azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

19 Kasım 2008 Çarşamba

Kürdlərin birləşməsini təbliğ edən dərgi Azərbaycanda yayılır

Kürdlərin birləşməsini təbliğ edən dərgi Azərbaycanda yayılır

S.SOLTAN

Tehran hakimiyyəti dəfələrlə söz, mətbuat və fikir azadlığının "düşməni" elan olunub. O bu "adı" hələ də daşımaqdadır. Bu azmış kimi, milli mətbuatın fəaliyyətinə ayrı-seçkilik münasibəti ilə yanaşan rejim etnik qruplar arasında nifaq salmaqla fars olmayan millətləri bir-birinə düşmən edir.


Sentyabrın 10-da ETTELAAT Səyyad Məhəmmədianın evində iftar süfrəsi arxasında 20-yə yaxın Güney Azərbaycan ziyalısını həbs etmişdi. Onların bəziləri mülk girov qoymaq qarşılığında zaminə buraxılsa da, mətbuat təmsilçiləri - "Dilmanc" dərgisinin baş redaktoru Əlirza Sərrafi, "Varlıq" dərgisinin yazarı Həsən Raşidi, jurnalist Səid Məhəmmədi (Muğanlı) hələ də zindandadır. Ötən gün yayılmış xəbərə görə, bu məhbuslar həbsxanada məruz qaldıqları fiziki və mənəvi işgəncəyə etiraz olaraq aclıq aksiyası keçiriblər. Məlumatda bildirilib ki, onların səhhəti ağırdır.


Güney Azərbaycanın Zəncan şəhərində keçirilən kitab sərgisində Azərbaycan türkcəsində nəşrlərin sərgilənməsinə qadağa qoyulub. Həmin tədbirdə yalnız fars dili, ədəbiyyatını təbliğ edən və bir sıra dini məzmunlu kitablar nümayiş etdirilib. "Mediaforum"un məlumatına əsasən, İranın islam irşadı və mədəniyyət naziri Azərbaycan dilində çıxmış kitab, qəzet və jurnalların sərgilənəcəyi barədə xəbərdar edilibmiş. Lakin Tehran əks addım ataraq bildirib ki, türkdilli nəşrlər sərgilənsə, onun naşirləri cərimələnəcək və sərgidəki pavilyonları qapadılacaq.


Bundan başqa, məlumatda vurğulanıb ki, Zəncanda Azərbaycan türkcəsində çıxan və geniş oxucu kütləsinin rəğbətini qazanmış "Bayram" jurnalı, eləcə də bütünlükdə İrandakı Azərbaycan türklərinin milli və mədəni kimliyi, tarixi barədə yazılar dərc edən "Varlıq" dərgisi, habelə tanınmış yazıçı, şairlərin əsərlərinin sərgilənməməsi haqda da xüsusi tapşırıq verilib. Xəbərlərə əsasən, kitab sərgisində Azərbaycan türkcəsində yazılmış kitab və başqa nəşrlərin satışı da yasaqlanıb.


Hakimiyyətin qoyduğu qadağalara əməl olunmayacağı təqdirdə hakimiyyət sərginin qapadılacağını, onun təşkilatçılarının məsuliyyətə cəlb olunacağını da bildirib. Son günlər İslam Respublikası rəhbərliyi Azərbaycan türkcəsində olan "Kimlik" və "Yoldaş" dərgilərinin bağlanması əmrini verib. Bununla, demək olar, türkdilli jurnalların hamısı qapadılıb. Onların bəziləri ehtiyatlandıqlarından hələlik nəşrini dayandırıb. Hər kəsə bəllidir ki, Güney Azərbaycanda və İranın başqa şəhərlərində nəşr olunan dərgi və qəzetlər iki dildə - fars və türk dillərində çıxır. Bu zaman naşirlər ağırlığı, heç şübhəsiz, fars dilinə verirlər. Belə bir vəziyyətdən Tehran hakimiyyəti həmişə yararlanaraq ölkədə Azərbaycan türkcəsində mətbuatın olduğunu bildirir.


Yuxarıda da qeyd etdiyimiz kimi, bunu belə Tehran azərbaycanlılara çox görür, həmin mətbuatın məsulları və təmsilçilərini tutur, işgəncə verir.


Bir vaxtlar İslam Respublikası fars bölgələrinə, bu etnik qrupun dilinə, ədəbiyyatına və mədəniyyətinə diqqəti artırmaqla başqa millətlərə münasibətdə ayrı-seçkiliyə yol verərək İran Anayasasının milli bərabərliyə aid 19-cu maddəsini pozurdu. Əsas Qanunun pozulması indi də davam etməkdədir. Bu dəfə Tehran bu yöndəki fəaliyyəti ilə İranda yaşayan kürdlərlə müqayisədə Azərbaycan türklərinin haqqını tapdayır.


"Baybak"ın məlumatına görə, son günlər kürd dilində çıxan "Rojelat" dərgisi nəşrini bərpa edib. 3 il öncə İslam Respublikasına qarşı "fəaliyyət göstərdiyi" üçün qapadılmışdı. Jurnal, demək olar, bütünlükdə kürd dilində çıxır. Dərgi əsasən kürd millətçiliyi və bu etnik qrupun birləşməsini təbliğ edir.


Mənbənin bilgilərinə əsasən, Güney Azərbaycan əyalətlərində "kürd problemi"nin olduğunu qabartmaq məqsədi güdən hakimiyyət bu etnik qrupa Azərbaycanda daha böyük önəm verməkdədir. İslam Respublikası kürd qaçaqmalçılarına, kürd terrorçularının fəaliyyətinə və onların xaricdən ölkə ərazisinə keçməsinə şərait yaradır, güzəştlər edir. Bu azmış kimi, həmin etnosun milli mədəniyyətinin başqalarından üstünlüyü də təbliğ olunur.


Maraqlıdır ki, Azərbaycan türkcəsində çıxan dərgilərin qapadıldığı bir zamanda "Rojelat" mərkəzi Urmiya olan Qərbi Azərbaycan şəhərlərində, Kürdüstan əyalətinə daxil edilmiş türk rayon və şəhərlərində daha geniş şəkildə və çoxlu sayda yayılır. Məlumatda bildirilib ki, dərginin yayılmasına hakimiyyət yardım göstərir.

AYNA

Hiç yorum yok: