qalıqlarıyla bağlı məlumatı AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Qəhrəman Ağayev verdi. Onun sözlərinə görə, ermənilər 1918-ci il mayın 1-dən 10-na qədər yerli camaata divan tutublar: «Arxiv materiallarında erməni generalı Hamazasın azərbaycanlıları qırmaq üçün Qubaya, Lalayanın isə mərkəzi və cənub bölgəsinə göndərilməsi faktları var. Bu tapşırığı onlara Xalq Komissarları Sovetinin sədri Şaumyan veribmiş».

Q.Ağayev arxivdə Hamazasın cavab məktubunun olduğunu da qeyd etdi: «O yazır ki, yoldaş Şaumyan, biz artıq vəzifəmizi yerinə yetirdik, Quba qəzasında 10 mindən çox adam qırmışıq. Qubanın təkcə bu ərazisində iki mindən çox adam qətlə yetirilib. O vaxt Fovqəladə Hallar Komissiyasının üzvü olan Novitski də bu faktı öz yazışmalarında təsdiq edib».

Erməni cinayətlərinin qarşısı Nuru Paşanın rəhbərliyi ilə türk qoşunlarının köməyə gəlişindən sonra alınıb. 1918-ci il mayın 11-də Qanlı dərə ərazisinə sıxışdırılan ermənilər qaçmağa müvəffəq olmayıblar.

Ermənilər dinc əhalini hamamda boğub quyulara töküblər

Tədqiqat zamanı erməni vəhşiliyini sübut edən danılmaz faktlar aşkarlanıb. Q.Ağayevin dediyinə görə, burada 2 quyu aşkarlanıb: «Birinci quyunun dərinlyi 4 metr 70 santimetr, diametri 5 metrdir. İkinci quyunun diametri 2,5 metr, dərinliyi isə 2 metrdir. Sürüşmə nəticəsində ikinci quyudan indi əsər-əlamət qalmyaıb».

Məzarlığın şərq-qərb hissəsində aparılan qazıntı zamanı məlum olub ki, buradan iki arx da keçirmiş. Mənbəyi Qudyalçaydan başlayan arxlardan biri dəyirmana, biri də əkin sahələrini suvarmaq üçün nəzərdə tutulubmuş. İndi qazıntılar 500 kvadratmetrlik ərazidə aparılır. Antropoloqların rəyinə görə, quyulardakı sümüklərlə arxlardakı sümüklər arasında fərq var: «Quyulardakı sümüklərin əkəsriyyəti yığılıb. Bizim ehtimalımızı yerli camaat da təsldiqlədi. Biz deyirdik ki, bu insanları hamamda boğub sonra gətirib burada basdırıblar. Sonra ekspertlər də bunu təsdiqlədilər. Zavallı insanları yaxınlıqdakı Çuxur hamamda buxarda boğublar. Bir nəfər şahid qadın da var. O vaxt 7 yaşında olub. Deyir ki, onlar qaçıb canlarını qurtarıblar, həmin adamları isə hamama yığıblar. Şahid xatırlayır ki, kənardan hamamdakı insanların ah-naləsinin eşidib. Bu sübut edir ki, ermənilər insanları parda diri-diri boğub sonra gətirib quyulara töküblər».

Qırılan insanların sayı çox olduğundan ikinci quyuya ehtiyac yaranıb. Q.Ağayevin sözlərinə görə, quyuları yerli adamlara qazdırıblar, sonra isə onları öldürüb arxlara töküblər: «Proses 7-8 gün davam edib. «Pristav bağı» adlanan bu əraziyə heç kim yaxın düşə bilmirmiş. Ermənilərin məqsədi də bu olub, belə yamac yerində, Qudyalçayın sahilində məzarılq salıblar ki, zaman keçdikcə su yuyub cinayətlərinin izini silsin».


14 nəfərlik ailənin vəhşicəsinə qətliamı


Qətlə yetirilənlərin etnik tərkibinə gəldikdə isə tədqiqatçı alim deyir ki, Qubada azərbaycanlıların kompakt yaşadığı şübhəsizdir: «Amma burada ta qədimdən ləzgilər, avarlar, tatlar və yəhudilər də var. Ermənilər isə heç vaxt milliyyətə əhəmiyyət verməyib, qarşısına çıxanları öldürüblər. Düzdür, ermənilərdə syiahı olub, bu, arxiv materiallarında da var. Məsələn, bir ailədə 14 nəfəri öldürüblər. Köprələrdən başlayıb sonda baba ilə nənəni qətlə yetiriblər»

İlkin tədqiqat zamanı o da müəyyənləşdirilib ki, quyulardakı sümüklərin əksəriyyəti qadınlara, uşaqlara və yaşlı kişilərə məxsusdur.

Digər bir məlumata görə, məzarlıqda tapılan sümüklərin əksəriyyəti 60 yaşına qədər olan kişilərindir: «Cavanlar azdır, amma uşaqlar kifayət qədər çoxdur».

Qalaq-qalaq cəsəd

Bu günə olan məlumata görə, məzarlıqda 196 kəllə tapılıb. Axırıncı iyulun 11-də üzə çıxıb. İnsanların sayının kəllələlərə görə hesablanmasının isə özəl səbəbi var. Q.Ağayevin dediyinə görə, qətlə yetirilən insanları elə hala salıblar ki, indiyədək bir dənə bütöv skelet aşkar edilməyib: «Bu səbəbdən insanların sayını ancaq kəllə sümükləri ilə müəyyən edirik.

Ayrı-ayrı insanların kəllə sümüklərinin fraqmentləri var, onlar hələ siyahıda deyillər. Tədqiqat başa çatdıqdan sonra siyahıya əlavə edəcəyik».

Tədqiqat zamanı məlum olub ki, ermənilər dinc əhaliyə divan tutan zaman odlu silahdan istifadə etməyiblər: «Buradakı insanların kəllə və digər sümüklərində bir dənə güllə yeri yoxdur. Hamısını küt alətlərlə öldürüblər. 4 əlamət deyəcəyəm: birincisi, başın sağ nahiyəsindən balta ilə vurublar. İkincisi, xəncərdən istifadə ediblər, bir, ya da iki zərbə ilə başı bədəndən ayırıblar. Üçüncüsü, bəzi kəllə sümüklərində mismarlar aşkarlanıb. Mismarla gicgahdan, bir də beyin hissəsindən vurublar. Dördüncüsü, kəllənin beyin hissəsinin içərisinə də mismarla zərbə endirildiyini müəyyənləşdirmişik».

Ən maraqlı faktlardan biri də məzarlıqda heç bir bəzək əşyasının, pal-paltarın tapılmamasıdır. Bu isə onu göstərir ki, ermənilər bu insanları soynudurub işgəncə verərək öldürüblər.

14 yaşında qıza qarşı erməni vəhşiliyi

Tədqiqatçı alim erməni qəddarlığını sübut edən daha bir faktdan danışır: «Araşdırmamız zamanı 14 yaşlı qızın başına nə cür oyunlar açıldığını da müəyyənləşdirmişik: «Burnunu və qulaqlarını kəsiblər, sonra mismarla gicgahının hər iki hissəsindən zərbə vurublar».

Son söz əvəzi

Bu, ermənilərin ötən əsrdə azərbaycanlılara qarşı törətdiyi amansızlığın daha bir təkzibolunmaz nümunəsidir. Qubada törədilən qətliamın dünya ictimaiyyətinə çatdırılması üçün kifayət qədər dəlil-sübut var. Arxeoloqlar və etnoqraflar bu vəhşiliyin hər bir izinin qorunub saxlanmasına çalışırlar. Qeyd etdiyimiz kimi, Milli Məclisin sədri Oqtay Əsədovun təşəbbüsünə dəstək verən Parlament Jurnalistlər Birliyi də öz vətənpərvərlik missiyasını yerinə yetirdi. Jurnalistlərin bu vətənpərvərliyinə deputat kimi Vahid Əhmədov da yetərincə dəstək verdi. Amma ermənilərin bu qətliamını dünya ictimaiyyətinə çatdırmaq üçün çox iş görmək lazımdır. Qubadakı məzarlıqda tədqiqat davam edir, son söz hələ deyilməyib. Lakin buraya baş çəkib on dəqiqə seyr etmək kifayətdir ki, daha bir erməni vəhşiliyinin şahidi olasan.

Q.Ağayev ərazidə tədqiqatlar başa çatandan sonra burada soyqırım abidəsi ucaldılacağını istisna etməyib.

P.S. Ümumilikdə Quba qəzasında bir neçə dəfə törədilən qırğınlar nəticəsində 16 min dinc sakin qətlə yetirilib, 122 kənd və 26 məscid yandırılıb. Təkcə Quba şəhərində 105 ev və digər tikili yandırılaraq məhv edilib. Qubada erməni cəlladlarının qarət etdiyi əmlakın dəyəri isə həmin dövrün qiymətləri ilə 4 milyon manat nəğd pul, 4,5 milyon manat qızıl-zinət və 25 milyon manatlıq ev əşyaları olub.


Azər HÜSEYNBALA

Hiç yorum yok: