azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

14 Mart 2009 Cumartesi

8 MİLYONLUQ AZƏRBAYCANIN MARAĞI OLA BİLİR, 70 MİLYONLUQ TÜRKİYƏNİN YOX?

8 MİLYONLUQ AZƏRBAYCANIN MARAĞI OLA BİLİR, 70 MİLYONLUQ TÜRKİYƏNİN YOX?

Könül ŞAMİLQIZI

shamilgizi@gmail.com

Türkiyə mövzusu Azərbaycanın gündəmində heç zaman olmadığı qədər aktuallıq qazanıb. Hansı qəzeti açsan, AKP-nin Azərbaycana xəyanət etdiyinə dair başlıq gözə çarpır, rəyi soruşulan politoloqların əksəriyyəti Türkiyəni yamanlayır, bəzi siyasətçilər Ərdoğan iqtidarının Qarabağı satdığını iddia edir.

Ankaranın ünvanına ittiham dərəcəsinə çatan tənqidlər səslənir, hansısa Türkiyə universitetinin erməni dili fakültəsi açmaq niyyəti, hansısa serialın Ermənistanda da çəkilməsi xəbəri, hansısa Türkiyə televiziyasının erməni dilində kanal açacağı şayiəsi xüsusi qəzəb vurğusuyla qabardılaraq təqdim olunur.

Səbəb bəllidir - Türkiyə Ermənistanla münasibətlərini normallaşdırmaq istiqamətində addımlar atır və bu çərçivədə İrəvanla diplomatik münasibətlərin qurulmasıyla quru sərhədlərinin açılması ehtimalı güclənir.

Türkiyənin Ermənistanla danışıqlarda Qarabağ şərtindən vaz keçməsi kimi dəyərləndirilən bu məsələ Azərbaycanda ciddi bir anti-Türkiyə havası yaradıb. Tənqid və ittihamların əsas hədəfi Ərdoğan hökuməti olsa da, bu prosesin cəmiyyətdə əksi “Türkiyə Azərbaycanı satıb” şəklindədir.

Türkiyə Azərbaycanı satıbmı? Və ya satarmı? Mənimçün bu sualın cavabı birmənalıdır - satmaz. Bu, Türkiyənin Ermənistanla sərhədləri açacağına və diplomatik münasibətlər quracağına inanmıram demək deyil, Ankaranın İrəvanla ehtimal olunan razılaşmasının Azərbaycana xəyanət olmadığını düşünmürəm deməkdi.

Şübhəsiz ki, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulması və sərhədin açılması heç bir Azərbaycan vətəndaşını məmnun edə bilməz, tam tərsinə, üzər. Amma bu, Türkiyəni suçlamamız, Azərbaycanın dünyadakı yeganə dəstəkçisi olan bir ölkədən “düşmən, xəyanətkar” düzəltməmiz üçün əsas olmamalıdır.

Müsəlman dünyasının yeganə demokratik ölkəsi olaraq Türkiyə bu coğrafiyada və dünyada bizim düşündüyümüzdən çox-çox böyük məsuliyyətlər, öhdəliklər daşıyan, problemləri və həllini gözləyən məsələləri olan dövlətdir. Bu dövlət məhz Azərbaycanın maraqlarını nəzərə alaraq illərdir Ermənistana münasibətdə rəsmi Bakı və Azərbaycan cəmiyyətilə eyni mövqe sərgiləyir. ABŞ-la müttəfiqlik münasibətlərini qorumağa çalışan, Avropa Birliyinə can atan, dünyadakı yerini gücləndirməyə və nüfuzunu artırmağa çalışan bir ölkə olmasına rəğmən Türkiyə Ermənistanla münasibətlər məsələsinə heç bir zaman öz marağı müstəvisindən yanaşmayıb.

Son dövrlərdə bu ölkədə Ermənistanla münasibətləri normallaşdırmaq, küsülü qalaraq deyil, danışaraq problemləri çözməyə çalışmaq meyillərinin artması da hansısa iqtisadi, ticari maraqlardan, bəzən bəsit şəkildə ifadə edildiyi kimi, Ərdoğan hökumətinin ermənipərəstliyindən, erməni sevgisindən deyil, dünyadakı təzyiqlərdən yayınmaq, mövcud olduğu regiondakı problemlərin həllində rol oynama gücünü nümayiş etdirmək və bu çərçivədə həm də Qarabağ probleminin həllində aktiv şəkildə iştirak etmək niyyətindən - yəni maraqdan daha çox məcburiyyətdən qaynaqlanır.

Ankara bu siyasəti kimsədən gizli, oğurluq şəkildə həyata keçirmir, əksinə, çox açıq dillə ifadə edərək və rəsmi Bakı ilə uzlaşdırılaraq yürüdür. Azərbaycan və Türkiyə rəsmiləri bunu qapalı və ya açıq şəkildə dəfələrlə ifadə ediblər, indi də rəsmi Bakı Türkiyə ilə məlumat mübadiləsi apardığını inkar etmir. Əgər Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulması reallaşarsa, bu məhz həmin uzlaşdırılmış siyasətin nəticəsi olacaq. Yox, sərhədlər açılmayacaqsa, bu, yenə də Azərbaycan dövləti və cəmiyyətinin rəyinin Türkiyədə nəzərə alınması demək olacaq ki, hər iki halda məsələnin “Türkiyə bizə xəyanət edir” şəklində təqdimatı yanlışdır.

Bu məsələ Azərbaycan üçün olduğu qədər Türkiyə üçün də qəliz və ağrılıdır. Belə olmasaydı, Türkiyə Ermənistanla sərhədləri illər öncədən açardı və rəsmi Ankara da Azərbaycana çox rahat şəkildə “Siz öz probleminizin həlli istiqamətində hansı önəmli addımı atdınız, yaxud Ermənistanla hansı görüş, danışıq təklifindən imtina etdiniz ki, bizə də minnət qoyursunuz?” deyərdi.

Hətta biz Türkiyənin Ermənistanla münasibətləri normallaşdırma istiqamətindəki səylərini məcburiyyətin deyil, maraqların nəticəsi olaraq qəbul etsək də, Ankaranı suçlamadan öncə Azərbaycanın son illərdəki Türkiyə siyasətinə diqqət yetirmək lazımdı. Təkcə bir faktı xatırlatmaq, məncə, yerinə düşər. 2004-cü ildə dövlət başçısı İlham Əliyev Türkiyədə “Əgər Kiprdə Annan planı ilə bağlı referendumda şimal tərəfi “hə” deyərsə, Azərbaycan Quzey Kıbrıs Türk Cümhuriyyətinin izolyasiyadan çıxması istiqamətində addım atan ölkələrin başında olacaq” deyə bəyanat verdi.

Referendum oldu, adanın şimalında yaşayan türklər birləşmə planına “hə” dedilər. Bakıdan QKTC paytaxtına birbaşa təyyarə reysi açıldı. Amma cəmi bircə dəfə. İkinci uçuş olmadı. Bunun ardınca Avropa Şurası Parlament Assambleyasında QKTC-nin müşahidəçi statusla iştirakını nəzərdə tutan layihənin səsverməsi zamanı Azərbaycanlı deputatlar zaldan çıxdılar.

Hər iki fakt Azərbaycanın maraqları ilə izah olundu - “Biz Quzey Kıbrısla bağlı addım atsaq, Yunanıstan da Qarabağla bağlı oxşar addım ata bilər”. Daha sonra isə başqa bir arqument ortaya çıxdı - Avropa Birliyi Azərbaycanı QKTC-nin izolyasiyadan çıxarılması istiqamətində hər hansı addım atacağı təqdirdə yeni qonşuluq siyasətilə bağlı müzakirələri dayandırmaqla təhdid edib. Azərbaycan da AB ilə yeni qonşu olmaqda Gürcüstan və Ermənistandan geri qalmamaq üçün QKTC ilə bağlı addımları atmaqdan vaz keçib. Yəni öz maraqlarını nəzərə alıb.

O zaman sual yaranır - 8 milyonluq Azərbaycanın marağı ola bilir, 70 milyonluq Türkiyənin yox? Hətta öz maraqlarına rəğmən Türkiyə yenə də Azərbaycanın və Azərbaycanın maraqlarının yanında olmağa çalışır. Keşkə biz də Türkiyənin yarısı qədər Türkiyəylə qardaş olduğumuzu nümayiş etdirə bilsək. Məsələn, ən bəsitini deyim - Türkiyəyə tətbiq etdiyimiz viza rejimini aradan qaldırsaq...

Hiç yorum yok: