Tehrandan təhdid və əməkdaşlıq təklifi haqda xəbərlər gəlir
İran Azərbaycanın Türkiyə ilə münasibətlərindən istifadə edərək Bakıya qarşı neft kartını işə salıb. Xəbər verildiyi kimi, İranın dövlət neft-qaz şirkəti yaxın günlərdə Xəzərin Azərbaycan sektorunda yerləşən mübahisəli “Alov” yatağında tədqiqat işlərinə başlamağa hazırlaşır. Bir neçə il əvvəl Azərbaycanın bu yataqda tədqiqat aparmaq cəhdi hərbi qarşıdurmaya səbəb olmuşdu və İranın hərbi gəmiləri yataqda kəşfiyyat aparmaq üçün göndərilən Azərbaycan gəmisinə hücum edib. Ardınca isə İran qırıcı təyyarələr qaldıraraq Azərbaycanın hava sərhədlərini kobud şəkildə pozub və nəticədə Azərbaycan “Alov” yatağında tədqiqat işlərini dayandırmalı olub. Həmin vaxtdan “Alov” yatağı ətrafında münaqişə müvəqqəti olaraq səngimiş görünürdü.
Lakin İran rəsmiləri işarə ediblər ki, yataqda tədqiqat işlərinə başlamaq niyyətlərində ciddidirlər. Hələlik rəsmi Bakı İranın bu planına reaksiya verməyib. Bu arada İrandan Azərbaycana neft sahəsində əməkdaşlıq barədə iqtisadi baxımdan sərfəli təklif irəli sürülüb. İranın milli neft emalı və satışı şirkətinin (NİORDC) icraçı direktoru Jəlil Salari deyib ki, onlar hər gün 300 min barrel Azərbaycan neftini alıb emal etməyi və bazara çıxarmağı təklif edirlər. “Tehran Times”ə müsahibəsində Salari deyib ki, İran Xəzərin sahilində yeni neftayırma zavodu inşa etməyə hazırlaşır: “Lakin bizim Azərbaycan neftini emal etmək üçün yeni zavodlar tikmədən belə imkanlarımız var. İran Neka-Jak kəməri vasitəsilə sutkada ən azı 300 min barrel Azərbaycan nefti almaq istəyir. Ötənilki Gürcüstan hadisələri zamanı Bakı-Tiflis-Ceyhan və Bakı-Supsa neft kəmərlərinin bağlandığı bir vaxtda Azərbaycan nefti bu kəmərlə nəql olunurdu. Azərbaycan neftinin nəqli üçün İran ən qısa və ən ucuz marşrutdur. Biz eyni zamanda Azərbaycan neftini ala da bilərik, həmçinin neft mübadiləsi də mümkündür. İran Azərbaycandan aldığı neftlə ekvivalent miqdarda nefti onun əvəzindən bazara çıxara bilər. Həmçinin Tehran, Təbriz və İsfahanda Azərbaycan neftinin təmizlənməsi və emalı üçün bütün imkanlar var”.
İran rəsmisi deyib ki, onlar Azərbaycan neftini hazırda Xəzər sahilində inşa edilməkdə olan yeni zavodda emal etməyi nəzərdə tuturlar. Zavod gündə 200 min barrel neft emal edə bilər. Xammal isə zavoda tankerlərlə çatdırılacaq. Salari bildirib ki, onlar bu zavodda neft emalı ilə bağlı ARDNŞ-lə müqavilə bağlamağa ümid edirlər. “Biz bu barədə danışıqlar aparmağa hazırıq”, - deyə o əlavə edib.
Qeyd edək ki, İran bu cür təklifləri Azərbaycana hələ BTC ilə bağlı müzakirələrin aparıldığı bir vaxtda verirdi. Lakin Bakı neftin nəqli üçün Qərbin dəstəyi ilə Rusiya və İrandan yan keçən marşrutu seçdi. Nəticədə Qərb Xəzər regionunda güclü mövqelər qazandı. İran isə bununla barışmayıb və Azərbaycanın enerji ehtiyatları uğrunda mübarizədən çəkilməyib. Məlum olduğu kimi, İran hazırda Azərbaycanın “Şahdəniz” yatağından hasil olunacaq qazda paya sahib olmaq üçün çalışır və bu məqsədlə Bakıya konkret təkliflər verib. İndi isə İran Azərbaycandan böyük miqdarda neft almaq üçün təklif verir. Sutkada 300 min barrel neftin İran istiqamətində nəql edilməsi üçün isə Azərbaycan BTC və Bakı-Supsa ilə neft nəqlini azaltmalıdır. Çünki Azərbaycandan regionda geosiyasi vəziyyətin dəyişməsinə uyğun olaraq son zamanlar Rusiya ilə də neft nəqlini artırıb. İndi İran Azərbaycanın Türkiyə ilə münasibətlərində yaranmış problemlərdən istifadə edərək Bakıya işarə edir ki, BTC ilə neft nəqlini azaldıb Tehran istiqamətinə üz tutsun. O biri tərəfdən isə İran Xəzərin Azərbaycan sektorundakı mübahisəli neft yatağına girəcəyi haqda xəbərdarlıq edir. Bunu Bakıya qarşı İransayağı “qamçı və kökə” siyasəti adlandırmaq da olardı.
Siyasət şöbəsi
30 Nisan 2009 Perşembe
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder