azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

14 Mart 2009 Cumartesi

Türk-erməni anlaşması imzalanacaq?

Türk-erməni anlaşması imzalanacaq?

"Star" qəzetinin iddiasına görə, apreldə imzalanacaq sənədə əsasən, iki ölkə arasında sərhədlər açılacaq
Türkiyə qəzetinin xəbərinə münasibət bildirən Azərbaycan ekspertləri iki yerə bölündülər
... Türkiyə-Ermənistan danışıqları yekun mərhələyə girib. Aprel ayında iki ölkə arasında sənəd imzalana bilər. Bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasına (AKP) yaxın olan "Star" qəzeti xəbər verib.
Qəzet bildirir ki, Ankara ilə İrəvan arasında bu proses ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsi ilə bağlı danışıqları ilə paralel gedəcək.
"Star" Türkiyə rəsmilərinə istinadən bildirir ki, imzalanacaq anlaşmada sərhədin açılması, qarşılıqlı ticarətin başlaması və 1915-ci il hadisələrinin araşdırılması üçün tarixçilərdən ibarət birgə komissiyanın yaradılması nəzərdə tutulur.
Mənbə Dağlıq Qarabağ məsələsinin Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasında ön şərt olmadığını deyib. "Star"ın mənbəsi iddia edib ki, Azərbaycan rəhbərliyi Ankara ilə İrəvan arasındakı danışıqların gedişi barədə müntəzəm məlumatlandırılır və Bakı Türkiyə-Ermənistan anlaşmasını dəstəkləyir.
Qeyd edək ki, sərhədlərin açılacağını Fransada səfərdə olan Ermənistanın xarici işlər naziri Edvar Nalbandyan da iddia etmişdi:"İki dövlət arsında münasibətlərin bərpasına və sərhədlərin qeyri-şərtsiz açılmasına yaxınıq".
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, AKP-dən olan deputat Mustafa Kabakçı "Media forum"a açıqlamasında isə bu xəbəri təkzib edib. Dediyinə görə, Türkiyə XİN-in Qafqaz departamentinin rəhbəri ona bir həftə əvvəl bildirib ki, Türkiyənin Ermənistanla bağlı siyasətində ciddi dəyişiklik yoxdur.
Azərbaycan XİN-in sözçüsü Elxan Poluxovsa "Media forum"a açıqlamasında "Star"ın xəbərini şərh etmək istəməyib:"Bu qəzetin yazdığı rəsmi mövqe deyil, şayiədir. Biz şayiələrə şərh vermirik. Rəsmi mövqe olsa, şərh verərik".
Poluxov eyni zamanda, Azərbaycanla Türkiyə arasında məlumat mübadiləsinin fasiləsiz davam etdiyini deyib.
Politoloq Vəfa Quluzadə hesab edir ki, Qarabağ məsələsini Türkiyə heç vaxt Ermənistanla danışıq mövzusu edə bilməz. O, APA-ya açıqlamasında bu vaxta qədər Qarabağ məsələsinin Türkiyə ilə Ermənistan arasında müzakirə mövzusu olmadığını bildirib: "Amma həmişə bu barədə yalançı informasiyalar verilib. İndiyə kimi Türkiyə Ermənistanla Qarabağa dair nə danışıb? Heç nə. Türkiyə Ermənistanla danışıqlarda heç vaxt Qarabağ məsələsini qoya bilməz. Türkiyə ayrı, Azərbaycan ayrı, Ermənistan isə ayrı dövlətdir. Onlar Qarabağ məsələsini ortaya qoyan kimi gərək Ermənistanla bütün əlaqələr kəsilsin. Digər tərəfdən, indi məsələnin həlli ilə Minsk qrupu məşğuldur. Ankara-İrəvan danışıqlarında söhbət Türkiyənin Qarabağ problemini həll etməsindən yox, Türkiyə-Ermənistan əlaqələrinin bərpasından gedir. Bunlar hamısı ikitərəfli əlaqələrə aiddir. Ona görə də bu çərçivəyə Qarabağ məsələsi heç cür daxil edilə bilməz".
Aydın Mirzəzadə də APA-ya dərc olunanların yalnız qəzetin versiyası olduğunu bildirib: "Bu jurnalist yanaşmasıdır və nə qədər ki, ortaya hər hansı sənəd çıxmayıb, versiyaları şərh etməyə ehtiyac yoxdur. Bu gün Ermənistan Azərbaycan torpaqlarını işğal edib və azad etməyənə qədər Azərbaycanla Ermənistan arasında hər hansı əlaqədən söhbət gedə bilməz. Türkiyə rəsmiləri isə vaxtaşırı Azərbaycanın maraqlarını həmişə Türkiyənin maraqları kimi qoruduqlarını ifadə edirlər".
"Star" qəzetinin yazdıqlarının həqiqətə tam yaxın olduğunu deyən politoloq Qabil Hüseynlinin sözlərinə görəsə, Türkiyə ilə Ermənistan arasında gizli danışıqlar 8 aydır gedir: "AKP-dən Vaşinqtona gedən deputat qrupu da belə bir hadisənin baş verəcəyini bildirmişdi. Sərhədlərin aprel ayında açılması planlaşdırılır. ABŞ da bunu Türkiyədən tələb edir. Amma məsələ sərhədlərin açılması ilə bitməyəcək, diplomatik əlaqələr yaradılması da nəzərdə tutulur" (APA). Q. Hüseynlinin sözlərinə görə, bunların qarşılığında yalnız Ermənistanın qondarma "soyqırımı" iddiasından imtina etməsi gözlənilir: "Qarabağ məsələsində isə Türkiyə onsuz da çoxdandır Madrid bəyannaməsinin ruhunda hərəkət edir. Türkiyədə bəhanə gətirilir ki, əgər Azərbaycan tərəfi Madrid bəyannaməsi ruhunda danışıqlara gedirsə, Türkiyə də bu məsələdə öz mövqeyində yumşalmaya gedə, məsələnin ATƏT Minsk qrupu çərçivəsində tənzimlənməsinə razı ola bilər. Bununla Türkiyə özünü məsuliyyətdən kənara çəkir".
Politoloq Leyla Əliyeva da hesab edir ki, Ermənistan və Türkiyə arasında anlaşma imzalana bilər. "Bu həm AKP-nin daxili siyasətinin davamıdır, həm də bu partiya özünü praqmatik partiya kimi göstərmək və təsdiq etmək istəyir. O, Avropa tərəfindən bəyənilən bir yanaşmanı seçib",- deyə politoloq "Ekspress"in müxbiri ilə söhbətində qeyd edib. L.Əliyevanın sözlərinə görə, Qərb regionda Türkiyənin rolunu artırmaqla Rusiyanın təsirini azaltaq istəyir: "Türkiyə ilə Ermənistan arasında problemlər aradan qalxsa, İrəvanda Rusiyanın hərbi bazasına ehtiyac olmaycaq. Bu da Ermənistanın Rusiyanın təsirindən çıxmasına müsbət təsir göstərər. Çünki hərbi baza Türkiyə ilə problemə görə yerləşdirilib".
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu isə Türkiyənin kifayət qədər ciddi səhvə yol verdiyini düşünür. Onun sözlərinə görə, Türkiyənin daxilindəki erməni təşkilatları AKP iqtidarına təsir imkanlarına malikdir: "Ermənilər martın 29-u və aprelin 24-dən istifadə edərək çalışırlar ki, məqsədlərini həyata keçirsinlər. Son 5 ildə ermənilərin prioritet məqsədi Türkiyə ilə Azərbaycanın arasını vurmaq olub və artıq bu məqsədə nail oldular. Ona görə də Qarabağ məsələsi arxa plana keçib. Türkiyənin ziyanına olan bu məsələ Ankaranın regionda apardığı siyasəti də əngəlləyəcək".
İlqar Məmmədov isə həmkarlarından fərqli düşünür. Onun sözlərinə görə, hazırda Türkiyənin apardığı siyasət tamamilə Azərbaycanın maraqlarına cavab verir: "Mətbuatda inanılan və inanılmaz versiyaların irəli sürülməsinə rəğmən Türkiyə diplomatiyası hazırda Azərbaycanın maraqlarının müdafiəsi istiqamətində olduqca böyük töhfələr verir. Əgər Türkiyənin Ermənistanla əlaqədar diplomatiyasında yeniliklər olacaqsa, mən tam əminəm ki, bu addımlar Azərbaycana yalnız xeyir gətirmək, dəstək olmaq və onun mənafelərini qorumaq məqsədi daşıyacaq".
Rasim Musabəyov isə APA-ya açıqlamasında mətbuatda yazılanlara reaksiya verməyə ehtiyac görmədiyini bildirib: "Hələ ermənilərlə türklər arasında bu məsələ həll olunacaq ya yox, bu da böyük sual altındadır. Ona görə ki, aprel ayında qondarma "soyqırımı" ilə bağlı məsələlər var. Türkiyə böyük dövlətdir, öz maraqları var. Bununla belə, biz hər zaman gözləyirik ki, Türkiyə bu məsələlərdə prinsipial mövqeyini hansısa xırda mənafe üçün qurban verməyəcək. Əgər bunu Ərdoğan desəydi, şərh vermək olardı, amma qəzet materialını əsas götürüb ağlaşma qurmalı deyilik. Deyilən məsələlərin həyata keçə biləcəyini istisna etməsəm də, bunun bu ilin aprelində baş verəcəyini gözləmirəm".
Bəkir Nərimanoğlu

Hiç yorum yok: