azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

10 Mart 2009 Salı

OBAMANIN TÜRKİYƏ SƏFƏRİ ERMƏNİLƏRİ NARAHAT EDİR

OBAMANIN TÜRKİYƏ SƏFƏRİ ERMƏNİLƏRİ NARAHAT EDİR

ABŞ prezidenti Ankarada apardığı danışıqlardan sonra"soyqırım"ı tanımaqdan imtina edə bilər
AKP millət vəkilləri Vaşinqtonda vəd ediblər ki, Ermənistanla sərhədlər açılacaq

Xəbər verildiyi kimi, ötən həftə Ankarada səfərdə olan ABŞ dövlət katibi Hillari Klinton prezident Barak Obamanın yaxın bir ayda Türkiyəyə səfər edəcəyini açıqlayıb. Səfərin dəqiq tarixi açıqlanmasa da, gözlənilir ki, Obama Türkiyə üçün kritik vaxtda-ermənilərin "soyqırım"ın ildönümü kimi qeyd etdikləri 24 apreldən əvvəl Ankaraya gələcək. Bu isə Türkiyə üçün ABŞ prezidentinin ermənilərə verdiyi vəddən geri çəkilməsinə nail olmaq baxımından mühüm fürsət yaradır.
Türkiyə mətbuatının yazdığına görə, Obamanın yaxın bir ayda Ankaraya səfər edəcəyinin açıqlanması ABŞ-dakı erməni lobbisini narahat edib. Ermənilər bu səfərdən sonra Obamanın onlara verdiyi vədə əməl etməyə biləcəyini düşünürlər. Eyni zamanda ABŞ prezidentinin səlahiyyətlərinin icrasına başladıqdan sonrakı bu qısa müddətdə səfər edəcəyi ölkələr arasına Türkiyəni daxil etməsi Qərb mətbuatında da geniş rezonans doğurub.
“CNN Türk” kanalı qeyd edir ki, Obamanın Türkiyəyə səfər etmək qərarı verməsi bir çox Avropa diplomatları tərəfindən də Ankaranın mühüm nailiyyəti hesab edilir. Məlumatlara görə, bu səfərin baş tutması üçün Türkiyə XİN və ölkənin Vaşinqtondakı səfirliyi neçə aydır gərgin işləyiblər. Obamanın səfər qərarında isə onun administrasiyasının rəhbəri Ram Emmanuelin, vitse-prezident Cozef Baydenin və müşaviri Cim Consun rolunun olduğu deyilir. Bildirilir ki, Ağ Evdən Obamanın Türkiyəyə səfər edəcəyi haqda qərarını Vaşinqtondakı türk səfirliyinə bir neçə gün əvvəl bildiriblər. Ancaq bu xəbər Hillari Klintonun səfərinə qədər açıqlanmayıb. Vaşinqtondakı yüksək rütbəli türk diplomatı deyib ki, Obamanın Ağ Ev və xarici siyasət komandası Türkiyəni yaxından tanıyan, az danışıb çox iş görən bacarıqlı adamlardan təşkil olunub. Ağ Evdən də bildirblər ki, prezidentin Türkiyəyə səfəri Ankaranın diplomatik uğurudur.
Qərb mətbuatı isə yazır ki, bu səfər Türkiyənin ABŞ-ın xarici siyasətində mərkəzi yer tutacağını göstərir. Britaniyanın "Daily Telegraph" qəzeti qeyd edir ki, Obama gələn ay islamçı partiya tərəfindən idarə edilən ölkəyə səfər edərək müsəlmanlarla ABŞ arasında yaxınlaşmanın başlanğıcını qoyacaq. Bununla belə, Obama müsəlman dünyasına ünvanlanmış çıxışını Türkiyədən etməyəcək. Ağ Evdəki mənbələr deyiblər ki, Obama vəd etdiyi bu çıxışa hazırlaşmaq üçün bir qədər zamana ehtiyac olduğunu düşünür. ABŞ-ın "Boston Globe" qəzeti isə yazır ki, Obamanın səfəri Vaşinqtonun Türkiyə vasitəsilə müsəlman dünyasına açılmaq istədiyini göstərir.
Qeyd edək ki, hazırda erməni lobbisi "soyqırım" qətnaməsinin Konqresdə müzakirəsi üçün yeni kampaniya başladıb. ABŞ-ın "soyqırım"ı tanımasını önləmək üçün Türkiyədən diplomatlardan və millət vəkillərindən ibarət heyət Vaşinqtona göndərilib. Heyət Konqres üzvləri və Ağ Ev rəsmiləri ilə danışıqları ötən həftəsonu başa vurub. Məlum olub ki, heyətin tərkibində yer alan AKP millət vəkilləri görüşlər zamanı deyiblər ki, Türkiyə Ermənistanla sərhədlərini açmağa qərar verib və belə bir vaxtda "soyqırım"ın tanınması İrəvanla Ankara arasında münasibətlərin normallaşmasına zərbə vura bilər. Məlumatı "Amerikanın səsi"nə müsahibəsində heyətin tərkibində yer alan müxalifətçi millət vəkili, CHP təmsilçisi Şükrü Elekdaş açıqlayıb: "Vaşinqtondakı görüşlərimizdə bəzi millət vəkillərimiz dedilər ki, Türkiyə ilə Ermənistan arasında aparılan müzakirələr başa çatmaq üzrədir, biz sərhədləri açacağıq. Və əlavə etdilər ki, əgər bu mərhələdə soyqırımla bağlı layihə Konqresdən keçərsə, o zaman ermənilərlə əldə etdiyimiz anlaşma mənasını itirər və burada sizin də günahınız olar. Mən bunu başa düşürəm, amma ortaya başqa bir mənzərə də çıxır. Dağlıq Qarabağ münaqişəsi həll edilmədən, əgər biz sərhədləri açsaq, Azərbaycanı çətin vəziyyətdə qoymuş olarıq, Azərbaycanın müzakirə gücü ortadan qalxmış olar. 1993-cü ildə biz sərhədləri nə üçün bağladıq? Çünki Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuşdu və 1 milyon azərbaycanlı didərgin düşmüşdü. O zaman Türkiyə BMT-nin buna qarşı qəbul etdiyi qərarları əldə tutaraq, habelə münaqişənin həlli üçün Ermənistana təzyiq göstərmək məqsədilə sərhədləri bağladı. İndi əgər Qarabağ problemi həll olunmadan biz sərhədləri açsaq, o zaman biz Azərbaycanı itirərik. Bizim üçün Azərbaycan Qafqazda ən böyük ölkədir. Enerji qaynaqları baxımından son dərəcə zəngin, Türkiyənin sərhədləri kənarında ən vacib məkan, Türkiyəni Avrasiya ilə birləşdirən körpüdür. Eyni zamanda bizim birlikdə çox vacib layihələrimiz var - Bakı-Tifis-Ceyhan, Şahdəniz kimi. Bu baxımdan mən münaqişə həll olunmadan Ermənistanla belə bir anlaşmanın çox yanlış olacağını düşünürəm. Lakin mənim araşdırmalarıma görə, belə bir meyl var. Ermənistan Türkiyəyə heç bir təminat vermir. İrəvan soyqırım iddiasını ABŞ-la birlikdə izləməyəcəyinə dair heç bir söz də vermir. Amerikalılarda bir söz var: piroqu həm yemək istəyirsiniz, həm də onu mühafizə etmək. Ermənilər də bunu etmək istəyirlər: həm Türkiyə sərhədi açsın, həm də ermənilər Türkiyənin sərhədlərini tanımasınlar. Bildiyiniz kimi, Ermənistan Qars anlaşmasını da tanımır. Soyqırım məsələsini beynəlxalq müstəvidə Türkiyə əleyhinə istifadə etməyəcəklərinə dair İrəvandan heç bir təminat verilməyib. Belə bir vəziyyətdə bu anlaşma nəyə yarayacaq?
Bu baxımdan mən çox narahatam və həmkarlarıma da etiraz etdim. Əgər belə bir anlaşma olarsa, bu, Türkiyənin xarici siyasət tarixində ən böyük səhv olar. İnşallah, belə bir vəziyyətlə qarşılaşmarıq".

Hiç yorum yok: