İran prezidenti Mahmud Əhmədinejadın qatı tərəfdarlarından olan mühafizəkar ruhani, Birləşmiş İslam Partiyası mərkəzi şurasının üzvü höccətülislam Cəfər Şəcuni Qəzvində əhali qarşısında çıxış edərək iyunun 12-də keçiriləcək prezident seçkisinə qatılmış islahatçı namizədləri kəskin pisləyib.
Prezidentliyə namizədliyini irəli sürmüş iki islahatçı namizəd - Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi və keçmiş baş nazir Mirhüseyn Musəvi prezident seçiləcəkləri təqdirdə hicabsızlığa qarşı mübarizə aparmaq üçün həyata keçirilən ictimai təhlükəsizlik layihəsini ləğv edəcəklərini, saytlara və mətbuata qoyulan məhdudiyyətləri ortadan qaldıracaqlarını bildiriblər.
“Media forum” saytının məlumatına görə, C.Şəcuni deyib: “Əhali ölkəni Qərbə doğru sürükləməyə çalışan bir sıra partiya və şəxsləri yaxşı tanıyır. Onlar islahatçı adıyla vətəndaşlara saytlara qoyulan süzgəc qanununu ləğv edəcəklərini və ictimai təhlükəsizlik layihəsini dayandıracaqları barədə vədlər verirlər. Əlbəttə, onlar bu arzularını gora aparacaqlar. Bu vədlərlə onlar yalnız küçə qadınlarının, rəzillərin və dələduzların səsini qazana bilərlər”.
C.Şəcuni düşmənin inqilabı məhv etmək üçün ölkəyə gətirilən bir sıra mallara subsidiyalar ayırdığını da vurğulayıb: “Düşmən inqilabı məhv etmək üçün ölkəyə gətirilən qadın geyimlərinə, o cümlədən də qısa şalvarlar və dar mantolara subsidiyalar ayırır. Mən İranda solçu və sağçı ifadələrini kimlərin meydana çıxarmasını bilmirəm. Təkcə onu bilirəm ki, islahatçılar cəbhəsindən Qərbə bağlılıqdan başqa bir xeyir görməmişik”.
«Media forum»
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder