azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

12 Mart 2009 Perşembe

Tehran sammiti

Tehran sammiti

IƏT üzvləri böhrandan çıxış yolu tapa biləcəkmi?


İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) üzvləri İrana yığışıb. İƏT-in Tehranda sammiti keçirilir. Sammitdə təşkilat üçün çox vacib olan məsələlər müzakirə edilir. Sammitdən öncə Azərbaycan prezidenti İranın dövlət başçısı ilə görüş keçirib. İki ölkə arasında münasibətlərin inkişafı ilə əlaqəli fikir mübadiləsi olub. Əməkdaşlıqla bağlı bir neçə sənəd imzalanıb. Tərəflər müzakirələrdə iki ölkə arasında əməkdaşlıqda məhdudiyyət olmadığını vurğulayıblar. Bütün istiqamətlər üzrə münasibətlərin inkişaf etdirilməsi haqqında razılığa gəliblər. İran tərəfi Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu açıq deyib. Azərbaycan da bütün qonşuları ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində siyasətini davam etdirir. Sammit özlüyündə müsəlman dövlətlərinin böhrandan çıxış yollarını araması prizmasında da maraq doğurur. Bu dövlətlər arasında əməkdaşlıq daha geniş miqyas alsa, böhrana qarşı daha güclü dayana bilərlər. Türkiyə, Pakistan, İran, Azərbaycan kimi dövlətlər bu yöndə geniş imkanlara malikdirlər. Onların əl-ələ verməsindən bütün İslam aləmi xeyir görə bilər. Ancaq ortada problemlərin də olduğu sirr deyil. Məsələ daha çox təhlükəsizliyə bağlıdır. Təhlükəsizliyin təminində İƏT üzvü olan dövlətlərin vahid siyasət yeritmədiyi aydındır. Əvəzində iqtisadiyyat sahəsində səmərəli əməkdaşlığa nail olmaq mümkündür. Bu prosesin İƏT üzvü olan dövlətləri hansı istiqamətə aparacağı maraq doğurur. Onların faktiki olaraq daha sıx əməkdaşlıq etmək üçün şanslarının olduğuna şübhə yoxdur. Sadəcə bu məsələdə prioritetləri düzgün müəyyənləşdirmək gərəkdir. Prioritetlərin düzgün müəyyənləşməsi isə asan iş deyildir. Bunun həyata keçməsi tərəflərdən siyasi iradə tələb edir. Əslində sammitdə iştirak edən dövlətlərin bir çoxunun siyasi amacları daha qabarıq özünü göstərir. Məsələn, Türkiyə prezidentinin əsas olaraq ABŞ-İran münasibətləri ilə bağlı hansısa təklif gətirdiyini deyirlər. Yəni rəsmi Ankara ABŞ-la İran arasında münasibətlərin normallaşması istiqamətində işlər görməyə hazırlaşır. Təbii ki, İƏT üçün bu məsələ əsas deyil, lakin aktualdır.


Burada müsəlman faktoru ilə əlaqəli bir məqamı qeyd etmək gərəkdir. Həmin məqam ondan ibarətdir ki, müsəlman dövlətləri arasında əməkdaşlığın yeni səviyyəyə qalxması gərəkdir. Təşkilata üzv olan dövlətlərin demək olar ki, hamısında problemlər yaradıblar. Onların daxili durumunu sabitlikdən çıxarırlar, terror olayları törədirlər və qoşun yeridirlər. Əfqanıstan hələ də ciddi problemlərlə üz-üzədir. Orada terrorun tempi aşağı düşmür. Artıq əfqanlar terrora son verilməsini tələb edirlər. Pakistanda da son zamanlar cox ciddi çətinliklər ortaya çıxır. Orada daxili toqquşmalarda minlərlə insan həyatını dəyişib. Bu proses indi də davam edir. Onun necə sonuclanacağını bilən yoxdur. İranın Qərblə olan çətinliklərindən hamı xəbərdardır. Bu çətinliklər azalmaq bilmir. Türkiyəni terror və separatizmlə hədələyirlər. Orada hələ də daxili sabitliyə tam təminat yoxdur. Dəfələrlə bildirilib ki, bu işdə xarici qüvvələrin rolu az deyil. Son məlumatlarda bildirilir ki, bəzi PKK-lılar amerikan ordusunda pullu xidmətə yazılıb, Əfqanıstanda vuruşmağa gedirlər. Bu qəribə bir olaydır və izahı vaxt tələb edir. Azərbaycanın ərazisini Ermənistan işğal edib və o, geri çəkilmək istəmir. Bu kimi problemlərin digər İƏT üzvlərində də olması istisna deyil. Onda belə çıxır ki, İƏT məkanında ortaq problemlər vardır. Bu dövlətlər nəyə görə həmin problemlərin həlli ilə bağlı ortaq hərəkət etməsinlər? Məsələ burasındadır ki, məhz bu aspektdə İƏT üzvləri bir araya gəlməkdə çətinlik çəkirlər. Ola bilsin ki, dünyanı bürüyən maliyyə böhranı fərqli durum yaratsın. Ona görə də Tehran sammiti bir neçə baxımdan diqqətləri çəkir. Hər bir halda belə görünür ki, ikitərəfli əlaqələrin inkişafı məsələsi daha çox ehtiyac olan məsələdir. Ona görə də İranla Azərbaycan arasında imzalanan sənədlər çox əhəmiyyət daşıyır. Müxtəlif sahələri əhatə edən həmin sənədlərin ümumiyyətlə bölgədəki duruma müsbət təsir etməsi mümkündür. O sırada Xəzərin statusunun müəyyən edilməsi daha çox yada düşən məsələdir.


Orxan Güneyli

Hiç yorum yok: