azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

2 Şubat 2009 Pazartesi

DAVOS: YENİ 10 İLDƏ YENİ OYUN QAYDALARI

DAVOS: YENİ 10 İLDƏ YENİ OYUN QAYDALARI


Qurumlar, sistemlər dəyişəcək, iqtisadiyyata dövlət müdaxiləsi əsas yer alacaq


İsmayıl UMUDLU


Qlobal iqtisadiyyatın perspektivlərini müzakirə etmək məqsədi ilə dünyanın aparıcı ölkələrinin təmsilçilərinin İsveçrənin Davos şəhərində keçirilən forumu dünyanın və bizim diqqət mərkəzimizdə olan hadisələrdən biridir. Dünya iqtisadiyyatında ötən ilin payızında üz vermiş ağır maliyyə böhranı iş dünyasını və hökumətləri bərk qorxutmuşdu. Əgər ötənilki Davos forumunda 27 ölkənin başçısı iştirak etmişdisə, bu il onların sayı 41 oldu. Ümumilikdə isə Davosa dünyanın 96 ölkəsindən 2500 siyasi xadim, dünya biznes elitasının və ictimai qurumların təmsilçiləri toplaşmışlar. Azərbaycanı prezident İlham Əliyev təmsil edir və dövlət başçısının oradakı bəzi ikitərəfli görüşləri barədə mətbuatda məlumatlar verilmişdir.
Müşahidəçilərə görə, ənənəvi olaraq Davosda təşkil olunan Dünya İqtisadiyyat Forumu 39 illik tarixində ən böhranlı toplantılarından birini keçirir, çünki qlobal iqtisadi böhran davam edir və onun ağır nəticələri aradan qaldırılmayıb.
Bu forumların qurucusu, dünyada yaxşı tanınan iqtisadçı alim Klaus Şvabın açıqlamasına görə, indiki forumda yeni bir dönəmin başlanmasına şahid olacağıq: qurumlar dəyişəcək, sistemlər dəyişəcək, hətta düşüncə tərzi dəyişəcək, iqtisadiyyata dövlət müdaxiləsi əsas yer alacaq - bunlar qaçılmazdır. O ümid edir ki, bu forum yeni 10 il üçün iqtisadiyyatda yeni oyun qaydalarının formalaşdırılması ilə tarixə düşəcək.

İŞ DÜNYASI NƏHƏNGLƏRİ - DİŞSİZ AKULA

Hələ də yaşanan və qorxusu çəkilməmiş olan maliyyə böhranı dünyanın ən qüdrətli iqtisadiyyatına malik ölkələrin belə iş çevrələrini bərk qorxutduğundan, indi hökumətlər ön plana çıxır. Milyarderlər indi hökumət rəhbərlərinin nə deyəcəklərinə maraq edirlər. Halbuki keçən il iş çevrələrini təmsil edənlər öndə, hökumətlər arxa planda idi. Əgər son böhrana qədər sərbəst bazar iqtisadi inkişafın başlıca şərti kimi görülürdüsə, indi dövlətin bu baş verənləri nə şəkildə effektiv tənzimləyə biləcəyi diskussiya mövzusu olub. Dünənə qədər son sözü banklar, Nyu-York, London və Tokio birjaları deyirdisə, indi onların aparıcı simaları öz dövlət başçılarının nə deyəcəklərini gözləyirlər. Çünki qlobal maliyyə sistemini məhv olmaqdan keçən payız hökumətlərin ayırdığı dəstək pulları qurtarmışdı.
Təhlükə aradan qalxmayıb, böhranın bu il, hətta gələn il də özünü təsirli bir şəkildə hiss etdirə biləcəyi barədə ən müxtəlif proqnozlar səsləndirilir. Odur ki, dövlətin iş dünyasına müdaxilə perspektivi qalır, özü də iş dünyası dövlətin bu müdaxilə imkanlarının qalmasında maraqlıdır və bunu bütün varlığı ilə istəməkdədir.

ƏRDOĞANIN "DAVOS MÖHÜRÜ"

Ankara böyük bir heyətlə Davosdadır. Məşhur iqtisadçı Kamal Dərviş də oradadır. Amma bizim diqqətimizi ilk öncə baş nazirlər Rəcəb Tayyip Ərdoğan və Vladimir Putinin görüşməsində belə bir maraqlı fikir cəlb etdi: "Qlobal böhrana rəğmən, Rusiya və Türkiyə arasında ticari və iqtisadi əlaqələr getdikcə artır". Yəni qlobal böhran şəraitində də ağılla işləmək mümkün olurmuş.
Regional iqtisadiyyatda mühüm faktor olan Türkiyənin lideri Davosda ilk növbədə öz qonşuları: Azərbaycan prezidenti İlham Əliyev, İran xarici işlər naziri Mənuçöhr Müttəki, Ermənistan xarici işlər naziri Eduard Nalbandyan və prezident Serj Sarqsyanla görüşüb. Baş nazir Ermənistan rəhbərliyinə belə bir mesaj verib ki, Azərbaycan öz problemləri ilə təkbaşına buraxılmayacaq - bu, bir. Başqa sözlə, Türkiyə - Ermənistan münasibətlərinin normallaşması məcrasında Azərbaycan amili şərt olaraq qalır. İkincisi, Ermənistan Türkiyə ilə münasibətlərini yaxşılaşdırmaq istəyirsə, öz diasporunun sözünə baxmamalıdır. Yəni Ərdoğan Ermənistana özü ilə diasporu arasında sərhəd qoymağı təklif edir. Bu olmayacaqsa, hər hansı normallaşmadan, eləcə də iqtisadi əlaqələrdən söhbət gedə bilməz.
Rəcəb Tayyip Ərdoğanın "Qəzza iclası"nda Davos forumuna yaşatdığı gərginlik dünəndən bəri dünya mediasında manşetlərə səhnə oldu. Belə ki, müzakirənin aparıcısı Devid İqnatius Şimon Peresə 25 dəqiqə, Rəcəb Tayyip Ərdoğana isə 12 dəqiqə vaxt verib, Ərdoğan Peresin kəskin çıxışına və hündürdən danışmasına cavab vermək istədikdə aparıcı ona söz vermək istəməyib, Ərdoğan danışmağa başladıqda isə, onun çıxışını dayandırmağa çalışaraq, əlini çiyninə qoyub. Buna cavab olaraq Türkiyə baş naziri "Mənim üçün Davos bitdi" deyərək zalı tərk edib. Baş nazir bunu haqlı olaraq onun ölkəsinə hörmətsizlik kimi dəyərləndirib.
Sözügedən diskussiyanın aparıcısı, "Washington Post" yazarı Devid İqnatiusun işini düzgün qurmağı bacarmadığı üzündən yaranan bu halın baş verməsi Davos forumunun nüfuzuna, təbii ki, kölgə salır. "Habertürk"ə istinadən yayılan məlumatlarda iddia olunur ki, bu Devid İqnatius erməni mənşəlidir, bir zaman Türkiyədən Amerikaya köçüb və "erməni soyqırımı"nın tanınmasının tərəfdarlarından biridir. İndi bu adam Davosda yer almış bu insidentin baiskarı məsuliyyətini daşıyır və qorxur ki, onun obyektivliyinə və bitərəfliyinə kölgə düşəcək, odur ki, öz etnik mənşəyini gizlədir.
Həmin insidentdən sonra Ərdoğan Sarqsyanla, ardınca isə Davos forumunun təşkilatçısı Klaus Şvabla görüşüb. Klaus Şvab baş verən insidentlə bağlı üzgün olduğunu söyləyib. Doğrudan da dünyanın bu mürəkkəb günlərində aparılan faydalı bir çalışmaya bir erməninin (əgər İqnatius gerçəkdən erməniymişsə) pəl vurmağı bacarması çox əlamətdardır, fəqət onları yaxşı tanıyan bizlər üçün təəccüblü deyil. Şimon Peres isə telefonla Ərdoğanı arayaraq, hündürdən danışdığına görə üzr istəyib, ona sayğılı olduğunu, şəxsini və Türkiyəni özünə dost bildiyini, dostlar arasında mübahisələrin ola biləcəyini söyləyib.

GÜL ƏRDOĞANA HAQQ QAZANDIRDI

Türkiyənin prezidenti Abdulla Gül baş nazirə haqq qazandırıb. "Bir türk baş nazirinə sayğısızlıq edilərsə, o susub qalası deyil, bunu heç kəs gözləməsin. O da gərəkli cavabı verdi", - deyə prezident münasibətini bildirib. Prezident Türkiyə - İsrail münasibətlərinin pisləşəcəyinə dair ehtimalları belə dəyərləndirib: "Türkiyə böyük bir ölkədir, Türkiyənin böyüklüyünü hər kəsin bilməsi, tanıması gərəkdir. Türkiyə bölgəsində daim barış, sabitlik, güvənlik üçün çalışan bir ölkədir. Bunu hər kəs bilir. Türkiyənin bu gücündən hər kəsin faydalanması gərəkdir. Faydalanmaq istəməyən varsa, özü bilər".
Baş nazir özü isə İstanbulda yeni metrostansiyanın açılış törənində baş vermiş hadisə ilə bağlı deyib ki, "Türkiyə sıravi bir ölkə deyil. Kimsənin Türkiyə Cümhuriyyətinin baş nazirinə sayğısızlıq etməsinə fürsət verməyəcəyik". Baş nazir deyib ki, "hər olayı antisemitizm kimi göstərərək birini toxunulmaz, tənqidedilməz hala gətirməyə çalışmaq böyük bir yanlışlıqdır. Biz antisemitizmə qarşıyıq. Amma İsrailə qarşı yönəlik hər tənqidi antisemitizm kimi göstərməyi doğru saymırıq".
APA-nın "Habertürk"ə istinadən verdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general Mətin Gürak deyib ki, İsraillə münasibətlərdə milli mənafelər ön plandadır. Keçirdiyi ənənəvi həftəlik brifinqdə Davosda Türkiyə baş naziri və İsrail prezidenti arasında baş vermiş qalmaqala dair jurnalistlərin sualını cavablandıran M.Gürak bildirib ki, Türkiyənin bütün ölkələrlə ikitərəfli hərbi əməkdaşlığında yalnız milli mənafelər əsas götürülür. O, Türkiyənin İsraildən alacağı "Heron" pilotsuz kəşfiyyat təyyarəsinin alğı-satqısında problem olmadığını da söyləyib.
Türkiyə baş naziri Ərdoğan və İsrail prezidenti Şimon Peres arasında yaşanan bu gərginlik ərəb dünyasında onun hörmətini artırdısa (məsələn, "Həmas" ona təşəkkür məktubu göndərib), Türkiyəni Amerika yəhudi lobbisi ilə üz-üzə qoyma ehtimalı qalır. Və bu baş verərsə, Türkiyə üçün nə kimi çətinliklərin yarana biləcəyini yalnız təxmin etmək olar. Türkiyə siyasi fikri hazırda bu davranışa nə cür qiymət vermək üzərində baş sındırır. Amma, misal üçün, "Star" qəzetinin sorğusundan gördük ki, respondentlər çox böyük əksəriyyətlə hesab edirlər ki, baş nazirin davranışı Türkiyənin dünyada və bölgədə diplomatik gücünü artıracaq. Fəqət şərhlərdə baş nazirin davranışına ehtiyatlı yanaşma ağır basır. Hələ onu demirik ki, baş verən insidentdən və baş nazirin Davosu tərk edib qayıdışından dərhal sonra türk birjalarında lirə dollar qarşısındakı mövqeyində geriləmə nümayiş etdirmişdir.
Hər halda, dünyada və bölgəmizdə baş verən dərin proseslərin fonunda belə bir fikir hakimdir ki, Türkiyə və İsrail bu günlər bir-birinə hər zaman olduğundan daha çox ehtiyac duyurlar və bu insidentə baxmayaraq, onlar bir-birini itirmək yolunu tutmazlar. Çünki sərf etmir.

RUSİYA: "QOY QƏRB BİZİ ÇOX QICIQLANDIRMASIN"

Rusiya və Ukrayna arasında qaz qarşıdurmasından sonra baş nazir Vladimir Putinin Davosda nələr söyləyəcəyi maraq doğururdu. Dünya İqtisadi Forumu çərçivəsində 2001-ci ildə yaradılmış Beynəlxalq Sahibkarlar Şurası təmsilçiləri ilə görüşündə Putin onların "Rusiya nə kimi kömək göstərə bilər?" sualına belə cavab verib ki, Rusiya əlil və şikəst deyil, sadəcə, münasibətləri inkişaf etdirmək və məhdudiyyətlərdən xilas olmaq gərəkdir, Rusiya dünyada eksklüziv rol oynamağa iddiaçı deyil və tərəfdaş münasibətlərinə hazırdır.
Putin vurğulayıb ki, "müstəmləkə təcrübəsinə son qoymaq gərəkdir, şirkətlər işlədikləri ölkələrin qanunlarına hörmət etməli, sivil şəkildə işləməlidirlər". O deyib ki, "əgər dünyanın dəyişilməsini istəyiriksə, bütün layihələr ilk addımdan bərabərhüquqlu hazırlanmalıdır və qoy bizi kimsə hərifləmək fikrinə düşməsin".
Dünya maliyyə sistemi böhrana eynilə Rusiya ənənəvi olaraq qışın gəlişinə hazır olduğu qədər hazır imiş - Dünya İqtisadi Forumunun ilk iclasını açarkən Vladimir Putin belə bir zarafat edib və onun çıxışı böyük diqqətə səbəb olub. Rusiya baş naziri "əsl qasırğa" adlandırdığı indiki böhranı doğuran səbəbləri belə görür - həddən artıq yüksək gözləntilər, aşağı keyfiyyətli tənzimləmə, kredit resurslarına artan tələbatla onun təminat qaynaqları arasında disbalans. Açıq şəkildə eyham vurub ki, indiki böhranın baiskarı Amerika dollarının oynadığı roldur. Putinin fikrincə, bir neçə ehtiyat valyuta yaradılmalıdır və bununla da ABŞ-ın müstəqil pul-kredit siyasətinə "əl uzatmış olub". O, gözlənildiyindən yumşaq çıxış edib və Rusiya qəzetlərinin yazdığına görə, onun çıxışı qərbli həmkarlarının xoşuna gəlib.
Putin narazılığını bildirib ki, dünyada Rusiya üçün bir sıra məhdudiyyətlər mövcuddur və bunlar Rusiyanı qıcıqlandırır. Yeri gəlmişkən, dünyanın iqtisadi nəhənglərindən biri olan Çin də mövcud maliyyə böhranına görə Qərbi təqsirləndirir.

ENERJİ PERSPEKTİVİMİZ

Türkiyənin enerji və təbii qaynaqlar naziri Hilmi Gülər Davosda belə bir fikir səsləndirib ki, "Nabukko" layihəsinin başlamasını gözləmədən Türkiyənin mövcud boru xətlərindən faydalanmaq olar (Anadolu agentliyi). Dünya isə neft və qazdan asılılıqdan qurtarmaq istəyir. Külək və günəş enerjisi, hətta atom enerjisindən optimal istifadə variantları gündəmdədir.
Dünən Davosda "Günəş enerjisində yeni üfüqlərə doğru fikir mübadiləsi" adlı bir toplantı da keçirilməli idi. Bu məsələ, söylədiyimiz kimi, ciddi önəm kəsb etməyə başlayıb. Məsələn, Türkiyə günəş enerjisindən geniş miqyasda istifadə etməyə hazırlaşır.
Qərbdə heç də düşünmürlər ki, Ukrayna və Rusiyadan yan ötməklə boru kəmərlərinə malik olmaqla öz enerji təhlükəsizliklərini təmin edəcəklər. Onlar məsələyə bir az geniş yanaşmağa başlayıblar. Enerji qaynaqları məhdud olan bəzi Avropa ölkələri Ukrayna - Rusiya qarşıdurmasından sonra atom enerjisindən istifadə layihələrini gündəmə gətiriblər.
Dənizsahili ölkələr İspaniyanın timsalında külək enerjisindən istifadə üzərində ciddi düşünməyə başlayıblar. Cənubi Avropa ölkələri külək enerjisi ilə yanaşı günəş enerjisindən daha geniş istifadəni nəzərdə tuturlar ki, qaz kəsilən kimi dərhal həmin enerji mənbəyinə qoşula bilsinlər.
Azərbaycanın bəxtindən onun neft və qaz ehtiyatları kimi, külək və günəş enerjisindən istifadə imkanları da genişdir. Görək Davosdan və Avropanın indiki energetika siyasətindən nə kimi nəticələr çıxara biləcəyik.

Hiç yorum yok: