Kəfənsiz yatanlar...
Onları əzabla - mismar, balta, xəncərlə qətlə yetiriblər
Bundan belə Qubaya ürək açıqlığı ilə gedə bilməyəcəyik. Quba bizim üçün artıq, sadəcə, səfalı istirahət guşəsi deyil. Qubanın təbiətini, meyvəli bağlarını, ağ almasını da daha vəsf etmirik. Gözəl Qubanın Azərbaycan insanının beynində yaratdığı assosiasiya dəyişdi artıq. İndi Quba, altında minlərlə kəfənsizin yatdığı bir torpaqdır!.. Bizim torpağımız. O kəfənsiz yatanlar da Bizlərik - 1918-ci ilin aprelində daşnaklar tərəfindən xüsusi amansızlıqla, vəhşicəsinə qətlə yetirilən dinc əhali...
Basdığın yerləri torpaq deyərək keçmə, tanı!
Düşün, altında minlərcə kəfənsiz yatanı...
(Mehmet Akif Ərsoy)
"Qubada gördüklərim məni dəhşətə gətirdi"
"Qubada gördüklərim məni dəhşətə gətirdi. Burada insanların vəhşicəsinə öldürüldüyünün şahidi oldum". Bu fikri AŞ PA prezidenti Luis Mariya de Puç Milli Məclisin spikeri Oqtay Əsədovla Quba məzarlığına etdiyi səfər zamanı söylədi və Azərbaycanı kədərli hisslərlə tərk etdi. Həqiqətən, insan gözü ilə görmədiyi faciənin dəhşətli hisslərini, kədərini yaşaya bilməz. Bir ildən artıqdır ki, ölkə əhalisi Qubada aşkarlanan kütləvi məzarlıq barədə hər gün yeni məlumatlar alır. Burada hər gün yeni faktlar aşkarlanır. İnsanların, xüsusən də körpə uşaqların, qız-gəlinlərin necə amansızlıqla qətlə yetirildiyi sübut olunur. Nə qədər inanılmaz səslənsə də, bu dəhşətli məzarlıqda təhqiqat boya şotkası, yağ bıçağı və bellə aparılır. Məhz bu primitiv alətlər dünyaya səs salacaq məzarlığı üzə çıxarmaqdadır.
Bu dəhşətli faktı dünyaya bəyan etmək üçün Azərbaycan Parlamenti də işə başlayıb. Milli Məclisin spikeri Oqtay Əsədovun tapşırığı ilə Quba məzarlığına beynəlxalq ekspertlərin cəlb olunması üçün sənədlər hazırlanır. Bunun tərkib hissəsi kimi, Parlament Æurnalistlər Birliyi Qubaya səfər təşkil etdi. Ölkənin aparıcı qəzetləri, Azərbaycan və rusdilli elektron KİV-i aşkarlanmış məzarlıqla bağlı faktları dünya ictimaiyyətinə çatdırmaq üçün Qudyalçayın yamacına baş çəkdi. Milli Məclisdə Qubanı təmsil edən deputat Vahid Əhmədovun dəstəyi ilə jurnalistlər bu dəhşətli məzarlığı gözləri ilə gördülər.
İnsanı dəhşətə
gətirən "Pristav bağı"
Bura, Qubanın şimal hissəsi, Qudyalçayın sahilidir. Vaxtilə "Pristav bağı" adlanan ərazi. Hansı ki bu ərazinin yaxınlığından 1950-ci illərə qədər heç kim ürək edib keçə bilmirmiş. Görünür, sakinlər Qubada vəhşicəsinə qətlə yetirilən insanların məhz burada basdırıldığını bilirmiş. Ərazidə evlər yalnız 1960-cı illərdən sonra tikilməyə başlayıb.
Əraziyə daxil olarkən həqiqətən insan dəhşətə gəlir. Sel nəticəsində çayın bir hissəsini yuyub apardığı ovalşəkilli quyuda görsənən insan kəllələrinə baxdıqda sanki həyat durur. Yolboyu mətbuatın problemləri, mətbuatda baş verən maraqlı olaylardan söhbət açan və əraziyə çatdıqda səs-küylə maşından düşüb məzarlığa doğru irəliləyən jurnalist heyətindən burada səs çıxmır. Gözümün önünə faşistlərin qadınları, uşaqları, qocaları diri-diri yandıraraq basdırdıqları filmlər gəlir. Üzərində mismarlar, deşiklər, burnu, qulağı kəsilmiş insan kəllələri adamda vahimə yaradır. Bu, dəhşətli faciədir, qətliamdır!..
Ərazidə tədqiqat aparan AMEA-nın Arxeologiya və Etnoqrafiya İstitutunun Quba ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev bir qədərdən sonra jurnalistlərə yaxınlaşdı və məzarlıqda aparılan işlərin bütün tərəflərinə aydınlıq gətirdi:
Təsadüfən
aşkarlanan məzarlıq
- Məzarlıq 2007-ci ilin aprel ayının 1-də aşkarlanıb. Ərazidə qazıntı işləri aparılarkən təsadüfən sümüklər üzə çıxıb. Öncə heç nədən şübhələnməyərək sümüklərin bir hissəsini çaya atıblar. Sonra isə görüblər ki, sümüklər kütləvi şəkildə çıxır və dəhral İcra Hakimiyyətinə xəbər veriblər. Oradan isə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutuna məlumat göndəriblər. Aprelin 8-dən 11-dək ilkin təhqiqat aparılıb və məzarlığın 1918-ci ildə ermənilər tərəfindən dinc əhaliyə qarşı törədilən soyqırımla bağlı olduğu aşkarlanıb. İyul ayının 13-dən isə məzarlıq sahəsində arxeoloji qazıntılara başlamışıq.
Artıq təhqiqatın 1 ili tamam olub. Bu il ərzində bir çox faktlar aşkarlanıb. Öncə sümüklər tapılarkən onların müxtəlif ərazilərə səpələndiyi güman edilirdi. Ancaq araşdırılarkən məlum oldu ki, ərazidə 2 quyu var. Quyulardan əlavə insan cəsədləri olan ərazi 500 kvadratmetri əhatə edir. Quyulardan birinin dərinliyi 4 metr 700 santimetrdir, diametri 5 metrdir. Ancaq təəssüf ki, quyunu olduğu kimi saxlaya bilmədik. Çünki yazdan yaya keçid dövründə torpaq sürüşməsi oldu və quyunun bir hissəsi uçdu. Təhqiqat nəticəsində 2-ci quyu aşkarlandı. İkinci quyunun dərinliyi isə 2 metr 500 santimetrdi. İkinci quyudan əsər-əlamət qalmayıb. Sürüşmə nəticəsində quyu tamamilə dağılıb.
Bu, artıq soyqırımdı
"Bu, artıq soyqırımdı. Bunu danmaq mümkün deyil. Bu yaxınlara qədər mübahisə edənlər də vardı ki, bu, 1937-ci ilin soyqırımıdı. Guya, burada erməniləri də qırıblar. Xeyr, artıq dəqiq sübuta yetirilib ki, bu, ermənilərin yerli əhaliyə qarşı törətdiyi soyqırımdır. 1918-ci ilin may ayının 1-dən 10-a qədər burada yerli camaata ermənilər divan tutublar. Əlbəttə ki, bu, erməni milli şurasının "Daşnakstyun" partiyasının köməkliyi ilə həıyata keçirilib. Erməni generalı Hamazaspın Azərbaycanın Şimal hissəsində qırğınlar törətdiyi tarixi sənədlərlə sübut olunub. Bu şəxsi Qubaya Xalq Komisarları Sovetinin komissarı Stepan Şaumyan göndərib. Mən arxivdən tarixi sənədlər tapmışam. Şaumyan Hamazaspa yazır ki, sizi göndəririk Azərbaycana, Sovet hökumətini bərqərar etmək üçün. Bu, sizin ikinci planınızdır. İlk plan isə yerli müsəlmanları qırmaqdır. Hamazaspın Şaumyana yazdığı məktubda isə göstərilib ki, "artıq tapşırığınızı yerinə yetirdim və Quba qəzasında 10 mindən çox yerli əhali məhv edildi". Həmin dövrdə Fövqəladə Hallar Komissiyasının rəhbəri işləmiş Narinski isə yazıb ki, Qubada 2 mindən çox insan öldürülüb. Ancaq tarixi faktlarda göstərilir ki, məhz Quba ərazisində 3 mindən çox dinc əhali qırılıb".
İnsanlar hamamda öldürülərək quyulara basdırılıb
Q.Ağayev dedi ki, təhqiqat zamanı ərazindən 2 arx keçdiyi məlum olub. Mənbəyini Qudyalçaydan alan bu arxların suyu Dəyirman ərazisinə və əkin sahələrinə axırmış. Ermənilər insanları kənarda öldürüb gətirib burada basdırıblar:
- Quyularda olan cəsədlərlə kənarlarda olan cəsədlər arasında fərq var. Quyudakı sümüklərin əksəriyyəti yığılıb(büzüşüb). Sümüklərdə sıxılmalar hiss olunur. Düşünürdük ki, bu nədən ola bilər? Sonra aydın oldu ki, bu insanları yaxınlıqda yerləşən Çuxurhamamda vəhşicəsinə öldürüblər. Bir qoca qadın danışır ki, həmin vaxt onun 7 yaşı olub. Ermənilər tutduqları insanların hamısını hamama yığıblar. İnsanları tamamilə soyundurub onlara işgəncə veriblər. Həmin vaxt hamamdan elə qışqırıq səsləri gəlib ki, bütün ətraf ərazilərdə eşidilib. Sonra cəsədləri quyulara töküblər. Birinci quyu dolduğu üçün ikinci quyunu qazıblar. Quyuları qazan insanları da öldürüb arxlara tullayıblar. İyun ayının 12-dək ərazidən quyulardan başqa 196 kəllə tapılıb. Ekspedisiya üzvləri insanları ancaq kəllə sümükləri ilə müəyyənləşdirir.
Dinc əhali balta və
mismarla qətlə yetirilib
İndiyədək tapılan kəllələrdə, sümüklərdə bir dənə də olsun güllə izi yoxdur. Yəni bu qətliamda odlu silahdan istifadə edilməyib. İnsanları yalnız əzabla, müxtəlif alətlər - balta, mismar, xəncər və s. qətlə yetiriblər. Mismarlar aşkarlananda arxeoloqlar öncə bir şey anlamayıb. Sonra aydınlaşdırıblar ki, mismarlar həmin dövrə aiddir. Mismarları insanların gicgah və beyin hissələrinə vurmaqla vəhşicəsinə öldürüblər. Bir kəllənin beyin hissəsində isə mismar hələ də durur. Başın gicgah hissəsində də deşiklər var. Bunun nə ilə deşildiyini isə hələ müəyyənləşdirməyiblər.
14 yaşlı qızcığaz...
Burnu, qulaqları kəsilib, beyninə iki tərəfdən mismar vurulub
Q.Ağayev danışır ki, məzarlıqda nə pal-paltar, nə də bəzək əşyalarına rast gəlinməyib. Bu da onu göstərir ki, ermənilər insanları tam soyunduraraq işgəncə altında qətlə yetiriblər: - Burada tapdığımız bir kəlləni dəqiq müəyyənləşdirmişik ki, o da 14 yaşlı qızın sümükləridi. Ermənilər bu qızın qulaqlarını, burnunu kəsib, beyninin hər iki tərəfinə mismar vurublar...
"Erməni belə
məzarlıq tapsaydı..."
Q.Ağayev qeyd etdi ki, məzarlıqla əlaqədar beynəlxalq ekspertlərə məktub göndərilib. Amma təəssüf ki, hələ cavab yoxdur. Milli Məclisin spikeri Oqtay Əsədovun məzarlıq ərazisinə gəlməsi və təhqiqat işləri ilə maraqlanmasından sonra canlanma hiss olunur:
- Oqtay müəllimin buraya gəlməsi mənə ruh verdi. Tək qalmaq pis şeydir. Çox məyus olmuşduq. Görürdük ki, bizə də, aparılan işə də diqqət azdır. Belə bir hadisə ermənilərdə baş versəydi, indi çoxdan bütün dünyaya səs salmışdılar. Biz isə...
"Pul yoxdu.
İşləri dayandırmışam"
Qəhrəman müəllim daha susa bilmədi. Və dedi:
- Məni həmişə sıxırlar. Amma daha susmayacam. Deyəcəm. Nazirlər Kabineti 1 milyon manat pul ayırıb. Bu pul bizim Arxeologiya İnstitutuna, ümumilikdə Azərbaycan ərazisində aparılacaq ekspedisiyalar üçün ayrılıb. Amma pul hələ də bizim hesaba köçməyib. Görülən işləri institutun ezamiyyət pulları hesabına aparırıq. Burada 3 fəhlə ilə işləyirik. Artıq bu gün (iyulun 12-də) işləri dayandırmışam. Çünki fəhlələrin 1 aya yaxındır ki, pulu verilmir. Mən ayda 172 manat maaş alıram. İnstitutun imkanları tükənib. Amma artıq dedim ki, həmin məbləğin hamısı bura üçün deyil. Çünki Quba məzarlığı yeni tapılıb. Buna görə də bu əraziyə ayrıca pul ayrılmalıdı. Heç bir xeyriyyə işləri də yoxdur. Yalnız keçən il Moskvada Satira Teatrının işləyən baş direktoru Mamed Ağayev 1000 dollar pul göndərib. Bu şəxs isə mənim qardaşımdır. Burada mənim əziyyətimi görüb pul göndərdi. Amma xaricdəki soydaşlarımızdan hələ xəbər yoxdur.
"Biz buranı şüşə muzey
etmək fikrindəyik"
Q.Ağayev istəyir ki, məzarlıq ərazisi muzey olsun. Həm də şüşə muzey:
- İnsanların basdırıldığı quyu şüşənin içərisində olacaq. Onun üzərində isə oval şəklində güzgü qoyulacaq. Ziyarətə gələnlər şüşədən quyunun ön görünüşünü, güzgüyə baxarkən isə quyunun içərisini görəcəklər. Divarlarda yaradılmış kəsiklər akvarium şəklində olacaq. Bunun üçün memarlar işə cəlb ediləcək. Ərazidə müxtəlif dillərdə yazılmış böyük lövhələr qoyulacaq. Məzarlığın üst hissəsində abidə ucaldılacaq. Həmin abidədə ərazinin böyük hissəsinə səs salacaq zəng quraşdırılacaq. Həmin səsi ərazidə olan istirahət mərkəzlərində dincələn bütün insanlar eşidə biləcək və hamı gəlib bu məzarlığı ziyarət edəcək. Burada muzey yaradılmalıdır. Və o, dünyadakı nadir muzeylərdən biri olmalıdır".
Qaldı zəng səslərinə, bizcə, bu çox yaxşı fikirdir. Onsuz da bundan sonra Qubaya əvvəlki kimi sakit, qayğısız baxmaq mümkün olmayacaq. Çünki bundan belə Qubaya ayaq basanları məzarlıq, insan sümükləri ilə dolu quyular qarşılayacaq. O kəllələr, skeletlər insanların düşüncələrini təqib edəcək və "bizim haqqımızı kim tələb edəcək?" deyə soruşacaqlar. O suala biz cavab verməliyik - Azərbaycan vətəndaşları!.. Bu səbəbdən orada zənglərin çalınması yaxşıdır. Lap "əcəl zəngi" kimi. Bəlkə cavab tapdıq...
Bu yazı Milli Məclisin Mətbuat Xidməti və Parlament Æurnalistləri Birliyinin elan etdiyi müsabiqəyə təqdim olunur.
Rəşad Baxşəliyev
sherg
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder