azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

17 Aralık 2008 Çarşamba

İRAN İSRAİLİ YER ÜZÜNDƏN SİLƏ BİLƏRMİ?

İRAN İSRAİLİ YER ÜZÜNDƏN SİLƏ BİLƏRMİ?
Rasim Musabəyov: “Əhmədinejad, sadəcə, hərbə-zorba gəlir”



İran-İsrail münasibətləri son dərəcə gərginləşib. İsrail mətbuatında artıq müharibənin başlayıb-başlamayacağı haqda deyil, bunun konkret nə vaxt olacağı barədə danışılır. Bu arada isə Tehranda İsrailin Fələstinin Qəzza zolağını blokadada saxlamasına etiraz olaraq, kütləvi aksiya keçirilib. Mitinqdə çıxış edən İran prezidenti Mahmud Əhmədinejad deyib ki, İsrail öz anormal davranışı ilə yolun sonuna gəlib: “İsrail özünün son günlərini yaşayır”.
İsrail mətbuatının verdiyi məlumata görə İranın 2 min kilometr məsafəni vura bilən 100-dən çox “Şahab-3" ballistik raketi var. İranın bu sayda ballistik raketə malik olması Tehranın İsraillə uzunmüddətli hərbi qarşıdurmaya hazırlaşdığını göstərir. Qeyd edək ki, dünyanın nüfuzlu KİV-lərində də İran-İsrail müharibəsinin qaçılmaz olduğuna dair informasiyalar intensivləşməkdədir. ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obama isə İsrail telekanallarından birinə verdiyi müsahibəsində İranla dialoqa hazır olduqlarını deyib: “Lakin bu dialoq qısa və sərt olacaq. Biz İrana təklif edəcəyik ki, nüvə proqramlarından imtina etsin, “Həmas” və “Hizbullah”a dəstəyi dayandırsın, İsraili hədələməkdən əl çəksin. Əgər Tehran bu şərtlərlə razılaşsa, o zaman ABŞ İrana qarşı sanksiyaları yumşalda bilər. İranın iki yolu var; asan və çətin. Seçim onlarındır". Obamanın dediklərindən belə başa düşülür ki, əgər İran öz mövqeyindən çəkilməsə, müharibə başlayacaq.
Politoloq Rasim Musabəyov İranın İsraillə müharibəyə başlayacağına dair deyilənləri əsaslı saymır: “Düşünmürəm ki, iki ölkə müharibəyə hazırlaşır. Əgər söhbət Mahmud Əhmədinejadın Tehranda keçirilən mitinqdəki çıxışından gedirsə, bu, sadəcə, hərbə-zorbadır. Bu hərbə-zorbalar isə daxili auditoriyaya hesablanıb. Çünki İranda daxili vəziyyət gərginləşib. İranın büdcəsi əsasən neft gəlirləri hesabına formalaşır. Onlar neftin bir barelini 90 dollardan hesablayıblar, indi isə neft 40 dollara qədər ucuzlaşıb. Bununla da İran iqtisadiyyatında ciddi geriləmələr baş verib, işsizlik problemi qabarıq şəkildə özünü büruzə verir, sosial narazılıqlar artır. Bu tərəfdən də İranda prezident seçkiləri yaxınlaşır. Buna görə də Əhmədinejad ictimaiyyətin diqqətini başqa səmtə yönəltmək üçün süni şəkildə yeni düşmən axtarışına çıxıb. O, hərbi ritorika ilə xalqı çaş-baş salmağa çalışır. İsrail isə anlayır ki, İrana hər hansı bir zərbə endirməsi onun özü üçün çox pis nəticələr verə bilər. İlk növbədə dini radikal qruplaşmalar İsraili hədəfə alacaqlar, onu sarsıdacaqlar. Eyni zamanda İsrailin bu addımı atması İranın nüvə proqramına bəraət qazandırmağa səbəb olacaq. ABŞ-ın xeyir-duası olmadan İsrail İrana qarşı hər hansı addım atmaz”.
Barak Obamanın yuxarıda qeyd edilən açıqlaması bu razılığın nə vaxtsa veriləcəyini deməyə əsas verirmi? R.Musabəyov bu suala “düşünmürəm ki, ABŞ buna gedər” deyə cavab verdi: “Çünki belə bir qərar vermək ABŞ-ın başını ağrıdar. Amerika İraqdan qoşunlarını çıxarmaq məsələsini müzakirə edir. Onlar bilirlər ki, İranın İraq şiələrinə təsiri böyükdür. Mən inanmıram ki, belə bir ərəfədə ABŞ İranla toqquşmaya gedər. Bunlar bir ritorikadır. Bir çox hallarda real siyasəti gizlətmək üçün ritorikadan istifadə edilir. Odur ki, İsrail-İran, yaxud da ABŞ-İran müharibəsi barədə deyilənlərə inanmaq lazım deyil”.
Orxan QARAÇAYLI
musavat

Hiç yorum yok: