azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

29 Nisan 2009 Çarşamba

Əvvəl sərhəd, sonra Qarabağ?

Əvvəl sərhəd, sonra Qarabağ?
Dünən Türkiyə prezidenti Abdulla Gülün sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib. Şuranın aprel toplantısı son vaxtlar ən gərgin iclaslardan biri obub. Müzakirə edilmiş məsələlər arasında ABŞ prezidenti Barak Obamanın Türkiyəyə səfərindən sonra gündəmə gələn məqamlar olsa da, ən mühüm ünsür Türkiyə-Ermənistan-Azərbaycan münasibətləri olub. Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması prosesi və bunun Azərbaycanda yaratdığı narazılıqlar, habelə Türkiyə, Ermənsitan və İsveçrə xarici işlər nazirliklərinin bəya etdikləri "yol xəritəsi" iclasda müzakirə edilib.
Türkiyənin Ermənistanla sərhədi açması, diplomatik əlaqələrin qurulması, habelə ticari-iqtisadi təmasların fəallaşdırmasını nəzərdə tutan "yol xəritəsi", habelə iki ölkə arasında aparılan danışıq və müzakirələrlə bağlı Bakının reaksiyaları isə gün keçdikcə daha da sərtləşir.
Belə ki, ARDNŞ "Şahdəniz" yatağında hasil edilən və Bakı-Tiflis-Ərzurum kəməri ilə Türkiyəyə nəql edilən təbii qazın tariflərini artırıb. Hər halda dünən Türkiyə mediasının əsas mövzularından biri bu idi.
Təbii qazın tarifləri ilə bağlı Türkiyə ilə müzakirələri davma etdirən ARDNŞ-in niyyətində qəti olduğu vurğulanır. Lakin Ankaradakı mənbələr narahat deyillər. Belə ki, "Şahdəniz" layihəsi çərçivəsində hasil edilən təbii qazın satış qiymətləri ilə bağlı Azərbaycan təkbaşına qərar vermək hüququna malik deyil. 1996-cı ilin iyun ayında imzalanmış Hasilatın pay bölgüsü müqaviləsinin şərtlərinə görə, "Şahdəniz" konsorsiumunda Britaniyanın BP şirkəti 25,5%, Norveçin "Statoil"u 25,5%, ARDNŞ - 10%, Rusiya və İtaliyanın "LukAgip" konsorsiumu - 10%, "Niko" - 10%, ABŞ-ın "Total"ı - 10%, Türkiyənin TPAO-su isə 9%-lik paya malikdir.
Türkiyəyə nəql edilən təbii qazın qiymətinin artırılması ilə bağlı müzakirələrdə qonşu ölkənin BOTAŞ şirkəti "Azərbaycan Qaz Tədarükü Şirkəti (Azerbaijan Gaz Supply Company, AGSC) ilə danışıqlar aparır.
ARDNŞ rəhbəri Rövnəq Abdullayevin dediyinə görə, hazırda "Şahdəniz" yatağında hasil edilən təbii qaz Türkiyəyə hər 1000 kubmetri $120-dən satılır. "1996-cı ildə imzalanmış müqavilədən bəri dünya bazarlarında təbii qazın qiyməti xeyli artıb və biz də bunu nəzərə alaraq Türkiyəyə nəql edilən qazın tariflərini yenidən müzakirə etmək qərarına gəlmişik", - R.Abdullayev bildirib.
Türkiyə Energetika Nazirliyinin yetkililəri isə bildirirlər ki, müzakirələrdə əsas məqsəd hər iki tərəfi qane edəcək qiymətin razılaşdırılmasıdır.
Daha konkret olsaq, Ankara "Şahdəniz" layihəsinin ikinci mərhələsi çərçivəsində çıxarılacaq təbii qazdan ildə 8 milyard kubmetr almaq istəyir.
Bu səbəbdən də Türkiyənin energetika naziri Hilmi Gülər Türkmənistanın paytaxtı Aşqabadda keçirilmiş beynəlxalq konfransda ARDNŞ prezidenti R.Abdullayevlə görüşərək danışıqlar aparıb. İlkin məlumatlara görə, rəsmi Bakı Türkiyənin istəyini nəzərə alıb və Ankaranın arzuladığı həcmdə təbii qazı satmağa razılıq verib.
Bununla yanaşı, Azərbaycanın təbii qazını Avropaya nəql etmək üçün Türkiyədən tranzit ölkə qismində istifadə etmək niyyətində olduğundan Ankaradan torpaqlarını yeni boru kəməri üçün açmasını istəyib.
Müşahidəçilərin fikrincə, qazın yeni tarifləri ilə müzakirələrdə məqsəd Azərbaycanın Türkiyə rəhbərliyinə təsir etmək niyyətidir.
"Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasına yönəlmiş proses Bakıda ciddi narahatlıq doğurur. Xüsusilə də İsveçrənin vasitəçiliyi ilə Türkiyə və Ermənistan XİN-ləri arasında razılaşdırılmış "yol xəritəsi" prinsiplərində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və erməni işğalında olan Azərbaycan ərazilərinin azad edilməsi ilə bağlı yazılı formada heç nəyin olmaması Bakının kəskin etirazına səbəb olub. Azərbaycan bəhs etdiyim problemlərin "yol xəritəsi"ndəki bəndlərlə eyni vaxtda həyata keçirilməsini istəyir. Bununla bağlı da Ankaraya təzyiq göstərir", - Avrasiya Siyasi Tədqiqatlar Mərkəzinin eksperti Murad Kaya əməkdaşımıza bildirdi.
Onun sözlərinə görə, qaz müzakirələri Bakının tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə Azərbaycanın İran və Rusiya ilə yeni anlaşmalara baş vurması ilə başa çata bilər.
Məşhur politooloq Olcay Aydilek isə bildirib ki, ARDNŞ və BOTAŞ arasında təbii qaz tarifləri ilə bağlı aparılan danışıqlarda hələlik konkret məbləğ müəyyənləşməyib.
"Türkiyənin Ermənistanda sərhədinin açılması ilə bağlı müzakirələr bu qiymət-tarif müzakirələrinin gündəmə gəlməsinə səbəb olub. Xatırladaq ki, 2007-ci ilin yanvarın 1-dən etibarən Rusiya madam ki, Qərbə üz tutubsunuz, onda qiymətlər bahalaşır" deyərək Azərbaycan və Gürcüstana satdığı təbii qazın tarifini $110-dan $230-a qaldırmışdı. BOTAŞ-la müzakirələr də əslində həmin dönəmdə başlayıb. İndi Azərbaycan Türkiyəyə satdığı qazın hər 1000 kubmetri üçün Ankaradan $250 istəyir, Türkiyə isə $160 verəcəyini bildirir. Bu müzakirələrin pərdəarxası isə "bir millət, iki dövlət" şüarı var", - O.Aydilek söylədi.
Bu arada rəsmi Bakının mayın 6-8-də Türkiyədə keçiriləcək "Avrasiya İqtisadi Sammiti"ni də boykot etmək fikrində olduğu, yalnız son anda inadından vaz keçdiyi məlum olub.
Xorvatiya və Kosovo prezidentləri ilə yanaşı, 24 nazirin qatılacağı sammitdə ölkəmizi Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və Milli Məclis spikerinin müavini Valeh Ələsgərov iştirak edəcək.
"Mərmərə Vəqfi"nin Akkan Suverin dediyinə görə, sammitdə Orta Asiya ilə Azərbaycanın təbii qazının Avropa Birliyinə nəql edilməsi üçün inşa ediləcək "Nabucco" boru kəməri layihəsi, Türkiyə-Yunanıstan-İtaliya boru kəməri də əsas müzakirə mövzularıdır. "Dəyəri $8 milyard təşkil edəcək "Nabucco"nu nəzərdən keçirəcəyik. Eyni zamanda Avropa Birliyinin təbii qaz təminatı mənbələrinin sayının artırılması, təbii qaz nəqli marşrutlarının inteqrasiya strategiyaları, habelə bu sahədə əməkdaşlıq məsələləri də müzakirə ediləcək. Sammitdə Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına yönəlmiş addımlar, Azərbaycanın narahatlığı da unudulmayacaq", - A.Suver bildirdi.
Milli Məclisin spikeri Oqtay Əsədov hesab edir ki, indi Türkiyə-Azərbaycan münasibətlərində kim ara qızışdırırsa, həmin şəxs və ya qüvvələr həm Türkiyə, həm də Azərbaycan xalqının düşmənidir: "Bu məsələləri birdəfəlik kənara qoymaq, zərərli populizmdən əl çəkmək lazımdır".
Türkiyə Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalının fikrincə isə rəsmi Ankaranın hazırda Ermənistanla apardığı danışıqlar qaranlıqda həyata keçirilən təslimçilik prosesidir.
"Azərbaycan xalqına və rəhbərliyinə səslənirəm: türk millət Azərbaycanın haqlı mübarizəsində həmişə sizin yanınızda olub və bundan sonra da sizi tək qoymayacaq. Türk milləti Azərbaycan xalqının əleyhinə olacaq hər hansı addımın atılmasına imkan verməyəcək. Qaranlıqdakı təslimçilik prosesinə gəodikdə isə, orada nələrin baş verdiyi ABŞ, Rusiya, Avropa Birliyi, Ermənistan və İsveçrə bilir. Azərbaycan dolayı yolla olsa da bilir, amma türk milləti bu gəlişmələrdən xəbərsizdir. İki ildən bəri İsveçrədə aparılan müzakirələrdə anlaşma əldə edildiyi və "yol xəritəsi"nin müəyyənləşdirildiyi Xarici İşlər Nazirliyi tərəfindən bəyan edilib. Fəqət, indiyədək bununla bağlı Türkiyə Böyük Millət Məclisinə məlumat verilməyib. Ayaqüstü, qarışıq, ziddiyyətli bəyanatlarla çıxış edən baş nazir Rəcəb Tayyib Ərdoğan bu prosesdə yetərli mövqe tutmayıb", - D.Bağçalı bildirib.
Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanın Azərbaycanı sakitləşdirmək üçün dediyi "Dağlıq Qarabağ problemi həll olunmadan və ermənilər işğal etdikləri Azərbaycan ərazilərini tərk etmədən sərhəd açılmayacaq" bəyanatının bir quruşluq qiyməti yoxdur. Zira Ermənistan prezidenti Serj Sərkisyan indiyədək verdiyi açıqlamalarda Ərdoğanın "vəd"lərini dəfələrlə təkzib edib, sərhədin şərtsiz açılacağını vurğulayıb.
MHP lideri Türkiyədə Ermənistanla dialoq və müzakirələrin konkret olaraq kimin - prezident Abdulla Gül, yoxsa baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən aparıldığının bəlli olmadığını vurğulayıb. O, Türkiyənin XİN başçısı Əli Babacanı "kölgə nazir" adlandırıb.
"Ermənistan 1915-ci ildə Osmanlı Türkiyəsində baş vermiş hadisələri soyqırım saydığını, bu mövqeyindən zərrə qədər geri çəkilməyəcəyini ən yüksək səviyyələrdə bəyan edir. Belə olan təqdirdə "yol xəritəsi" çərçivəsində "qondarma soyqırım"la bağlı yaradılacaq birgə komissiyanın işindən İrəvanı razı salacaq nəticənin əldə ediləcəyinə Türkiyə iqtidarı və hökuməti axı necə inanır? Ermənistan həmin komissiyanın fəaliyyəti zamanı tarixi həqiqətlərin ortaya çıxaraq aşkarlanmasına mane olacağına indidən işarə vurur. Komissiyanın qurulmasının müqabilində sərhədləri açmağı Türkiyənin qürur və heysiyyətinə necə rəva görürsünüz?! Baş nazir Ərdoğan bu suallara verəcəyi cavablarla Ermənistanla əldə edilmiş çərçivə anlaşmasının Türkiyənin maraq və mənafeyinə nə dərəcədə uyğun olduğunu ortaya qoyacaq", - D.Bağçalı söyləyib.
ABŞ-ın Türkiyədəki səfiri Ceyms Cefri də baş verənlərlə bağlı maraqlı açıqlama verib: "Türkiyə ilə Ermənistan arasındakı problemlərin həll olunması üçün əlimizdən gələni edəcəyik. Ankara və İrəvanın bir çözüm nöqtəsinə gəlməsini çox istəyirik. Bizim üzərimizə hansı vəzifə düşürsə, onu edəcəyik. Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın işğalda olan ərazilərinə gəldikdə isə, onlar ayrı məsələlərdir. Biz əvvəlcə Türkiyə ilə Ermənistan arasındakı problemləri həll etmək istəyirik".

Həsən AĞACAN

Hiç yorum yok: